Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1071/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 08 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran vətəndaşı “Mehdi” adlı şəxs və qeyrilərinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitə tiryəki, narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən külli miqdarda psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul, narkotik vasitə və psixotrop maddə vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddələri əldə etmək qərarına gəlmiş, 07 avqust 2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində naməlum yerdən və şəraitdə İran islam Respublikası vətəndaşı “Mehdi” adlı şəxs və qeyrilərinin göndərdiyi külli miqdarda 10100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 2002,2 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 482,1 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 20166,155 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisinə daşıyaraq satış məqsədilə hissələrə ayırmaqla 40,355 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, psixotrop maddənin digər hissəsini və narkotik vasitələri idarə etdiyi “Renault” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 avqust 2023-cü il tarixdə saat 17:30-da Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, “20 Yanvar” küçəsi, bina 40 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək, həmin gün saat 19:00-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 40,355 qram olan psixotrop maddə metamfetamin, həmin gün saat 19:45-dən etibarən idarə etdiyi “Renault” markalı **-PF-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman isə avtomobilin arxa yük yerindən 8 ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2045 qram, 1929 qram, 984 qram, 992 qram, 1024 qram, 1036 qram, 1065 qram və 1025 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 10100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1003,2 qram və 999,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2002,2 qram çəkidə qram çəkidə narkotik vasitə tiryək, 1 ədəd bağlamada ümumi təmiz çəkisi külli miqdar təşkil edən 482,1 qram çəkidə narkotik vasitə heroin və 15 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2022,2 qram, 986,4 qram, 2009,1 qram, 994,9 qram 987,7 qram, 2001,4 qram, 964,4 qram, 1003,3 qram 1006,8 qram, 993,8 qram, 969,2 qram, 1063,9 qram, qram, 2041,5 qram və 2082,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 20125,8 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özü ev alqı-satqısı ilə məşğul olmuş, qısa müddət, yəni tutulmamışdan təxminən 2-3 ay qabaqdan narkotik vasitə qəbul etməyə başlamışdır. 06 avqust 2023-cü il tarixdə rayona getmiş, oradan qayıdanda öz istifadəsi üçün 40 manata narkotik vasitə almışdır. Bunun üçün iranlı ona «konum» atmış, o da, həmin narkotik vasitəni deyilən yerdən götürmüşdür. İranlının atdığı məkan Cəlilabad rayonu ərazisində olmuş, o da, narkotiki oradan götürmüşdür. Həmin yerə gedəndə orada 2 böyük çantanın olduğunu görmüşdür. İranlıdan həmin çantalarda nə olduğunu soruşduqda, ona demişdir ki, orada narkotik çoxdur, 40 manat verdiyinə görə istədiyi qədər götürsün, qalanını da özünlə götürsün ki, sonradan bir yerə qoyub oranın şəklini atar, özləri gəlib oradan həmin narkotikləri götürəcəklər. O, əvvəlcə razı olmamış, ona maşınının nömrəsini götürdüklərini və şəklin də onlarda olduğunu demiş, əgər bu işi görməzsə, onsuz da onu tutduracaqlarını bildirmişdir. Bu yolla iranlı ona hədə-qorxu gəlmişdir. Buna baxmayaraq, onun bədəni ağrıdığından, məcburiyyət qarşısında qalıb həmin bağlamaları götürmüş və Bakıya gəlmişdir. Yolboyu özünü çox pis hiss etmiş, yolda peşmanlıq hissi keçirmişdir. Anasıgilin yaşadığı «Kubinka» deyilən ərazisiyə gəlmişdir. Evdə özünə lazım olan miqdarda narkotik vasitəni qəbul etmişdir. Bu müddətdə ona durmadan zəng gəlmiş, götürdüyü narkotik vasitələri bir yerə atıb yerin şəklini göndərməyi tələb etmişlər. Narkotiki qəbul edəndən sonra özünə gəlmiş, iranlı ilə əlaqə yaradıb narkotikləri harasa qoymayacağını bildirmiş, narkotik vasitələri məhv etməyi fikirləşmişdir. Bundan sonra o, sakit, insanların çox olmadığı bir yerdə həmin narkotikləri yandırmaq və ya atmaq məqsədilə Badamdar qəsəbəsinə getmişdir. Maşın hərəkətdə olarkən həmin narkotikləri atmışdır. Bu zaman maşının güzgüsündən post-patrul maşınının gəldiyini görmüşdür. Həyəcanlı olduğu üçün öz yaşadığı əraziyə gəlmişdir. Qalan narkotik vasitələri də başqa bir vaxt atacağını fikirləşmişdir. Bu vaxt iki nəfərin ona yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmiş, o da, həmin əməkdaşlara idarə etdiyi maşında narkotik vasitələr olduğunu demiş, onları da məhv etmək üçün atmaq istədiyini bildirmişdir. Daha sonra polis işçiləri ilə birlikdə narkotikləri atdığı yerə getmişlər və həmin yeri polislərə göstərmişdir. Onlar həmin narkotikləri götürəndən sonra idarəyə gəlmişlər. İdarədə şəxsi axtarış aparılmış, həmin vaxt o, narkotikin təsiri altında olmuşdur. Ona polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiq edilməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı ona təqdim olunan sənədləri imzaladığını, ilk dəfə ifadəsini saxlanılarkən verdiyini, ikinci dəfə müstənqtiqə ifadə verəndə də narkotik vasitələri atmaq üçün apardığını dediyini, həmin vaxt vəkilinin yanında olmadığını, o, narkotiki özünün istifadəsi üçün götürdüyünü və çantanın içindəkinin müəyyən qədərini atdığını, polis əməkdaşı Azər onu saxlayanda maşında iki bağlamanın olduğunu və onları maşından atdığını, tutulmamışdan təxminən 3-5 ay əvvəldən narkotikdən istifadə etməyə başladığını, himayəsində üç azyaşlı uşağının olduğunu və əməlindən peşman olduğunu bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 3-4 ildir ki, “kakos” və “şüşə”dən istifadə edir. Adı qeyd olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan, anket məlumatları ona məlum olmayan, adını “Mehdi” kimi bildiyi şəxsdən almış, tanışlığı “WhatsApp” mobil ünsiyyət proqramı vasitəsi ilə yaranmışdır. Bu yolla bir neçə dəfə ondan şəxsi istifadəsi üçün narkotik almışdır. Sonuncu dəfə isə saxlanılmazdan 1 gün əvvəl Mehdi onunla əlaqə saxlayaraq 35 kiloqrama yaxın “kakos”, “nəşə”, “şüşə” və “tiryək” göndərdiyini, həmin maddələri onun Cəlilabad rayonu ərazisindən götürərək dediyi vaxtda dediyi ünvana aparacağını və bunun müqabilində 1.000 manat pul verəcəyini vəd etmiş, o da, maddi sıxıntılarına görə razılaşmış və saxlanılan gün səhər saat 06- 07 radələrində ona məxsus olan **-PF-*** dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobillə Cəlilabad rayonu ərazisində Mehdinin ona dediyi ünvana getmişdir. Cəlilabada gedəndə Mehdi ona narkotikin artıq Azərbaycan Respublikası ərazisində olduğunu, narkotiklərin hansı yolla ölkə ərazisinə keçirilməsi ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. O, narkotik vasitələri götürərək avtomobilə qoymuş, Bakı şəhərinə gətirmiş və Mehdidən narkotik maddələri hansı ünvana aparacağı barədə xəbər gözləmişdir. 08 avqust 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində o, ünvan 8 ünvanında yerləşən evinin yaxınlığında küçə ilə piyada hərəkət edən zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrim göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. 0, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə" var. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, o da, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə baş polis idarəsinə gəlmiş, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, cibində “şüşə” olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus avtomobilin açarını, şəxsiyyət və sürücülük vəsiqələrini, 1 ədəd «Kapital Bank»a məxsus bank kartını, şalvarının arxa sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 7 manat pulu, şalvarın sol yan cibindən 1 ədəd selofan bükümü təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd selofan bükümə baxış keçirilən zaman içərisində içərisində ağ rəngli, spesifik iyə malik olmayan, kristal şəkilli "şüşə” aşkarlanmış, bundan sonra 1 ədəd bükümdə “şüşə” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Sübut əhəmiyyəti kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd plastik bank kartı və ona məxsus olan şəxsiyyət və sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, 7 manat pul və avtomobilinin açarı ona qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, daha sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Bundan sonra ona məxsus olan **-PF-*** dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobilinə baxış baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə yazmış, daha sonra polis əməkdaşlarının iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən qabaq ona narkotik vasitə və ya psixotrop maddələr varsa, könüllü surətdə təqdim etməyi təklif edilmiş, bundan sonra avtomobildə narkotik maddələr olduğunu bildirmiş və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilin arxa saxlanc hissəsinin qapısını açaraq orada saxladığı 1 ədəd tutacağı olan qara rəngli kisəni, 1 ədəd qara rəngli selofan torbanı və 3 ədəd selofan bağlamanı təqdim etmiş, ilk növbədə polis əməkdaşları tərəfindən qara rəngli kisəyə baxış keçirilmiş və baxış zamanı onun içərisindən 15 ədəd selofan bağlamada “şüşə”, qara rəngli selofan torbaya baxış zamanı içərisində 8 ədəd selofan bağlamada “nəşə”, selofan bağlamalardan birinin içərisində “kakos” və digər 2 ədəd selofan bağlamada isə “tiryək” aşkarlanmışdır. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqi 84-87, 186- 189). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, o, narkotikin miqdarını bilmədiyini, pul məsələsinin və narkotikin miqdarının protokolda düzgün qeyd olunmadığını, narkotik vasitələri məqsədli şəkildə götürmədiyini, özünün ehtiyacı olduğu üçün şəmin narkotikləri götürdüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, 08 avqust 2023- cü ıl tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə işlədiyi Baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı onun rəhbərliyi ilə Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb Baş idarəyə dəvət edilmişdir. Orada vəkilin iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, bir büküm metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra onun avtomobilinə də baxış keçirilmişdir. Baxış zamanı avtomobildən külli miqdarda marixuana, metamfetamin və heroin aşkar edilmişdir. Verilən sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, əməliyyat qrupunda iki nəfərin iştirak etdiklərini, təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını, təqsirləndirilən şəxs tutularkən o, narkotik vasitəni tullamadığını və bu barədə təqsirləndirilən şəxs düzgün ifadə vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Baş idarəyə gətirilərək üzərində şəxsi axtarış, idarə etdiyi avtomaşına baxış keçirilməsi zamanı külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 avqust 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və Baş idarədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 27-30). Cinayət işində olan baxış keçirilməsi və əşyaların götürülməsi barədə 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq idarə etdiyi “Renault” markalı **-PF-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa saxlanc hissəsindən 1 ədəd tutacağı olan qara rəngli kisə, 1 ədəd qara rəngli selofan torba və 3 ədəd selofan bağlama aşkar edilmişdir. İlk növbədə qara rəngli kisəyə baxış keçirilmiş və içərisindən 15 ədəd selofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə, qara rəngli selofan torbaya baxış zamanı içərisindən 8 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, selofan bağlamaların birindən narkotik vasitə heroinə bənzər kütlə və digər 2 ədəd selofan bağlamada isə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 33-35). Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 5(006)-541/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 08 avqust 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 114). Məhkəmə-bioloji ekspertizasının 09 avqust 2023-ci il tarixli 3-16-16/2-7/1139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 08 (səkkiz) ədəd poietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2045 qram, 1929 qram, 984 qram, 992 qram, 1024 qram, 1036 qram, 1065 qram, 1025 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 10100 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 45-48). Məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4242 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №”-li dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə kütlə.. Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəkİ 1 (bir) ədəd bükümdə təmiz çəkisi 40,355qram ağ rəngli kriatal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş tiryəkə və heroinə bənzər kütlələr ... Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadaki, 2 (iki) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1003,2 qram və 999,0 qram, ümumi təmiz çəkisi 2002,2 qram tünd qəhvəyi rəngli qərtanabənzər, spesifik iyli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 482,1 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “Təqsirləndirilən şəxs aid avtomobildən aşkar edilmiş metamfetaminə bənzər kütlələr ..Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan qara rəngli sintetik kisədəki 15 (on beş) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 2022,2 qram, 986,4 qram, 2009,1 qram, 994,9 qram 987,7 qram, 2001,4 qram, 964,4 qram, 1003,3 qram 1006,8 qram, 993,8 qram, 969,2 qram, 1063,9 qram, 999,2 qram, 2041,5 qram, 2082,0 qram olmaqla, ümumi təmiz çəkisi 20125,8 qram təşkil edən ağ rəngli kristal şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 20166,155 qram (20 kq 166,155qr) təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, tiryək Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildirlər (cild 1, iş vərəqi 49-55). Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 5801 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 159-160). İbtidai istintaq orqanının 14 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və tədqiqatlardan sonra qalıq çəkisi 20165,605 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 10098,4 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2001,8 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi 481,9 qram təşkil edən narkotik vasitə heroin, həmçinin “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 115-118, 161-173). Təqsirləndirilən şəxs istifadəsində olan «Samsunq» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman telefonun "WhatsApp” bölməsində İran İslam Respublikasına məxsus olan adı “Mehdi Biratva” deyə qeyd edilmiş +98 914 *** **** mobil telefon nömrəsinin olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 137). İstintaq orqanı tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, onun «Mehdi» adlı İran vətəndaşı ilə əlaqəsinin olması və birlikdə fəaliyyət göstərmələri müəyyən edilsə də, «Mehdi» adlı şəxsin və cinayətin digər iştirakçılarının şəxsiyyətinin və yaxın əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 131). Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 437 saylı ailə tərkibi haqqında arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, onun himayəsində 2015-ci il təvəllüdlü Həqiqət, 2017-ci il təvəllüdlü Hüseyn və 2018ci il təvəllüdlü İbrahim adlı üç azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 145, 156-158). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 129). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, onda şəxsi istifadəsi üçün 40 manata aldığı narkotik vasitə olduğunu, həmin narkotiki iranlının «konum» atdığı yerdən Cəlilabad rayonu ərazisindən götürdüyünü, oraya gedərkən 2 böyük çantanın olduğunu gördüyünü, iranlıdan həmin çantalarda nə olduğunu soruşduqda, sonuncunun ona orada narkotiklərin çox olduğunu bildirdiyini və özü istədiyi qədər narkotik götürüb qalan narkotik vasitələri özündə saxlamağı və sonradan onun deyəcəyi yerlərə qoyub şəklini ona atmağı təklif etdiyini, özünün əvvəlcə razı olmadığını, lakin iranlının ona maşının nömrəsini götürdüklərini və bu işi görməzsə, onsuz da onu tutduracaqlarını bildirib ona hədə-qorxu gəldiyini, bədəni ağrıdığından, məcburiyyət qarşısında qalıb həmin bağlamaları götürdüyünü və Bakıya gəldiyini, evdə özünə lazım olan miqdarda narkotik vasitəni qəbul etdiyini, bu müddətdə ona durmadan zəng gəldiyini və götürdüyü narkotik vasitələri bir yerə atıb yerin şəklini göndərməyi tələb etdiklərini, onun isə narkotik vasitələri məhv etməyi fikirləşdiiyni, bundan sonra narkotikləri yandırmaq və ya atmaq məqsədilə Badamdar qəsəbəsinə getdiyini, maşın hərəkətdə olarkən həmin narkotikləri atdığını, bu zaman maşının güzgüsündən post-patrul maşınının gəldiyini gördüyünü, qalan narkotik vasitələri də başqa bir vaxt atacağını fikirləşdiyini, bu vaxt iki nəfər polis işçisinin ona yaxınlaşaraq saxladıqlarını, daha sonra polis işçiləri ilə birlikdə narkotikləri atdığı yerə getdiklərini və həmin yeri polislərə göstərdiyini, idarədə şəxsi axtarış aparıldığını və həmin vaxt narkotikin təsiri altında olduğunu bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri «Mehdi» adı ilə tanıdığı İran vətəndaşından Cəlilabad rayonu ərazisində əldə edərək Bakı şəhərinə gətirdiyini, əldə edəcəyi pul müqabilində iranlının təklifi ilə həmin narkotik və psixotrop maddələri ona deyiləcək ünvanlara qoymaq barədə razılığa gəldiyini, pula ehtiyacı olduğu üçün həmin təkliflə razılaşıb külli miqdarda narkotik və psixotrop maddələrin bir qismini üzərində, çox hissəsini isə idarə etdiyi avtomobildə saxladığını, polis əməkdaşları tərəfindən tutularkən və Baş idarədə olarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs məhkəməyə verdiyi izahatında istintaq orqanının bütün çağırışlarına vaxtlıvaxtında gələcəyini bildirib, barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı ilə «İnstagram» sosial şəbəkəsində tanış olmuşdur, özü əvvəllər narkotik vasitədən istifadə etmişdir. Ehtiyacı olduğu üçün bu işlə məşğul olmuş, əldə etdiyi narkotik vasitələri hissələrə ayıraraq müəyyən edilmiş yerlərə qoymaq niyyətində oimuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan «Samsunq» markalı mobil telefon aparatına baxış keçirilərkən telefonun "WhatsApp” bölməsində İran İslam Respublikasına məxsus olan adı “Mehdi Biratva” kimi qeyd edilmiş +98 914 *** **** mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli, həm də bir-birini təkzib edən fikirlərdən ibarət ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olması, həmin maddələri «Mehdi» adı ilə tanıdığı İran vətəndaşından Cəlilabad rayonu ərazisində əldə edərək Bakı şəhərinə gətirməsi, əldə edəcəyi pul müqabilində iranlının təklifi ilə həmin narkotik və psixotrop maddələri ona deyiləcək ünvanlara qoymaq barədə razılığa gəlməsi, pula ehtiyacı olduğu üçün həmin təkliflə razılaşıb külli miqdarda narkotik və psixotrop maddələrin bir qismini üzərində, çox hissəsini isə idarə etdiyi avtomobildə saxlaması, polis əməkdaşları tərəfindən tutularkən və Baş idarədə olarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilməməsi barədə ifadələr verməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, tiryək və qurudulmuş marixuana, həm də psixotrop maddə metamfetamin olmaqla 4 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara qablaşdırılmasını, həmçinin aşkar edilmiş narkotik və psixotrop maddələrin hər birinin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 avqust 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 5801 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və tədqiqatlardan sonra qalıq çəkisi 20165,605 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 10098,4 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2001,8 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi 481,9 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli; - 1 ədəd “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomolbilə baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD formatlı disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarına əlavə edilmiş orderdən və hesabatdan görünür ki, cinayət işinin hazırlıq iclasında Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 müdafiə etmiş, vəkil şəxsin müdafiəsi ilə bağlı 5 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi1 ödənilməli olan 30 (otuz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 192 (yüz doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və tədqiqatlardan sonra qalıq çəkisi 20165,605 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 10098,4 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2001,8 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi 481,9 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; - 1 ədəd “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomolbilə baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmənin ilkin mərhələsində dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 30 (otuz) manat məbləğində pul vəsaiti «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1071/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1071/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver