Məhkəmə qərarları › İş №1(101)-1066/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1066/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1066/2024 19.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-99/2023 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixədək cəzasının 04 ay 24 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 07 ay 01 gün təşkil etmiş, orta təhsilli, ailəli, rejissor fəaliyyəti ilə məşğul olmuş, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 4,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİnin 37-ci PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməkdaşlarının keçirdikləri tədbir zamanı 22 iyul 2023-cü il tarixdə, saat 13:00-da ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3i RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 4,375 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heorin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə yatmış, atası onu səsləyərək polislərin onu çağırdığını bildirmişdir. O da yerindən durub qapıya tərəf gəlib qapını açanda həyətdə 5-6 nəfər polis əməkdaşını görmüşdür. Polis əməkdaşları sonuncularla getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarından paltarını dəyişməyə vaxt verməklərini xahiş etmiş, dəyişdikdən sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib Xətai RPİ-nin 37-ci PŞ-yə aparmışlar. Xətai RPİ-nin 37-ci PŞ-də xidməti otaqların birində ona qarşı fasilə ilə 2-3 dəfə polis əməkdaşları tərəfindən fiziki təzyiqlər göstərilmişdir. Polis əməkdaşları onu 72 saatdan sonra buraxılacağı ilə və fiziki təzyiqlər göstərərək sənədlərə imza etdirmişlər. Bundan sonra 2-3 gün Xətai RPİ-nin MSY-də olmuşdur. Xətai RPİ-nin MSY-dən sonra onu Xətai rayon Prokurorluğuna aparmışlar, amma inzibati binaya daxil olmamışdır. Müstəntiq gəldikdən sonra isə onu Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aparmışlar, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onu BİT-ə aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, onu polis əməkdaşları xx.xx.2023-cü il tarixdə, səhər saat 10:00 radələrində yaşadığı evdən aparmışlar. O, ittihamda qeyd olunan ünvanda saxlanılmamışdır. İttihamda qeyd olunan ünvan yaşadığı evdən aralıda yerləşir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Saxlanıldığı gün yaşadığı evə gələn polis əməkdaşlarından birinin adı Elşən, digər polis əməkdaşının adı Davud olmuşdur. Polis əməkdaşları onu qara rəngli avtomobilə əyləşdirib Xətai RPİ-nin 37-ci PŞ-yə aparmışlar. Xətai RPİ-nin 37-ci PŞ-yə daxil olan zaman onu xidməti otaqlardan birinə, daha sonra isə başqa otağa aparmışlar. Üzərinə xx.xx.2023-cü il tarixdə, saat 16:00-17:00 radələrində baxış keçirtmişlər. Üzərinə baxış keçirilən zaman müdafiəçi də iştirak etmiş və həmin müdafiəçinin ona qarşı olunan fiziki təzyiqlərdən xəbəri olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı olunan fiziki təzyiqlərlə bağlı BİT-ə daxil olan zaman məlumat vermiş, amma dedikləri barədə qeydiyyatın aparılıb-aparılmamasını dəqiq bilmir. Bədənində göz ilə görünən xəsarətlər olmamış, amma daxili orqanları ağrımışdır. Müstəntiq ona sənədləri oxumağa imkan vermədən imza etdirmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən 3-4 ay sonra müstəntiqlə axrıncı dəfə Xətai RPİ-nin MSY-də görüşmüşdür. Məhkəmə istintaq zamanı dediklərini axrıncı dəfə müstəntiqlə görüşəndə sonuncuya da demiş, lakin müstəntiqin onun dediklərini qeyd edib-etmədiyini bilmir. Həmin zaman da imza etdiyi sənədləri oxumamış imza etmişdir. Polis əməkdaşları onu səhər 10:00 radələrində yaşadığı evdən tutub Xətai RPİ-nin 37-ci PŞ-yə aparmışlar. BİT-dən daxil olmuş cavab məktubunda bədənində aşkar olunmuş sağ körpücük üstü nahiyədə köhnə çapıq toxuma kimi qeydə alınan xəsarət Ağdam rayonunda olmuşdur. Şahid1 ona fiziki təsir göstərmiş və ona xəsarət yetirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrin heç biri doğru deyil, polis əməkdaşları öz istədikləri kimi tərtib etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamış imza etmiş, çünki polis əməkdaşları 72 saatdan sonra onu buraxacaqlarına söz vermişlər. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əvvəllər bəzi vaxtlarda fərdi qaydada müxtəlif işlərdə işləsə də, uzun müddətdir ki, işsizdir. Ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitənin heroin növünü falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul edir. Həmin maddəni istifadə etmək üçün hər dəfə müxtəlif tanımadığı yerlərdən əldə edir. 21 iyul 2023-cü il tarixdə, günorta saatlarında əvvəllər bir neçə dəfə narkotik vasitə əldə etdiyi Bakı şəhəri, Xətai rayonu, “Xətai” metrostansiyası yaxınlığından anket məlumatlarını bilmədiyi şəxsdən əldə etmiş, hər dəfə çətinliklə həmin maddəni əldə etdiyi üçün bir dəfəlik almaq məqsədi ilə təxminən 4 qram narkotik vasitə heroin istədiyini deyərək həmin şəxsdən 30 manat pul məbləğində narkotik vasitəni əldə etmiş, narkotik vasitə 01 büküm olmaqla sellafon bükümdə olmuş, maddənin dəqiq çəkisini öyrənməsə də, içərisini açıb baxdıqdan sonra hər dəfə əldə etdiyi çəkidən çox olduğu üçün bir neçə müddət rahat istifadə edə biləcəyini düşünmüş, bükümü əynindəki göy rəngli cins şalvarın sağ cibində saxlamış, narkotik vasitəni əldə etdikdən sonra ev ünvanına yollanmaq qərarına gəlmiş, həmin günü narkotik vasitəni fürsət tapıb istifadə edə bilməmiş, 22 iyul 2023-cü il tarixdə, günorta saatlarında narkotik vasitəni istifadə etmək məqsədi ilə ev ünvanını tərk etmiş, öncəki gün əldə etdiyi narkotik vasitə üzərində olmuş, həmin tarixdə saat 13:00-da ünvan 5 ünvanın qarşısında piyada hərəkət edən zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demiş, bundan sonra Xətai RPİ-nin 37-ci Polis şöbəsinə dəvət edilmiş, polis şöbəsində hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın ciblərinə əlini salsa da üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməmiş, bundan sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilməyə başlanmış və göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və onun qablaşdırma ilə birlikdə çəkisinin 4,77 qram olduğu müəyyən edilmişdir. Təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilərək möhürlənmişdir. Sonradan göndərilən məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən üzərində aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 4,375 qram olduğu təsbit olunaraq elan edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirmək və istifadə etməklə bağlı əməliyyat məlumatı daxil olmuş və ünvan 6 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etməsini istəmişlər. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdə Xətai RPİ 37-ci PŞ-ə aparmışlar. Xətai RPİ-nin 37-ci PŞ-də videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Həmin vaxt üzərindəki narkotik maddənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs haqqında dəfələrlə şikayət olmuşdur. Sonuncu dəfələrlə Xətai RPİ-nin 37-ci PŞ-ə dəvət olunmuşdur. R.X3 müayinə də edilmiş, dəfələrlə üzərində narkotik maddə gəzdirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Mirzə Davud küçəsi 11 ünvanında saxlanılmışdır. Günün hansı hissəsində saxlanıldığını xatırlamır. Təqsirləndirilən şəxs Şahid2la birlikdə saxlamışlar. Şəxsə yaxınlaşıb ad, soyadını soruşmuşlar və özünü təqdim etmişdir. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Xətai RPİ-nin 37-ci PŞ-ə aparmışlar. Şöbəyə apardıqları avtomobil ya onun xidməti maşını olmuş, ya da Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik maddəni harasa atmağı mümkün deyildi. Xətai RPİ-nin 37-ci PŞ-ə getməkləri 20-25 dəqiqə ərzində olmuşdur. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-də təhqiqatçıya təhvil vermişlər. Videoçəkiliş vasitəsilə kriminalist və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi narkotik maddəni özü təhvil vermişdir. Həmin narkotik maddənin öz şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir edilməmişdir. Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı onun adına daxil olmuşdur. Məlumat verilən ünvana getdikdə orda olan qonşular Təqsirləndirilən şəxs narazı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs haqqında narkotik maddənin satışı ilə bağlı hər hansı məlumat daxil olmamış, sadəcə üzərində gəzdirmək və istifadə ilə bağlı məlumat daxil olmuşdur.İbtidai istintaq dövründə verdiyi ifadəsi doğrudur. Təqsirləndirilən şəxs haqqında narkotik maddənin satışı ilə bağlı hər hansı məlumatı yoxdur. Əməliyyat tədbirlərində şəxsi telefonunu üzərində gəzdirmir. Xatırladığı qədər şəxs üzərində gəzdirdiyi narkotik maddəni özü onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi təsir göstərməmiş, sonuncuya xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs nəyisə üzərinə götürməyə məcbur etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddədən istifadəyə görə dəfələrlə polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində dəfələrlə İXM maddələrinə uyğun hüquqi tədbirlər görülmüşdür. Təqsirləndirilən şəxs saxlanılma ərəfəsində sosial şəbəkədə sonuncu ilə bağlı çəkilişlər paylaşılmışdır. Bundan sonra əməliyyat tədbiri görülmüş və Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs Xətai RPİ 37-ci PŞ-də videoçəkilişlə vəkil və şahidlərin iştirakı ilə üzərinə baxış həyata keçirilmiş və narkotik maddə aşkarlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs günün hansı hissəsində saxlanıldığını xatırlamır. Təqsirləndirilən şəxsla bağlı əməliyyat onun adına daxil olmamış, məlumatlar əməliyyatçının adına daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə sahə inspektoru deyil, əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs Xətai rayonu, Mirzə Davud 11 ünvanında saxlanılmışdır. Təqsirləndirilən şəxs necə saxlanıldığını xatırlamır. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirində Şahid1 olduğunu xatırlayır, digər şəxslərin olmasını xatırlamır. Təqsirləndirilən şəxs evdə saxlanılmasını xatırlamır. Xatırlamamağına səbəb bu cür əməliyyat tədbirlərinin çoxluğudur. Təqsirləndirilən şəxs saxladıqdan sonra Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər, ikin gətirilmə vaxtını xatırlamır. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-yə gətirərkən, sonuncudan aşkarlanan narkotik maddəyə görə də hər hansı narazılıq bildirməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadə doğrudur. Bəzən əməliyyat tədbirlərində şəxsi telefonu yanında olur, bəzən isə olmur. Təqsirləndirilən şəxs saxlanılma saatını xatırlamır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir olmamışdır. Əməliyyat tədbirin sosial şəbəkədə sonuncu ilə bağlı paylaşılan çəkilişlərdən sonra həyata keçirmişlər. Evlərdə həyata keçirilən əməliyyatlarda iştirak etməmişdir. O, ifadəsi elan edildikdən sonra suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı X4 ifadəsində göstərmişdir ki, video görüntüyə baxdıqdan sonra həmin gün yadına düşür. Həmin günü o, əməliyyat qrupunun üzvü olmuşdur. Qolunda olan saat 1-ci kursdan ondadır, ona yadigardır. Həmin saat dəfələrlə xarab olmuş, geriyə qalmış, amma yenə də qoluna taxmışdır. Hadisə günü növbəyə çıxanda həmin saatı qoluna taxanda saatın əqrəblərinin vaxtı düz göstəribgöstərməməsinə fikir verməmişdir. Həmin saatı dəfələrlə düzəltsə də, düzəlmədiyinə görə daha istifadə etmir. Cinayət işi materiallarında saat neçə qeyd etmişdirsə həmin vaxtda sənədləşməni həyata keçirtmişdir. Xidməti otaqda divarda saat olsa idi, protokolu saat neçədə sənədləşdirdiyi görünərdi. Qolundakı saat daima geri qalırdı. Həmin saat 7-8 il onda olduğu müddətdə geri qalırdı. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, müzakirə olunan gün xidmətə saat 09:00 radələrində başlamışdır. Həmin gün PB-yə gətirilən şəxslərin hamısının üzərlərində şəxsi axtarış götürmə onun tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğu bildirilmişdir. (İ cild, i.v. 5) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 37-ci PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 6-7) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əllərini cibinə salsa da heç bir maddə və ya əşya təqdim etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bükümün içərisində “heroin” adlanan maddə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Xətai metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 30 AZN müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki heroinə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 4.77 qram olduğu tərəzidə görünmüşdür. (İ cild, i.v. 32-33, 69-70) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3974 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,375 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İ cild, i.v. 41-45) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 53-54) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-476/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(011)-717/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 80-84, 191-195) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 93) Şəxsiyyət vəsiqəsinin surətindən və xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X5 olmaqla bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. (İ cild, i.v. 92, 94) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-99/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild, i.v. 101-111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 122-123) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:00 saniyədən xx.xx.2023-cü il tarixdə, saat 18:00 saniyə olan müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00-da polis əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılmasını qeyd etmişdir. (İ cild, i.v. 161) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd CD-R disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 4,375 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,325 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmişdir. (İ cild, i.v. 162-169) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və 7363/2023 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmiş, sağ körpücük üstü nahiyədə köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Xətai rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan, tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 667 nömrəli protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin MSY-nə qəbul olunmuş, MSY-nə daxil olan zaman onun üzərinə baxış zamanı xəsarət aşkar olunmamışdır. Məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. xx.xx.2023-cü ilə tarixədək Təqsirləndirilən şəxs cəzasının 04 ay 24 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 07 ay 01 gün təşkil edir. Məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Probasiya Xidmətinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 00:00-dan 14:40-dək yaşadığı ünvan 8 ünvanında, saat 14:40-dan 15:05-dək 8 Noyabr prospektində, saat 15:05-dən 15:37-dək Daşqın Səfərov küçəsində, saat 15:38-dən 19:47-dək yaşadığı ünvanda, saat 19:48-dən 20:39-dək yenidən Daşqın Səfərov küçəsində və saat 20:39-dan növbəti gün saat 11:30-dək yaşadığı ünvanda olmuşdur. İzləmə məlumatlarına əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40-dan 19:40-dək Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ətrafında, daha sonra isə saat 19:50-də Xətai Rayon Polis İdarəsinin ərazisinə gəlmiş və günün sonunadək həmin ünvanda olmuşdur. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, fiziki təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi, polis əməkdaşları onu səhər 10:00 radələrində yaşadığı evdən tutub aparmaları və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, Bakı İstintaq Təcridxanasından, Xətai RPİ-dən daxil olmuş məktublar, onlara əlavə olunmuş sənədlər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsinə dair ifadəsində göstərdikləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə ilkin araşdırma mərhələsindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində videoçəkilişlə şəxsi axtarış aparıldığı andan başlayaraq, onun ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də Təqsirləndirilən şəxs tam sərbəst şəkildə xx.xx.2023-cü il tarixdə günorta saatlarında əvvəllər bir neçə dəfə narkotik vasitə əldə etdiyi Bakı şəhəri, Xətai rayonu, metronun “Xətai” stansiyası yaxınlığından anket məlumatlarını bilmədiyi şəxsdən əldə etməsi, hər dəfə çətinliklə həmin maddəni əldə etdiyi üçün bir dəfəlik almaq məqsədi ilə təxminən 4 qram narkotik vasitə heroin istədiyini deyərək həmin şəxsdən 30 manat pul məbləğində narkotik vasitəni əldə etməsi, narkotik vasitə 01 büküm olmaqla sellafon bükümdə olması, bükümü əynindəki göy rəngli cins şalvarın sağ cibində saxlamasını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında narkotik vasitəni istifadə etmək məqsədi ilə ev ünvanını tərk etməsini, öncəki gün əldə etdiyi narkotik vasitə üzərində olmasını səmimi etiraf etmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatətinin təmin edilərək qəbul edilmiş qərar əsasında "xxxx", "xxxx" MMC-lərdən məhkəməyə daxil olmuş məktubdan, məktuba əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir. Bundan başqa müdafiə tərəfinin mübahisələndirdiyi təqsirləndirilən şəxsin tutulduğu yer ve saatla bağlı hissədə məhkəmə qeyd edir ki, məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Probasiya Xidmətinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunda izləmə məlumatlarına əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40-dan 19:40-dək Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ətrafında, daha sonra isə saat 19:50-də Xətai Rayon Polis İdarəsinin ərazisinə gəlmiş və günün sonunadək həmin ünvanda olduğu qeyd olunsa da iş materiallarına əsasən həmin tarixdə, saat 13.00-da ünvan 10 ünvanın qarşısında saxlanıldığı müəyyən olunmuşdur. Belə ki, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin məlumatlarında xx.xx.2023-cü il tarixdə saat 11:40-dan 19:40-dək Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ətrafında Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, iş materiallarına əsasən Təqsirləndirilən şəxs saxlanıldığı yerin də Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ətrafında olması istisna olunmur. Həmçinin məhkəmə müdafiə tərəfinin təhqiqatçının mexaniki qol saatının əqrəblərinin göstərdiyi vaxt ilə şəxsi axtarış və götürmə aparılması barədə protokolda vaxtların üst-üstə düşməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı X4 ifadəsində həmin saatın dəfələrlə xarab olduğunu, geriyə qaldığını, cinayət işi materiallarında saat neçə qeyd etmişdirsə həmin vaxtda sənədləşməni həyata keçirtdiyini bildirmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 99/2023 saylı hökmündən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. xx.xx.2023-cü ilə tarixədək Təqsirləndirilən şəxs cəzasının 04 ay 24 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 07 ay 01 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 07 (yeddi) ay 01 (bir) günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 01 (bir) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 09 (doqquz) ay 16 (on altı) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 01 (bir) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 09 (doqquz) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-476/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(011)-717/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,325 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd CD-R disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 01 (bir) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 09 (doqquz) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,325 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş görüntülərin əks olunduğu 01 ədəd CD-R disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar