Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1078/2021 07.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Səxavət oğlunun iştirakı ilə, 10 avqust 1948-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Səxavət oğlunun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, 05 dekabr 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 3 ünvanda oğlu Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı əlində olan mətbəx bıçağı ilə iki dəfə Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa nahiyəsinə, bir dəfə qarın nahiyəsinə, bir dəfə isə döş qəfəsinin sol yarısına qəsdən vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna keçən iki ədəd deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən, böyük piyliyi yaralayaraq daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs doğma oğludur, onunla əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Uzun illər Rusiya Federasiyasında yaşayan Ceyhun bir neçə ildir ki, Azərbaycana qayıdaraq onlarla birikdə yaşamağa başlamışdır. Ceyhun mütəmadi olaraq spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş, bundan sonra onu, anasını və qardaşı Şahid1 söyüb təhqir etmişdir. Hətta Ceyhun bir neçə dəfə onu və arvadı Nəzakəti döyərək xəsarət yetirmiş, lakin onlar bununla bağlı heç yerə şikayət etməmişlər. 05 dekabr 2020-ci il tarixdə saat 21 radələrində Ceyhun yenə də evdə spirtli içki qəbul edərək sərxoş olmuş və onunla sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt onun özü də spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Mübahisə əsnasında Ceyhun səbəbsiz yerə onun ünvanına nalayiq söyüşlər söyərək yaxasından tutub yumruqla baş nahiyəsindən vurmuşdur. O, mətbəxdə yemək yediyi üçün həmin vaxt əlində ağ rəngli yağ bıçağı olmuşdur. Ceyhunun ona qarşı etdiyi hərəkətlərə dözməyib əlində olan həmin yağ bıçağı ilə sonuncunun bədəninə bıçaq zərbələri vurmağa başlamışdır. Sərxoş olduğu üçün neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Ceyhunu vurmaqda məqsədi onu qorxutmaq olmuşdur. O, Ceyhunu bıçaqla vuran zaman digər oğlu Pərviz və arvadı Nəzakət evdə olmuşdur. Pərviz səs-küyə gəlib onları aralamış və Ceyhuna ilkin tibbi yardım göstərmişlər. Bundan sonra o, evdən çıxıb getmiş, bıçağı da özü ilə götürüb yaxınlıqda yerləşən su kanalına atmışdır. Səhərə kimi küçədə qalmış, səhərisi gün isə özü könüllü olaraq Abşeron rayon Polis İdarəsinə gedərək oğlunu bıçaqladığını bildirmiş və təslim olmuşdur. Bu ahıl yaşında oğluna qarşı törətdiyi əmələ görə xəcalət çəkir, əməlindən çox peşmandır. Ağsaqqal olaraq ailənin düşdüyü vəziyyətə görə cavabdeh olan bir şəxs kimi utanc hissi keçirir. Hadisə baş verəndən dərhal sonra oğlu ilə barışmışdır və hal-hazırda da bir yerdə yaşamaqda davam edirlər. Həmin vaxt oğlunun yarımçıq arağını götürüb içdiyi üçün aralarında münaqişə yaranmış və hər ikisinin sərxoş olması səbəbindən bu hadisə baş vermişdir. Artıq 73 yaşı var və bundan sonra çalışıb daha spirtli içki içməyəcəyinə söz verir. Həyat yoldaşı da hazırda yataq xəstəsidir. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində mümkün olan ən humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Səxavət oğlu göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır, onunla əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, spirtli içki aludəçisi olmaqla təxminən üç ilə yaxındır ki, mütəmadi olaraq spirtli içki qəbul edir və buna görə də ailə üzvləri ilə arasında tez-tez mübahisə baş verir. O, təxminən 20 il Rusiya Federasiyasında yaşamış, 2017-ci ildə oradan deportasiya olunduqdan sonra Azərbaycana qayıdaraq ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 05 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gələrək yemək yemiş və spirtli içki qəbul etmişdir. Saat 20 radələrində qəsəbəyə çıxıb gəzmiş və kafelərdən birində oturub yenə də spirtli içki qəbul etmişdir. Saat 21 radələrində evə qayıtdıqdan sonra yenə də spirtli içki qəbul etmək istəmiş, lakin evdə qalan arağını nə qədər axtarsa da tapa bilməmişdir. Atasından ona məxsus arağın harada olduğunu soruşduqda sonuncu arağı içdiyini bildirmişdir. Bu səbəbdən atası ilə aralarında mübahisə baş vermiş və o, sərxoş olduğu üçün atasının ünvanına nalayiq söyüşlər söyərək ona əlqol atmağa başlamışdır. Həmin vaxt atasının özü də sərxoş vəziyyətdə olduğu üçün onu söymüş və mətbəx bıçağını götürərək bir neçə dəfə ona zərbə endirmişdir. Atasının onu neçə dəfə vurduğu yadında qalmamışdır. Atası ilə mübahisəsi təxminən 5-10 dəqiqə davam etmiş, hadisə yataq otağında baş vermiş, həmin vaxt qardaşı Pərviz və anası Nəzakət evdə olmuşlar. Pərviz səs-küy eşidərək gəlib onları aralamış və ona ilkin tibbi yardım göstərmişdir. Aldığı xəsarətləri ağır hesab etmədiyi üçün heç bir yerə getməmişdir. Lakin bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı ünvana gələrək onu Sumqayıt şəhər X6 Xəstəxanasına aparmışlar. Xəstəxanada onu reanimasiyaya yerləşdirmişlər və o, əməliyyat olunduqdan sonra evə buraxılmışdır. Hazırda atası ilə barışmışdır, hazırda onunla birlikdə yaşayır, atasına qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu hadisənin baş verməsində həm də özünü günahkar bilir. Belə ki, içkili vəziyyətdə evə gələrək atası ilə mübahisə etmiş, ona qarşı nalayiq söyüşlər söyərək təhqir etmiş və ona əl-qol atmış, nəticədə atası əsəblərini cilovlaya bilməyərək bıçağa əl atmışdır. Etdiyi bu hərəkətlərə çox utanır və heç bir halda ahıl yaşda olan atasının həbs olunmasını istəmir. Məhkəmədən bu halları nəzərə alaraq atasının barəsində ədalətli və humanist qərar qəbul olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə qaraşıdır. O, arvadı və bir uşağı ilə birlikdə atası, anası və qardaşı Ceyhunla bir evdə yaşayır. Ceyhun uzun müddət Rusiya Federasiyasında yaşamış, təxminən 3-4 il əvvəl Azərbaycan Respublikasına qayıdaraq onlarla bir evdə yaşamağa başlamışdır. Ceyhun daimi olaraq heç bir yerdə işləmir, hərdən iş olanda fəhləlik edir, mütəmadi olaraq spirtli içki qəbul edərək tüfeyli həyat tərzi sürür. O, 05 dekabr 2020-ci il tarixdə saat 21 radələrində evdə olarkən qardaşı ilə atasının mübahisə etdiklərini eşidərək onlara yaxınlaşmış, əlbəyəxa olduqlarını görüb onları aralamış və həmin vaxt Ceyhunun bədəninin qan içərisində olduğunu görmüşdür. Onlardan nəyə görə mübahisə etdiklərini soruşmuş, lakin hər ikisi sərxoş olduğu üçün ona cavab verməmişlər. Həmin vaxt anası da evdə olmuşdur. O və anası Ceyhuna kömək edərək onu divana uzatmışlar, qanlı paltarını soyundurmuşlar və qan axan yerlərinə pambıq qoyub yod vurmuşlar. Bundan sonra o, istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq qardaşı Ceyhunun atası Səxavət tərəfindən bıçaqlandığını bildirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları evə gəlmişlər və qardaşı Ceyhuna köməklik edərək onu polis avtomobili ilə Sumqayıt Xəstəxanasına aparmışlar. Xəstəxanada Ceyhunu reanimasiyaya yerləşdirmişlər və sonuncu əməliyyat olunmuşdur. Mübahisə zamanı atasının Ceyhuna neçə bıçaq zərbəsi vurduğunu görməmişdir. Təxminən 5 dəqiqə atası ilə Ceyhunun səs-küy etdiklərini eşitmişdir. Onlar əvvəllər də bir neçə dəfə mübahisə etdikləri üçün yenə də həmişəki mübahisələrdən biri olduğunu fikirləşərək kimi mübahisə etdiklərini fikirləşmio, dərhal reaksiya verməmiş, ş. həmin vaxt evdə anası, atası, qardaşı və o, olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, dörd övladı var. Təqsirləndirilən şəxs heç bir yerdə işləmir, təqaüdçüdür, uzun müddətdir ki, spirtli içki qəbul edir. Zərərçəkmiş şəxs Səxavət oğlu onun doğma oğludur və o, uzun müddət Rusiya Federasiyasında yaşamış, təxminən 3-4 ilə yaxındır ki, Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs onunla bir evdə yaşayır, ondan başqa digər oğlu Şahid1 də ailəsi ilə birlikdə onunla bir evdə yaşayır. Zərərçəkmiş şəxs daimi olaraq işləmir, iş olanda fəhləçilik edir. Ceyhun uzun müddətdir ki, spirtli içki qəbul edir, tüfeyli həyat tərzi sürür, mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün atası Təqsirləndirilən şəxslə tez-tez mübahisə edir, onlar bir-biriləri ilə yola getmirlər. 05 dekabr 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə çarpayıda uzanan zaman əri Səxavətlə oğlu Ceyhunun mübahisə etdiklərini eşitmişdir. Səhhətində problemlər olduğu üçün ayağa qalxmaqda çətinlik çəkdiyindən dərhal ayağa qalxa bilməmişdir. Təxminən 5 dəqiqə səs-küy eşitdikdən sonra ayağa qalxanda Səxavətlə Ceyhunun əlbəyaxa olduğunu, oğlu Pərvizin köməklik edib onları araladığını görmüşdür. Ceyhunun rənginin ağardığını, bədən nahiyəsindən qan axdığını görüb Pərvizlə köməkləşərək onu divana uzandırmışlar. Ceyhunun bədənini açanda onun qan içərisində olduğunu görmüşdür. Ceyhunun paltarlarını çıxardıb yod və pambıqla yaralarını təmizləmiş, qanlı paltarlarını isə zibil sellofanına atmışdır. Həmin vaxt Səxavət harasa getmişdir. Pərviz qardaşının belə vəziyyətdə olduğunu görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqə sonra yaşadığı evə polis əməkdaşları gəlmişlər və Ceyhunun qan içərisində olduğunu görüb onu Sumqayıt Mərkəzi Xəstəxanasına aparmışlar. Ceyhun xəstəxanada bir neçə gün qaldıqdan sonra evə buraxılmışdır. Hazırda Ceyhun onlarla yaşayır, atası ilə barışmışdır və artıq mübahisə etmirlər. Mübahisə baş verən vaxt evdə o, əri Səxavət və oğlu Pərviz olmuşdur. Mübahisə təxminən 5 dəqiqə davam etmiş, səs-küyə heç kim gəlməmişdir (cild 1, iş vərəqə 26-28). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Abşeron rayon Polis İdarəsinə gələrək 05 dekabr 2020-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evdə oğlu Zərərçəkmiş şəxs Səxavət oğlu ilə baş vermiş mübahisə zamanı sonuncunu bıçaqla vuraraq xəsarət yetirdiyini, etdiyi əməldən peşman olduğundan Abşeron rayon Polis İdarəsinə könüllü olaraq gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra könüllü gəlib polis orqanına özünü təslim etməsi müvafiq qaydada protokol tərtib edilməklə rəsmiləşdirilmişdir (cild 1, iş vərəqə 10). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Səxavət oğlunun arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, sonuncu da törətdiyi cinayət əməlini etiraf etmişdir (cild 1, iş vərəqə 87-90). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 21-24). Məhkəmə-tibbi ekspertizasının 07 aprel 2021-ci il tarixli, 544 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Səxavət oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna keçən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən böyük piyliyi yaralayaraq daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, 05 dekabr 2020-ci il tarixə uyğun gəlir. Ddöş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna keçən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən böyük piyliyi yaralayaraq daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 93- 105). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 mart 2021-ci il tarixli, 586 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. O, hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 106-109). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 112-113). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, ahıl yaşda olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə həm də hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 51-52, 82-83). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Xırdalan şəhəri Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Xırdalan şəhər Vəkil Bürosunun hesabına X3 üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1078/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1078/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver