Məhkəmə qərarları › İş №1(101)-1072/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1072/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1072/2020 21.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində kirayədə yaşadığı ünvan 1 nömrəli evin mətbəxində onunla eyni ünvanda yaşayan Zərərçəkmiş şəxs yeməyin bərabər bölünməsi barədə təklifini bəhanə edərək mübahisə yaratmaqla heç bir əsaslı səbəb olmadan özünü ətrafdakıların fövqündə qoyaraq qərəzli hərəkətlərlə davranış qaydalarını pozub eqoizm nümayiş etdirməklə xuliqanlıq niyyətilə yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq yerə yıxmış, daha sonra mətbəxdən götürdüyü silah qismində istifadə etdiyi sağ əlində tutduğu qəhvəyi dəstəkli məişət təyinatlı mətbəx bıçağı ilə qaş nahiyəsinə qəsdən vuraraq sonuncuya qaşlar arası nahiyənin yarası, habelə qulaq nahiyəsindən vuraraq sol qulaq seyvanının ön səthinin yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və sağ əlində tutduğu qara dəstəkli məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən vuraraq ona qaraciyərin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan qarının ön divarının sağ yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü tam təqsirli bilir. Zərərçəkmiş şəxs və Mehmanın qaynı oğlu Fazillə təxminən 1 ildən çoxdur ki, birlikdə kirayədə yaşamışlar. Mehmanla Fazil həm də həmyerliləridir. Onların hər ikisi işləmiş, o,isə işsiz olmuşdur. Əvvəllər o, dini ibadətlə məşğul olduğu üçün Mehmana arabir sərxoşluğu ilə bağlı irad bildirmişdir. Lakin, Mehman onun sözünü eşitməmiş, tez-tez onun dalınca danışmış və onu təhqir etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Mehman işdən evə gəlmiş, həmin vaxt Fazil də evdə olmuşdur. Mehman plov və toyuq çığırtması bişirmişdir. Mehman plovu masanın üzərinə qoyub onları yeməyə dəvət edəndə o, plov yeyə bilmədiyini deyib, toyuq çığırtmasından yemək istədikdə Mehman ona çığırtmadan elə yesin ki onlara da qalmağını bildirmişdir. Mehmanın bu sözündən o, əsəbləşmiş və əlində olan qabı masanın üzərinə çırpmışdır. Boşqab sınıb evə dağılmışdır. Sonra isə yumruqla Mehmanın sifətinə zərbələr vurmuşdur. Bu vaxt Mehman mətbəxdə yerə yıxılmışdır. O, mətbəxdə olan iki ədəd bıçağı götürüb, bir qədər balaca bıçaqla Mehmanın qulaq nahiyəsindən vurmuşdur. Sonra digər əlində olan bıçaqla Mehmana bir dəfə bıçaqla zərbə vurmuşdur. Bıçağın daxilə girdiyini hiss edib, bıçağı çıxartmışdır. Sonra o, Mehmana çıxıb getməsini demiş, Mehman isə getməmişdir. O, bıçaq əlində gözləmişdir ki, əgər Mehman üzərinə gəlsə özünü müdafiə eləsin. Fazil yodla Mehmanın yarasını təmizləmişdir. Bundan sonra Mehman evdən çıxıb getmişdir. Fazil isə mətbəxdə tökülmüş Mehmanın qanını silmişdir. Bir qədər sonra Mehman Fazilə zəng edib, gedə bilmədiyini, ağrıdığını bildirmişdir. Mehmanın zəngindən sonra Fazil evdən çıxmışdır. Bir müddət sonra polis əməkdaşları gəlmiş və o, hadisəni törətdiyini etiraf etmişdir. Daha sonra o, polis əməkdaşları ilə bölməyə getmişdir. O, hər hansı bir sözdən tez əsəbiləşir. Onda tez əsəbiləşmə halları olur və həmin an nə etdiyini bilmir. Hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qaynı oğlu Şahid1 və həmyerliləri olan Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə yaşamışlar. Həmin mənzilin kirayə pulunu Fazil və o, vermişlər. Zaur heç bir yerdə işləmədiyindən kirayə pulunu verməmişdir. Zaurla həmişə münasibətləri yaxşı olmuşdur. Zaur dindar olduğu üçün ibadətlər etmişdir. Hadisədən təxminən 1 ay əvvəl Zaurun psixikasında anlaşılmaz vəziyyət yaranmışdır. Zaur bütün günü yatıb, öz-özünə danışmış, bilmədiyi ünvana sakitcə söyüşlər söymüşdür. O, Zaura özünə qapanmaması barədə məsləhətlər vermişdir. Zaur isə zikr etdiyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində işdən çıxıb evə getmiş və həmin vaxt Fazil də evdə olmuşdur. O, toyuq çığırtması və plov bişirmişdir. Yeməyi masanın üzərinə qoyub Fazil və Zauru yeməyə dəvət etmişdir. Zaur plov yeyə bilmədiyini bildirib, çığırtmanın olduğu tavaya doğru getmişdir. Zaur tavanın qapağını açaraq yemək çəkmək istəyərkən o, Zaura yeməyi elə çəksin ki, yemək hamıya çatsın demişdir. Onun bu sözündən Zaur əsəbi şəkildə ona qışqırmış və stəkanı yerə vurub sındırmışdır. O, Zaurdan niyə belə etdiyini soruşan zaman Zaur anidən onun üzərinə gəlib, yumruqla sifət nahiyəsinə vurmağa başlamışdır. O, zərbədən mətbəxdə yerə yıxılmışdır. Bundan sonra Zaur mətbəxdə olan 2 ədəd bıçağı götürüb yenidən onun üzərinə gəlmişdir. Həmin vaxt o, yerdə oturaq vəziyyətdə olmuşdur. Zaur onun üzərinə gələrək gözləmədiyi halda sağ əlində tutduğu bıçaqla onun sol qulağına bir dəfə zərbə vurmuş və onun qulağından qan gəlmişdir. Sonra digər əlində tutduğu bıçaqla sağ qabırğasının altına bir dəfə zərbə vurmuşdur. Bundan sonra Fazil onlara yaxınlaşmış və bu zaman Zaur sakitləşmişdir. O, Zaurdan nə üçün belə etdiyini soruşmuş və Fazilin köməkliyi ilə yerdən qalxmışdır. Bədəni üzərində olan qanı hamamda yumuşdur. O, ilk öncə xəsarətlərin yüngül olduğunu düşünmüş və əynində olan qanlı paltarları dəyişərək evə qoymuşdur. Fazil isə evdə olan qan ləkələrini silmişdir. Bundan sonra o, siqaret almaq üçün bayıra çıxmışdır. Ondan sonra Fazil də bayıra çıxmış, Zaur isə evdə qalmışdır. Evdən çıxdıqdan sonra Rəfaiz adlı şəxs onu görmüş və narahat olub ev sahibini çağırmışdır. Rəfaiz təcili yardım çağırmış və təcili yardım onu xəstəxanaya aparmışdır. Fazil də təcili yardım avtomobilinə minərək onunla birlikdə getmişdir. Xəstəxanada əməliyyat olunmuşdur. Bu zaman o, qara ciyərindən xəsarət aldığını bilmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışıq əldə etmişlər. Onun Zaura qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs və bibisinin həyat yoldaşı Mehmanla kirayədə yaşamış və münasibətləri yaxşı olmuşdur. Zaur özü sakit xarakterli insan olmuş və ibadətlə məşğul olmuş, lakin, hadisədən təxminən 1-2 ay öncə Zaurda psixi problemlər hiss olunmuşdur. Belə ki, Zaur gecələr öz-özünə danışmış və ünvansız söyüşlər söymüşdür. Onlar Zaura məsləhətlər versə də Zaur tək qaldığını və sıxıldığını dilə gətirmişdir. O, Zauru tanıdıqdan bəri Zaur demək olar ki, işləməmişdir. Zaura arabir bibisi rayondan pay göndərmişdir. Zaurun haqqında o qədər də çox şey bilməmişdir. xx xxxx 2020-ci il tarixdə xəstəliyi ilə əlaqədar, yəni, qızdırma və halsızlıqla əlaqədar evə gəlmiş və bir qədər istirahət etmək üçün çarpayıya uzanmışdır. Təxminən saat 18 radələrində Mehman da evə gəlmişdir. Mehman evdə plov və toyuq çığırtması bişirmişdir. Yemək hazır olduqdan sonra Mehman plovu və çığırtmanı masanın üzərinə qoymuş və onu və Zauru yeməyə dəvət etmişdir. O, halsız olduğu üçün yerindən dura bilməmişdir. Bir qədər keçmiş Zaur bildirmişdir ki, plov yemir. Daha sonra Mehman Zaura “çığırtmadan elə çək ki, bizə də çatsın” demişdir. Nəticədə Zaur səbəbsiz yerə qışqır-bağır salmağa başlamışdır. Bir anda Zaur Mehmanı yumruqla sifətindən bir neçə dəfə vurmuşdur. O, yerindən qalxana qədər Mehman yerə yıxılmışdır. Daha sonra Zaur mətbəxdən iki ədəd, biri nazik qövsvarı, qəhvəyi tutacaqlı və digəri enli, düz və qara plastmas dəstəkli bıçaq götürmüşdür. Sağ əlində olan nazik bıçaqla bir dəfə Mehmanın qulağı istiqamətində zərbə atmışdır. Daha sonra sol əlində olan qalın bıçaqla Mehmanın qarnına zərbə vurmuşdur. O isə Zaura özünə gəlməyi və sakitləşməyi məsləhət etmişdir. Zaurun üzərinə getməmişdir ki, birdən onu da vurar. Zaur Mehmanın qarnından vurduqdan sonra geri çəkilərək əlində bıçaqlarla dayanmış və gözləmişdir. O, bundan sonra Mehmana yaxınlaşmışdır. Mehmanı yerdən qaldırmış və daha sonra əynində olan geyimləri çıxardaraq yataq otağındakı çarpayının yanındakı oturacağın altına qoymuşdur. Özü isə yeni geyimlər geyinmişdir. Həmçinin ona heç bir şey olmadığını və narahat olmamasını demişdir. Həmin vaxt Mehmanın qulağından da qan gəlmişdir. O, Mehmanın yarasını yodla bir qədər silmişdir. Daha sonra bezlə qana bulaşmış yerləri və tualetin qapısını silmişdir. Bezi isə zibilliyə atmışdır. Bir qədər sonra Mehman evdən bayıra çıxmışdır. Az sonra Mehman onun mobil nömrəsinə zəng etmiş və bayırda halının pisləşdiyini demişdir. O da bayır çıxan zaman Mehmanı yerdə halının pisləşdiyini görmüşdür. Həmin vaxt ev sahibinin köməkçisi kimi tanıdığı Saylan rayonundan olan “Rəfaiz” adlı şəxs də onları görmüşdür. “Rəfaiz” nə baş verdiyini soruşmuş və o, olanları danışmışdır. Az sonra təcili yardım gəlmiş və o, Mehmanla birlikdə 1 saylı KTM-ə getmişdir. Orada Mehman əməliyyat olunmuşdur. Daha sonra Zaurun isə polis tərəfindən saxlanıldığını eşitmişdir. Sonra polislər onun da iştirakı ilə evə baxış keçirmişdir. Baxış zamanı mənzildə olan Mehmana məxsus 1 ədəd qara rəngli qısaqol köynək və 1 ədəd boz rəngli pijama (köynək), habelə Zaurun Mehmana xəsarət yetirən zaman istifadə etdiyi iki ədəd bıçaq mətbəxdən aşkar edilərək götürülmüşdür. O, görən kimi həmin bıçaqları və paltarları tanımışdır. Həmçinin bildirir ki, həmin vaxt yalnız Mehman, özü və Zaur evdə olmuş, hadisəni kənar şəxs görməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı ona hər hansı bir xəsarət yetirməmişdir. Qanı gördükcə Zaurun yenidən əsəbiləşə biləcəyini düşündüyü üçün qan ləkələrini silmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, iki oğlu, bir qızı və həyat yoldaşı ilə birlikdə yaşamışdır. Hazırda Keşlə qəsəbəsində avtomobil təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur. Zaurun anası X4 təxminən 2008-ci ilin mart ayında, atası X13 2008ci ilin avqust ayında vəfat etmişdir. Səkinə Əsədova onun bibisi olmuşdur. Zaur ailənin tək övladı olmuş və onun qardaşı, habelə bacısı olmamışdır. Təqsirləndirilən şəxs təxminən 2004-cü ildə X8 ilə ailə qurmuşdur. Onların bu nikahından 2006-cı il təvəllüdlü X10, 2008ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Təxminən 2017-ci ildə Zaur və Xanım rəsmi olaraq boşanmışlar. Belə ki, Zaur ikinci övladı olduqdan sonra 8 il itkin düşmüşdür. Yəni, Təqsirləndirilən şəxs Türkiyə və Rusiya dövlətlərinə getmişdir. Zaur xaricdə olan zaman onun arvadı Xanım Əsədova boşanma üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər dindar olmuş və ağlı yerində olmuşdur. Zaur əvvəllər zərgər işləmişdir. Daha sonra müflis olduğu üçün bir qədər əsəbləri pozulmuş, getdikcə psixoloji durumu pisləşmişdir. Belə ki, o, əvvəllər Keşlə məscidinin yanında işləmişdir. Zaur Keşlə məscidinə və onun yanına tez-tez gəlmişdir. Arabir Zaura maddi yardım da etmişdir. O, dəfələrlə görmüşdür ki, Zaur məscidin qarşısında durub öz-özünə danışır. Hətta eşitdiyinə görə Zaur məsciddə mübahisə də etmişdir. Bu səbəbdən də onu məsciddən də uzaqlaşdırmışlar. O, uşaqları və ailəsi üçün narahat olduğundan Zaurdan tədricən uzaqlaşmışdır. Bu yaxınlarda eşitmişdir ki, Zaur Keşlə qəsəbəsində kirayədə yaşadığı otaq yoldaşını bıçaqla vurmuş və həbs olunmuşdur. Əlavə suallara cavab olaraq Zaurun demək olar kimsəsinin olmadığını, Zaurun atası və anasının öldüyünü, qardaş və bacısının olmadığını, hazırda Salyan da Zaurun Zəkiyyə adlı bibisinin yaşadığını, onlarla elə bir əlaqəsinin olmadığını, Bakı şəhərində isə ondan başqa Mirəyyub adlı dayısı oğlunun yaşadığını, Mirəyyubla da əlaqəsi olmadığından onun harada olmasını və əlaqə telefonlarını bilmədiyini, Zaur Bakıya qayıtdıqdan sonra onu ailəsi ilə barışdırmaq istədiyini, lakin bunun mümkün olmadığını, Zaurun uşaqlarına görə alimentinin də olduğunu, ailəsini atıb getdiyi üçün qızının onu tanımadığını, oğlu Rəhmanın isə Zauru qismən tanıdığını bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan Nizami RPİ-nin 23-cü PB-nin məsul növbətçisi, polis baş leytenantı Samir Mikayılovun xx xxxx 2020-ci il tarixli, HK-1-355 №-li raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 23:15-də 2 saylı TTYS-dən həkim Namazova Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 1 ünvanında yaşayan 50 yaşlı Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya müraciət etdiyini bildirmişdir. Cinayət işinin 31-43-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 3 nömrəli otaqdır. Mənzil mətbəx, sanitar qovşağı və 1 otaqdan ibarətdir. Mənzilə baxış zamanı mətbəxdən bir ədəd qara dəstəkli və bir ədəd qəhvəyi dəstəkli bıçaqlar, mənzilin sanitar qovşağının plastik qapısı üzərində olan qana bənzər ləkələrə batırılmış 4 ədəd pambıq tamponlar və mənzilin otağında olan paltar dolabının yanında, üzərində qana bənzər ləkələr, habelə kəsici deşici zədələr olan qara rəngli, etiketində “Dolina" yazısı olan qısaqol köynək və boz rəngli, uzunqol alt köynəyi aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin arxa səthinin şişkinlik halında əzilməsi və ovuc səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması mümkündür. Cinayət işinin 109-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli 247/2020-MTBŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll); Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O (İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus alt köynəyi, qısaqol kofta və qara dəstəkli bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin, qanın qarışıq olduğu halında ləkələrdə həmçinin 0(1) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Təqdim olunmuş qəhvəyi dəstəkli bıçaq və 04 ədəd pambıq topası üzərində qan aşkar olunmamışdır. Cinayət işinin 116-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli 143-MTKŞ/2020 saylı maddi sübutların ekspertizası rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: İ-1. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı qaşlar arası nahiyədə, sol qulaq seyvanının ön səthində və qarının ön divarının sağ yarısında sağalmış yaraların izi olan çapıq toxumalar aşkar olunmuşdur. Onun adına X12 tərtib edilmiş xəstəlik tarixinə əsasən ona klinikada «qaraciyərin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan qarının ön divarının sağ yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası» diaqnozu qoyulmuşdur. Həmin xəsarətlərin müddəti qərarda göstərilən tarixə, yəni, xx.xx.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə daxilə nüfuz edən yara, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir, digər yaralar ilə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 2.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər deşici-kəsici alətin, o, cümlədən də ekspertizaya təqdim edilmiş bıçaqların hər birinin təsirindən əmələ gələ bilərdi, qarın nahiyəsində olan deşilmiş-kəsilmiş yaranın isə dəstəyi plastik lövhələrdən ibarət olan bıçağın təsirindən törənməsi istisna olunmur. 3.Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər yerləşmə nahiyələrinə görə şəxsin əlçatan nahiyələrində yerləşsə də, onlar şəxsin özü tərəfindən deyil, qərarda göstərilən şəraitdə yetirilməyə uyğun gəlir. 4.Xəsarətlərdən yalnız qarının ön divarının sağ yarısında olan yara paltarlarla örtülü nahiyədə yerləşdiyindən, həmin xəsarət paltarlarda olan zədələrlə üst-üstə düşür. Digər xəsarətlər isə bədənin açıq nahiyəsində yəni, qaşlar arası nahiyədə və sol qulaq seyvanında yerləşdiyindən paltarlarda zədə müəyyən olunmamışdır. İİ-1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyinin və qısaqol köynəyin ön hissəsinin sağ-aşağı nahiyəsində kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin bir zərbəsi təsirindən əmələ gəlmişdir. Bu zədəni yetirən alətin daxil olma səviyyəsində eni 2 sm-ə qədər olmuşdur. Bu zədənin dəstəyi plastik lövhələrdən ibarət olan bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi istisna olunmur.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Alt köynəyin və qısaqol köynəyin üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. İİ. №1 Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. №2 Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçaqların üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan xx xxx 2020-ci il tarixli əşyanı tanınmaya təqdim etmək haqqında protokollardan görünür ki, istintaq zamanı hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd qara dəstəkli və bir ədəd qəhvəyi dəstəkli bıçaqlar Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu həmin bıçaqları tanıyaraq Təqsirləndirilən şəxs ona həmin bıçaqlarla xəsarət yetirdiyini təsdiq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsüf olunmuş, onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilir. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı ekspert rəylərini də nəzərə alır. Belə ki, cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli, 833 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu (Xəstəliklərin və X3 Beynəlxalq Təsnifatı, 10-cu baxış) aşkar olunur. Bunu cinayət işi materialında olan şahid ifadələrindən göründüyü kimi son bir ayda psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, özünə qapanması, ünvansız söyüşlər söyməsi, hərəkətlərində qəribəliklərin müşahidə olunması, özü ilə danışması, həmçinin hazırkı müayinə zamanı cəfəng məzmunlu sayıqlama fikirləri söyləməsi; özünü böyütmə ideyaları aşkar etməsi, təfəkkürünün rezonyorluğu, əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. Cinayət işi materiallarının və hazırkı müayinənin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs təsvir edilən cinayət əməlini törədərkən psixotik vəziyyətdə olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs ŞİZOFRENİYA ƏLAMƏTLƏRİ İLƏ MÜŞAYİƏT OLUNAN KƏSKİN POLİMORF PSİXOTİK POZUNTU AŞKAR OLUNUR. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı onda qeyd olunan psixi pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQSİZ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3 maddəsinə uyğun olaraq X1 tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin 163-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli, 41 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «ŞİZOFRENİYA ƏLAMƏTLƏRİ İLƏ MÜŞAYİƏT OLUNAN KƏSKİN POLİMORF PSİXOTİK POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 23.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, son bir ayda psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, özünə qapanması, ünvansız söyüşlər söyməsi, hərəkətlərində qəribəliklərin müşahidə olunması, özü ilə danışması və halhazırki psixiatrik müayinənin nəticələri (şöbə daxili rejimə çətinliklə tabe olması, özünü qeyri-adekvat aparması, səbəbsiz olaraq tibb işçiləri ilə mübahisə etməsi, konflikt yaratması, uzun müddət ərzində öz-özünə danışması, qeyri-adi olaraq əhval-ruhiyyəsinin yüksəlməsi, özünü tərifləməsi, nitqində müşahidə olunan rabitəsizlik, təfəkkürünün sürətlənməsi, paraloji olması, rezonyorluğa meyllilik, özünü böyütmə fikri söyləməsi, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidsizliyi, bir yerdə qərar tuta bilməməsi, oyanıqlı vəziyyətdə olaraq xaotik hərəkətlər etməsi) sübut edir. -Stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da «Şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu» müəyyən edilir. 2.Yoxlantlan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixotik vəziyyətdə olmuşdur və həmin zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Ona görə ona ittiham olunan əməl barəsində ANLAQSİZ hesab olunmalıdır. Onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs hal hazırda da psixotik vəziyyətdədir, onun müalicəyə ehtiyacı var. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3 maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. 3.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti ilə əlaqədar olaraq müalicəyə ehtiyacı var. Psixi vəziyyəti onunla cinayət işi üzrə prosessual hərəkətlərin keçirilməsinə və iş üzrə icraatda iştirakına imkan vermir. 4.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi durumu cəmiyyət üçün hal-hazırda da təhlükəlidir. Cinayət işinin 206-211-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 49 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «ŞİZOFRENİYA SİMPTOMLARİ İLƏ MÜŞAYİƏT OLUNAN KƏSKİN POLİMORF PSİXOTİK POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 23.1) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (son bir ayda psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, özünə qapılması, ünvansız söyüşlər söyməsi, hərəkətlərində qəribəliklərin müşahidə olunması, özü ilə danışması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat və qeyri-adekvat aparması, şöbə daxili rejimə çətinliklə tabe olması, geyiminə və təmizliyinə fikir verməməsi, elementar sanitar-gigiyenik qaydalara riayət etməməsi, heç kimlə ünsiyyət qurmaması, verilən suallara cavablandırmaması, uzun müddət ərzində öz-özünə danışması, nitqində rabitəsizlik yaranması, təfəkküründə sürətlənmə, rezonyorluğa meyllik, məntiqsizlik qeyd edilməsi, bir yerdə qərar tutmaması, tez-tez yersiz mübahisə etməsi, qəfildən xaotik hərəkətlər etməsi, başını divara vurması, qeyri-adi hərəkətlərini aramsız davam etdirməsi, növbətçi personalın iradlarına məhəl qoymaması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanılması, zahiri görünüşünə görə səliqəsiz olması, gərgin görünməsi, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, müraciət gözləmədən sürətlə və uca səslə dayanmadan danışmağa başlaması, ona edilən müraciətlərə əhəmiyyət verməməsi, sualların çoxunu mahiyyətinə uyğun olmayan şəkildə və əsasən lüzumsuz dərəcədə ətraflı cavablandırması, sualların bir qismini cavabsız qoyması, özözünə monoloq şəklində danışması, söhbət gedişində təşəbbüsü əlindən verməmək üçün tez-tez özünü maraqlandıran başqa mövzulara keçməsi, distansiya saxlamayaraq özü yersiz çoxsaylı suallar verməyə başlaması, bu zaman simasında qeyri-adekvat təbəssüm müşahidə olunması, təfəkkürünün sürətlənmiş tempdə olmaqla qeyri-ardıcıl və məntiqsiz xarakter daşıması, rezonyorluğa meyl etməsi, mülahizə və mühakimələrində rabitəsizlik müşahidə olunması, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika qismində sayıqlama fikirləri müəyyən olunması, şəxsiyyətini böyüdərək cəfəng məzmunlu fikirlər söyləməsi, özünü tərifləməsi, söylədiyi fikirlərin çoxunun əsassız olduğu bildirildikdə özünə bəraət qazandırmağa çalışması, dediklərinə böyük inamla və əminliklə yanaşması, əks-arqumentləri heç cür qəbul etməməsi, söylədiklərinin həqiqət olduğunu sübut etməyə çalışması, mnestik-koqnitiv funksiyaları yoxlanılarkən anamnestik məlumatları xronoloji ardıcıllıqla tam dolğun şəkildə çatdırmağı bacarmaması, əhvalruhiyyəsinin dayanıqsız olması, düşdüyü şəraitə uyğun olmayaraq yüksəlməsi, maraq dairəsinin keçirdiyi psixotik yaşantılar çərçivəsində olması, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən özünü təqsirli hesab etməməsi, halhazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, müayinənin gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və s.) sübut edir. -Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci suallar üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman kəskin psixotik vəziyyətdə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs onda müəyyən edilmiş «Şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu» ilə əlaqədar olaraq göstərilən cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini psixotik halda törətdiyi üçün həmin vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs mübtəla olduğu psixi patologiya çərçivəsində təzahür edən əlamətlərin hal- hazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Odur ki, hal-hazırkı psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs qarşı X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. 3-cü sual üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda aşkarlanmış psixotik vəziyyətin davam etməsi səbəbindən hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. 4-cü sual üzrə: Hal-hazırkı psixi durumuna görə yoxlanılan şəxs Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olaraq qalır. Cinayət işinin 256-258-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(007)-172/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cinayət işinin 212-214-cü vərəqələrində olan Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsi üzrə icraat başlanmış və həmin iş üzrə məhkəməyədək icraat ibtidai istintaq şəklində aparılmışdır. Cinayət işinin 222-227-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(007)-160/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə dair təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Beləliklə də, məhkəmədə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini həqiqətən də törətmiş, lakin, bunu edərkən anlaqsız vəziyyətdə olmuş və hazırda da anlaqsızdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, ona tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə və Azərbaycan Respublikası CPM-nin 477.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Cinayət işinin 190-cu vərəqəsində olan Azərbaycan Respublikası ƏN 2 saylı Bakı şəhəri Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 05Q-637/75 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə həyat yoldaşı 1979-cu il təvəllüdlü X8, uşaqları 2008-ci il təvəllüdlü X11 və 2006-cı il təvəllüdlü X10 daxildirlər. Cinayət işinin 202-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə ödənilməlidir: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3-cü maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468, 470, 472-474 və 477-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

xx xxxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 24-də qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar