Məhkəmə qərarları › İş №1(101)-1067/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1067/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1067/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X13 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələri əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Məsud” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istintaqla müəyyən edilməyən vaxtda “Məsud” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5165 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 44,797 qram çəkidə psixotrop maddə metamfetamini və ümumi təsiredici maddəsinin miqdarı külli miqdarda 2 qram təşkil edən 5 ədəd konvalyutda 50 ədəd üzərində “M40” yazısı olan narkotik vasitə metadon həblərini əldə edib kirayədə yaşadığı ünvan 4 ünvanına daşıdıqdan sonra psixotrop maddə metamfetaminin 5,629 qram hissəsini üzərində, narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitə metadon həblərini və psixotrop maddə metamfetaminin 39,168 qram hissəsini isə kirayədə yaşadığı mənzildə saxlamış, Nəsimi RPİ-nin NMB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü ildə saat 22:40-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmişdir. Orada üzərində şəxsi axtarış keçirilərkən əlində olan pul qabının içərisindən 01 bükümdə təmiz çəkisi 3,983 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 02:00-da kirayədə yaşadığı ünvan 7 ünvanına keçirilmiş baxış zamanı mənzilin dəhlizindən sağ tərəfdə yerləşən qonaq otağında olan qutunun içərisindən 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1020 qram, 1015 qram, 1010 qram, 275 qram, 345 qram və 450 qram olmaqla ümumi təmiz çəkisi 5165 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 24,891 qram və 14,277 qram olmaqla ümumi təmiz çəkisi 39,168 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən hər birində 10 ədəd olmaqla 05 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərində “M40” yazısı həkk olunmuş həmin narkotik vasitə metadon həbləri, narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzi və həmin gün saat 05:00-da Nəsimi RPİnin X10 təhvil verilən zaman üstündə aparılmış tam axtarış zamanı alt geyimindən 01 bükümdə təmiz çəkisi 1,646 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, gəzdirməsi barədə Nəsimi RPİ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədilə raportla rəhbərliyə müraciət olunmuşdur. Daha sonra Nəsimi RPİnin NMB-nin kiçik inspektoru X5, Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru X6 və ondan ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra əldə edilmiş məxfi məlumat əsasında Təqsirləndirilən şəxs gələ biləcəyi ünvan müəyyən edilmiş, daxil olmuş məlumat əsasında xx.xx.2024-cü ildə Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru E.G.Cəfərov, Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru E.M.Ağayevlə birlikdə yollanmış və birlikdə xx.xx.2024-cü ildə, saat 22:00 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 40 dəqiqə sonra, yəni saat 22.40-da Təqsirləndirilən şəxs həmin ünvana gəldiyi zaman sonuncuya yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmişdilər. Daha sonra isə ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduğunu bildirib sonuncunun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edildikdən sonra sonuncunun üzərinə şəxsi axtarışın aparılmasına başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. sonuncu masaya doğru yaxınlaşıb ilk olaraq əlində olan pul qabının içindən 01 ədəd sellofan bükümü, açarı, 1363 manat məbləğində pulu, 02 ədəd plastik bank kartını, 01 ədəd şəxsiyyət vəsiqəsini və əlində saxladığı 01 ədəd mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmış, təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun “Samsung” markalı olduğu müəyyən edimiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Pul vəsaiti narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən vəsait ola biləcəyi ehtimalını nəzərə alaraq, eləcə də plastik kartlar, mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilməsinə başlanmış, sonuncu həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində şəffaf kiristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddəni İİR vətəndaşı olan Məsud adlı şəxsdən aldığını, satdıqca hər kiloqramına görə 300 manat pul qazandığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd zərfə qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Sonuncunun üzərindən aşkar edilmiş içərisindən 1.363 manat pul, iki ədəd bank kartı və şəxsiyyət vəsiqəsi, eləcə də Təqsirləndirilən şəxs mobil telefonu araşdırma üçün saxlanılmış, yaşadığı evin açarı sonuncuya geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin aparılmasının nəticələri protokollaşdırıldıqdan sonra onlar tərəfindən eyni tərkibdə olan iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına gedilmişdir. Sonuncu mənzilin seyf qapısının açıq olduğunu bildirib qapını açdıqdan sonra içəri daxil olmuş, mənzilin qonaq otağında videoçəklişilə baxış başlanmışdır. Sonuncu şəxsi axtarış və götürmə zamanı bildirdiyi narkotik vasitələrin mənzilin giriş qapısından sağ tərəfdə qonaq otağında kağız qutunun içərisində saxladığını bildirmiş və həmin kağız qutunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Qutunun içərisindən bir ədəd qara rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər maddə və şəffaf sellofan paket içərisində narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilərək qablaşdırılmışdır. Bundan sonra qutunun içərisində bir ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilrək qablaşdırılmışdır. Qutunun içərisində olan qızılı rəngli sellofan paketin içərisinə baxıldıqda içərisindən iki ədəd elektron tərəzi, bir ədəd şəffaf sellofan paketin içərisində ağ kristal şəkilli metamfetaminə bənzər maddə və 5 konvalutda hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd Methadone 40 yazısı olan psixotrop maddəyə bənzər aşkar edilərək qablaşdırılmışdır. Bundan sonra qablaşdırılan maddələr yenidən qutuya qoyulmuş, iştirakçıların imzası olan vərəq qutuya yapışdırılaraq qutu 186 saylı möhürlə möhürlənmiş və ekspertiza tədqiqinə verilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərində kül qabının içərisində olan iki ədəd kolba barədə soruşulanda o həmin predmetlərlə narkotik qəbul etdiyini bildirmişdir. Həmin predmetlər götürülərək boş zərfə qoyuldu, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq 186 saylı möhürlə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs evdə başqa narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması barədə soruşulduqda o, yataq otağında narkotik vasitə marixuananın olmasını bildirmişdir. Bundan sonra yataq otağına gedilmiş, yataq otağında Təqsirləndirilən şəxs yerdə bir ədəd ağ rəngli sintetik kisənin içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin ağ rəngli sintetik kisənin içərisinə baxıldıqda 4 ədəd hər birinin içərisində şəffaf sellofan paketdə olan narkotik vasitə marixuanaya bənzər maddələr olan qara rəngli sellofan torbalar aşkar edilmiş, həmin sellofan torbalar qablaşdırılmış, yenidən kisəyə qoyulmuş, kisənin üzərinə iştirakçıların imzası olan vərəq yapışdırılmaqla 186 saylı möhürlə möhürlənmiş və ekspertiza tədqiqatı üçün götürülmüşdür.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin YYÇ PİTB-nin inspektoru Şahid2 Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-nə aparıldıqdan sonra xidməti zərurət olduğundan və saxlanılan şəxs qadın cinsinə mənsub olduğundan Nəsimi RPİ-nin YYŞ PİTŞ-nin inspektoru X7 ilə birlikdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-nə təhvil verilərkən üzərinə baxış keçirmişdirər. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan sinəsinin sol hissəsindəki alt paltarında gizlətdiyi bir ədəd ağ poletilen paketə bükülmüş kristalşəkilli maddə aşkar edilmiş, həmin maddə müvafiq qaydada zərfə qoyularaq sənədləşdirilmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, fərdi evlərdə fəhlə kimi fəaliyyət göstərmişdir. ünvan 2 ünvanında yerləşən mənzil ona məxsusdur və həmin mənzili 2023-cü ilin sonlarında almışdır. Özü başqa mənzildə yaşadığından qeyd olunan mənzili kirayə vermək qərarına gəlmişdir. 2024-cü ilin avqsut ayında mənzili kirayə vermək üçün “tapaz” elan saytında mənzilin şəkillərini yerləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək mənzili kirayə götürmək istədiyini bildirmişdir. Evə baxdıqdan sonra sonuncu İfaq adlı oğlu ilə həmin mənzildə qalacağını bildirmişdir. Bundan sonra aylıq 300 manat olmaqla mənzili Təqsirləndirilən şəxs kirayəyə vermiş, lakin sonuncu ilə aralarında heç bir kirayə müqaviləsi bağlanmamışdır. Sonuncu hər ay ona pulu kart və ya nağd şəkildə ödəmişdir. Sonuncunun şəxsiyyəti həmçinin əvvəllər məhkumluğu olması barədə onda heç bir məlumat olmamışdır. xx.xx.2024-cü ildə ona polis tərəfindən zəng olunaraq evində kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsinə görə saxlanılıb və mənzilindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar olunduğu barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs mənzildə narkotik vasitə saxlaması barədə heç bir məlumatı olmamış, əgər bu haqda məlumatı olsaydı dərhal polisə bu barədə məlumat verərdi.

6. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Təqsirləndirilən şəxs oğlu Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, anası həbs edilməmişdən əvvəl onunla birlikdə ünvan 9 ünvanında kirayədə yaşamışdır. Anası əvvəllər də məhkumluq həyatı yaşamışdır. Lakin anasının hansı cinayətlə əlaqədar həbs olunduğunu bilməmişdir. 2024-cü ilin əvvəllərində anası Təqsirləndirilən şəxs həbsdən azad olunduqdan sonra birlikdə yaşamağa başlamışlar. Əvvəllər Bakı şəhəri və ətraf ərazilərdə bir neçə mənzildə kirayə yaşasalar da mənzilin kirayə pulunu verməkdə çətinlik olduğundan tez-tez yaşadıqları mənzilləri dəyişmişlər. 2024-cü ilin avqust ayından etibarən isə yuxarıda qeyd etdiyi ünvanda anası ilə birlikdə kirayədə yaşamışdır. Həmin vaxtlarda o müxtəlif gündəlik işlərdə işləmiş və günün çox hissəsini işdə olmuşdur. Axşamlar isə dostları ilə vaxt keçirmişdir. xx.xx.2024-cü ildə anası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması və yaşadıqları mənzildən külli miqdarda narkotik vasitə aşkar edilməsi müəyyən edilmişdir. Qeyd etmişdir ki, həmin narkotik vasitələrin yaşadığı mənzildə saxlanılması barədə onun qabaqcadan məlumatı olmamışdır. Anası polis əməkdaşları tərəfindən saxlanılarkən və yaşadıqları mənzilə baxış keçirilərkən o, evdə olmamışdır. Ümumiyyətlə anasının narkotik vasitə satması barədə qabaqcadan məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, anası narkotik vasitə və psixotrop maddələrin külli miqdarda satışını həyata keçirmişdir.

7. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/4875 saylı rəyində aşağıdakılar göstərilmişdir: tədqiqata təqdim edilmiş üzərində:”Azərbaycan Respublikası DİN Zərflər üçün №186”dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar üçün 03 (üç) ədəd zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,646 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,983 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 02 (iki) ədəd boruşəkilli kolbaların içərisində metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs(imza) yazısı və imzalar olan qutudakı, şəffaf polietilen bağlamada olan 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 24,891 qram və 14,277 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qramdır (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), 02 (iki) ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş boruşəkilli kolbaların içərisində və tərəzilərin üzərində metamfetamin iz şəklində olduğu üçün, metamfetaminin təmiz çəkiləri və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 44,797 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edir. Qeyd: 1. Metamfetaminin təmiz çəkiləri: -1,646 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 1,596 qram, -3,983 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 3,883 qram, -24,891 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq: 24,691 qram, -14,277 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq: 14,077 qram.

2. Metadon həbləri: 50 ədəd, tədqiqata sərf edildi: 05 həb, qalıq: 45 həb. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir (i/v 57-61).

8. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/1705 saylı rəyində aşağıdakılar göstərilmişdir: tədqiqata təqdim üzərində “1. Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan ağ rəngli sintetik bağlamadakı 04 (dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1050 qram; 1020 qram; 1015 qram; 1010 qram və ağ kağız üzərində “1. Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan karton qutudakı 03 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 275 qram; 345 qram; 450 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 5165 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin karton qutudakı 01 (bir) ədəd karton çantanın içərisində 02 (iki) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Qeyd: 1. Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı, 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı.

2. Marixuananın ümumi çəkisi – 5165 qram (1-7№li ob), tədqiqata istifadə olundu – 0,7 qram, (hər obyektdən 0,1 qram) qalıq – 5164,3 qram. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (i/v 63-66).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6795 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 148-149).

10. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 5164,3 qram narkotik vasitə qurudulmuş marixuana, 1,596 qram, 3.883 qram, 24,691 qram, 14,077 qram psixotrop maddə metamfetamin, 45 ədəd metadon həbi, həmçinin 02 ədəd elektron tərəzi, 02 ədəd boruşəkilli kolba, 01 ədəd qara rəngli, “Samsung” markalı mobil telefon və 01 ədəd kitabça maddi sübut qismində tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 183-198).

11. xx.xx.2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, “Samsung” markalı mobil telefona baxış zamanı telefonun “watsap” tətbiqinə daxil olunmuş, orada olan sms məlumatlarının fotoşəkilləri çəkilərək sənədlərə çap olunmuşdur. Qeyd edilən sms məlumatlarına baxışdan müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə məxsus “watsap” tətbiqində çox saylı telefon danışıqları aparılmış və sms mətni daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı orada “Seddam” adlı şəxin adı qeyd olunmuş nömrəsindən ona daxil olan yazışmalarda “Samal necesen 5 qr ot 50 manat atacam qoyarsan aharasa dünənki vaxt 6 dan sonra usağ gəlib götürəcək Alınır?,” sms yazısına Təqsirləndirilən şəxs “salam, səsli mesaj” cavab verdiyini, Səddam adlı şəxsin onun səsli mesajına cavab olaraq yox zakirə gərəy yolpuluda verilə pul yoxdu deyə cavab verdiyi, ondan sonrakı fotoşəkillərdə olan yazışmalarda isə Təqsirləndirilən şəxs Səddam adlı şəxsə narkotik vasitəni yerləşdirdiyi ərazinin şəklini atması, Səddam adlı şəxsin isə ona “ Zakirlə gəliriy zakirin veşi var səndə o bayaq dediyim bideneni də qoyarsan onuda götürək. bidə sencanun bir damcı ee damcı daş qoy beşaltı tüstülüy” cavab verdiyi, daha sonra Səddəmın ona “qoy gəldilər. Bacı o qırxmanatlıq ki var ee onnan biraz qır gəlib sənnən götürəcəm bir paprızlıq” sms yazdığı, Təqsirləndirilən şəxs həmin sms-ə cavab olaraq tərəzinin elektron lövhəsində 400 yazılmış üzərində narkotik vasitə marixuana olan şəklinin Səddama göndərməsi, ondan sonra Səddamın ona səsli mesaj göndərməsi və “bu olara çoxdu, başa düşdün” deyə mesaj göndərməsi müəyyən edilmişdir (i/v 153-156).

12. Şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024cü ildə saat 23:30-dan 23:50-dək Nəsimi RPİ-nin inzibati binasında qeydə alınmışdır. X1 özünü və polis əməkdaşlarını təqdim edir, daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bundan sonra sonuncu masaya doğru yaxınlaşıb ilk olaraq əlində olan pulqabının içindən 01 ədəd sellofan bükümü, açarı, 1363 manat pulu, 02 ədəd plastik bank kartını, 01 ədəd şəxsiyyət vəsiqəsini və əlində saxladığı 01 ədəd mobil telefonu masanın üzərinə qoyur. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilir. Şübhəli şəxsin üzərindən və paltarından hər-hansı qanunsuz əşya və ya maddə aşkar olunmur. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun “Samsung” markalı olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Pul vəsaiti, plastik kartlar, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. baxış keçirilməyə başlanıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirir. Bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində şəffaf kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və evində olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni İran İslam Respublikasının vətəndaşı olan Məsud adlı şəxsdən aldığını və satdıqca hər kiloqramına görə 300 manat pul qazanacağını bildirir. Təqsirləndirilən şəxs, həmçinin, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətdiyinə görə məhkum olunduğunu və əvvəllər narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 186 saylı möhürü ilə möhürlənərək götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək 1363 manat pul, iki ədəd bank kartı və şəxsiyyət vəsiqəsi, eləcə də X.Z Ağayevaya məxsus mobil telefon saxlanılmışdır. Yaşadığı evin açarı isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır (i/v 34).

13. Mənzilə baxış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024cü ildə saat 02:00-dan 02:30-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında qeydə alınmışdır. Sonuncu mənzilin seyf qapısının açıq olduğunu bildirdikdən sonra qapı açılaraq içəri daxil olunur, mənzilə videoçəklişilə baxış başlanır. Təqsirləndirilən şəxs narkotik vasitələrin mənzilin giriş qapısından sağ tərəfdə qonaq otağında kağız qutunun içərisində saxladığını bildirir və həmin kağız qutunu masanın üzərinə qoymaqla təqdim edir. Qutunun içərisindən bir ədəd qara bir ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilrək qablaşdırılır. Qutunun içərisində olan qızılı rəngli sellofan paketin içərisinə isə baxıldıqda içərisindən iki ədəd elektron tərəzi, bir ədəd şəffaf sellofan paketin içərisində ağ kristal şəkilli metamfetaminə bənzər maddə və 5 konvalutda hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd Methadone 40 yazısı olan psixotrop maddə aşkar edilərək qablaşdırılır. Bundan sonra qablaşdırılan maddələr yenidən qutuya qoyulur, iştirakçıların imzası olan vərəq qutuya yapışdırılaraq qutu 186 saylı möhürlə möhürlənmiş və ekspertiza tədqiqinə verilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərində kül qabının içərisində olan iki ədəd kolba barədə soruşulanda o həmin predmetlərlə narkotik qəbul etdiyini bildirir. Həmin predmetlər götürülərək boş zərfə qoyuldu, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq 186 saylı möhürlə möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs evdə başqa narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması barədə soruşulduqda o, yataq otağında narkotik vasitə marixuananın olmasını bildirir. Bundan sonra yataq otağına gedilmiş, yataq otağında Təqsirləndirilən şəxs yerdə bir ədəd ağ rəngli sintetik kisənin içərisində narkotik vasitələr olduğunu bildirir. Həmin ağ rəngli sintetik kisənin içərisinə baxıldıqda 4 ədəd hər birinin içərisində şəffaf sellofan paketdə olan narkotik vasitə marixuanaya bənzər maddələr olan qara rəngli sellofan torbalar aşkar edilir, həmin sellofan torbalar qablaşdırılır, yenidən kisəyə qoyulur, kisənin üzərinə iştirakçıların imzası olan vərəq yapışdırılmaqla 186 saylı möhürlə möhürlənmiş və ekspertiza tədqiqatı üçün götürülür (i/v 43).

14. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və kseri surətlərdən görünür ki, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilərkən aşkar edilmiş kitabçanın vərəqlərində 24 avqsut tarixi və müxtəlif qramlar, həmçinin vərəqin sağ hissəsində pul məbləğləri qeyd olunmuşdur. Növbəti səhifələrdə də müxtəlif qramlar, tarix və pul məbləğləri qeyd olunmuşdur (i/v 157-162).

15. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası çəkilmiş hesab edilmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, daha öncə arıqlamaq məqsədilə psixotrop maddə olan metamfetamin istifadə etdiyi üçün məhkum olunmuş, azadlığa çıxdıqdan sonra isə istifadə etməmişdir. Təxminən 5 ay bundan əvvəl əşyalarını sataraq Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində kirayə ev tutmuşdur. Oğlu da onunla birlikdə qalmışdır. Yoldaşı rəhmətə getmiş, başqa kimsəsi olmamışdır. 3 ay müddətdir ki, iş tapa bilməmişdir. Marketlərə, başqa yerlərə iş tapmaq üçün müraciət etmiş, lakin məhkumluğunun olması və qeydiyyatı olmadığı üçün onu işə götürməmişlər. Daha sonra şirniyyat yerində gündəlik 12 manat müqabilində işə düzəlmişdir. Həmin pul da yol və digər xərclərə çatmamışdır. 3 ay sonra Kamran adlı bir şəxsdən evin kirayəsini ödəmək üçün borc pul istəmişdir. Sonuncu da 10-15 manat yemək üçün pul verə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Kamran zəng edərək bir nəfərin ona ünvan deyəcəyini, aparıb ora mal yerləşdirəcəyini, əvəzində ona 300 manat pul verəcəyini bildirmişdir. O da 1 il 3 ay müddət həmin məsələyə görə məhkum olunduğunu bildirərək etiraz etmişdir. Həmin müddətdə də oğlu əsgərliyə gedəcəkmiş, oğlunun şəkilli vəsiqəsi olmadığından həmin sənədlərinə pul lazım olmuşdur. Bu səbəbdən də məcbur qalaraq Kamrana bir dəfə üçün bu işi görəcəyini bildirmişdir. Kamranın verdiyi nömrəyə zəng etmiş, zəng etdiyi adam özünü Məsud adı ilə tanıtmışdır. Məsuda nömrəsini bir nəfərdən aldığını, çarəsiz olduğunu, oğlu əsgərliyə getdikdən sonra bu işi etməyəcəyini bildirmişdir. Məsud 4-5 gün sonra zəng edərək bir yerə mal qoymalı olduğunu bildirmiş və o da razılaşmışdır. Lakin həmin ünvana getmək üçün pulunun olmadığını bildirmiş sonuncu da buna görə ona 100 manat məbləğində pul vermiş, qalanını sonra verəcəyini bildirmişdir. Məsudun bildirdiyi ünvana gedib içərisində narkotik vasitə və psixotrop maddə olan kisəni götürmüş, həmin kisəni evə gətirmişdir. Daha sonra Məsuda qorxduğu üçün kisəni götürməsini bildirmiş, o da iki günə 300 manat və 250 manat ona pul vermişdir. Bundan sonra isə Məsudun dediyi yerlərə həmin narkotik vasitələri yerləşdirmişdir. Yenidən həmin gecə “həmin küçənin yanındakı küçəyə gedə bilərsən? Bu sonuncu olacaq, daha sənə iş deməyəcəm” bildirmişdir. Həmin ünvana gedərkən ağ kisəni görüb götürmək istəyərkən iki oğlanın orada dayandığını görmüşdür. Məsuda bu barədə bildirmiş, o da qorxmamağını və həmin şəxslərin onların adamı olduğunu bildirmişdir. Orada 40 dəqiqə qalmış, artıq gec olduğunu görüb məcburiyyətdən kisəni götürmüşdür. Evə gəlib Məsuda zəng edərək onun pulunu verməyini, daha bu işi görmək istəmədiyini bildirmişdir. Ona 1 saat sonra 200 manat pul göndərmiş, günorta yenidən Məsudə zəng edib pulunu istəmiş və Məsud saat 5-də ona 1000 manat pul göndərəcəyini bildirmişdir. Saat 5-ə qalmış sonuncu ona zəng edib harada olduğunu soruşduqda evdə olduğunu bildirmiş, Məsud da aşağı düşməyini, bir oğlanın ona pul verəcəyini, evdəki malları isə başqa adama vercəyini bildirmişdir. Binadan çıxıb 200-300 metr getdikdən sonar Məsudə zəng etmiş, sonuncu ona hara getməli olduğunu deyəcəyini bildirmişdir. Daha sonra 3-4 dəfə zəng etsə də telefonu açmamış, telefonla Məsuda zəng edərkən bir nəfər onu saxlamış, bir qara maşın ona yaxınlaşmışdır. Oğlan qolumdan tutaraq ünvanlara mal yerləşdirdiyini ona bildirmişdir. Sonra 8 nəfər onu maşına mindirmişlər. O da ehtiyacı olduğu üçün etdiyini bildirmişdir. Telefonunu onda alaraq Məsudun göndərdiyi şəkillərə baxmış, nə olduğunu soruşduqda Məsudun göndərdiyini, pul müqabilində malları ünvanlara yerləşdirdiyini etiraf etmişdir. Bundan sonra onu evə aparmışlar, içərisində narkotik vasitə olan evdəki kisəni onlara vermiş, onu aşağı düşürüb maşınla Əcəmidəki kruqa getmiş, orda başqa maşına mindirmişlər. Həmin ünvanda bir az dayandıqdan sonra iranlıya zəng etməyini, başqa mal göndərməsini sonuncuya bildirməyi istəmişlər. O isə etiraz etmiş və zəng etməmişdir. Bundan sonra yenidən bir maşın gəlmiş, onu həmin maşına mindirib Nəsimi RPİ-nin binasına aparmışlar. Axşam orada videoçəkilişlə şəxsi axtarış olmuşdur. Həmin vaxt törətdiyi əməlləri etiraf etmişdir. Daha sonra evdə də çəkiliş olmuş və içərisində narkotik vasitə olan kisəni təqdim etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

17. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

23. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

24. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur.

25. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

26. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

27. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

28. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

29. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

31. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

32. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

33. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

34. Maddə 193.2. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

36. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən narkotik vasitə olan marixuananın kütləsi 5 qram təşkil etdikdə xeyli miqdardan, 500 qram olduqda isə külli miqdarda, narkotik vasitə olan metadonun kütləsi 0,02 qram təşkil etdikdə xeyli miqdardan, 1,6 qram olduqda isə külli miqdarda, psixotrop maddə olan metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdardan, 2 qram olduqda isə külli miqdarda hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

37. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı

41. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

42. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin president hüququ:

43. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

44. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi etiraf edici ifadəsi, İİR-nın vətəndaşı ilə apardığı telefon danışıqlarının mövcudluğu və sms yazışmaları, həmin yazışmaların mətni bir daha təsdiq edir ki, tərəflər narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və realizəsi ilə bağlı əvvəlcədən razılığa gəlmiş və birgə fəaliyyət göstərmişlər. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə marixuanın xeyli miqdarından 1033 dəfə, külli miqdarından 10.3 dəfə, narkotik vasitə olan metadonun xeyli miqdarından 100 dəfə, külli miqdarından 1.2 dəfə, psixotrop maddə metamfetaminin xeyli miqdarından 298 dəfə, külli miqdarından 22.3 dəfə artıq olmasını, həmçinin elektron tərəzinin, boruşəkilli kolbanın aşkar olunmasını və müxtəlif növdə olması, üzərindən həmçinin elektron tərəzinin aşkar olunması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

45. Narkotoik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən və mənzilindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 28-ci bəndi).

46. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır (qərarın 36-cı bəndi).

47. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə İİR-ın vətəndaşı “Seddam” ilə dəfələrlə sms yazışmaları və danışıqlar aparmış və həmin danışıqların mətni narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur (qərarın 11-ci bəndi).

48. Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi əməlləri etiraf edici ifadəsi ilə bir daha təsdiq etmişdir.

49. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 27-ci bəndi).

50. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (qərarın 17-ci bəndi).

51. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

52. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişdir.

53. Məhkəmədə təqsirləndirilən şəxsin əməllərində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi müəyyən edilmişdir.

54. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası çəkilmiş hesab edilmişdir ((i/v 144-145), (qərarın 23-cü bəndi)) .

55. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə ona təyin edilmiş cəzanın çəkilmiş hesab edilməsinə baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2024-cü ildə yenidən qəsdən ağır cinayət törətmişdir (qərarın 23-cü bəndi).

56. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağırlaşdırıcı halı yəni cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni tərkibli cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

57. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi).

58. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü ildən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 20, 103-108, 225-227, 242-243). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

59. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü ildən hesablanmalıdır (qərarın 31-cu bəndi).

60. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır ((i/v 148-149), (qərarın 25-ci bəndi)).

61. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalıdır.

62. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,596, 3,883, 24,691 və 14,077 qram psixotrop maddə olan metamfetamin, 5164,3 qram narkotik vasitə olan marixuana, 45 ədəd metadon həbi və 01 ədəd kitabça, 02 ədəd elektron tərəzi, 02 ədəd boruşəkilli kolba hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (qərarın 32-ci bəndi).

63. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (bir yüz on dörd) və 78 (yetmiş səkkiz) manat olmaqla cəmi 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

64. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (qərarın 34-cü bəndi).

65. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (qərarın 26-cı bəndi).

66. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,596, 3,883, 24,691 və 14,077 qram psixotrop maddə olan metamfetamin, 5164,3 qram narkotik vasitə olan marixuana, 45 ədəd metadon həbi, 01 ədəd kitabça, 02 ədəd elektron tərəzi və 02 ədəd boruşəkilli kolba hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 192 (bir yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar