Məhkəmə qərarları › İş №1(101)-1076/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1076/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1076/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Xanlıqlar ərazi dairəsi, Xanlıqlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq 1 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi-1,101 qram maddə (bitki mənşəli kütlə), tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,625 qram olan kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çiynindən asdığı qara rəngli dəridən olan çantanın içərisində 3 ədəd şəffaf bükümlərdə saxlayıb daşıyaraq, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 16 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi ev 6 ünvanının qarşısında saxlanılmış və 13-cü PB-nə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitələr və psixotrop maddə, habelə səthində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi çiynində asdığı qara rəngli dəridən olan çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitələrin müxtəlif növlərini çəkmək yolu ilə qəbul edir. O, Fərid adlı şəxslə münasibət saxlamış, Fəridin anket məlumatlarını və telefon nömrəsini bilmir. Səhv etmirsə Fərid hazırda Ukraynadadır, Fəridlə indi münasibəti yoxdur. Fərid ona İran İslam Respublikasının vətəndaşı Şahbuzun nömrəsini vermiş və bildirmişdir ki, Şahbuz narkotik satır. Şahbuzla yalnız bir dəfə «Whatsapp» vasitəsilə görüntülü danışmış, Şahbuzla birbaşa tanış deyil. O, Fəridin vasitəsilə Şahbuzla telefon əlaqəsi yaratmış, sonuncu ona bildirmişdir ki, narkotik sata bilər. O, 150 manatı ödəyib, Şahbuzun telefonla ona dediyi yerə Novxanı qəsəbəsi, “Sait” restoranının qarşısında yerləşən işıq dirəyinin altından götürmüşdür. Həmin narkotik vasitəni özü qəbul etmək üçün alıb üzərində gəzdirmişdir. Şahbuzun kuryerlərini isə tanımır. 16.01.2021-ci il tarixdə saat 18:30-da o, Bakıxanov qəsəbəsində yaşadığı evdən çıxıb gəzməyə gedərkən 2 nəfər mülki geyimdə olan şəx ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu 13-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində video görüntü vasitəsi ilə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı ona üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və ya maddə gəzdirirsə onları özü təqdim etməyi təklif etmişlər. O, özündə olan çantasını açaraq çantanın içərisində özünə məxsus olan “İphone” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, 1 ədəd şəffaf bükümdə olan narkotik vasitə sayılan kakos “heroini", 1 ədəd şəffaf bükümdə olan narkotik vasitə sayılan şüşə “metamfetamini”, 1 ədəd şəffaf bükümdə olan narkotik vasitə sayılan mastinka “həşiş qətranı” nı təqdim etmiş və onlara da bildirmişdir ki, öz istifadəsi üçün «Whatsapp» vasitəsilə danışdığı İran vətəndaşı Şahbuz adlı şəxsin ona bildirdiyi Novxanı qəsəbəsi, “Sait” restoranının qarşısında işıq dirəyinin altından 150 manata əldə etmişdir. Bundan sonra təqdim etdiyi bükümlərdə olan narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. O, hamilə olduğu üçün, onu bağışlamağı xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** saylı telefon nömrəsi ona məxsusdur. Telefon danışıqlarında göstərilən nömrələrlə onun SMS yazışmaları olsa da, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İran vətəndaşı Şahbuzun telefon nömrəsini ona Fərid adlı tanışı vermişdir. Onda tərəzi olmamışdır. O, təxminən 2 il əvvəl qeyri-rəsmi ailə qurmuşdur. Bu hadisədən sonra həmin şəxsdən ayrılmış və hal-hazırda hamilədir. O, əvvəllər siqaret çəkmiş, təxminən 1 il olar ki, narkotikdən istfadə etməyə başlamışdır. Həbsə düşəndən sonra bilmişdir ki, hamilədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 16 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil omuş məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16.01.2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi ev 6 ünvanının qarşısında saxlanılaraq 13-cü PB-nə gətirilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq, özünə məxsus çantanı açaraq çantanın içərisində “İphone” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, bir ədəd elektron tərəzini, 1 ədəd şəffaf bükümdə olan narkotik vasitə sayılan kokos “heroini”, 1 ədəd şəffaf bükümdə olan psixotrop maddə sayılan şüşə “metamfetamini”, 1 ədəd şəffaf bükümdə olan narkotik vasitə sayılan mastinka “həşiş qətranı” nı təqdim edərək öz istifadəsi üçün «Whatsapp» vasitəsilə danışdığı İran vətəndaşı Şahbuz adlı şəxsin ona bildirdiyi Novxanı qəsəbəsi, “Sait" restoranının qarşısında işıq dirəyinin altından götürdüyünü və əvəzində 150 manat pul ödədiyini bildirmişdir. Bundan sonra Nəcibənin təqdim etdiyi 3 ədəd şəffaf bükümdə olan narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin üzərində tərəzi də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etməsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxsin barəsində əvvəllər narkotik vasitəni saxlaması, satması və istifadəsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 16 yanvar 2021-ci il tarixli raportundan görünür ki, ünvan 1 ünvanında yaşayn Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 yanvar 2021-ci il tarixli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16.01.2021ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi ev 6 ünvanının qarşısında saxlanılaraq 13-cü PB-nə gətirilmiş və 13-cü PB-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəridən olan çantanın içərisində olan 1 ədəd elektron tərəzini, 1 ədəd şəffaf bükümdə olan kristal şəkildəki maddəni, bir ədəd şəffaf bükümdə olan qəhvəyi rəngli spesifik qoxuya malik maddəni və bir ədəd şəffaf bükümdə olan qara rəngli narkotik vasitəyə bənzər maddəni, “İphone” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini təqdim edərək, həmin bükümdə olan maddələrin “kakos”, “şüşə” və “mastinka” adlı narkotik maddələr olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri 15.01.2021-ci il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, özünü Şahbuz kimi təqdim edən şəxslə ona məxsus +**********75 saylı mobil nömrənin “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb, həmin Şahbuz adlı şəxs 150 manat dəyərində həmin narkotik maddələri Novxanı qəsəbəsində yerləşən “Salt” restoranının qarşısında işıq dirəyinin altına qoyub, özü isə həmin yerə gedərək pulu qoyub narkotik maddələri götürmüşdür. Həmin aşkar olunmuş 3 ədəd sellofan bükümlər qablaşdırılaraq götürülmüş, həmçinin, şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb digər sənəd və ya əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2021-ci il tarixli 7/81 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi- 1,101 qram maddə (bitki mənşəli kütlə), tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkidindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Cinayət işinin 48-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2021-ci il tarixli 6/210 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi...” sözləri olan zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,802 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 3,625 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 5(008)-41/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 16.01.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 yanvar 2021-ci il tarixli DVD-R diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs razılığı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, çiynindən asdığı kiçik qara dəridən olan çantanı açaraq çantanın içərisində bir ədəd “İphone" markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini , bir ədəd elektron tərəzini, 1 ədəd şəffaf bükümdə olan özünün dediyinə görə narkotik vasitə sayılan “kakosu”, 1 ədəd şəffaf bükümdə olan özünün dediyinə görə psixotrop maddə sayılan “şüşəni”, 1 ədəd şəffaf bükümdə olan özünün dediyinə görə narkotik vasitə sayılan “mastinkam" təqdim edərək öz istifadəsi üçün “Whatsapp" vasitəsilə danışdığı İran vətəndaşı Şahbuz adlı şəxsin ona bildirdiyi Novxanı qəsəbəsi, “Salt” restoranının qarşısında işıq dirəyinin altından götürdüyünü və əvəzində 150 manat pul ödədiyini bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 yanvar 2021-ci il tarixli “İphone 5” markalı mobil telefonuna baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd «İphone» 5 markalı mobil telefona baxış keçirilərkən həmin mobil telefonda “***-***-**-**” mobil nömrəsinin olması müəyyən edilmişdir. Telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat – sms yazışmaları və.s aşkar edilməmiş və mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 116-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 13-cü Polis Bölməsindən daxil olmuş 15 mart 2021-ci il tarixli, 075-1200- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini, həşiş qətranı və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2021-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan və cinayət işinin 119-cu vərəqəsində olan “xxxx” MMCdən daxil olmuş bir ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş və baxış zamanı müxtəlif məzmunda sms yazışmaları müəyyən edilmişdir. Bundan başqa, məhkəmə baxışında cinayət işinin 119-cu vərəqəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan məlumatların mətnindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 06.12.2020-ci il tarixdən– 16.01.2020ci il tarixədək aşağıdakı məzmunda sms-mətnləri daxil olmuş və sonuncunun nömrəsindən sms mətnləri göndərilmişdir: Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən edilmiş ***-***-**-** mobil nömrəsindən müxtəlif mobil telefon nömrələrinə aşağıdakı məzmunda smslər göndərilmişdir: -07.12.2020-ci il tarixdə saat 11:57:32-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Telfonum xarabdi yazda .alinirsa goturekde agriyiram” məzmunlu mesaj; -07.12.2020-ci ildə saat 15:54:28-də və 15:54:35-də Təqsirləndirilən şəxs ***-***-**- ** saylı nömrəsindən ***-***-**-** nömrəsinə “Pulu xercleme bew manatda olsa saxlaki yol pulu olsun Mali goturmeye getmeycun” məzmunlu mesaj; -07.12.2020-ci ildə saat 16:42:55-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** mobil nömrəsinə “İranlini gozleyirem.sen neynedin gelde bura” məzmunlu mesaj; -07.12.2020-ci ildə saat 16:44:56-da N.Şahvəlovanın ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Sirus diyir yanima gelir gelsin gorum diyir ne oldu. Rovwen burdadi bidene cet getirdi ozude mende bir iki tustu cekdim…” məzmunlu mesaj; -07.12.2020-ci ildə saat 16:50:47-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Baxda awkim gozleyirem seni. Rovwen yanimdadi da dur gel burdan gotursun versin. Onsuz gelmelisen de bura ki gedek malida goturek. Atacaq harda olsa” məzmunlu mesaj; -07.12.2020-ci ildə saat 19:30:44-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə «goturummu seni…senol paltarlarimi axtardim axir tapdim o 50 qram tapmiwdiqe guclu mal bax ondan tapdim and ola cekmiwem nece kulyvat verib…» məzmunlu mesaj; -08.12.2020-ci ildə saat 18:50:48-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “y gelde kartımı veresıdı bırde kola get gotur gel de tez bura” məzmunlu mesaj; -09.12.2020-ci ildə saat 21:24:28-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Yoxe ureim yoxumdu.sabah olacaq .ozum de agridayam” məzmunlu mesaj; -11.12.2020-ci ildə saat 19:25:29-da Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** saylı nömrəsinə “Patida tapdim kakida tapdim pulda duzeltdim qalardin da burda vererdim ele gederdinde .ele qacirsan .bawa duwurem evdeki problemleri senden cox men fikir” məzmunlu mesaj; -16.12.2020-ci ildə saat 16:39:38-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** nömrəsinə “Dayi tema lazimdisa yig meni dunen dediyim yerde alinir .isteyirsen se gel goturum verim” məzmunlu mesaj; -17.12.2020-ci ildə saat 12:50:42-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Nicat sabahin xeyir ureim. Ureim mende veziyyet birez pisdi pul para baximdan. Ozumde agriyiram. Mene birez kola vererdin imkan varsa. Axwama kola ya pul para olacaq qaytararam. Dehwet pis agriyiram he yox elede mene canimsan” məzmunlu mesaj; -20.12.2020-ci ildə saat 14:22:15-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Ureim evde tekem dayi gordu evi taniyir. İstesen kecersen ozumuz sobet ederik. Rovwendeki 05 pati goturub dunen menden nisye menide bloka atib. Cindirin balasi hele bilirki ev pulu vermeliyem bu gun. Mene dediler ki sen mene komeklik elemek istemisen yeni nisye falan el tutmaq istemisen bu” məzmunlu mesaj; -26.12.2020-ci ildə saat 17:21:31-də N.Şahvələdvanın ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Pati falan istiyib eleyen yoxdu ureim?” Məzmunlu mesaj; -29.12.2020-ci ildə saat 00:48:36-da Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Catim xeber eleyecem . Sene ne qeder kola lazim idi” məzmunlu mesaj; -29.12.2020-ciildə saat 00:53:38-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Sen ol ikimizin cani mende ne kola var ne de pul var. usaq goturub ozune.bele istiyirsen deyim bidene 10luq cet duzeltsin.” məzmunlu mesaj; -29.12.2020-ci ildə saat 01:03:45-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “e senle goruwecem. Patiya da gelende onu sene qret eledim. Oz temami goture bilmedim .cunki men patiyla barter eleyecekdim. ….. kola veren adam da ki pul istedi. Pati istemedi. Patisida var idi deye” məzmunlu mesaj; -29.12.2020-ci ildə saat 14:52:58-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Elnur neynirsen ureim.? Salamatciliqdimi? Mene bidene komeklik eleyerdin . Pul duzeltmeliyem . Mende de pati var ancaq .lazim olsa kurs elede bawiva donerem.” məzmunlu mesaj; -29.12.2020-ci ildə saat 15:02:53-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Yigarsan meni. Gor pati istiyen yoxdu. Bidene oturerdikde . Pul duzeltmeliyem” məzmunlu mesaj; -29.12.2020-ci ildə saat 15:11:01-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Hesen ureim bidene bawiva donerem tema lazim olsa kurs ele mene helelik ancaq pati varimdi. Dunen getdim kola goture bilmedim. Mende pul yox idi patiyla” məzmunlu mesaj; -31.12.2020-ci ildə saat 00:17:50-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Patim yoxdu . Sabah olacaq. Bayaq elnur gile dedim gozledim gelib cixmadilar. Bidene yer var idi anawkinde fidan yolu terefde” məzmunlu mesaj; -08.01.2021-ci ildə saat 06:06:25-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** nömrəsinə “lacaq o zaur diyirdim e o. Gelende daniwacam i dalwisini. Yigacam indi gelersen yaxwimi. Her weyim var kolada patida” məzmunlu mesaj; -15.01.2021-ci ildə saat 22:22:04-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** saylı nömrəsinə “Amil gelirsenmi kolada eladi patida dawdi ancaq . Lezzet eledi mene wexsen senol. Qram kolani 30 verir yari patinida 30 ” məzmunlu mesaj; -15.01.2021-ci ildə saat 22:31:35-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Kolani gelirem gotur” məzmunlu mesaj; -15.01.2021-ci ildə saat 22:33:19-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Belee mal goturdum mawin falan varsa ozun kec telfonu ver mende mal verim birez” məzmunlu mesajlar göndərilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə müxtəlif nömrələrdən aşağıdakı məzmunda mesajlar gəldiyi müəyyən edilmişdir: -06.12.2020-ci ildə saat 14:01:15-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “MATİ.KELİM.05VER..LOMKADAYAM.” məzmunlu mesaj; -09.12.2020-ci ildə saat 21:23:48-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “2 dene kola lazimdi alindira bileriy?” məzmunlu mesaj; -13.12.2020-ci ildə saat 15:46:14-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “MATİ.3QRAM.LAZMDİ..” məzmunlu mesaj; -17.12.2020-ci ildə saat 15:12:51-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə“Mati.10manat.var.kelim.mene05.veresen..kartma.pulu.vurmyublar” məzmunlu mesaj; -28.12.2020-ci ildə saat 21:39:22-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ay ureyim mana adiva layiq birdana 0.5, birda 5manatliq” məzmunlu mesaj; -28.12.2020-ci ildə saat 21:45:28-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “0.5 kolla, birda 5manatdig pati. Cami 25man pul var. Xai$ ediram onlari babat elada,bilsan man bu pulu nece dvijeniynan elda etmi$am!!! Naisa ureyim ma$i” məzmunlu mesaj; -30.12.2020-ci ildə 20:48:19-da ***-***-**-** mobil nömrəsindən nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Yemey yeyirem can yeyim gelirem Amma moti bir bawa senle qoruwum nolar cunki odefe qaqawnan qoruwdum az verdi colani” məzmunlu mesaj; -31.12.2020-ci ildə saat 00:16:42-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “He yari pati lazimdi” məzmunlu mesaj; -31.12.2020-ci ildə saat 18:30:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Bir gram kola yari pati” məzmunlu mesaj; -04.01.2021-ci ildə saat 03:18:12-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ay qiZ terezilik iwim var.xeyli kolam var ,cekim w21xpyH illlb.10-15 degelik iwim var terezilik,yatmiyibsan sa viZiv at bilim.gelib sene de yarim tema ve” məzmunlu mesaj; -09.01.2021-ci ildə saat 17:51:39-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Moti elvindi kola lazimdi goturde” məzmunlu mesaj; -09.01.2021-ci ildə saat 19:01:01-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Moti me biraz kola vere bilersenmi gelsem qadasi met de sab gotrerdim olarmi” məzmunlu mesaj; -15.01.2021-ci ildə saat 19:44:23-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Motu agrldayam mal biraz mal getir gel verim teli sene” məzmunlu mesaj; -15.01.2021-ci ildə sata 22:27:16-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Pati bahadi kolani gelirem goturem hara gelim” məzmunlu mesaj; -15.01.2021-ci ildə saat 22:31:32-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Kolani gelirem goturem.patiniawaqi ela onuta goturum..?” məzmunlu mesaj; -15.01.2021-ci ildə saat 23:01:35-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “men gelirem taksiynen meni gozdetme yari pati yari kola 5 deyqiye ordayam” məzmunlu mesaj; -16.01.2021-ci ildə saat 11:45:13-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Moti men sroc cavap ver tema lazimdi...?” məzmunlu mesajlar göndərilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə daxil olan və çıxan sms mətnləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, Həşiş qatranı 0,4 qramı şəxsi istehlak miqdarından artıq, 40 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsindən daxil olmuş 23 fevral 2021-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinə zamanı toplanmış anamnestik məlumatlara və müayinələrin nəticəsinə əsasən ona 10-11 həftəlik hamiləlik diaqnozu qoyulmuşdur. Hazırda onun hamiləliyi 14-15 həftəliyə uyğun gəlir. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 26 mart 2021-ci il tarixli, 8242 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 126-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2021-ci il tarixli 1218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şətlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs hamilə olması ilə əlaqədar olaraq, ona narkomaniyadan mcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti hamilə vəziyyətdə törətməsini onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 11-ci vərəqəsində olan 16 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 91-93-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 4(008)-30/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,081 qram həşiş qətranı, 0, 752 qram heroin və 3, 575 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı özündə əks etdirən 01 (bir) ədəd DVD-R disk və “xxxx” MMC-dən alınmış 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 148.28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,081 qram həşiş qətranı, 0, 752 qram heroin və 3, 575 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı özündə əks etdirən 01 (bir) ədəd DVD-R disk və “xxxx” MMC-dən alınmış 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 148.28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar