Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1082/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, 272 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, subay, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, 01 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2021-ci il tarixdə həbsdən azad edilərək Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: xx xxxxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdə saat 20:15-də yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində atası Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun qardaşı Şahid1 döyməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı əlləri ilə onu da vurmasından sonra atasının əlindən aldığı mətbəx bıçağı ilə sonuncunun bədəninin kürək nahiyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin arxa nahiyəsində əməliyyatdan sonrakı infeksiyalaşmış yara ilə qeyd olunan döş qəfəsinin arxa divarının sağ yarısından daxilə – plevra və qarın boşluqlarına nüfuz edərək diafraqmanın yaralanması, sağ tərəfli pnevmohemotoroks, ağciyərin dəlib keçən yaralanması, qaraciyərin yaralanması və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan, ümumilikdə insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 dekabr 2020-ci il tarixdə bayram günü olduğu üçün ailə üzvləri hamısı evdə olmuşlar. Atası da evdə spirtli içki içib yatmışdır. Təxminən saat 20 radələrində anası İlahə qonşuya getmiş, o və qardaşı Rəbbin isə evdə olmuşlar. Həmin vaxt qardaşı Rəbbin atasının yatdığını zənn edib qarğış etmişdir. Belə ki, səhər evdə olan zaman atası içkili vəziyyətdə qardaşı Rəbbini dəmir dabankeşlə qarın nahiyəsindən bir dəfə vurmuş, bu səbəbdən də Rəbbin atasının yatdığını zənn edib ona qarğış etmişdir. Atası Rəbbinin qarğışını eşidib, sonuncunu uzandığı divanın yanına çağırmış və uzandığı yerdən təpiklə Rəbbininin qarnına vurmuşdur. Daha sonra ayağa qalxaraq Rəbbini vurmaq istədikdə, sonuncu təpiklə atasının ayağından vurmuş və atası yenidən uzandığı divana yıxılmışdır. Həmin vaxt o, yemək yemiş və Rəbbin atasını vurduqdan sonra qaçaraq otağı tərk etmişdir. Atası Rəbbini çağırsa da, qardaşı otağa qayıtmamış və atası bildirmişdir ki, əgər Rəbbin geri qayıtmasa, onu döyəcəkdir. Rəbbin isə geri qayıtmayacağını bildirmişdir. Atası ona bildirmişdir ki, qardaşı geri qayıtmadığı üçün onu döyəcəkdir. Daha sonra atası ona yaxınlaşaraq masanın üzərində olan mətbəx bıçağını götürərək ona bildirmişdir ki, yeməyi tez yeyib masadan qalxsın və atası onu bıçaqla vuracaqdır. O isə, atasını itələyərək ondan kənar durmasını xahiş etmişdir. Atası onu itələməsinə baxmayaraq yenidən üzərinə gəlmişdir. Daha sonra atası bıçaqla mətbəxə getmiş və o, yenidən masaya oturaraq yeməyini yeməyə davam etmişdir. Daha sonra atası yenidən otağa qayıtmış və o, yemək yediyi halda atası gözlənilmədən başı ilə onun baş nahiyəsinə kəllə vurmuş və o, aldığı zərbədən yerə yıxılmışdır. Bu zaman atası əlində olan mətbəx bıçağı ilə ayaq üstə dayanıb təpiklə onun sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt o, qışqıraraq qardaşı Rəbbinə demişdir ki, anasını qonşudan çağırsın. Rəbbin də anasını çağırmaq üçün qonşuya getmişdir. Atası isə evin giriş qapısını bağlayaraq onu təpiklə vurmuşdur. Anası qardaşı ilə birlikdə evə qayıdan zaman giriş qapısını açmaq istəsələr də, aça bilməmişlər. Həmin vaxt atası qapını açmaq üçün giriş qapısına yaxınlaşmışdır. Bu zaman o, yerdən durmuş və həyəcanlı vəziyyətdə arxadan atasına yaxınlaşaraq, sonuncunun sağ əlində saxladığı mətbəx bıçağını əlindən almışdır. Atası giriş qapısını açıb həyətə çıxmaq istədikdə, o, atasının kürəyindən bir dəfə həmin bıçaqla zərbə endirmişdir. Atası bir iki addım atdıqdan sonra anasının qucağına yıxılmış və o da, qorxduğu üçün bıçağı evin həyətinə atmışdır. Daha sonra anası təcili tibbi yardıma zəng etmiş və həkimlər gələrək atasını xəstəxanaya aparmışlar. Daha sonra polis əməkdaşları gələrək onu 37-ci Polis şöbəsinə dəvət etmişlər. O da, polis şöbəsində baş vermiş hadisəni olduğu kimi danışmış və hadisə zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Qanuni nümayəndə ilə 2003-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan iki oğlu - xx.xx.2005-ci il təvəllüdlü Cəbrayıl və xx.xx.2007-ci il təvəllüdlü Rəbbin adlı iki övladları vardır. Təxminən on beş ildir ki, spirtli içki aludəçisidir və hər gün spirtli içki içir. 31 dekabr 2020-ci il tarixdə o, kafelərdən birində içərək yaşadığı evə gəlmişdir. Həmin vaxt çox içkili olduğu üçün hadisənin necə baş verməsini xatırlamır. Ayılanda isə artıq Sabunçu rayonu 3 saylı Kliniki Şəhər Xəstəxanasında olmuşdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs olan oğlu Cəbrayıla qarşı şikayəti və tələbi olmadığını, onunla barışdığını bildirərək, bu barədə 26.05.2021-ci il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, orta məktəbin 8 sinfində oxuyur. Atası Zərərçəkmiş şəxs fəhlə işləyir və spirtli içki aludəçisidir. Hər gün işdən içkili vəziyyətdə gəldikdən sonra evdə də spirtli içki içən atası onların hamısını nalayiq söyüşlərlə təhqir edir, hətta bir neçə dəfə onu döymüşdür. 31 dekabr 2020-ci il tarixdə bayram günü olduğu üçün ailə üzvləri hamısı evdə olmuş, atası yenə də araq içib yatmışdır. Saat 20 radələrində anası qonşuya getmiş, o isə, qardaşı Cəbrayılla evdə olmuşlar. Həmin vaxt o, atasının yatdığını zənn edib ona qarğış etmişdir. Belə ki, həmin gün səhər evdə olarkən atası içkili vəziyyətdə onu dəmir dabankeşlə qarın nahiyəsindən bir dəfə vurmuş, buna görə də, atasının yatdığını zənn edib ona qarğış etmişdir. Atası onun qarğışını eşidib uzandığı divanın yanına çağırmış və təpiklə onun qarın nahiyəsinə vurmuşdur. Daha sonra ayağa qalxaraq onu vurmaq istədikdə o, təpiklə atasının ayağından vurmuş və atası uzandığı divana yıxılmışdır. O isə, qaçaraq otağı tərk etmişdir. Həmin vaxt böyük qardaşı Cəbrayıl yemək yemiş və o, atasını vurduqdan sonra qaçaraq otağı tərk etmişdir. Atası onu çağırsa da, o, qayıtmamış, atası bildirmişdir ki, əgər o, geri qayıtmasa qardaşı Cəbrayılı döyəcəkdir. Bir neçə dəqiqədən sonra Cəbrayıl qışqıraraq anasını qonşudan çağırmasını ona demiş, o da, qonşuya qaçaraq atasının Cəbrayılı döydüyünü anasına bildirmişdir. Bundan sonra o, anası ilə birlikdə evə qayıtmış və həyətə daxil olduqdan sonra evin giriş qapısını açmaq istəsələr də, qapını açmaq mümkün olmamışdır. Bir qədər sonra atası qapıya yaxınlaşaraq evin giriş qapısını açmış və evdən çıxan zaman qardaşı Cəbrayıl bıçaqla atasının kürək nahiyəsindən bir dəfə vurmuşdur. Atası bir-iki addım atdıqdan sonra anasının qucağına yıxılmış, sonra anası təcili tibbi yardıma zəng etmiş və həkimlər gələrək atasını xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə Təqsirləndirilən şəxs və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 23 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarət – sol göz orbitasının bayır səthində sıyrıq küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 01.01.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 95- 96). Cinayət işində olan məhkəmə-psixoloji ekspertizasının 12 yanvar 2021-ci il tarixli 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosionallıq, ünsiyyətçillik, çətin situasiyalardan baş çıxara bilməmək, özünə inamsızlıq, konfliktə meylli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş və intellektual inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan belə qənaətə gəlinir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs onunla edilən, habelə özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixi inkişaf xüsusiyyətləri normaya uyğundur. O, qərarın təsviri hissəsində qeyd edilmiş hadisə zamanı yaranmış şəraitin mahiyyətini dərk etmək və öz davranışlarını proqnozlaşdırmaq iqtidarında olmuşdur (cild 1, iş vərəqi 97-100). Məhkəmə-tibbi ekspertizasının 10 fevral 2021-ci il tarixli 112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər – döş qəfəsinin arxa nahiyəsində əməliyyatdan sonrakı infeksiyalaşmış yara ilə qeyd olunan döş qəfəsinin arxa divarının sağ yarısından daxilə – plevra və qarın boşluqlarına nüfuz edərək diafraqmanın yaralanması, sağ tərəfli pnevmohemotorks, ağciyərin dəlib keçən yaralanması, qaraciyərin yaralanması və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan 31.12.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşyanın, ola bilsin bıçağın təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 104-106). Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 31 mart 2021-ci il tarixli 90-2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus puloverin arxa səthinin sağ yarısının orta nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr ülgücü, ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən əmələ gəlməyə xarakterikdir. Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş puloverin arxa səthinin sağ yarısının orta hissəsində aşkar olunmuş zədə onun bədən səthində olan döş qəfəsinin arxa divarının sağ yarısından daxilə nüfuz edən deşilmişkəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarət – döş qəfəsinin arxa nahiyəsində əməliyyatdan sonrakı infeksiyalaşmış yara ilə qeyd olunan döş qəfəsinin arxa divarının sağ yarısından daxilə – plevra və qarın boşluğuna nüfuz edərək diafraqmanın yaralanması, sağ tərəfli pnevmohemotorks, ağciyərin dəlib keçən yaralanması, qaraciyərin yaralanması və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarasının ekspertizaya təqdim edilmiş bıçağın, o cümlədən eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların təsirindən törənməsi inkar olunmur. Tədqiqata təqdim olunmuş bıçağın tiyəsi kəskin deformasiyaya uğradığı, yəni sınmış vəziyyətdə olduğu üçün həmin bıçaqla eksperimental zədələrin yetirilməsi mümkün olmadığına görə, puloverin üzərində olan zədənin tədqiqata təqdim olunmuş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim olunmuş bıçaq deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqi 114-122). Məhkəmə-tibbi bioloji ekspertizasının 31 mart 2021-ci il tarixli 130/2021-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu: 0-/İ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: 0-/İ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən 01 ədəd bıçaq və Təqsirləndirilən şəxs məxsus jaket üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə yalnız 0(İ) qrupunun əsasını təşkil edən H antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə 0-(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs (əgər sonuncu hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa) məxsus ola bilər (cild 1, iş vərəqi 123-126). İbtidai istintaq orqanının 06 aprel 2021-ci il tarixli qərarına əsasən, iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol jaket maddi sübut kimi tanınmış, həmin əşyalar saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir (cild 1, iş vərəqi 127-134, 153). İstintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, baş vermiş hadisə ilə əlaqədar hər hansı şikayət, iddia və tələbinin olmadığını bildirmişdir (Cild 1, iş vərəqi 86) Cinayət işinə əlavə olunmuş 19.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 176). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinin zəruriliyini əsaslandıran məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edilməklə yanaşı, həm də həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, 59.1.12-ci maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.8 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, ilk dəfə məhkum edilməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxsin onun atası olmaqla aralarında barışıq əldə edilməsini cinayətin motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 03 yanvar 2021-ci ilədək 2 (iki) gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun həbsdə saxlanıldığı həmin 2 (iki) gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin onun doğma atası olmaqla, cinayətin sonuncunun qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Xətai RPİ-nin saxlancına təhvil verilmiş 1 ədəd mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus dəyərini itirmiş 1 ədəd uzunqol jaket məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-86-cı maddələrinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 01 yanvar 2021-ci il tarixdən onun şübhəli şəxs qismində tutularaq 03 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmiş bir ədəd məişət təyinatlı mətbəx bıçağı və dəyərini itirmiş bir ədəd uzunqol jaket məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1082/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1082/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver