Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1074/2025 15.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - anası Qanuni nümayəndə1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Belə ki, yetkinlik yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 10:59-da Qazaxıstan Respublikası, Janaozen şəhəri, “Raxat-4” ərazisində yerləşən “Nurbek” restoranının yaxınlığında olarkən özünə məxsus “Samsung” markalı, “A04” modelli mobil telefondan istifadə etməklə istintaqla dəqiq müəyyən edilməyən vaxtda “İnstagram” sosial şəbəkəsindən əldə edib telefonuna köçürərək saxladığı tanımadığı şəxslərə aid olan şəxsiyyət vəsiqələrinin arasından X4 şəxsiyyət vəsiqəsini seçməklə sonuncunun adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “www.mia.gov.az” elektron poçtuna məktub ünvanlayaraq tələb etdiyi pul məbləğinin müvafiq kripto hesabına köçürülməyəcəyi təqdirdə 25 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 68 ünvanında yerləşən “X10” ticarət mərkəzində terror aktı törədəcəyini bildirərək insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verərək terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 216-cı maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildən Qazaxıstan Respublikası Janaozen şəhəri, 5-ci mikrorayon, bina 56, mənzil 29-da yaşayır və həmin şəhərdə usta işləyən atası Raula kömək edir. 2022-ci ildən “İnstagram”, “Telegram” “WhasApp” kimi sosial şəbəklərdən istifadə etməyə başlamış, 2023-cü ildə “Kira Union” ləqəbi ilə “Telegram” kanalında fəaliyyət göstərən şəxslə tanış olmuşdur. Həmin şəxslə “Telegram” kanalında yazışarkən o, özünü Aqil kimi təqdim etmiş, Türkiyə Respublikasının İzmir şəhərində hansısa universitetdə “biznes-dizayn” fakültəsində oxuduğunu bildirmişdir. Bildiyinə görə həmin şəxs haker kimi fəaliyyət göstərmiş, internet üzərindən insanları şantaj etməklə onlardan pul almışdır. “Kira Union” ləqəbli şəxs 2021-ci ildə və ya başqa bir vaxtda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 83 tibb müəsissəsinə bomba qoyulması barədə “Google”-də xəbər yaymış, lakin, onu heç kim tapa bilməmişdir. O, həmin şəxsin “Aqil” adından başqa digər anket məlumatlarını bilmir. “Kira Union” ləqəbi ilə tanıdığı şəxslə olan söhbətlərdən sonra o, bir qədər fikirləşib özünün də eyni üsulla, yəni təhdid yolu ilə pul əldə edə biləcəyi barədə qənayətə gəlmişdir. Bu məqsədlə 23 oktyabr 2024-cü il tarixdə saat 10:59-da Qazaxıstan Respublikası Janaozen şəhərində, “Raxat 4” ərazisində, “Nurbek” restoranının yanında işdə olduğum zaman istifadə etdiyi “Samsung” markalı, “A04” modelli mobil telefonu ilə internetdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “mia.gov.az” saytına girmiş, saytın elektron müraciət bölməsində olan qrafaları nəzərdən keçirən vaxt şəxsiyyət vəsiqəsi, mobil telefon nömrəsi, elektron poçt ünvanı kimi məlumatların tələb olunduğunu görmüşdür. O, 2023-cü ilin qış aylarında “İnstagram”da olan bir söhbət qrupundan 25-30 nəfərin şəxsiyyət vəsiqəsinin fotoşəkillərini mobil telefonumun yaddaşına köçürdüyündən “mia.gov.az” saytındakı elektron müraciət bölməsinə mobil telefonunun yaddaşında olan X4 şəxsiyyət vəsiqəsində olan anket məlumatlarını yazmışdır. Sonra isə tələb olunan mobil telefon qrafasına Sumqayıt şəhərində yaşayan dostu Şahid2 istifadəsində olan +994 ***-**-** mobil nömrəsini daxil etmişdir. Tələb edilən elektron poçt ünvanına isə Bakı şəhərində yaşayan tanışı Nərmin adlı qızın “qnermin.@107gmail.com” elektron poçt ünvanını yazmışdır. Bundan sonra həmin elektron müraciət bölməsində müraciətin qeyd edilməsinə icazə verilmişdir. O, həmin qrafada X4 adından, deyəcəyi pulun onun cripto hesabına köçürülməcəyi təqdirdə, 25 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində yerləşən “X11” ticarət mərkəzində terror aktı törədəcəyini qeyd etmişdir. Sonra həmin təhdid mesajını ünvana göndərmişdir. Onun “Samsung” markalı, “A04” modelli mobil telefonumda özünə aid olan 3 “gmail” var. Onlar “Elektron ünvan 1”, “Elektron ünvan 2”, “Elektron ünvan 3”dur. O, hesab etmişdir ki, Daxili İşlər Nazirliyinin “mia.gov.az” saytına göndərdiyi elektron müraciətlə bağlı “gmail” ünvanlarından hər hansı birinə cavab gələcəkdir. Lakin ona heç bir cavab gəlməmişdir. 24 oktyabr 2024-cü il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadığı ünvana gəlmişlər və onu sorğu-sual etmişlər. 28 oktyabr 2024-cü ildə onu və atasını təyyarə ilə Azərbaycan Respublikasına yola salmışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, törətdiyi əməli bilmədən etmişdir. “X11” ticarət mərkəzində terror aktı törətmək məqsədi olmamışdır. Sadəcə olaraq ağılsızlıq etmişdir. Həmin əməli törətməyə onu heç kəs məcbur etməmişdir. Ondan başqa hər hansı bir şəxsin törətdiyi əmələ oxşar bir əməl törədərək qazanc əldə etdiyini görməmişdir. Qazaxstan Respublikasında ailəsi ilə birlikdə yaşayır. Orta məktəbi bitirmişdir. Həmin əməli törətdiyim vaxt artıq məktəbi bitirmişdir. Törətdiyim əmələ görə məsuliyyətə cəlb olunacağını tam olaraq bilməmişdir. Valideynləri törətdiyi əməldən sonradan xəbərdar olmuşlar. Polis əməkdaşları hadisə ilə bağlı ailə üzvlərindən izahat almışlar. Azərbaycan Respublikasına atası ilə birlikdə gəlmişdir. Polis əməkdaşları onunla əlaqə saxlayaraq 28 oktyabrda Azərbaycan Respublikasına getməli olduqlarını bildirmişlər. Törətdiyi əməllə bağlı ilk başda Qazaxstan Respublikasında izahat vermiş, sonra Azərbaycan Respublikasına gəlmişdir. Məktəbi bitirməklə bağlı atestat almışdır. Terror aktının nə olduğu barədə hər hansı bir anlayışı yoxdur. Hər hansı bir partlayıcı maddələrələ iş görməmişdir. “X11” ticarət mərkəzinin dəqiq olaraq harada yerləşdiyi barədə hər hansı bir məlumatı yoxdur. Onun kripto hesabı olmamışdır. Mesajı göndərdikdən sonra ona hər hansı cavab gəlməmişdir. Ancaq hər bir halda cavab gəlsə belə onun terror aktı törətməyə məqsədi və ya imkanı olmamışdır. Törətdiyi əməl barədə tanıdığı bir qıza məulmat vermişdir. İlk başda ağlına “X11” ticarət mərkəzi gəldiyi üçün həmin məkanı mesajda qeyd etmişdir. “X11” ticarət mərkəzini hadisəni törətməzdən qabaq internetdə görmüşdür. Bu səbəbdən hadisəni törədən zaman ilk olaraq ağlına həmin ticarət mərkəzi gəlmişdir. Onun ümumiyyətlə kripto hesabı olmamışdır. Hadisədən 1 gün sonra o, Polis Bölməsinə çağırılmışdır. Hadisədən 4 gün sonra Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasının hava limanına gəldikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin əməli törətməyində həmçinin məhşur olmaq məqsədi olmuşdur. Törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini dərk etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,216-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl ***-***-**-** mobil nömrəni alaraq “X12 10” markalı mobil telefonunda işlətmişdir. Bir neçə ildir ki, “Facebook”, “İnstagram”, “WhatsApp”, “Tik-tok”, “Telegram” sosial şəbəkələrindən istifadə edir. 2024-cü ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində xatırlamadığı söhbət qrupundan dəvət almış və qrupa qoşulmuşdur. Həmin qrupda “wn3si” hesabını işlədən şəxslə səmimi yazışmaları olduğundan aralarında dostluq yaranmış, sonradan həmin hesabı işlədən şəxs özünü Mehdi kimi təqdim edərək əslən Masallı rayonu Ərkivan kəndindən olduğunu, əvvəllər Sumqayıt şəhərinin yaxınlığında X5 qəsəbəsində yaşasa da, sonradan Qazaxıstan Respublikasına köçərək uzun illərdir ailəsi ilə birlikdə orada yaşadığını, universitetdə oxuduğunu və həmçinin anbarda işlədiyini bildirmişdir. Sonradan o, ***-***-**-** mobil nömrəsində işlətdiyi “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə Mehdi ilə yazışmağa başlamış, sonuncu ona Bakı şəhərində yaşayan Nərmin və Xədicə adlı qızlarla da yazışdığını bildirmişdir. 2024-cü ilin oktyabr ayının sonlarında Mehdinin onun işlətdiyi ***-***-**-** mobil nömrəni payaşmaqla müəyyən problemli vəziyyət yaratdığını bildikdən sonra həmin mobil nömrəni işlətməyərək özümə yeni mobil nömrə almışdır. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Mehdini “İnstagram”da tanımışdır. Baş verənlərlə bağlı sonradan məlumat almışdır. Hadisə barəsində ona polislər məlumat vermişdir. Mehdi ilə dostluq münasibəti olmuşdur. Mehdi həmin mesajda müraciət üçün onun nömrəsini yazmışdır. Mehdi etdikləri ilə bağlı ona heç nə deməmişdir. Mehdinin terror törədəcəyi ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat göndərdiyini sonradan öyrənmişdir. Həmin hadisənin harada törədiləcəyini bilməmişdir. Mehdi həmin mesajın altında onun nömrəsini yazmışdır. Sonradan polisdə araşdırıldıqdan sonra həmin mesajın onun tərəfindən deyil, Mehdi tərəfindən göndərildiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ildə Maliyyə-İstisad Kollecinin əyani şöbəsinə qəbul olduğuna görə həmin vaxtdan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 30 ünvanında yaşayır və hazırda həmin kollecin 3-cü kursda təhsil alır. Sosial şəbəkələrdən “İnstagram”, “WhatsApp”, “Tik-tok”, “Telegram”, “Snapçat”dan istifadə edir. “İnstagram”da “nail.art.xadi” adı ilə qeydiyyatdan keçmiş və qeydiyyatı özünün ***-***-**-** mobil nömrəsi ilə aparmışdır. “İnstagram”da “Wnesi” adı ilə qeydiyyatdan keçmiş Mehdi adlı şəxsi 2022-ci ildən tanıyır. Belə ki, 2022-ci ilin sonlarında onlar “İnstagram”da dostlaşmışlar və həmin vaxtdan yazışırlar. Söhbət zamanı Mehdinin 17 yaşı olmasını, miliyyətcə Azərbaycanlı olduğunu, hazırda Qazaxıstan Respublikasında yaşadığını və orada işlədiyini bilmişdir. Mehdi öz “İnstagram” səhifəsinin parolunu ona verdiyinə görə həmin paroldan istifadə edərək onun səhifəsinə daxil olub Mehdi ilə yazışmışdır. Lakin onların yazışmasını 3-cü şəxslər görə bilmirlər. 23 oktyabr 2024-cü il tarixdə təxminən saat 15-16 radələrində X1 ilə “İnstagram”da yazışarkən sonuncu ona Daxili İşlər Nazirliyinə yazılmış elektron müraciətin “skrinşot”unu, yəni fotoşəklini göndərmişdir. O, müraciəti oxuyub görmüşdür ki, tanımadığı bir nəfər şəxsin adından pul tələbi ilə bağlı müraciətdir, tələb yerinə yetirilməyəcəyi təqdirdə “X10” ticarət mərkəzində terror aktının törədiləcəyi təhdidi qeyd edilmişdir. O, mesaj yazaraq Mehdidən bu barədə soruşmuş, Mehdi isə ona bildirmişdir ki, təsadüfi bir nəfər şəxsin adından həmin müraciəti yazıb və əlaqə vasitəsi kimi dostunun mobil telefon nömrəsini qoyub ki, onunla zarafatlaşsın. Lakin Mehdi həmin təhdid mesajını Daxili İşlər Nazirliyinə göndərib-göndərməyəcəyi barədə ona heç nə bildirməmişdir. Bir qədər sonra Mehdi ona “İnstagram” səhifəsində yazmışdır ki, ona şəklini göstərdiyi mesajı Daxili İşlər Nazirliyinə göndərdiyinə görə, orada olan mobil telefon nömrəsinə əsasən Rəvan adlı dostunu saxlayıb polis idarəsinə aparmışlar. O, həmin vaxt bilmişdir ki, Mehdi həqiqətən də təhdid mesajını Daxili İşlər Nazirliyinə göndərmişdir. O, Mehdinin bu hərəkətini pisləyərək ona yazmışdır ki, yaxşı iş görməmiş, dostunu pis vəziyyətdə qoymuşdur. Həmçinin ona yazmışdır ki, dövlətlə və dövlət orqanları ilə belə bir zarafat etmək olmaz. Mehdi bildirmişdir ki, mesajını belə ciddiyə alacağını düşünməmişdir. O, Mehdinin bu hərəkətinə görə onun “İnstagram” səhifəsindən çıxmış və sonradan onunla əlaqə saxlamamışdır (cild 1, iş vərəqi 52-54). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı, «ACM» modelli mobil telefona baxış keçirilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefonda 23 oktyabr 2024-cü il tarixdə AZE 18057530 nömrəli şəxsiyyət vəsiqəsi ilə, 10 sentyabr 1983-cü il təvəllüdlü, Azərbaycan, Saatlı, Yuxarı Şacıqasımlı kəndində doğulmuş, Saatlı rayonu, Naharlı kəndində yaşayan, faktiki yaşayış yeri Saatlı rayonu, Yuxarı Nacıqasımlı kəndi, mobil telefon nömrəsi (+994)51-612-31-69 olan X4 adından Daxili İşlər Nazirliyinə yazılmış «Azərbaycan Təhlükəsizlik Xidmətinə səslənirəm.X3, xx.xx.2024 tarixində Bakıda yerləşən “X11”da terror aktı törədəcəm. Mənimlə əlaqəyə keçin. Deyəcəyim pulu deyəcəyim cripto hesabıma köçürmədiyiniz təqdirdə, görüb görməyəcəyiniz terror aktı baş verəcək» məzmunlu məktub müəyyən edilmişdir. Qeyd edilən məktubun fotoşəkili çəkilməklə printerdə çap edilərək baxış protokoluna əlavə olunmuşdur (cild 1, iş vərəqi 45-46). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 3301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xatakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlıqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs başqalarına qarşı laqeydlik, eqosentrizm, diqqət çəkməyə çalışmaq və s. kimi fərdi-psixi xüsusiyyətlə malikdir. Qeyd edilən xüsusiyyətlərin onun tərəfindən hüquqa zidd hərəkətlər edilərkən mənfi təzahürləri istisna edilmir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasına anlaya bilərdi. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır (cild 1, iş vərəqi 100-102). Cinayət işi materiallarında olan X4 adından 23 oktyabr 2024-cü il tarixdə saat 10:59da Daxili İşlər Nazirliyinin «www.mia.gov.az» elektron poçtuna daxil olmuş məktubun məzmunundan görünür ki, 25 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 68 ünvanında yerləşən «X10» ticarət mərkəzində terror aktı törədiləcəyi bildirilmişdir (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 91). Cinayət işinin materiallarında olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung» markalı, «A04» modelli mobil telefon və onun tərəfindən 23 oktyabr 2024-cü il tarixdə saat 10:59-da Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin www.mia.gov.az saytına ünvanlanmış elektron məktub iş üzrə maddi sübut kimi tanınmış, «Samsung» markalı, «A04» modelli mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, elektron məktub cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 115-120). Cinayət işinin materiallarında olan Qazaxıstan Respublikası Cinayət Məcəlləsindən çıxarışdan görünür ki, həmin Məcəllənin 273-cü maddəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur (cild 1, iş vərəqi 96- 98). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,216-cı maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 29). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 81-87). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edibi səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən Bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsinə əsasən terror aktının hazırlanması barədə bilərəkdən yalan məlumat vermə beş min aylıq hesablama göstəricisinədək miqdarda cərimə və ya eyni miqdarda islah işləri və ya beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1 və Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 80-ci madəsinə əsasən yetkinlik yaşına çatmayanlar, cinayət törədərkən on dört yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər hesab olunurlar. Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi beş ildən artıq olmayan əməllər orta ağır cinayətlər hesab olunur. Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinin 7-ci hissəsinə əsasən yetkinlik yaşına çatmayana az ağır və ya ölümə səbəb olmayan orta ağır cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Göründüyü kimi Qazaxıstan Respublikasının Cinayət Məcəlləsi orta ağır cinayətə görə yetkinlik yaşına çatmayan şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qadağan edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, həmin Məcəllənin 12.5-ci maddəsi bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox cəza təyin edilməsini qadağan etdiyindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, qeyd edilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbayca Respublikasının CM-in 12.1,216-cı maddəsinə əsasən 600 manat cərimə cəzası təyin edilməli, CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 28 oktyabr 2024-cü il tarixdən 15 iyul 2015-ci il tarixədək olan müddət nəzərə alınmaqla onun cəzası yüngülləşdirilərək qəti olaraq 300 manat cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhər Nəsimi RPİ-də saxlanılan 1 ədəd “Samsung” markalı, “A042 modelli mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, -1 ədəd elektron məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,216-cı maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 600 (altı yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdən 15 iyul 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilən cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 300 (üç yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar: -Bakı şəhər Nəsimi RPİ-də saxlanılan 1 ədəd “Samsung” markalı, “A04” modelli mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, -1 ədəd elektron məktub cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1074/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1074/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver