Məhkəmə qərarları › İş №1(101)-1067/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1067/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1067/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – 26 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay küçəsi, ev 17, mənzil 6-da yaşayan, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il saat 01 radələrində Bakı- Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 51-ci kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda idarə etdiyi VAZ 21144 markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarəolunma prossesinə daim nəzarət etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib, sükan arxasında yuxuladığından qarşıda eyni istiqamətdə sağ zolaqda hərəkət edən Şahid1 idarə etdiyi Kamaz markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21144 markalı avtomobildə olan sərnişin Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu ev 5 mənzil 3-də yaşayan, 1993cü il təvəllüdlü Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, çənə sümüyünün və sol baldır sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, çənəaltı nahiyənin əzilmiş yarası, qaşarası və döş qəfəsinin ön səthinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildiyini göstərmişdir. O, hadisə baş verən gün günorta saatlarında dostları ilə birlikdə alkoqollu içki içməsinə baxmayaraq, özünü idarə edə bilməsini, içkili olduğunun kənardan hiss olunmamasını, hadisənin isə gecə saat 01 radələrində baş verməsini bildirmişdir. Keçmiş polis işçisi olmuş, 8 il polis orqanında xidmət etmişdir. Həbs olunmamışdan bir müddət əvvəl xidməti yerini dəyişmək üçün öz ərizəsi ilə işdən çıxmışdır. Heç vaxt sərxoş vəziyyətdə maşın idarə etməyə görə nə inzibati, nə də cinayət məsuliyyətinə cəlb edilməmiş və qəza törətməmişdir. Hadisəni qəsdən törətməmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir.Əməlindən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək, təqsirləndirilən şəxslə oğlu, hazırkı iş üzrə zərərçəkmiş şəxs olan Zərqulu Mirzəlyevin qardaş kimi olmasını, bir yerdə böyüdüklərini, təqsirləndirilən şəxsi də öz oğlu kimi çox istədiyini bildirərək ona qarşı şikayət və tələbinin olmamasını qeyd etmiş və cəza təyin edilməsi zamanı bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, başı telefona qarışdığından hadisənin necə baş verdiyini tam görə bilməmişdir. Qəza baş verdikdən sonra maşından düşmüş, həm o, həm Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə kömək etməyə çalışmışlar. Daha sonra təcili tibbi yardım maşını gəlmiş və onları aparmışdır. Zərərçəkmiş şəxslə birlikdə oxumuş, dost olmuşdurlar. Hadisədən əvvəl gündüz saatlarında beş-altı nəfər bir məclisdə olmuş, birlikdə yarım litrdən az içki içmişdirlər. Məhkəmə iclasıdan elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 30 dekabr 2022-ci il tarixdə saat 01 radələrində idarə etdiyi özünə məxsus Kamaz yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanında tanışı xəzərlə birlikdə Masallı rayonundan Bakı şəhərinə gələrkən avtomobili sağdan birinci zolaqla 60-70 km/saat sürətlə hərəkət etdirərkən qəfildən Qaradağ rayonu ərazisindən keçdiyi vaxt avtomobilinin arxa hissəsindən zərbə olmuş, avtomobili irəliyə sağa atılmışdır. Düşdükdə görmüşdür ki, avtomobilinin arxası ilə VAZ markalı avtomobil toqquşmuş, qabaq sağ oturacaqda oturan sərnişin oğlan ölmüşdür. Bildirmişdir ki, hadisə zamanı avtomobilində 3 ton divan-kreslo yükü olmuşdur. Avtomobilinin bütün işıqları sağ vəziyyətdə olmuş, heç bir spirtli içki qəbul etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 30 dekabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 01 radələrində Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Qaradağ rayonu ərazisindən keçən 51-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21144 markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtoomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Şahid1 idarə etdiyi Kamaz markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində VAZ 21144 markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs hadisə yerində ölməsi faktı üzrə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 4). 30 dekabr 2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, hadisə Bakı-Qazax yolunun 51-ci kilometrində, Qaradağ rayon ərazisində baş vermişdir. Hadisə yerində şin və tormoz izləri aşkar edilməmiş, fara və şüşə qırıntıları mövcud olmuşdur (cild 1, iş vərəqə 5-14). 30 dekabr 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, aparılmış tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir ( cild 1, iş vərəqə 17). Cinayət işi materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş X12 İdarəsi tərəfindən Qeydiyyat-imtahan İdarsəinin komputer uçot bazasının informasiyalara əsasən verdiyi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə 09 yanvar 2029-cu il tarixə qədər etibarlı olan “AD” seriyalı 201243 nömrəli sürücülük vəsiqəsi təqdim edilmiş, o, hadisə baş verən gün nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmuşdur. Müvafiq sitemdə onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır ( cild 1, iş vərəqə 83). 30 dekabr 2022-ci il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, «VAZ 21144» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 35-38). 05 yanvar 2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, “Vaz 21144” markalı **-TX-*** və “Kamaz 53212” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin maddi sübut kimi tanıması və saxlanılması üçün sahiblərinə verilməsi müəyyən edilmişdir ( cild 1, iş vərəqə 71). 25 yanvar 2022-ci il tarixli Məhkəmə-Tibbi Ekspertiza və X4 Qaradağ rayon şöbəsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, çənə sümüyünün və sol baldır sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, çənəaltı nahiyənin əzilmiş yarası, qaşarası və döş qəfəsinin ön səthinin sıyrıqları həyati olub ölümündən az əvvəl xx.xx.2022~ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər sərnişin olduğu avtomobildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu saatdan (xx.xx.2022-ci il tarixdə saat 03:25-də) 3-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir ( cild 1, iş vərəqə 100-104). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 88-89). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avtomobil nəqliyyat vasitəsini idarə edən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-ci maddəsində nəzərdə tutulur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Məhkəmə Təqsirləndirilən şəxs etiraf edici ifadəsini, zərərçəkmiş şəxsin hüquq varisinin və şahidlərin ifadələri, habelə təqsirləndirilən şəxsin nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olması barədə tibbi müayinə aktı, X2 ölümünə səbəb olan ağır xəsarətlərin sərnişini olduğu minik avtomobilinin digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilməsini müəyyən edən məhkəmə-tibb ekspertiza rəyləri ilə birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 sentyabr 2022-ci il təvəllüdlü azyaşlı övladı vardır. Məhkəmə iclasında o, ölən şəxsin yaxın dostu olmasını, əməlindən peşmançılıq hissi keçirməsini bildirmişdir. Zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi isə məhkəmə iclasında ifadə verərəkən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbininin olmamasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən,zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, məhkəmədə etirafedici ifadələr verərək əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquq varisi ilə barışıq əldə etməsini, məhkəmədə etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60cı maddəsinin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 30 dekabr 2022-ci il tarixindən hesablanması qərara alınmışdır ( cild 1, iş vərəqə 69-70). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmaqla həbsdə saxlanma vaxtı, məntəqə tipli cəzaçəkmə müəssisəsinə gətirilmə vaxtı da nəzərə alınmaqla cəzanın icrası müddətinə daxil edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış “Vaz 21144” markalı **-TX-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və “Kamaz 53212” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 qaytarılmalı, həmin nəqliyyat vasitələrinin saxlanılması üçün qanuni sahiblərinə verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 128 (yüz ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 35). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 26 saylı Vəkil Bürosunun hesabına 144(yüz qırx dörd) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3(üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdən (məntəqə tipli cəzaçəkmə müəssisəsinə gətirilmə vaxtı da nəzərə alınaraq) həbsdə olma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinə daxil edilməklə cəzasının icrasının əvvəli cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: “Vaz 21144” markalı **-TX-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və “Kamaz 53212” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 qaytarılsın. İbtidai istintaq dövründə “Vaz 21144” markalı **-TX-*** qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Kamaz 53212” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Şahid1 verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi 26 saylı Vəkil Bürosunun hesabına 144(yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar