Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1077/2020 27.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən marketin yaxınlığında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşdıqdan sonra Zərərçəkmiş şəxs onu döyərək qəsdən yüngül bədən xəsarəti yetirməsilə barışmayıb intiqam hissi ilə yaşadığı evdən bıçaq götürüb saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi 28-ci dalan, 25 saylı evin qarşısına gəlib çağırmış və Zərərçəkmiş şəxs evin qarşısına gələndə özü ilə gətirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir zərbə endirərək ona mədənin və böyük piyliyin yaralanmasına səbəb olan, qarının ön divarının periton boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qəsdən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 8 ildir ki, ata və anası ilə yaşayır, əvvəllər evli olmuş, hazırda nikahı rəsmi olaraq pozulmuş, himayəsində iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs Kürdəxanı qəsəbəsindən 6 ildir ki, tanımaqla hadisə gününə kimi onunla yaxşı səmimi münasibəti olmuş, aralarında heç bir mübahisə və münaqişə olmamışdır. xx xxxx 2020-ci il tarixində, saat 22 radələrində Tural Əsgərov adlı qonşusu və Zərərçəkmiş şəxsla birlikdə yaşadığı evin yaxınlığında yerləşən Radiq adlı tanışının ərzaq dükanından pivə və məzə alıb, dükanın qarşısında birlikdə yeyib içmişlər. Bu zaman o, Ceyhundan borca 50 manat pul istəmiş, Ceyhun da ona 100 manat verdikdən sonra, qarşılığında Ceyhuna 40 manat pul qaytarmış, başqa pulu olmadığından 10 manat qalıq hissəsini verə bilməmişdir. Bir qədər yeyib içdikdən sonra Ceyhun da, o da bir qədər sərxoş olmuş və söhbətlərinin gedişatında Ceyhun az əvvəl onun sonuncuya borclu qaldığı 10 manatla bağlı onun ünvanına təhqiramiz ifadələr işlədərək, söyüş söyməyə və onunla ana zarafatı etməyə başlamışdır. O, Ceyhunun bu sözlərinə qarşılıq sonuncuya iradını bildirərək, belə zarafat etməməsini xahiş etmiş, Ceyhunun həmin zarafat və söyüşləri ilə bağlı Radiq də sonuncuya irad bildirmişdir. Bir qədər sonra o, Tural və Ceyhun birlikdə yolda gedərkən, az əvvəl qarşısında söhbət etdikləri mağazanın təxminən 800-900 metrliyində məhəllə arasında olarkən Ceyhun Turalla da mübahisə etməyə başlamışdır. O, Turalla Ceyhunu ayırmaq istəyərkən Ceyhun onu sol üz nahiyəsindən vurduğundan, göz nahiyəsindən qan gəlməsi ilə müşayiət olunan xəsarət almış və yerə yıxılmışdır. Ağrıdan yerdə qıvrıldığı zaman Tural oradan aralanıb getmişdir. O, ayılanda evdə olduğunu və qardaşı İltimasın üzünə su vurduğunu görmüş, həmin vaxt Turalın gələrək onun qardaşına məlumat verdiyini öyrənmişdir. O özünə gəldikdən sonra mətbəxdən ümumi uzunluğu təxminən 10 sm olan qara dəstəkli bıçağı götürüb Ceyhunu tapıb cəzalandırmaq üçün evdən çıxmışdır. Həmin gün saat təxminən 23:45 radələrində o, Ceyhunun yaşadığı evə gedib sonuncunu çölə çağırmışdır. Ceyhun evindən çıxıb ona yaxınlaşaraq, sonuncunun yenə onu təhqir etmişdir. Həmin vaxt Ceyhunun əlində dəmir parçası olduğunu görüb, heç bir söz demədən bir bıçaq zərbəsi ilə Ceyhunun qarnından vurmuş və oradan aralanıb çıxıb getmişdir. Yolüstü taksiyə minib, Məmmədli qəsəbəsində yaşayan Natiqin yaşadığı evə getmiş, gecə saatları olduğundan və sərxoş olduğundan həmin gecə daha sonra nə etdiyini xatırlamamış, çox güman ki, elə orada gecələyib yatmışdır. xx xxxx 2020 tarixində polis əməkdaşları elə dostu Natiqin evindən bölməyə dəvət etmişlər. Bildirir ki, etdiyi əməldən peşman olmaqla, hadisəni məhz az əvvəl Ceyhunun ona yetirdiyi xəsarət səbəbindən törətmişdir. Hadisədən əvvəl Ceyhun mağazanın qarşısında söhbət etdikləri müddətdə, təxminən on dəqiqə boyunca onu və anasının ünvanına təhqiredici ifadələr işlətmişdir. Ceyhunun ona yumruqla göz nahiyəsindən xəsarət yetirməsinə Tural şahid olmuşdur. Ceyhunu evdən çölə çağırması ilə, sonuncunu bıçaqla vuraraq oradan uzaqlaşması təxminən cəmi üç dəqiqə çəkmiş, həmin vaxt ətrafda heç kəs olmamışdır. O, Ceyhuna mətbəx bıçağı ilə xəsarət yetirmiş, həmin bıçağı isə oradan çıxıb gedərkən hazırda xatırlamadığı yerə tullamışdır. Ceyhunla aralarında mübahisə onun Ceyhuna borclu qaldığı 10 manata görə yaranmış, Ceyhun onu həmin məsələyə görə söyüb təhqir edərək, ana zarafatı etmiş, daha sonra isə heç bir səbəb olmadığı halda göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bildirir ki, baş vermiş hadisəyə görə peşmandır, Ceyhunla daha əvvəl aralarında heç bir problem olmamaqla, zərərçəkmiş şəxslə barışmışdır. Göstərdiyi halları nəzərə almaqla, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun mahiyyət etibarı ilə etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kürdəxanı qəsəbəsi,yeni yaşayış massivi 28-ci dalan ev 25də 8 ildir yaşamaqla, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanımış, aralarında münasibətləri normal olmuşdur. xx xxxx 2020-ci il tarixində evində spirtli içki qəbul etdikdən sonra saat 22 radələrində Radiq adlı şəxsin ərzaq mağazasına siqaret almaq üçün getmişdir. Bu zaman Kürdəxanı qəsəbəsində yaşayan Tural adlı 4-5 ildir tanıdığı şəxsi və Arzunu görüb, mağazada birlikdə söhbət etmiş və spirtli içki alaraq, bayram günü olduğundan birlikdə mağazadan çıxıb bir qədər içki içmişlər. Sonrakı dəqiqələrdə Təqsirləndirilən şəxs ondan 50 manat borca pul istəmiş, o da Arzuya 100 manat pul vermiş, Arzu isə qarşılığında ona 40 manat qaytarmış, lakin 10 manatı verməmişdir. O da hirslənib Arzuya yaxınlaşıb, yaxasından tutub hazırda xatırlamadığı ifadələr işlətməklə, Arzudan pulunu qaytarmağı tələb etmişdir. Bu zaman Arzu yumruqla onun üz nahiyəsindən vurmuş, o isə sağ yumruğu ilə Arzunun üz nahiyəsindən zərbələr vurub yerə yıxmış, sonra oradan çıxıb getmişdir. Həmin gün saat 23:45 radələrində yaşadığı Kürdəxanı qəsəbəsi, YYM 28-ci dalan, ev 25-in qarşısında olarkən evinin qapısının döyüldüyünü eşidib, qonşu uşaqların qapıya papaq atdığını zənn edib qapıdan çölə çıxdıqda, qapının qarşısında Arzunun dayandığını görmüşdür. Arzu onu nəyə görə döydüyünü soruşduqda o, sonuncuya sabah söhbət etmələrini məsləhət görsə də, Arzu üzərinə gəlib qarın nahiyəsindən əlindəki bıçaqla bir dəfə vurmuşdur. Onu bıçaqla vurduqdan sonra Arzu oradan qaçıb getmiş, o isə evə keçib arvadına bu barədə demişdir. Arvadı təcili tibbi yardıma zəng edib kömək çağırmış, həmçinin polisə də məlumat vermişdir. Bir qədər sonra yaşadığı evə Tural və Arzunun kiçik qardaşı Röyal da gəlib onu həkimə aparmaq istəsələr də, həmin vaxt oraya gələn TTYS-nın avtomobili ilə 3 saylı xəstəxanaya aparılmışdır. Bildirir ki, Təqsirləndirilən şəxs mübahisə vaxtı ona bir bıçaq zərbəsi vurmuş, o da Arzuya yumruq zərbələri ilə xəsarət yetirmişdir. Evin qapısının döyülməsindən sonra Arzunun onu bıçaqla vurub hadisə yerindən çıxıb getməsi təxminən 2-3 dəqiqə çəkmiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Düşünür ki, Arzunun onu bıçaqlamasının səbəbi Arzunu döyməsi olmuşdur. Belə ki, Arzu ona yumruq vurduqdan sonra o, Arzunu yumruqla vurub döyüb yerə yıxmış və oradan çıxıb getmişdir. Arzunu döyməyinə görə də Arzu hirslənib ona bir bıçaq zərbəsi vurmuşdur. Arzu ondan 50 manat borc pul istədikdə, o, Arzuya bir ədəd yüz manat əsginas vermişdir ki, ona 50 manat qalıq qaytarsın. Arzu isə ona 40 manat qaytarmış və bu zaman sərxoş olduğundan Arzunun onu aldatmaq istədiyini düşünüb, Arzunu təhqir edib yaxasından tutub qalan 10 manat pulunu da istəmişdir. Arzu isə onun təhqiramiz ifadələrinə görə ona yumruqla üz nahiyədən zərbə endirmiş, o da Arzunun onu vurması ilə barışmayıb onu yumruq, təpiklə vurmuş və əlbəyaxa olmaqla yerə yıxılmışlar. Bundan sonra Arzu yerdə uzanıqlı vəziyyətdə qalmış, o isə oradan yaşadığı evə çıxıb getmişdir. Son olaraq göstərdi ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır, Ceyhunu isə qiyabi olaraq tanımış, Ceyhunla Arzunun yaxın münasibətlərinin olduğunu bilmişdir. xx xxxx 2020 tarixində, saat 22-45 radələrində evdə olarkən qonşuları Tural onu çağırıb Arzuyla Ceyhunun dalaşması barədə məlumat verdiyindən, Turalla birlikdə Arzugili axtarmışlar. Bu zaman yol ilə Ceyhunun sərxoş halda onlara tərəf gəlməsini görmüş, Ceyhun Arzudan aralandığını onlara deyib, yoluna davam etmişdir. Bir qədər irəli getdikdən sonra qaranlıqda yolun kənarında yerə yıxılmış vəziyyətdə Arzunu üzü qanayan formada görmüş, bu zaman Arzu ona Ceyhunun onu vurduğunu demişdir. Turalla köməkləşib Arzunu evə apardıqdan sonra, Tural çıxıb getmiş, o və ailə üzvləri isə Arzunu tənbeh etmişlər. Təxminən saat 23:45 radələrində Arzunun evdə olmadığını görüb, Arzunun Ceyhunla dalaşmaq üçün evdən çıxıb getdiyini düşünüb, Turalla birlikdə Ceyhunun yaşadığı evə getmişlər. Onlar oraya çatanda Arzunun yaxınlıqda əlində bıçaqla getdiyini, Ceyhunun isə yaşadığı evə daxil olduğunu görmüşlər. Bu zaman Tural qapını döyüb Ceyhunu çağırmış, o isə qaçaraq Ceyhunu həkimə aparması üçün avtomobilini gətirməyə getmiş, Arzu da oradan çıxıb getmişdir. Ceyhunun yaşadığı evə daxil olduqdan sonra, sonuncunun ailə üzvləri artıq TTY çağırdıqlarını bildirib, onlarla həkimə getməyə ehtiyac olmadığını demiş və onlar birlikdə TTY-ni gözləyib, onunla Ceyhunu xəstəxanaya aparmış, orada Ceyhunun qarın nahiyəsindən ağır bıçaq xəsarəti aldığını bilmişdir. Ertəsi gün, yəni xx xxxx 2020-ci il tarixində polislər Arzunu istintaq şöbəsinə aparmışlar. Sonradan bilmişdir ki, Arzu döyülərək Ceyhun tərəfindən xəsarət aldığından, yaşadığı evdən gizlin şəkildə bıçaq götürüb Ceyhuna yaşadığı evin qarşısında qarın nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Eşitdiyinə görə Arzu Ceyhundan borca pul istəmiş, ciddi səbəb olmadan Ceyhun Arzu ilə mübahisə edib, dalaşaraq qardaşını döymüşdür. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Kürdəxanı qəsəbəsində 9 ildir yaşamaqla, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs elə həmin müddətdə qonşu kimi tanımış, bundan öncə onların arasında münaqişə olmamışdır. xx xxxx 2020 tarixində 22 radələrində o, evindən çıxıb qonağı olduğundan ərzaq almaq üçün Radiq adlı şəxsin ərzaq mağazasına getmişdir. Bu zaman orada Ceyhunu və Təqsirləndirilən şəxs görmüşdür. Orada Arzu spirtli içki alıb özü də içib, onlara da vermiş, birlikdə bayramlaşıb içki içmişlər. Sonra mağazadan çıxıb birlikdə 28-ci dalan istiqamətinə doğru getmiş, hər ikisi sərxoş vəziyyətdə olmuş, bir-biriləri ilə zarafat etmişlər. Bir neçə dəqiqə sonra Arzu Ceyhundan 50 manat borc istəmiş, Ceyhun isə etiraz etməyib evinə gedib ona 100 manat pul gətirmiş, Arzu isə ona cəmi 40 manat pul qaytarmışdır. Bu zaman onlar arasında mübahisə yaranmış, Ceyhun əvvəlcə onu oradan qovmağa başlamış, qışqıraraq isə Arzuya onu aldatmaq istədiyini pulunu tam qaytarmağı yəni daha 10 manat verməli olduğunu demişdir. Sonra isə Arzu Ceyhunu yaxasından buraxması üçün yumruqla vurmuş, daha sonra Ceyhun Arzunu vurmuş və Arzu oradan qaçmışdır. Ceyhun yerdən iri daş parçası götürüb Arzunun arxası ilə qaçmışdır. O isə onların arxasınca getməyib, yaşadığı evə doğru getmişdir. Yol qaranlıq olduğundan sonrakı saniyələrdə Ceyhunun “Arzu ayağa qalx” deməsini eşitmişdir. O isə Arzunun qardaşı Röyalı evindən gedib çağırıb münaqişə barədə məlumat vermişdir. Royalla birlikdə onları axtarmış, bu zaman Ceyhunun gəlməsini görmüş, Ceyhun Arzudan aralandığını sərxoş halda onlara demiş, sonra isə yerə yıxılmış vəziyyətdə Arzunu görmüşlər, onun xəsarət almasını müəyyən etmişlər. Arzu daş parçası ilə Ceyhunun onu vurmasını demişdir. Sonra Arzunu evlərinə aparmış, ailə üzvləri onu tənbeh etmişdir. O, oradan aralanıb evə getmişdir. Saat 23:45 radələrində Royal onu evdən çağırıb Arzunun evdən çıxıb harasa getməsini demiş və Ceyhunla dalaşa biləcəyini bildirib Ceyhunun yaşadığı evə getməyini xahiş etmişdir. Onlar oraya gedəndə Arzunun əlində bıçaqla Ceyhunun evinin qapısında dayandığını, Ceyhun isə evlərinə daxil olub, qapılarını örtdüyünü görmüşdür. Arzu Ceyhunu bıçaqladığını demişdir. O, dərhal Ceyhunu çağırmağa başlamış, Röyal isə qaçaraq avtomobilini gətirməyə getmişdir ki, Ceyhunu həkimə aparsınlar. Arzu isə oradan aralanıb getmişdir. Sonrakı zamanda təcili tibbi yardım avtomobilini qarşılayıb, Royalla Ceyhunu xəstəxanaya aparmışlar. Ceyhun ağır xəsarət almasını görmüşdür. xx xxxx 2020 tarixində isə polislər Arzunu tapıb istintaq şöbəsinə aparmışlar. Arzu döyülərək Ceyhun tərəfindən xəsarət aldığından, evlərində bıçaq götürüb Ceyhuna bir zərbə vurmuşdur. Arzu Ceyhundan borca pul istəmişdir. Həmçinin Arzu sərxoş olduğundan onun üzərində nə saat nə də ki pul olmuşdur. Pulu olmadığından Ceyhundan borca pul götürmüşdür. Ceyhunun Arzuyla münaqişə edib, daş parçasını yerdən götürüb onun arxası ilə qaçmasını o, görmüşdür. Arzu onlardan aralanıb harasa getdiyindən bıçağı da tullamışdır. (cild 01, 106-109) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, xx xxxx 2020 tarixdə, saat 13 radələrində Ceyhun onlara gəlmiş, uşaqlarına bayram hədiyyələri almışdır. Sonrakı saatlarında Ceyhun evdə olmuş, axşam 19 radələrində o, aş yeməyi bişirmiş, hamısı süfrəyə əyləşmiş, Ceyhun da evdə olan araqdan içmişdir. Saat 21:40 radələrində onlar yatmağa getmişlər. Ceyhun isə qonaq otağında qalmışdır. Saat 00:30 radələrində xx xxxx 2020 tarixində o, ikinci mərtəbədə yataq otağında yatarkən evdən Ceyhunun qışqırıq səsini eşitmiş, oyanıb ikinci mərtəbədən aşağı enmiş, evin giriş qapısının qabağında Ceyhunun yerdə yıxılmasını, qarın nahiyəsinin qan içində olmasını görmüşdür. Ceyhun təşvişlə onu şəxsin bıçaqladığını demişdir. O, dərhal mobil telefonunu götürüb 102 xidmətinə və sonra 103 xidmətinə zəng edib məlumat vermişdir, Ceyhunun üstünə ayılması üçün su tökmüşdür. Sonra evə təcili tibbi yardım əməkdaşları gəlib, ona yardım edib 3 saylı ŞKX-na aparmışlar. Təcili tibbi yardım avtomobili gələndə onları küçədə qarşılayanda orada sonradan bildiyi hadisəni törədən Arzunun qardaşı və digər dostu Tural olmuşdur. Röyal adlı qardaşı və Tural ona Ceyhuna kömək etmək istədiklərini demişlər. Sonra ona məlum olmuşdur ki, bir bıçaq zərbəsi ilə Təqsirləndirilən şəxs adlı şəxs Ceyhuna xəsarət yetiribdir. O, Ceyhunun bıçaqlanmasını görməsə də Ceyhunun qan içində olmasını evində görmüş, Tural ona Arzunun Ceyhun tərəfindən münaqişəsi səbəbindən evindən bıçaq götürüb Ceyhunu vurmasını demişdir. (cild 01, iş vər. 150-153) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, 6 aydır ki, Kürdəxanı qəsəbəsində market işlədir. Arzunu və Ceyhunu 3-4 aydır ki, məhəllədən tanıyır, tez-tez dükandan ərzaq alırlar. Bundan əvvəl onların bunların münaqişəsi barədə o bilməmişdir. Eləcə də fəhlə kimi işləyən Tural adlı şəxsi tanımışdır. Onların heç biri ilə yaxın münasibəti yoxdur. xx xxxx 2020-ci il tarixində o, saat 22:10 radələrində dükanda olarkən qeyd etdiyi hər üç şəxs dükana daxil olmuş, Arzu spirtli içkilər almış, həmin zaman Arzu ilə Ceyhun sərxoş vəziyyətdə olmuşlar. Sonra Arzu ilə Ceyhun bir-biriləri ilə zarafat edə-edə dükandan uzaqlaşıb çıxıb getmişlər. xx xxxx 2020-ci il tarixində ona məlum olmuşdur ki, Ceyhun xx xxxx 2020 tarixində axşam radələrində Arzunu döyüb xəsarət yetirdiyindən Təqsirləndirilən şəxs hirslənib evdən bıçaq götürüb qonşusu Ceyhunu bir bıçaq zərbəsi ilə vurub ona ağır xəsarət yetirmişdir. O, hadisənin canlı şahidi olmasa da onların sərxoş vəziyyətdə dükana daxil olub, spirtli içki alıb oradan uzaqlaşmasının, zarafat etmələrinin şahidi olmuşdur. Münaqişənin Zərərçəkmiş şəxs tərəfindən başlanmasını bilmişdir. (cild 01, iş vər. 127-130) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci il tarixində saat 23:45 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi ünvanında Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi faktı əsasında toplanmış material üzrə fakta görə Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdır. (cild 01, iş vər. 1). Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi polis baş leytenantı Ə.Nağıyev tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, məsul növbətçi məruzə edərək xx xxxx 2020-ci il tarixdə, saat 00:45 radələrində Kürdəxanı qəsəbəsi, poliklinikanın yanı 28 küçəsinin yanında yaşayan X1 həyat yoldaşının naməlum şəxs tərəfindən bıçaqlandığı barədə məlumat verməsini bildirmişdir. (cild 01, iş vər. 4). xx xxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə nəticəsində Təqsirləndirilən şəxs orta dərəcə sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. (cild 01, iş vər. 07-08) “Tutma haqqında” xx xxxx 2020-ci il tarixli protokol və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Qnyazov tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə barəsində həbs etmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 24, 84-85). «İfadənin yerində yoxlanılması haqqında» xx xxxx 2020-ci il tarixli protokol və ona əlavə olunmuş foto cədvəllərdən görünür ki, həmin tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi O.Qnyazov tərəfindən müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılmış, bu zaman Təqsirləndirilən şəxs əvvəlcə yaxınlıqda olan ərzaq mağazasının yerini izah edib orada spirtli içki içib Zərərçəkmiş şəxs adlı şəxslə mübahisə etməsini, daha sonra yaxınlıqda ikisi arasında münaqişə baş verməsini bildirmiş və 28-ci dalan 25-ci evin qarşısında olan yeri göstərərək, xx xxxx 2020-ci il tarixdə həmin yerdə Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla bir dəfə vurduğunu bildirmiş, mağazadan videogörüntülər diskə köçürülməklə götürülmüşdür. (cild 01, iş vər. 49-52). “Diskin baxışının aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin görüntüləri olan bir ədəd DVD diskə baxış keçirilmiş, diskə baxış keçirilən zaman dükanda Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs adlı şəxslərin təxminən saat 22:15 radələrində dükana daxil olmuş, bir neçə dəqiqə orada dayanıb söhbət etmiş və spirtli içki alaraq içmiş və oradan yavaş-yavaş çıxıb dükandan uzaqlaşıb getmişlər. (cild 01, iş vər. 54) “Maddi sübut kimi tanınma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Kürdəxanı qəsəbəsində yerləşən marketdən götürülmüş görüntünü özündə əks etdirən bir ədəd videodisk öz xüsusiyyəti və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşya kimi maddi sübut hesab edilmişdir. (cild 01, iş vər 55) “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərar və “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanmış cinayət əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 01, iş vər. 59, 63-64) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 86). Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qolsuz alt geyimi könüllü olaraq İş-nə təqdim etmişdir. (cild 01, iş vər. 101) Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol gözyuvası ətrafı nahiyənin dərialtı hematoması və həmin gözün ağlı qişasına qansızma, sol yanaq nahiyəsinin dərialtı hematoması və sıyrığı, üst dodağın iç səthinin əzilmiş yarası, üst çənədə 3-cü dişin travmatik sınması və diş dibin yumşaq toxumalara qansızıma sağ alın gicgah sol qulaq önü və sol bud nahiyələrinin qançırları, sol gözyuvasıaltı və sol diz oynağın nahiyələrinin sıyrığı olmuş, dərəcəsinə görə yüngül zərərvurmaya aiddir. (cild 01, iş vər. 114-115). Məhkəmə-tibbi ekspertizanın xx xxxx 2020-ci il tarixli, 469 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs mədənin və böyük piyliyin yaralanmasına səbəb olan qarının ön divarının periton boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət olub dərəcəsinə görə ağır zərərvurmaya aiddir. (cild 01, iş vər. 116-118). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 2765 saylı xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışlar. (cild 01, iş vər. 131) Məhkəmə tibbi-kriminalistik ekspertizasının 180 saylı, xx xxx 2020 tarixli rəydən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmiş, bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici alətin təsirindən əmələ gəlmişdir. Həmin zədə xəsarətə uyğun gəlmişdir. (cild 01, iş. vər. 135-136) “Maddi sübut kimi tanıma haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus geyim əşyası öz xüsusiyyəti və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşya kimi maddi sübut hesab edilmişdir. (cild 01, iş vər 137) AA0086604 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində X4 adlı, xx.xx.2007-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır.(cild 01, iş vər. 186) Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şikayəti və tələbi yoxdur.(cild 01, iş vər. 195) “Sübutların qiymətləndirilməsi və hissəvi xitam verilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və ittihamda Zərərçəkmiş şəxs aldığı sağlamlığa yüngül zərərvurmayan xəsarətlər əks etdirilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120, 126.2.3, 126.2.4, 221-ci maddələrinin tərkibi olmadığından həmin maddələrlə olan cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180, 181 və 221-ci maddələrin tərkibi olmadığından həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibi olsa da, Təqsirləndirilən şəxs ərizə yazaraq Zərərçəkmiş şəxsla barışmasını bildirdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.(cild 01, iş vər. 197-205) Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “Diskin baxışının aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək və ifadələrini elan etməklə tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza rəyləri ilə müəyyən edilmiş hallar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətmiş olduğu cinayət əməli, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə, ilk dəfə ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Sabunçu RPİ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qolsuz alt geyimi dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərcləri və üzərinə həbs qoyulmalı olan əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- Sabunçu RPİ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qolsuz alt geyimi dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə mülki iddia, ekspertiza xərcləri və üzərinə həbs qoyulmalı olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1077/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1077/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver