Məhkəmə qərarları › İş №1(101)-1068/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1068/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1068/2022 01.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat - 17:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 11 avqust 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 12,135 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 4,995 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 24 dekabr 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasına gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində olan bir ədəd siqaret qutusunun içərisindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,803 qram və 9,332 qram olmaqla ümumi təmiz çəkisi 12,135 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,482 qram, 0,489 qram, 0,984 qram, 0,373 qram, 2,667 qram olmaqla ümumi təmiz çəkisi 4,995 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, tutulan günü üzərində narkotik vasitə olmamış, yalnız iki qram metadon olmuşdur. O, ittihamda göstərildiyi kimi deyil, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsində bibisi oğlu və bibisi ilə birlikdə avtomobilin içərisində olduğu zaman tutulmuşdur. Belə ki, həmin gün o, bibisi və bibisi oğlu ilə birlikdə avtomobillə evlərinə gedərkən yanacaq doldurduqları zaman avtomobilin dayanmasından istifadə edən polis əməkdaşları onu maşınından zorla çıxarmış, polis idarəsinə aparmış, döyərək etmədiyi cinayəti boynuna qoymuşlar. O, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamış, əvvəllər öz istifadəsi üçün metadon əldə etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 dekabr 2021- ci il tarixdə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra qərarın icra olunması ilə bağlı İdarə rəisi tərəfindən müvafiq əmrlə ondan və BNMİnin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra saat 15:30 radələrində əməliyyat qrupu ilə birlikdə ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edərək barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Nəsimi RPİ-nin 20-ci PB-yə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə 20-ci PB-yə getmişdir. PB-yə gəldikdən sonra o, raportla BNMİ rəhbərliyinə müraciət edib Təqsirləndirilən şəxs 20-ci PB-yə gətirilməsi barədə məlumat vermiş və tərtib etdiyi raport üzrə araşdırma aparılması BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya həvalə olunmuşdur. Baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 5 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən 2 ədəd mobil telefon aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini iran İslam Respublikası vətəndaşı İlqar adlı şəxsin vsitəsilə Bakı şəhəri Nəsimi rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və mobil telefonlar götürülərək qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hrç bir fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 25 dekabr 2021-ci il tarixli, 6/5619 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan paketdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,482 qram, 0,489 qram, 0,984 qram, 0,373 qram, 2,667 qram, ümumi təmiz çəkisi 4,995 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,803 qram, 9,332 qram, ümumi təmiz çəkisi 12,135 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2022-ci il tarixli, 1937 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisindən 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 5 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş 18 mart 2022-ci tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə narkotik vasitələrin satışı ilə bağlı çoxsaylı SMS mübadiləsinin aparılması müəyyən olunmuşdur. Belə ki, siyahıda aşağıdakı məzmunlu sms mətnləri aşkar edilmişdir: xx-xx-2021 00:38:06 1.1.**********79 1.1.**********06 Gordun didim sene gelmiyeceysen anan qebri gelecem dedin indide telfonu acmirsan. canim agriyir yeke oglansan. xx-xx-2021 00:09:28 1.1.**********39 1.1.**********06 gunes petrolun qabagindayam bu ne hereketdi eliyirsen,adam doluyursan,tel cavab ver,taksini saxladmisam yeke kisisen. xx-xx-2021 17:54:11 1.1.**********44 1.1.**********06 mene zeng edn bıdeyqe 240m pul atmaldı. 07- 11-2021 00:36:23 xx-xx-2021 00:36:23 1.1.**********80 1.1.**********06 Sonra deyirsen bele pox tele cavab verde pul olanda qebuluva dusmek olmur istiyirsen gel 100 varimdi indi verim qalanini birisi gun günorta menim masin x. xx-xx-2021 00:36:24 1.1.**********80 1.1.**********06 arabdi ona gore gele bilmirem yada 1 gun butov verim bax nece istiyirsen. xx-xx-2021 22:50:45 1.1.**********50 1.1.**********06 Canim agrir gagas yeka cailsan 20daga bir saat oldu varyoxun s***m vazyatim pisdi.ac poxuda atas agri bisan axi nadi. 08- 11-2021 23:28:25 xx-xx-2021 23:28:25 1.1.**********50 1.1.**********06 Galda yeka oğlansan adami incidmada.didim canim agrir. xx-xx-2021 22:47:17 xx-xx-2021 22:47:18 1.1.**********44 1.1.**********06 120m at bideyqe karta. xx-xx-2021 22:47:19 xx-xx-2021 22:47:20 1.1.**********44 1.1.**********06 bugunkı 120m at indi. xx-xx-2021 02:06:08 13- 11-2021 02:06:09 1.1.**********50 1.1.**********06 Gagas gec olursa 10 dagayacan gala bilmirsansa sahar 10 cun zadcun gorusay gollarim cirk elib agrir tez ol gardasimsan. 17-11- 2021 16:57:55 xx-xx-2021 16:57:55 1.1.**********44 1.1.**********06 120m at vaxdmdı. xx-xx- 2021 18:11:16 1.1.**********58 1.1.**********06 Söz verdiy axi camahata 6 ti dediz pulunu gozleyir ele edin ibada yiqmasin vurun camahatin pulunu xx-xx-2021 07:46:46 24- 11- 2021 07:46:46 1.1.**********39 1.1.**********06 Kenan yene başlamada yeke oğlansan dedinki gelirem butun gece gozledim gel cixda,pulun ustunden bir az xerclemisem 120manat qalib,birde velsopedi istirsen? xx-xx-2021 03:20:20 1.1.**********76 1.1.**********06 X5 X10 X6 X7 X16 X11 X12 Telvizoru. 27- 11-2021 04:22:04 1.1.**********76 1.1.**********06 X13 X15 X17 X8 X3 X14 X4 Opurem. xx-xx-2021 06:22:35 1.1.**********39 1.1.**********06 Anasinin s***m negd pulunu verirem yeke oğlansan menden ehtiyyat eliyirsenki ayibdi senincun,tel ac qaqas basa dus berk lomkadayam. xxxx-2021 19:00:26 1,1,**********50 1.1.**********06 TOPUS ACDA POXU ŞOZ DİRAM MANA SABAHA 15 LAZİMDİ 200 VERCİYAM 15 VERARSAN 10 YARİN PULUN VERCİYAM.AC MANA CAVAB Dİ.ATAS CAVAB YAZ. xx-xx-2021 01:16:28 1.1,**********05 1.1.**********06 Kenan elide 2 dene pati isdiyir qiz yetim zey vurdu aglıyirdi. xx-xx-2021 22:23:56 1.1.**********44 1.1.**********06 pulu vurmdı 100 m dıda. xx-xx-2021 02:07:07 1.1.**********44 1.1.**********06 180m vur. xx-xx-2021 05:03:21 1.1.**********06 1.1,**********39 10 dene kola lazimdı. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən yalnız iki qram metadonun aşkar olunmasını, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona aid olmamasını, polis əməkdaşlarının təzyiqi altında narkotik vasitə və psixotrop maddəni üzərinə götürməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 52-54-cü vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdə müdafiəçisi Lalə Mənsurovanın iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 24 dekabr 2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nəsimi RPİ-nin 20-ci PB-yə gətirmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya vardırsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin qutunun içərisində 2 bükümdə narkotik vasitə heroini, 5 bükümdə isə psixotrop maddə metamfetamin aşkar etmişlər. O, 2 ədəd Samsung markalı mobil telefonunu, içərisində siqaret dənələri olan digər siqaret qutusunu və şalvarının cibində olan 2 manat pulu təqdim etmişdir. Onun üzəri yoxlanılsa da, heç bir əşya və ya predmet aşkar edilməmişdir. O, həmin psixotrop maddəni və narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı "İlqar" adlı şəxsin vasitəsilə Nəsimi rayon ərazisindən gizlədilən yerdən götürdüyünü bildirmişdir. O, daha sonra bildirmişdir ki, narkotik maddələrin dövriyyəsi ilə məşğul olur, müxtəlif növ narkotik maddələrdən istifadə edir, narkotik vasitələri və psixotrop maddələri satdığı şəxsləri tanımır, buna görə də həmin şəxslər barəsində müsbət nə isə göstərə bilmir. İlqar adlı şəxslə sosial şəbəkələrin birində tanış olmuş, onu görməmişdir. Dediyinə görə İran İslam Respublikası vətəndaşı olsa da, Azərbaycanda yaşayır. Onunla aralarında narkotik və psixotrop maddələrin satışı ilə bağlı heç bir razılaşma olmamışdır. Ona demişdir ki, həmin maddələri öz istifadəsi üçün əldə edir. Həmin şəxsə Milliön vasitəsilə ona göndərdiyi hesab nömrəsinə 165 manat ödəniş etmişdir. Lakin qəbzi tulladığı üçün istintaqa təqdim edə bilməmişdir. O, narkotik vasitə və psixotrop maddələri götürdükdən sonra telefonunda həmin şəxslə bağlı bütün zəng və sms, şəkilləri silmişdir ki, birdən həmin an polis tutar və telefonundan aşkar olunar. Telefonunda həmin şəxslə bağlı heç bir zəng, mesaj və ya şəkil olmamışdır. Narkotik vasitələr və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə heç bir məlumatı olmamış, ona da maraqlı olmadığı üçün İlqar adlı şəxsdən bununla bağlı heç nə soruşmamışdır. Cinayət işinin 64-66-cıi vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2021-ci il tarixdə müdafiəçisi Lalə Mənsurovanın iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 dekabr və 26 dekabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2013- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla həmin cəza CM- nin 70-ci maddəsi tətbiq olunmaqla 02 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-nin 70-ci maddəsi hökmdən xaric edilməklə ona 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013cü il tarixli qərarı ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən iki il keçmiş, lakin Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,035 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 4,845 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 120 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,035 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 4,845 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar