Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1083/2023 22.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1985-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Siyəzən şəhəri, Səttar Xeyrullayev küçəsi ev 29da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,320 qram, yəni külli miqdarda narkotik vasitə olan heroini 20 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 17:50-də Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli klassik şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 2,320 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 4 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 17 noyabr 2022-ci il tarixdə saat təxminən 17:50də yaşadığı ünvanın qarşısında olan zaman Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyatçısı onu yanına çağırmışdır. Ona narkoitik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nin inzibati binasına getmişdir. O, orada onlara heroindən istifadə etdiyini bildirmiş, ağrıları olduğu üçün onlardan narkotik vasitə istəmişdir. Polis əməkdaşları ona istifadə etməsi üçün narkotik vasitə verəcəklərini bildirərək, 0,5 qram çəkidə narkotik vasitə heroini ona təqdim edərək, üzərində saxlamasını, çəkiliş zamanı həmin bükümün ona məxsus olmasını söyləməsini bildirmişlər. Ağrıları olduğu üçün və polis əməkdaşları həmin az miqdarda narkotik vasitə heroinə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyinə onu inandırdıqlarından, o, 0,5 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olmasını boynuna almışdır. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə bağlı qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli klassik şalvarının sağ yan cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofan bükümdə içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. O, polis əməkdaşlarının ona dediyi qaydada bildirmişdir ki, aşkar olunan narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir. Aşkar edilən 0,5 qram narkotik vasitə heroini 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında “Şamaxinka” adlanan yerdə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli büküm içərisindəki heroin şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Onu Polis İdarəsinin müvəqqəti saxlanma yerinə apararkən bilmişdir ki, onun üzərindən 2,320 qram narkotik vasitənin çıxması qeyd olunmuşdur. O, buna etiraz etsə də, ilk dəfə məhkum olunduğu üçün və hüquqlarını bilmədiyi üçün müvafiq qaydada şikayət etməmişdir. Barəsində Yasamal rayon Məhkəməsində qətimkan tədbiri ilə bağlı məsələyə baxılarkən də, üzərimdən narkotik vasitənin aşkar edilmədiyini qeyd etmişdir. O, saxlanılan zaman narkotik vasitə heroindən istifadə etsə də, üzərində hər hansı narkotik vasitə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə Yasamal rayon sakini Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumatın yoxlanılması üçün 29-cu Polis Şöbəsinin rəhbərliyindən icazə alınmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 17 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində Yasamal rayonu, 2-ci Alatava ev 27B ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə əlaqədar Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək 29-cu PŞ-nin inzibati binasına gəlmiş, bundan sonra otaqların birində Farizə özünü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və sonra Farizin narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Farizə üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və alışqanı çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. 01 ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içində olan maddə narkotik vasitə heroindir, həmin tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və həmin gün saat 17:50 radələrində polis əməkdaşları tərəfindən Yasamal rayonu, 2-ci Alatava ev 27B ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, həmin zərf “Zərflər üçün 169” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satması, yaxud satmaq məqsədi ilə əldə etməsi ilə bağlı hər hansı müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin sahə müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6636 №-li materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 169” dairəvi möhür əksi, “vət. şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş 01 zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,320 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 41-450 İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7836 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 124-125) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 679 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 127-129) İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli klassik şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. (iş vərəqə 33-34) İş materiallarında olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİnin 29-cu PŞ-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli klassik şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümün içində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (iş vərəqə 110) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, AR DİN Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkilinin 17 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (iş vərəqə 46) İş materiallarına əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında “Şamaxinka” adlanan əraziyə getmiş və narkotik vasitə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb yaxınlaşaraq heroin lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 20 manat müqabilində 01 ədəd şəffaf rəngli sellofanda təxminən 0,5 qram narkotik vasitə heroin almışdır. Həmin maddəni əynində olan qara rəngli klassik şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 17 noyabr 2022-ci il tarixdə saat təxminən 17:50-də yaşadığı ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nin inzibati binasına getmişdir. (iş vərəqə 91-94) Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində ümumiyyətlə narkotik vasitə olmaması, 2,320 qram narkotik vasitənin olduğu bükümün polis əməkdaşları tərəfindən ona Polis bölməsində verilməsi ilə əlaqədar ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq daşımaqla, həqiqəti əks etdirməyərək, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, iş üzrə şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6636 №-li materialların məhkəmə ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7836 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyi, «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokol, «Video görüntüyə baxış keçirilməsi haqqında» protokol, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı və digər mötəbər sübutlarla tam təkzib edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Təqsirləndirilən şəxs götürülmüş 01 bükümdə təmiz çəkisi 2,320 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına olan şəxsiyyət vəsiqələrinin, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, onun himayəsində xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 olmaqla bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. (iş vərəqə 106-108) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(004)-992/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 23, 89) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 7836 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 2,320 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədiqatından sonra qalıq qalmış 2,220 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədiqatından sonra qalıq çəkisi 2,220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1083/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1083/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver