Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1079/2021 17.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Məmmədov Əli İrfan oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, X5, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 sentyabr 2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, hazırda məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, ev 23-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 10 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Kamran” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə bağlı razılıq əldə edib sonuncunun satış məqsədi ilə verdiyi 01 bükümdə külli miqdarda təmiz çəkisi 44,771 qram təşkil edən narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsini 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 yanvar 2021-ci il tarixdə saat 16:45-də, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi 18 saylı ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən həmin narkotik vasitə heroin 01 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir. O, Kamran adlı şəxsdən bir ədəd bükümdə olan 40 qram narkotik vasitəni aldadaraq almışdır, ona satıb pulunu verəcəm desə də, həmin narkotiki satış məqsədilə almamışdır. Narkotik vasitəni aldadaraq almaqda tək məqsədi narkotiki əldə etdikdən sonra özü istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. O, 14 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Kubinka deyilən ərazidə mülkü geyimdə iki polis əməkdaşı tərəfindən saxlanılıb Bakı şəhəri Nəsimi rayonu 21-ci polis bölməsinə gətirilmişdir. Həmin narkotik vasitə əynində olan şalvarının cibində olmuşdur. Polis Bölməsində axtarış zamanı şalvarının cibində özünün istifadəsi üçün olan narkotik vasitə sənədləşdirilərək götürülmüşdür. O, narkotik vasitəni Bakı şəhəri Sovetski deyilən ərazidən Kamran adlı şəxsdən almışdır. Kamran adlı şəxsdən narkotik vasitəni alarkən pul verməmişdir. Kamran adlı şəxsdən narkotik vasitəni götürərkən satıb ona pul verəcəyini desə də, satmaq məqsədi ilə almamış, sadəcə Kamranı aldadaraq özü istifadə etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsində göstərmişdir ki, 14.01.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduqlarını bildirərək, onu saat 16:45-də Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ona üstündə, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Əynindəki qara cins şalvarının sol yan cibindən şəffaf sellafona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir. O üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, bir ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü 4 gün əvvəl, yəni 10.01.2021-ci il tarixində “Sovetski” deyilən ərazidə “Kamran” adlı şəxsdən əldə etdiyini, narktik vasitəni satıqdan sonra əldə etdiyi pulu “Kamran” adlı şəxsə verdikdən sonra “Kamran” adlı şəxs ona şəxsi istifadəsi üçün narktok vasitə verəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir və hazırda Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi vəzifəsində xidmət aparır. 14 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı, əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü 21-ci PB-nin rəisinə raportla məruzə etmişdir. Əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə aparılmışdır. 21-ci PB-də videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddəni çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan onlara oxunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir, üzərindən aşkar olunmuş maddə narkotik maddə olan heroindir, həmin heroini 10.01.2021-ci il tarixdə Yasamal rayonunda “Sovetski” adlanan ərazidən “Kamran” adlı şəxsdən əldə etdiyini, narkotik vasitəni satıb əldə etdiyi pulu “Kamran”a verəcəyini və bunun müqabilində “Kamran” adlı şəxs Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə olan heroinlə təmin edəcəyini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bölməyə gətirilərkən və bölmədə onun üzərinə axtarış keçirilərkən, tərəflərindən ona heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs özü cibində olan bükümü təqdim etmiş və səmimi olaraq içərisində heroin olduğunu, Kamran adlı şəxsdən satıb pulunu ona ödəmək şərti ilə aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi və verilmiş suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs bölməyə gətirilərkən və bölmədə onun üzərinə axtarış keçirilərkən, tərəflərindən ona heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs özü cibində olan bükümü təqdim etmiş və səmimi olaraq içərisində heroin olduğunu, Kamran adlı şəxsdən satıb pulunu ona ödəmək şərti ilə aldığını bildirmişdir. . Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı sonuncular ifadələrində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişlər. Cinayət işi üzrə 14.01.2021-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Nicat Sadıqov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə barədə” protokoldan və protokola əlavə olunmuş bir ədəd videogörüntürləri özündə əks etdirən CD diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs “Kamran” adlı şəxsdən narkotik vasitə olan heroin aldığını və daşımaqla özündə saxlamasını etiraf etmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15.01.2021-ci il tarixli 6/183 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan- 01 (bir) ədəd bükümdə təmiz çəkisi 44,771 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiqi edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2021-ci il tarixli 477 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs gündəlik 10 qrama yaxın tütün məlumatlarına qatmaqla və ağız yolu ilə heroin adlı narkotik vasitəni qəbul etməsi istisna olunmur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 44,771 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə 05 fevral 2021-ci il tarixdə maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsi, 44,721 qramı saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmin şahidlərlə onun arasında keçirilmiş üzləşdirmələr zamanı şahidlərin verdikləri ifadələri,üzərinə şəxsi axtarış keçirilməsi barədə 14 yanvar 2021-ci il tarixli protokolda göstərilənlərlə, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və özünün ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 mart 2021-ci il tarixli tələbnamədən və Yasamal rayon Məhkəməsinin 01 sentyabr 2016-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayətə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən 2 il keçdiyindən, hazırki iş üzrə onun əvvəlki məhkumluğu ödənilmiş hesab olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.01.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14.01.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,721 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 81,82 manat (səksən bir manar səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “ProBono” Vəkil Bürosunun vəkili X6 260 (iki yüz altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,721 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 81,82 manat (səksən bir manar səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “ProBono” Vəkil Bürosunun vəkili X6 260 (iki yüz altmış) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1079/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1079/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver