Məhkəmə qərarları › İş №1(101)-1067/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1067/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1067/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 avqust 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Abşeron rayon məhkəməsinin 6 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş) məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini istintaqa adı Şükür kimi məlum olan şəxsdən əldə edib üzərində daşıyıb gəzdirmiş, həmin gün saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Mərkəzi Poçtun yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PBnə aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində tutduğu üzərində “Dora” yazısı olan ağ rəngli sellofan paketin içərisində kağıza bükülmüş 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1.800 qram və 1.700 qram, ümumilikdə təmiz çəkisi 3.500 qram (3 kq 500 q) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütlələri olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2021-ci il tarixdə adını bilmədiyi şəxsdən yalnız öz istifadəsi üçün 1 qram narkotik vasitə olan heroin almışdır. Həmin gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə, Mərkəzi Poçtun yaxınlığında hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə dəvət etmişlər. O da razılaşdıqdan sonra polis əməkdaşları ilə birlikdə 4-cü PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən 1 qram heroin aşkar olunmuşdur. Həmin narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Onun İranlı şəxslərlə əlaqəsi olmamış və Şükür adlı şəxsi tanımır. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, bir neçə il bundan əvvəl Bakı şəhərində Şükür adlı şəxslə tanış olmuş, Şükür ona İran İslam Respublikasında yaşadığını demişdir. Sonradan Şükür ona narkotik vasitə təklif etmişdir ki, satsın, lakin o, əvvəlcə razılaşmamış, ancaq son vaxtlar narkotik vasitəyə tələbatı çox olduğundan, həmçinin pulu olmadığı üçün razılaşmışdır. 13 yanvar 2021-ci il tarixdə Şükür adlı şəxs “WhatsApp” vasitəsi ilə onunla əlaqə saxlayaraq Sumqayıt şəhəri, Mərkəzi Poçtun yaxınlığında narkotik vasitə qoyduğunu və götürüb özündə saxlamağını, lazım olan yerə Şükürün zəngindən sonra verəcəyini bildirmiş, o da deyilən yerə getmiş və narkotik vasitəni götürmüş, həmin gün, yəni 13 yanvar 2021-ci il tarixdə axşam saat 20:00 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə, Mərkəzi Poçtun yaxınlığında hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona şübhəli şəxs qismində tutulduğunu bildirib şübhəli şəxs kimi hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuş, bundan sonra o, sağ əlində tutduğu üzərində “Dora” yazısı olan ağ rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyduqdan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 19 manat pul, şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya aşkar edilməmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, heroin kütlələrindən birinin 1 kq 871 qram, ikinci bükümün çəkisinin 1 kq 768 qram olması müəyyən olunmuşdur. Sonra həmin bükümlər içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılıb üzəri möhürlənmiş və üzərində qeydlər aparılmış, qablaşdırmanın üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 19 manat pulu isə özünə qaytarılmışdır. Gördüyü işin qarşılığında narkotik vasitələrin hər kiloqramına görə İran İslam Respublikasının vətəndaşı Şükür adlı şəxsdən 50 qram narkotik vasitə almış, özü narkotik vasitənin satışını həyata keçirməmiş, narkotik vasitənin aludəçisi olmuşdur (cild 1, iş vərəqə 53, 62). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də əməliyyat müvəkkili işləyir. 13 yanvar 2021ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat daxil olmuşdur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhər ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinir və hazırda həmin şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində Mərkəzi Poçtun yaxınlığındadır. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş tədbirlər zamanı həmin gün saat 20:00 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Mərkəzi Poçtun yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Bölmədə xidməti otaqların birində vəkilin iştirakı ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqları izah edildikdən sonra ona bildirilmişdir ki, üzərində nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da sağ əlində tutduğu üzərində “Dora” yazısı olan ağ rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 19 manat pul və 2 ədəd mobil telefon aşkar edilərək götürülmüş və başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya təhqiqatçı tərəfindən baxış keçrilmiş və içərisində 2 ədəd bükülü kütlə aşkar edilmişdir. Təhqiqatçı həmin 2 ədəd bükülünü açdıqda içərisində heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər elektron tərəzidə çəkildikdən sonra içərisi boş olan sellofan torbaya qoyularaq onların və müdafiəçinin iştirakı ilə ekspertiza təyin etmək üçün şəffaf rəngli yapışqan lentlə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütləni haradan, nə məqsədlə əldə etdiyi soruşulduqda o təqdim etdiyi kütlənin heroin olduğunu, İran İslam Respublikasının vətəndaşı Şükür adlı şəxslə “WhatsApp” vasitəsi ilə əlaqə saxlayaraq 13 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri, Mərkəzi Poçtun yaxınlığında əvvəlcədən qoyulan yerdən götürdüyünü, həmin narkotik vasitələri özündə saxlayacağını, Şükürün qeyd edəcəyi ünvana qoyacağını, gördüyü işə və narkotik vasitənin hər kilosuna görə ona 50 qram narkotik vasitə veriləcəyini bildirərək özü narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotik vasitələrin aludəçisi olduğu üçün bu işləri gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 95). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 yanvar 2021-ci il tarixli 6/172 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 2 büküm ….” yazısı olan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1.800 qram və 1.700 qram, ümumi təmiz çəkisi 3.500 qram (3 kq 500 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Heroinin təmiz çəksi 3.500 qram, tədqiqata sərf edildi 0,4 qram (hər maddədən 2 qram), qalıq 3499,6 qram, cild 1, iş vərəqə 47-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 4 fevral 2021-ci il tarixli 334 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 136-142). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılmış və həmin çəkiliş CD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. Həmin videoçəkiliş öz xüsusiyyətinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqə 145-151). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində tutduğu üzərində “Dora” yazısı olan ağ rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərək əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 19 manat pul, şalvarının sol yan cibindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya ya predmet aşkar olunmamışdır. Sonra həmin sellofan torbanın içərisindən 2 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlələrdən 1 kq 871 qr, ikinci bükümün çəkisinin isə 1 kq 768 qr olması müəyyən olunmuşdur. Sonra həmin bükümlər içi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefonlar sonuncuya bu barədə izah verildikdən sonra götürülmüş, 19 manat pul və içərisi boş olan sellofan torbalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi heroinlərin özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikasının vətəndaşı “Şükür” adlı şəxslə “WhatsApp” proqramı ilə əlaqə saxlayaraq 13 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri, Mərkəzi Poçtun yaxınlığında əvvəlcədən qoyulan yerdən götürdüyünü, həmin narkotik vasitələri sonuncunun qeyd etdiyi ünvanlara qoyduğunu, gördüyü işin qarşılığında narkotik vasitələrin hər kiloqramına görə “Şükür” adlı şəxsdən 50 qram narkotik aldığını, özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, narkotik vasitələrin aludəçisi olduğunu, ona verilən sualları tam aydın formada başa düşdüyünü və səmimi cavab verdiyini bildirmişdir ( cild 1, iş vərəqə 34-36). Cinayət işinin materiallarında olan “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqə 156-157). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 6 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 29 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 123-125; 127-135). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 75-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan 3.499,6 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan 3.499,6 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar