Məhkəmə qərarları › İş №1(101)-1078/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1078/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1078/2022 14.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X15 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Bolnisi rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı Bağları ev 649 A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki və külli miqdarda narkotik vasitə marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2,141 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 4.054 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:04-də yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, sonuncunun razılığı və iştirakı ilə yaşadığı evə və üzərinə keçirilən baxış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib əynində olan gödəkcəsinin sağ yan cibində saxladığı 1 ədəd bükümdə 2,141 qram çəkidə narkotik vasitə tiryək, yaşadığı evin uşaq otağında yerləşən dolabın alt hissəsindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 23 ədəd polietilen torbada ayrılıqda çəkiləri 57 qram, 57 qram; 57 qram; 57 qram; 62 qram; 57 qram; 57 qram; 27 qram; 57 qram, 17 qram; 62 qram; 57 qram; 57 qram; 57 qram; 57 qram; 62 qram; 62 qram; 57 qram; 57 qram; 62 qram, 57 qram; 57 qram və 2.845 qram olmaqla ümumilikdə külli miqdarda 4.054 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il narkotik vasitə olan marixuanadan istifadə etmiş, narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “Məmmədağa” adlı şəxsdən alıb istifadə etmişdir. Belə ki, “Məmmədağa” adlı şəxs hər dəfə Maştağa qəsəbəsinə gələndə ona zəng etmiş və ondan narkotik vasitə olan marixuananın hər qramını 10 manata almışdır. Hər dəfə “Məmmədağa” adlı şəxsdən 1 kiloqram marixuana almışdır, çünki gün ərzində bir neçə dəfə marixuana istifadə etmişdir. 2022-ci ilin yanvar ayının sonlarında “Məmmədağa" adlı şəxs ona zəng edərək görüşmək istədiyini bildirmiş və onlar “Maştağa Dairəsi” adlanan yerdə görüşmüşlər. Həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Görüş zamanı “Məmmədağa” adlı şəxs özündə külli miqdarda narkotik vasitə olan marixuana olduğunu və onu satmaq istədiyini bildirdmişdir. Sonuncudan nə qədər marixuanası olduğunu soruşduqda 10 kq marixuana olduğunu və onu ümumilikdə 10.000 manata satdığını bildirmişdir. Dediyi çəkidə marixuananı istəmədiyini, onda yalnız 5.000 manat pul olduğunu bildirib həmin şəxsdən 5 kq narkotik vasitə istəmişdir. Bu zaman Məmmədağa onunla razılaşmış və yaşadığı evə gedərək dediyi pulu gətirib “Məmmədağa” adlı şəxsə vermişdir. “Məmmədağa" adlı şəxs həmin vaxt ona 1 ədəd qara rəngli bağlamanı verərək içərisində 25 ədəd bağlama olduğunu demişdir. Həmin bağlamanı idarə etdiyi avtomobilə qoyub yaşadığı evə getmişdir. Həyat yoldaşı Gürcüstan Respublikasına getdiyindən narkotik vasitələri birbaşa yaşadığı evə aparıb orada olan uşaq otağında 1 ədəd plastik çəlləyin içərisində saxlamışdır. Məqsədi narkotik vasitənin qoxusunun evin içərisinə yayılmasının qarşısını almaq olmuşdur. 22 fevral 2022ci il tarixdə evə bazarlıq etmək üçün "Maştağa Bazarı” adlanan yerə getmiş və orada təsadüfən bir nəfər şəxslə söhbət etməyə başlamışdır. Söhbət zamanı həmin şəxs özündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək ona sata biləcəyini bildirmiş, o da həmin şəxsdən üzərində hansı növ narkotik vasitə olduğunu soruşanda həmin şəxs üzərində tiryək və “kakos” olduğunu bildirmişdir. Heroin istifadə etmədiyini, ona tiryək verməsini bildirmişdir. Həmin şəxs ona 30 manat müqabilində 4 qrama yaxın tiryək verdikdən sonra sağollaşıb ayrılmış və bazarda işlərini görüb yaşadığı evə gəlmişdir. Evə gələn zaman tiryəki su ilə dərman kimi içib qalan hissəsini üzərində saxlamışdır. Bundan sonra yatmış və saat 20 radələrində yuxudan oyanıb yemək yedikdən sonra siqaretinin qurtardığını görüb siqaret almaq üçün mağazaya getmişdir. Həmin gün saat 22 radələrində mağazadan qayıdan zaman evinin qarşısında bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğumu soruşmuş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğumu bildirmiş və həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı və həmin maddələri yaşadığı evdə saxlamağı barədə onlarda məlumat olduğunu deyərək yaşadığı evə baxış keçirilməsi zərurətini izah etmişlər. Baxışın keçirilməsinə etiraz etməyib polis əməkdaşlarını yaşadığı evə dəvət etmişdir. Bu zaman polis əməkdaşları videoçəkilişdən istifadə edilməklə evinə baxışın keçirilməsini izah etdikdə etiraz etməmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə yaşadığı evə baxış keçirilməyə başlanmış, baxış zamanı qapını özündə olan açarla açmış və həyətə, sonra isə evin içərisinə daxil olmuşlar. Evin içərisində polis əməkdaşlarını evin uşaq otağına dəvət edib orada masanın aşağı hissəsində olan göy rəngli çəlləyi təqdim etmişdir. Bu zaman polis əməkdaşı ilkin olaraq üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişlər. Üzərində narkotik vasitə olan tiryək olduğunu və təqdim etdiyi çəlləyin içərisində isə narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra isə üzərinə baxış keçiriləcəyi deyilmiş və bu zaman əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan tiryəki və mobil telefonunu təqdim etmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş, həmçinin mobil telefonu da götürülmüşdür. Sorğu zamanı tiryəki həmin gün səhər saatlarında tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyimçəlləyə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı çəlləyin içərisindən 22 ədəd ağ rəngli sellofanlarda olan bağlamalar və 1 ədəd qara rəngli sellofanda olan bağlamalar aşkar olunmuşdur. Həmin maddələr 1 ədəd paketdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra BMCMİ-yə gəlmişlər. Orada ona vəkil və tərcüməçi təqdim olunmuş, bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunub müvafiq sənədləşmələr aparılmış və həmin sənədləri imzalamışdır. 2007-ci il tarixdən Bakı şəhərində yaşamışdır. Məmmədağa hər dəfə ona ayrı-ayrı nömrələrdən zəng etmişdir. Həmişə marixuananın 1 qramını 10 manata almışdır. Məmmədağa müalicə olunmaq üçün Türkiyəyə gedəcəyindən pula ehtiyacı olduğunu demişdir. 5 kilo marixuananı alarkən satmaq niyyəti olmamış, 5 kilo marixuanaya 5.000 manat vermək sərf etdiyi üçün belə çox miqdarda almışdır. Məmmədağadan aldığı marixuananı tutulan günədək yaşadığı evdə saxlamışdır. 5 kilo marixuananı tutulmazdan təxminən 1 ay əvvəl almışdır. Tiryəki tanımadığı şəxsdən almışdır. Həmişə gündəlik istifadəsi üçün 1-2 qram marixuana almışdır. Gündəlik 2-3 qram marixuana istifadə etmişdir. Məmmədağa ilə başqa şəxslər vasitəsilə bazarda tanış olmuşdur. Aldığım marixuananı tərəzidə çəkməmiş, 5 kilo marixuanadan tutulanadək hər gün istifadə etmişdir. Marixuanadan hər dəfə 0,5 qram olmaqla gündə 5-6 dəfə istifadə etmişdir. Ailəsi narkotik vasitə istifadə etdiyini bilməmişdir. Tutulduğu gün həyat yoldaşı və övladı evdə olmamışdır. Yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı Bağları ev 649 A ona məxsusdur. Aldığı 4 qram tiryəkin 2 qramını istifadə etmişdir. Narkotik vasitələri siqaret giləsinin içərisinə doldurub siqaret kimi çəkməklə istifadə etmişdir. Tutulanadək elektrik işləmiş, aylıq təxminən 700-800 manat qazancı olmuşdur. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Babək Haqverdiyev daxil olmuş, qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda olması barədə məlumat daxil olduqdan sonra həmin yerə getmişlər. Həmin ünvana çatan zaman saat 22:04-də xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsin olması müşahidə olunmuş və həmin şəxsə yaxınlaşmışlar. Bu zaman videoçəkiliş başlanılmaqla təhqiqatçı özünü təqdim etmiş, həmin şəxsdən adını və soyadını soruşmuşdur. Həmin şəxs özünü təqdim edərək X7 olduğunu bildirmiş, təhqiqatçı həmin şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə və yaşadığı evdə saxlaması barədə məlumat daxil olduğunu bildirib yaşadığı ünvana baxış keçirilməsinə zərurət olduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə ərizə yazmış, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə tiryək və yaşadığı evdə marixuana olduğunu bildirmiş və qapını üzərində olan açarla açıb onları həyətə dəvət etmişdir. Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs onları evin içərisindəki uşaq otağına dəvət edib bükümləri təqdim etmişdir. Bundan əvvəl isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümü və mobil telefonu təqdim etmişdir. Bükümə baxış keçirilən zaman orada narkotik vasitə tiryəkin olması müşahidə olunmuş, başqa əşya aşkar olunmamışdır. Həmin büküm qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qutuya baxış keçirilən zaman oradan 23 ədəd bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, həmin bükümlər qablaşdırılaraq götürülmüş, həmçinin ona məxsus vəsiqə də aşkar olunaraq götürülmüşdür. Bundan sonra birlikdə DİN-in BMCMl-nə gəlmiş, Baş İdarədə mütəxəssis və vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu təqdim olunan mütəxəssisə və vəkilə etiraz etmədiyini bildirmiş, daha sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxsi yaşadığı evin qarşısında tutmuşlar. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tiryəki 22 fevral 2022-ci il tarixdə “Maştağa Bazarı" adlanan yerdən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Evdən aşkar olunan 23 ədəd büküm 1 ədəd göy rəngli plastik qutunun içərisində olmuşdur. Təqsirləndirilən şəxs evində və üzərində narkotik vasitə olduğunu özü etiraf etmişdir. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində və evində olan narkotik vasitələri könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs marixuanaları 2021-ci il tarixdə mart ayında yaşadığı evin həyətyanı sahəsində əkib həmin kolları avqust ayında toplayaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 şahid X3 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan 22 fevral 2022-ci il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman üzərindən narkotik vasitə tiryək və yaşadığı evin içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 18-22). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 23 fevral 2022-ci il tarixli 7/175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan qara rəngli polietilen torbadakı qara rəngli polietilen torbada sayı 22 (iyirmi iki) ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 57 qram; 2) 57 qram; 3) 57 qram; 4) 57 qram; 5) 62 qram; 6) 57 qram; 7) 57 qram; 8) 27 qram; 9) 57 qram 10) 17 qram; 11) 62 qram; 12) 57 qram; 13) 57 qram; 14) 57 qram; 15) 57 qram; 16) 62 qram; 17) 62 qram; 18) 57 qram; 19) 57 qram; 20) 62 qram 21) 57 qram; 22) 57 qram və həmin qara rəngli polietilen torbada digər qara rəngli polietilen torbanın içərisində 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 2.845 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 4.054 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümumi təmiz çəkisi 4.054 qram, tədqiqata sərf olundu 1,2 qram, qalıq 4.052,8 qram, cild 1, iş vərəqə 61-63). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli 6/1119 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər ügün N 7” möhür əksi və “Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş ...” və s. yazılar və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,141 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: tiryək 2,141 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 2,041 qram, cild 1, iş vərəqə 66-68). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 18 aprel 2022-ci il tarixli 1895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Müayinə zamanı Təqsirləndirilən şəxs arabir düşəndə narkotik vasitə olan marixuananı siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 170- 171). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkiləri 4.052,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2,041 qram olan narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 172-178). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 145-146). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 169). Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 168). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 37). İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 120-124). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 188,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 4.052,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2,041 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarınada saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 188,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 4.052,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2,041 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarınada saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar