Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1068/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Zəfər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 iuyl 1994-cı il tarixdə Ağdaş rayonu Qobuüstü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Nemətabad ərazi dairəsi, Qobuüstü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Naziriyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 18 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu "Qismət" şadlıq sarayının yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, 50 manat pul müqabilində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr’in siyahısına daxil edilmiş 1 ədəd yapışqan lentlə bağlanmış bükümdə təmiz çəkisi 7,725 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanında Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd yapışqan lentlə bağlanmış bükümdə təmiz çəkisi 7,725 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yanvar ayının 14-ü saat 20 radələrində polis əməkdaşları onu saxlamışlar. İran vətəndaşı ona 5 qram “nəşə” verəcəkmiş. Ona gedəcəyi ünvanı atmış, o da “nəşə”-ni götürməyə getmişdir. Lakin götürə bilməmişdir. Polis əməkdaşı onu saxlamış və onunla getməsini bildirmişdir. Ondan “kokos”u boynuna almağını istəmişdir. O isə üzərində kokos olmadığını bildirmişdir. 4-cü gün o sanksiya məhkəməsinə çıxmışdır. Müstəntiq ona onlar dediklərini etiraf etsələr 234.1-ci maddə ilə ittiham ediləcəyini bildirmişdir. Sanksiya olmuş, onu Kürdəxanıya aparmışlar. İfadəsini təhqiqatçıya vermişdir. O təzyiq olduğu üçün səhv ifadə vermişdir. Sənədi özü imzalamamışdır. Döyüləndə güclü xəsarəti olmamışdır. 5 qram marixuananı İnstaqramdan tanıdığı iranlıdan alacaqmış. Vatsapda da nömrəsi var imiş, ancaq adını bilmir. O yalnız marixuana istifadə etmişdir. Təhqiqatçının otağında polis əməkdaşına başqa narkotik təqdim etməmişdir. Ona kokosu boynuna almasını dedikləri üçün etirafedici ifadə vermişdir. Təzyiqə məruz qalmağı ilə bağlı şikayət etməmişdir. Onu saat 20:00-dan əvvəl, Yasamalda Qismət şadlıq sarayınn yanında tutmuşlar. Ona polis əməkdaşlarından 1 nəfər yaxınlaşmışdır. Şəxsi axtarış zamanı müdafiəçi videoçəkilişdə iştirak etmişdir. O sanksiya məhkəməsi zamanı hansı maddə ilə ittiham olunduğunu bilmişdir. Əvvəllər narkotiki rayondan alırmış. Ağdaşdan tanıdığı şəxslərdən narkotik alırmış. Onun üzərindən axtarış zamanı narkotik aşkar olunmamışdır. Üzərinə narkotik vasitə baş idarədə qoyulmuşdur. Üzərində vəsiqə və telefon da var imiş. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o DİN-in Yasamal RPİ-nin NMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində çaılışır. Onlara Rəvan adlı şəxsin narkotik vasitələrin istifadəsi və dövriyyəsində şübhəli bilinməsi barədə məlumat daxil olmuşdur. 18 yanvar 2023-cü il tarixdə Məhəmməd Xiyabani 14 ünvanında Rəvana oxşar şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs digər polis əməkdaşı Şahid1 və onun iştirakı ilə saxlanılmışdır. Onu polis idarəsinə dəvət etmişlər. Bildirmişlər ki, narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilindiyi üçün onu saxlamışlar. Satış faktını sübut edə bilməmişlər. Məlumat isə istifadə və satışla bağlı daxil olmuşdur. Rəvanı saxlayan zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması, özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolundan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd izolentlənmiş bükülünü çıxarıb təqdim edərək bükülünün içərisindəki maddənin narkotik vasitə hesab olunan metamfetamin olduğunu bildirmiş, həmin narkotik vasitəni 18 yanvar 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Qismət Şadlıq sarayının yaxınlığından sosial şəbəkə vasitəsi ilə tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul ödəyərək məkan işarələmə yolu ilə “zaklatka” aldığını bildirmiş və həmin narkotik vasitəni tanışı X4 təqdim edərək əvəzində narkotik vasitə hesab olunan marixuana alacağını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd izolentlənmiş bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənmiş, bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi Samsung Galaxy A12 markalı üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan mobil telefon sübüt əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/347 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edimiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No 42” dairəvi möhür əksi, “şübhəli şəxs(imza) Təqsirləndirilən şəxs” yazı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 7,725 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Qeyd: heroinin təmiz çəkisi 7,725 qram, tədqiqata sərf edildi 0,1qram, qalıq 7,625 qram. Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islan işləri cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını tam çəkib qutarmışdır. Məhkumluğu ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1838 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd cd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 18.01,2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr“in İ siyahısına daxil edilmiş külli miqdar təşkil edən 1 ədəd bükümdə təmiz çəkisi 7,725 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 4 ünvanda Yasamal RPİ-nin NMBnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Yasamal RPİ-ə gətirilmiş və üzərində şəxsi axtarış və götürmə aparılan zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd bükümdə təmiz çəkisi 7,725 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə iki nəfər polis əməkdaşının arasında dayanmış əynində qara rəngli cins şalvar və qara rəngli gödəkçə olan şəxs özüdür və həqiqətən xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Yasamal rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd yapışqan lentlə bükülmüş ümumi təmiz çəkisi 7,725 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin video görüntüyə baxış zamanı videoçəkilişdə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini X4 verəcəyini, əvəzində narkotik vasitə olan heroin alacağını bildirsə də həmin sözü X3 onu satdığını düşündüyü üçün dediyini, əslində isə həmin narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X5 arasında üzləşmədə istintaq hərəkəti keçirilmiş üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir birlərinin üzlərinə qarşı bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 18 yanvar 2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,625 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,625 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1068/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1068/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver