Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1074/2022 11.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və "A.İ.M" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 iyun 2010-cu il tarixli hökmü ilə ona təyin edilmiş 5 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 2 günü tam toplanılmaqla ona qəti olaraq 7 il 10 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarına əsasən, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilmiş, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 9 ay 24 günü çəkilməmiş qalan, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, «AAAF» yaşayış kompleksində kirayədə yaşamış, 15 yanvar 2022-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti "İlqar" kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək qərarına gəlmiş, bu məqsədlə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən avtobus dayanacağında "İlqar" adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 22,415 qram çəkidə narkotik vasitə olan heroini bir bükümdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsinə kimi daşımış, 15 yanvar 2022-ci il tarixdə saat 01:00-da Nəsimi rayon Polis idarəsi Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins gödəkcənin sol yan cibindən 1 ədəd selofana bükülmüş 22,415 qram çəkidə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə olan heroin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan işlək vəziyyətdə gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evdə həyat yoldaşı ilə oturub yemək yediyi zaman onun mobil telefonuna zəng gəlmişdir. O, telefonu selektora qoymuş, zəng edən şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis mayoru Rəvan kimi təqdim etmişdir. Həmin şəxs ona səhər şəxsiyyət vəsiqəsini də götürüb qeyd olunan idarəyə yaxınlaşmasını bildirmiş, o, bunun nə ilə əlaqədar olduğunu soruşmuş, Rəvan adlı şəxs idarəyə gələndə biləcəyini demişdir. Buna baxmayaraq o, çağırılan vaxt həmin idarəyə getməmişdir. Bunun üstündən 2-3 gün keçdikdən sonra İnqilab küçəsində maşının içərisində oturduğu vaxt qapı açılmış və səkkiz nəfər ona hücum çəkmişlər. Həmin vaxt onun üzərində bıçaq olmuşdur. O, həmin şəxslərin öz düşmənlərindən olduğunu fikirləşib əlini bıçağa atmış, bu vaxt həmin şəxslər polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra o, maşından düşmüşdür. Polis əməkdaşları sol tərəfdən ona yumruq vurmuş və onun sol dişi düşmüşdür. O, polis əməkdaşlarından nə məsələ olduğunu soruşmuş, polis əməkdaşları onun Elgün adlı şəxsi vurduğunu bildirmişlər. Belə ki, Elgün narkotik satan şəxs olmuşdur, o da, Elgünü narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün vurmuş, həmçinin başqa digər narkotik satanları da vurmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və bunu bir nəfər də təsdiq edə bilməz. Onun narkotik vasitələrə görə tutulduğunu eşidən qardaşının ürəyi partlayaraq ölmüşdür. Həmin vaxt o, iki gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmış, sonra o, Nəsimi rayon Polis idarəsinə aparılmışdır. İstintaq vaxtı o, heç bir ifadə verməmişdir. Polis əməkdaşları ona videoçəkiliş zamanı onların dediklərini təsdiq etməyəcəyi halda yaşadığı evə bir kiloqram narkotik vasitə qoyub həyat yoldaşının da həbs olunacağını bildirmişlər. O, özünün döyülməsinə görə deyil, həyat yoldaşının həbs olunmaması üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs özünün çörək zavodunda mühafizəçi işlədiyini, saxlanılarkən polis əməkdaşlarının ona narkotik vasitə satan Elgün adlı şəxsi döydüyünü və Elgündən üzr istəyəcəyi halda əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini, əks halda CM-nin 234.4.3-cü maddəsi ilə ona ittiham veriləcəyini bildirdiklərini, tutularkən onun üzərində bıçaq, telefon, 13 manat pul və «Leobank» kartının olduğunu, Elgün adlı şəxsin ya polis əməkdaşlarından kiminsə qohumu olduğunu, ya da onlarla əməkdaşlıq etdiyini düşündüyünü, polis əməkdaşlarının onu ailəsi ilə təhdid etdikləri üçün videoçəkiliş zamanı hər şeyi etiraf etdiyini, ekspertizaya aparılan zaman narkotik vasitə istifadəçisi olmadığı bildirdiyini, ona narahat olmamaq bildirilsə də, sonra ekspert rəyində narkomaniyadan müalicəyə ehtiyacı olmasının yazıldığını, həkimə onun sidiyindən və qanından analiz götürülməsini də tələb etdiyini, lakin bunun edilmədiyini, həmin ekspertiza rəyindən şikayət etmədiyini, saxlanıldığı gün saat 12-də Xırdalandan keçmiş İnqilab küçəsinə gəldiyini, həmin vaxt maşın svetoforda dayanan zaman qapınının açıldığını və onun üstünə silah çəkildiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü, təcridxanaya daxil olanda xəsarətləri olduğunu, lakin həmin xəsarətlərin qeydiyyata alınmadığını və özünün buna etiraz bildirmədiyini, polis əməkdaşlarının onu toka verdiklərini, bundan sonra şikayəti olmadığını bildirdiyini, bununla bağlı müəyyən instansiyalara şikayətlər etdiyini, tutularkən onda ümumiyyətlə narkotik vasitənin olmadığını, heç vaxt narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmadığını, təcridxanadan Ombudsmana, prokurorluğa, «Qırmızı Xaç» cəmiyyətinə şikayətlər etdiyini, tutulan vaxt polis işçilərinin dediyinə görə iranlı ilə əlaqə saxladığı nömrənin ***-***-**-** olduğunu, lakin həmin nömrə onun adına olsa da, ondan istifadə etmədiyini, həmin nömrədən kimin istifadə etdiyini bilmədiyini, ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, həbs qətimkan tədbiri seçilməsi zamanı təzyiq altında ifadə verdiyini hakimə də bildirdiyini, Elgünün onun barəsində polisə şikayət etdiyini, üzərində şəxsi axtarışın Nəsimi RPİ-də aparıldığını, özünün yanvar ayının 13-də tutulduğunu, lakin cinayət işində tutulmasının yanvarın 15-də qeyd edildiyini, polis əməkdaşları tərəfindən 13 yanvar 2022-ci il tarixdə tutulduğunu, həmin vaxtdan 15 yanvar 2022-ci il tarixədək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanıldığını və həmin tarixdə BMCMİ-nin əməkdaşlarının onu Nəsimi RPİ-yə təqdim etdiyini, tutulmamışdan qabaq ailəsi ilə birlikdə sonuncu yaşayış yerinin Xırdalanda «AAAF park» yaşayış kompleksi olduğunu, dəqiq ünvanı və yaşadığı mənzilin nömrəsini bilmədiyini, anket məlumatlarında qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşamadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 aydır narkotik vasitə heroindən istifadə edir. 2022-ci ilin yanvar ayının əvvəllərində sosial şəbəkədə olarkən İran İslam Respublikasının vətəndaşı «İlqar» adlı şəxslə tanış olmuşdur. Bundan sonra istifadəsində olan «Xiomi Redmi» markalı üzərində ***-***-**-** saylı nömrə olan mobil telefonla İlqar adlı şəxslə «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamışdır. Hal-hazırda İlqarın istifadə etdiyi mobil telefon nömrəsini xatırlamır, sadəcə onu xatırlayır ki, X4 Respublikasına məxsus mobil telefon nömrəsi vasitəsi ilə onunla əlaqə saxlamışdır. İlqar ilə söhbət zamanı onun narkotik vasitədən istifadə etdiyini bildikdən sonra, İlqar narkotik vasitənin satışı ilə məşğul olduğunu, ona narkotik vasitə sata biləcəyini bildirmişdir. O, əvvələr məhkum olduğu üçün iş tapa bilməmiş, ailəsini dolandırmaq üçün narkotik vasitə satmaq qərarına gəlmişdir. İran İslam Respublikasının vətəndaşı «İlqar» adlı şəxslə «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, ondan narkotik vasitə heroin almaq istədiyini, narkotik vasitəni satdıqdan sonra əldə etdiyi pulla ondan yenidən narkotik vasitələr alacağını demiş, İlqar da onunla razılaşmışdır. 14 yanvar 2021-ci il tarixdə saat 22 radələrində İlqar onunla «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq bu gün ona narkotik vasitə heroin satacağını, onun həmin narkotik vasitələrə görə ona 400 manat məbləğində pul ödəcəyini, daha sonra həmin narkotik vasitələri satdıqdan sonra əldə etdiyi qazancın bir qismini ona verəcəyini, onun isə yenidən ona narkotik vasitə satacağını və bu yolla da onların pul qazanacaqlarını demiş, o da, hal-hazırda ona 200 manat pul ödəyəcəyini, narkotik vasitəni satdıqdan yerdə qalan 200 manatı və ona əlavə olaraq qazancın bir qismini verəcəyini bildirmiş və onlar razılaşmışlar. Təxminən saat 23 radələrində İlqar ilə «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, İlqar Binəqədi rayonu Sulutəpə qəsəbəsində avtobus dayanacağının yanına yerə narkotik vasitə heroin qoyduğunu, onun həmin əraziyə gedərək həmin kütlələri götürməsini demişdir. Bundan sonra o, Binəqədi rayonu Sulutəpə qəsəbəsinə getmiş, İlqarın ona tərif etdiyi avtobus dayanacağının yanından selofana bükülmüş ümumi təmiz çəkisi təxminən 20 qramdan artıq olan narkotik vasitə heroini götürmüş, o da, həmin narkotik vasitə müqabilində İlqarın ona dediyi hal-hazırda xatırlamadığı hesab nömrəsinə 200 manat pul yükləmişdir. İlqara ondan aldığı narkotik vasitəni satdıqdan sonra 200 manat puldan əlavə əldə etdiyi pulun bir qismini ona verəcəyini, yerdə qalan qismi ilə ondan əlavə narkotik vasitə alacağını demiş, İlqar da bu işlə məşğul olacaqları halda gələcəkdə hər ikisinin pul qazana biləcəklərini demişdir. 15 yanvar 2022-ci il tarixdə saat təxminən 01-00 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmış, həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 01:15 radələrində Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra isə mütəxəssis dəvət edilmiş, videomüşahidə altında onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xakarterli əşya varsa təqdim etsin, o da, polis əməkdaşlarına bildirmişdir ki, üzərindəki elektron tərəzini və narkotik vasitə heroini onlara təqdim edə bilər. Sonra əynindəki göy rəngli cins gödəkçənin sol yan cibindən 1 ədəd qara selofana bükülmüş bükülünü və elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin elektron tərəzidən narkotik vasitələrin çəkisini çəkmək üçün istifadə etmişdir. Baxış keçirilən zaman həmin narkotik vasitə aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı başqa cinayət xarakterli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı olmamış, o, İlqar ilə yalnız «Vhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, X4 Respublikasına məxsus mobil telefon nömrəsi vasitəsi ilə onunla əlaqə saxlamış, ona qarşı polis əməkdaşları və ya başqa bir şəxs tərəfindən psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, o, həm fiziki, həm də psixi cəhətdən tam sağlamdır, o, narkotik vasitənin satışı işə məşğul olmaq istəmiş, bu zaman məqsədi özünün istifadə etdiyi narkotik vasitəni əldə etmək və müəyyən məbləğdə pul qazanmaq olmuşdur, lakin o, heç kimə narkotik vasitə heroin satmamışdır (cild 1, iş vərəqi 86-88). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etmədiyini, onları polis işçilərinin təzyiqi və təhdidi altında oxumadan imzaladığını, hazırda məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, ona görə də həmin ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 15 yanvar 2022-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun və Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 15 yanvar 2022-ci il tarixdə saat 01 radələrində o, əməliyyat qrupunun digər üzvü Şahid2la birlikdə Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 100 ünvanının qarşısına gəlmişlər. Orada əvvəlcədən əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək saxlamışlar. Ona narkotik vasitənin daşıması və satışı ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirərək Nəsimi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, müdafiəçi dəvət olunmuş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar varsa, təqdim etməsi təklif olunmuş, sonuncu, əynindəki gödəkçənin cibində saxladığı 1 ədəd selofan bükümdə narkotik vasitə heroini və 1 ədəd elektron tərəzini, digər cibində olan özünə məxsus 1 ədəd mobil telefonu, içərisində 13 manat pul, «Kapitalbank» və «Leobank»a aid plastik kartlar olan əl çantasını təqdim etmişdir. Selofan bükümdəki maddənin nə olması barədə suala cavab verən Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, üzərində aşkar olunmuş elektron tərəzi vasitəsi ilə narkotik vasitənin çəkisini çəkdiyini və satdığını bildirmişdir. Ülvün aşkar olunmuş narkotik vasitə heroini İran vətəndaşı İlqar adlı şəxsdən 200 manat müqabilində aldığını, narkotik vasitəni bükümlərlə 20 manata satdıqdan sonra yenidən İlqar adlı şəxsin hesabına 200 manat pul köçürəcəyini, bu yolla İlqar adlı şəxslə narkotik vasitənin satışı ilə məşğul olacağını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzi ilə birlikdə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üstü imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sualları cavablandıran Şahid1 ifadəsində göstərdi ki, onlarda yalnız Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuş, onun başqa cinayət törətməsi barədə hər hansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini İran vətəndaşı İlqar adlı şəxsdən alması müəyyən edilmişdir. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiqlər göstərilməmiş, hər hansı qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 iş üzrə əməliyyat tədbirinin keçirilməsinə cəlb olunmaqla, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə saxlanılaraq Nəsimi RPİ-nə gətiriməsi, üzərində şəxsi axtarışının aparılması və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 yanvar 2022-ci i tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi RPİ, Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins gödəkcənin sol yan cibindən 1 ədəd selofana bükülmüş 22,415 qram çəkidə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə heroin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan işlək vəziyyətdə gümüşü rəngli elektron tərəzi, gödəkcənin sağ yan cibindən «Redmi» markalı mobil telefon, əlində saxladığı içərisində 13 manat məbləğində pul, «KapitalBank»-a və «LeoBank»-a məxsus plastik kartlar olan əl çantası aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 49-55). İbtidai istintaq orqanının 18 aprel 2022-ci il tarixli qərarı Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə videogörüntüləri əks etdirən 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 139-149). Məhkəmə kiməvi ekspertizasının 15 yanvar 2022-ci il tarixli 6/271 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "'Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş” yazısı və imzalar olan paketdəki 1 (bir) bükümdə təmiz çəkisi 22,415 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 64-69). Ambulator məcburi-narkoloji ekspertizasının 28 mart 2022-ci il tarixli 1426 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 134-135). İbtidai istintaq orqanının 28 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 22,415 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 22,215 qram hissəsi və 1 ədəd gümüşü rəngli elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİnin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 105-106). İstintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ, 20-ci Polis bölməsinin cavab məktubundan görünür ki, əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından alması müəyyən olunmuş, lakin həmin şəxsin şəxsiyyətini və Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 118). İş materiallarında olan 21 aprel 2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 iyun 2010-cu il tarixli hökmü ilə ona təyin edilmiş 5 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzsının çəkilməmiş qalan 4 ay 2 günü tam toplanılmaqla, ona qəti olaraq 7 il 10 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, iş vərəqi 120-122, 123-133). "Elektron Məhkəmə" sistemindən götürülmüş Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilərək, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkməsi üçün məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə hazırkı iş üzrə həbs olunana qədər 9 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, heç vaxt narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının onu ailəsi ilə təhdid etdikləri üçün videoçəkiliş zamanı hər şeyi etiraf etdiyini, özünün yanvar ayının 13-də tutulduğunu, həmin vaxt iki gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını, sonra Nəsimi rayon Polis idarəsinə aparıldığını, istintaq vaxtı heç bir ifadə vermədiyini, polis əməkdaşlarının ona videoçəkiliş zamanı onların dediklərini təsdiq etməyəcəyi halda yaşadığı evə bir kiloqram narkotik vasitə qoyub həyat yoldaşının da həbs olunacağını bildirdiklərini, polis əməkdaşları tərəfindən döyüldüyünü, təcridxanaya daxil olanda xəsarətləri olduğunu, lakin həmin xəsarətlərin qeydiyyata alınmadığını, özünün buna etiraz bildirmədiyini, polis əməkdaşlarının onu toka verdiklərini, bundan sonra şikayəti olmadığını bildirdiyini, bununla bağlı müəyyən instansiyalara şikayətlər etdiyini, tutulan vaxt polis işçilərinin dediyinə görə iranlı ilə əlaqə saxladığı nömrənin ***-***-**-** olduğunu, lakin həmin nömrə onun adına olsa da, ondan istifadə etmədiyini, həmin nömrədən kimin istifadə etdiyini bilmədiyini, ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, həbs qətimkan tədbiri seçilməsi zamanı təzyiq altında ifadə verdiyini hakimə də dediyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətləri, həmçinin məhkəmənin təşəbbüsü ilə Təqsirləndirilən şəxs gətirdiyi dəlillər yoxlanılmış, lakin həmin dəlillərin heç biri məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, 14 iyun 2022-ci il tarixli məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilən zaman üzərində fiziki xəsarətlərinin olub-olmamasına dair məlumatların, yəni onun təcridxanaya hansı tarixdə yerləşdirilməsi, onun ilkin tibbi müayinəsi zamanı üzərində hər hansı xəsarətlərin aşkar olunub-olunmaması, bütün hallarda onunla bağlı tərtib olunmuş tibbi kitabçanın təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması təmin edilmişdir. Məhkəmə iclasında qeyd olunmuş sənədlər tədqiq edilərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına qəbul edilərkən üzərində hər hansı xəsarət izlərinin mövcud olması müəyyən edilməmişdir. Bundan başqa, məhkəmənin 16 avqust 2022-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs iş üzrə tutulan zaman üzərindən aşkar olunmuş "Xiaomi Redmi" markalı mobil telefona quraşdırılmılş +994 55 230 29 48 və +994 55 268 59 50 mobil nömrələrinə 12 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək daxil olan və çıxan zənglər barədə, həmin nömrələrlə aparılmış SMS yazışmaları, anten dairələri barədə məlumatlar, həmin nömrələrin istifadə olunduğu mobil telefonun markası, modeli və İMEİ kodu, həmçinin qeyd olunan mobil nömrələrin kimlərin adına qeydiyyata alınması barədə məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. Məhkəməyə 31 avqust 2022-ci il tarixdə SDS-4179 nömrə altında "xxxx" MMC-dən daxil olmuş 30 avqust 2022-ci il tarixli məktub və ona əlavə edilmiş bir ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Diskdə olan məlumatlardan görünür ki, +994 55 230 29 48 və +994 55 268 59 50 mobil nömrələri xx xxxxxx 1992-ci il təvəllüdlü (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi: AA*******) Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Həmin məktubun məzmunundan görünür ki, +994 55 268 59 50 saylı mobil nömrə sorğulanan müddət ərzində, yəni 12 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Digər +994 55 230 29 48 saylı möbil nömrə ilə bağlı məlumatların tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin mobil nömrənin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında anten dairəsi əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, «AAAF» yaşayış kompleksi olsa da, qeyd olunan tarixlərdə əsasən günün gecə saatlarında həmin nömrənin anten dairələrinin «Kubinka hamam» - Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev (H.Cavid küçəsi) küçəsi, 37, həmçinin «EXPO senter palm» - Bakı şəhəri, Heydər Əliyev proespekti, 515, Aeroport şossesi və yenidən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, «AAAF» yaşayış kompleksi olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 13 yanvar 2022-ci il tarixdə tutulduğunu, həmin vaxtdan 15 yanvar 2022-ci il tarixədək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanıldığını və həmin tarixdə BMCMİnin əməkdaşlarının onu Nəsimi RPİ-yə təqdim etdiyini bildirmişdir. Lakin yuxarıda göstərilən və qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 55 230 29 48 saylı möbil nömrənin məhkəmədə tədqiq olunmuş anten məlumatları təqsirləndirilən şəxsin həmin ifadələrini tamamilə təkzib edir. Qeyd olunan hallarla bağlı məhkəmənin suallarını cavablandıran Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən tutulub saxlanıldıqdan sonra onun istifadəsində olan "Xiaomi Redmi" markalı mobil telefon aparatının əlindən alındığını, 13-15 yanvar 2022-ci il tarixlərdə mobil telefonunun polis əməkdaşlarında olduğunu, yəqin polis işçilərinin gələcəkdə onu ifşa etmələri üçün həmin telefonla anten dairələrində göstərilən ünvanları gəzərək əleyhinə sübutlar topladığını bildirdi. Bundan əlavə, +994 55 230 29 48 saylı möbil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 16:18də +994 55 232 16 10 saylı möbil nömrəsindən daxil olmuş "Salam qaqash menem Elmirdi ...Ülvi qaqash bu tereflere ne vaxt keçeceken ay brat", həmin tarixde saat 18:39-da +994 10 315 45 53 saylı möbil nömrəsindən daxil olmuş "Ulvi vallah allaha and olsun ki düz hereket etmirsen ayıbdı 2 gundu bursan demek meni niye ne pis ettim el tutdum", həmin tarixde saat 20:58-də +994 55 397 43 18 saylı möbil nömrəsindən daxil olmuş "Ülvi dolamamisan meni anamnan alib vermişem sen rahat gedib yatdun" SMS mətnləri müəyyən olunur ki, +994 55 230 29 48 saylı möbil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Qeyd olunan SMS yazışmalarının məzmunu barədə məhkəmənin verdiyi suallara cavabında Təqsirləndirilən şəxs onlara izah gətirə bilməmiş, Elmir adlı şəxsin kim olmasını bilmədiyini qeyd etmiş və yazışmalara heç bir aydınlıq gətirməmişdir. Məhkəmə baxışı zamanı həmçinin 18 avqust 2022-ci il tarixli sorğu ilə Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı aparılmış araşdırma üzrə qəbul edilmiş qərarın məhkəməyə təqdim olunması, eləcə də Nəsimi RPİ-nin İstintaq şöbəsindən Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə şəxsi axtarışı zamanı üzərindən aşkar olunmuş "Xiaomi Redmi" markalı mobil telefonun baxış keçirilməsi məqsədilə məhkəməyə təqdim olunması xahiş edilmişdir. Bakı şəhəri, Nəsimi rayon prokurorluğundan məhkəməyə daxil olmuş 06 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə Nəsimi RPİ-nin inzibati binasında idarənin əməkdaşları Şahid1 Hüseyin oğlu, Şahid2 və digər əməkdaşları, habelə X2 Kənan adlı rəis müavini tərəfindən döyülməsi, şikayət edəcəyi halda ailə üzvlərinin həbs olunacağı barədə hədələnməsi, həmçinin cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən onun adından ifadə yazılması, müdafiəçi ilə təmin olunmaması barədə iddiaları öz təsdiqini tapmadığından, toplanılmış 265-c-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar keçən müddət ərzində Təqsirləndirilən şəxs və müdafiəçiləri tərəfindən mübahisələndirilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş "Xiaomi Redmi" markalı mobil telefona məhkəmə iclasında baxış keçirilməsinə cəhd olunmuş, bu məqsədlə telefon kilidinin açılması üçün məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdim edilsə də, o, yadında qaldığı şifrənin doğru olmadığını, digər şifrəni isə bilmədiyini əsas gətirdiyindən, telefonun kilidinin açılması və bu səbəbdən mobil telefonun yaddaşındakı məlumatlara baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı həmçinin qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitənin özünə məxsus olduğunu, onları İlqar adlı İran vətəndaşından satmaq məqsədilə aldığını bildirmişdir. Eləcə də cinayət işinə əlavə olunmuş həbs qətimkan tədbiri seçilməsi məhkəmənin qərarından görünür ki, məhkəmədə izahat verən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini və vəsatətin təmin olunmamasını xahiş etmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, onun döyülməsi, fiziki və psixi təzyiqlərə məruz qalması barədə məhkəmədə gətirdiyi dəlilləri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymətləndirərək belə hesab edir ki, həmin dəlilər şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirilməli, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarına görə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 iyun 2010-cu il tarixli hökmü ilə ona təyin edilmiş 5 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 2 günü tam toplanılmaqla, ona qəti olaraq 7 il 10 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilərək, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkməsi üçün məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş arayışa əsasən, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə hazırkı iş üzrə həbs olunana qədər 9 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü üzrə çəkilməmiş qalan 9 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji ekspertizasının 28 mart 2022-ci il tarixli 1426 nömrəli rəyini əsas tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 22,415 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 22,215 qram narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd "Xiaomi Redmi" markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması videogörüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş qalan 9 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: – Bakı şəhəri, Nəsimi RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 22,415 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 22,215 qram hissəsi və 1 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması videogörüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılsın; - bir ədəd "Xiaomi Redmi" markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailəsinə qaytarılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1074/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1074/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver