Məhkəmə qərarları › İş №1(101)-1073/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1073/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1073/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metilendioksimetamfetamini (MDMA), külli miqdarda narkotik vasitə olan həşiş qətranını və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, qazanc əldə etmək üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istintaqa məlum olmayan vaxt və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında qeyrisinin vasitəsilə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli 15 ədəd həbləri və külli miqdarda - 100,23 qram çəkidə narkotik vasitə həşiş qətranını əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa o, təkrarən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, qazanc əldə etmək üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək barədə razılığa gəldikdən sonra, sosial şəbəkə vasitəsi ilə qeyrisi ilə əlaqə saxlayıb istintaqa məlum olmayan vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən qeyrisinin vasitəsilə Bakı şəhəri, ünvan 3 evin yaxınlığındakı zibil qutusunun yanında gizlədilmiş külli miqdarda - 1000,7 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanda saxlamışdır. 25 iyul 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı evin yaxınlığında saxlanılaraq 43-cü Polis Bölməsinə aparılmış, orada həmin tarixdə saat 15:00-da üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketin içərisində təsiredici maddəsinin ümumi təmiz çəkisi 2,4 qram təşkil edən 15 ədəd həb kustar üsulla hazırlanmış psixotrop maddə metilendioksimetamfetamin (MDMA), 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 100,23 qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı və həmin tarixdə saat 16:00-da yaşadığı Bakı şəhəri, ünvan 3 ünvana baxış keçirilərkən, evin daxilində dolabın içərisindən 01 ədəd şəffaf sellofanda külli miqdarda - təmiz çəkisi 1000,7 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 25 iyul 2023-cü il tarixdə polislər onu yatdığı yerdə yaşadığı evdən götürüb 43-cü Polis Bölməsinə aparmışlar. Orada ona hüquq və vəzifləri izah edilmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, o da əynindəki sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, bir ədəd şəffaf sellofanın içərisində 15 ədəd yaşıl rəngli həbi, şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Ondan aşkar olunmuş bükümlərdə nə olduğu soruşulmuş, o da bir ədəd sellofan bükümün içərisində “həşiş”, digərinin içərisində isə “ekstazi” olduğunu bildirmişdir. Həmin maddələri polislər tərəfindən saxlanılmazdan 3-4 gün əvvəl Binəqədi qəsəbəsində məscidin yaxınlığında tanımadığı şəxsdən 300 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu şəkildə sənədləşdirmişlər. Ondan hər hansı bir yerdə başqa qanunsuz narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulmuş, o da yaşadığı evdə də təxminən bir kiloqrama yaxın heroin olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. O, evin qapısını açarla açdıqdan sonra, sağ tərəfdə yerləşən dolabın içərisindəki bir ədəd sellafon bükümü təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Evdən aşkar olunmuş heroin sellofan paketə qoyulub qablaşdırılaraq, üzəri möhürlənib götürülmüşdür. Həmin narkotik vasitəni də onun evinə polislər özləri yerləşdirmişlər. Deyilən kimi o da belə etiraf etmişdir ki, saxlanmazdan bir gün əvvəl internetdən özünü iranlı kimi təqdim edən şəxsin vasitəsi ilə yaşadığı evin yanındakı zibil qutusunun yanından əldə etmişdir. Üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Amma çəkilərlə razılaşmır, ona artıq çəkilər qoyub sənədləşdirmişlər. Ayağının biri də çürüməkdədir, çətinliklə yeriyir. İstifadəçi olduğunu etiraf edir. Ona görə də bu məsələlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində əsasən məhkəmədə verdiyi məzmunda ifadə vermiş, amma həmin ifadələrində əməlini tam etiraf etmiş, saxlanması halı və aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrin miqdarı ilə bağlı hər hansı fərqli mövqe bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 25 iyul 2023-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə qərarla müraciət edilmiş, ondan və əməliyyat müvəkkili Şahid1 Mehti oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 25 iyul 2023-cü il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan ünvan 6 ünvanının yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra sonuncuya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib onlarla birlikdə bölməyə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs imtina etməsə də, bir qədər narahatçılıq hissi keçirmiş, sonra onlarla birlikdə 43-cü Polis Bölməsinə getmişdir. Bölmədə videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan bükümü, bir ədəd şəffaf sellofan paketin içərisində 15 ədəd həbləri, həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim olunmuş bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümün içərisində olan maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin nə olduğu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi barədə soruşulduqda o, bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə tiryək, həblərin isə psixotrop maddə “ekstazi” olduğunu, bundan əlavə yaşadığı evdə də təxminən bir kiloqrama yaxın narkotik vasitə heroin olduğunu, tiryəki və ekstazini 3-4 gün əvvəl Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında əvvəllər tanımadığı şəxsdən 300 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana sonuncunun razılığı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evin daxilində girişdən sağda tərəfdə yerləşən dolabın içərisindən bir ədəd şəffaf sellofanda olan bükümü təqdim edərək, içərisində heroin olduğunu, həmin maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından internet vasitəsi ilə aldığını bildirmişdir. Bu barədə də protokol tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs müntəzəm olaraq narkotik vasitələrin satışı ilə məşğul olub. Belə fəaliyyəti ətrafdakı sakinlərə də bəlli olduğundan ciddi narazılıq yaratmış və yaşadığı yerdə bütün sakinlər ondan şikayətçi olmuşlar, dəfələrlə bu məsələ ilə bağlı polisə müraciətlər edilmişdir. Təqsirləndirilən şəxs bir qardaşı narkotik istifadəçisi olduğu üçün vəfat etmişdir. Onun digər qardaşı da narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə hal-hazırda həbsdədir. Saxlanarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. Saxlanılan vaxt narkotiklərlə əlaqədar Təqsirləndirilən şəxs ayağı şişmiş, bədənində yaralar olmuş, səhhəti yaxşı vəziyyətdə olmamışdır. Hazırda məhkəmədə gördüyü vəziyyəti isə yaxşılığa doğru xeyli dəyişmiş haldadır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin digər əməkdaşı Şahid1 Mehti oğlu Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan bükümü, bir ədəd şəffaf sellofan paketin içərisində 15 ədəd həbləri, həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə “tiryək”, həblərin isə psixotrop maddə “ekstazi” olduğunu, 3-4 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında əvvəllər tanımadığı şəxsdən tiryəki 200 manata, “ekstazi”ni 100 manata şəxsi istifadəsi üçün aldığını, bundan əlavə yaşadığı evdə də təxminən bir kiloqrama yaxın narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-33). Evə baxış keçirilməsi və götürmə haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evin daxilində girişdən sağ tərəfdə yerləşən dolabın içərisindən bir ədəd şəffaf sellofanda olan bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından internet vasitəsi ilə aldığını bildirdirmişdir. Evə baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 40-41). Məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4012 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi, “Nurullayev (imza)” yazısı olan zərfdəki, 15 ədəd açıq yaşıl rəngli beşbucaqlı həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir. 15 ədəd həbdən ibarət MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsi ümumi miqdarı 2,4 qram təşkil edir (bir ədəd həbdə 0,16 qram MDMA olmaqla). MDMA 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra qalıq həblər 12 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 46-49). Məhkəmə-bioloji ekspertizasının 26 iyul 2023-cü il tarixli 3-16-16/2-7/1078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “3.Nurullayev...” yazılar və imzalar olan zərfdə 01 ədəd sellofan torbada təmiz çəkisi - 100,23 qram maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qatranıdır. Ekspert tədqiqatından sonra həşiş qətranının qalıq çəkisi 100,21 qram təşkil etmişdir (cild 1, iş vərəqə 50-53). Məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4013 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi, “Nurullayev (imza)” yazısı və imzalar olan bükümdəki təmiz çəkisi 1000,7 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1000,5 qram təşkil etmişdir (cild 1, iş vərəqə 54- 58). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 avqust 2023-cü il tarixli 4915 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 152-153). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 avqust 2023-cü il tarixli 2145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında gerilik əlamətləri yaranmamışdır. Əqliintellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək, baş vermiş hadisəni düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional iradı sferasında qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik, əhval ruhiyyəsinin dəyişkən olması aşkar olunmaqla, xasiyyətin psixopatik cizgiləri müəəyyən edilir. Fərdi-xüsusi xüsusiyyətlərində özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna, psixi fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamşdır (cild 1, iş vərəqə 154-158). İbtidai istintaq orqanının 01 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 173- 175). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq üzərində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 01 oktyabr 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 136-151). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/38/2-227 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilmiş və tibbi müayinədən keçirilərkən onun bədənində xəsarət aşkar olunmamışdır. Bununla belə bədəninin müxtəlif nahiyələrində çoxsaylı posinyeksion döyənəklər, sağ baldırın posinyeksion trofik xorası və limfastazı (limfa durğunluğu nəticəsində şişkinlik) müşahidə olunmuşdur. Təcridxanada saxlandığı müddətdə «Sağ baldırın aşağı 1/3-nin trofik yarası. Limfastaz. Xroniki HCV, subklinik forma» diaqnozları ilə iki dəfə Penitensiar Xidmətin Müalicə müəssisəsində və təcridxananın Tibb sanitar hissəsində müayinə və müalicədə olub. Hazırda Tibb sanitar hissəsində müalicəsi davam etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı qənaətin əsaslı olması nəticəsinə gəlir. Belə ki, tədqiq olunmuş sübutlara, bütövlükdə iş materiallarına əsasən onun bu cinayəti birgə törətmək haqqında qabaqcadan qeyrisi ilə sövdələşməsi, cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək qeyrisi ilə onun arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi, külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satışından mənfəət əldə etmə niyyətinin mövcudluğu işin müəyyən edilən hallarıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, habelə yaşadığı evdən aparılması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şəxsi axtarış və evə baxış keçirilməsi barədə protokollar, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Şəxsi axtarış və evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdən də aşkar görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər barədə sərbəst şəkildə etiraf mövqeyində olmuşdur. Bir neçə dəfə verdiyi ifadələrində də üzərindən çıxan narkotik vasitəni və psixotrop maddəni tutulmazdan 3-4 gün əvvəl, yaşadığı evdən aşkar olunmuş külli miqdarda heroini isə saxlanmazdan bir gün əvvəl əldə etməsini etiraf etmişdir. Bütün digər çoxsaylı sübutlar məcmusunu da nəzərə almaqla məhkəmə onun törətdiyi əməllərin tam sübut yetirildiyi qənaətinə gəlir, habelə təqsirləndirilən şəxsin məhkəmədə də faktiki əməlini etiraf etməklə yanaşı həm də bu zaman qismən tərəddüdlü mövqe nümayiş etdirməsini özünümüdafiə məqsədilə etdiyi nəticəsinə gəlir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, məhkumluğunun olmamasını, xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən öz onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20- 21, 105-112). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 iyul 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1000,5 qram təşkil edən heroin, qalıq çəkisi 100,21 qram təşkil edən həşiş qətranı və qalıq 12 ədəd həb (metilendioksimetamfetamin) məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47, 51, 55, 218). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1000,5 qram təşkil edən heroin, qalıq çəkisi 100,21 qram təşkil edən həşiş qətranı və qalıq 12 ədəd həb (metilendioksimetamfetamin) məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar