Məhkəmə qərarları › İş №1(101)-1083/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1083/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1083/2025 16.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, “MƏRKƏZ” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Sumqayıt şəhərində doğulmuş (FİN № xxxxxxx), ali təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 30 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qərarına əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, tanışı Şahid2 İnqilab qızı ilə xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində ünvan 3 ünvanda yerləşən “Central Baku” restoranının qarşısında olarkən, Zərərçəkmiş şəxs əvvəllər tanışlıq münasibətində olduğu Şahid2 ilə mübahisə etməsini və onu təhqir etməsini özü üçün qəbuledilməz hal hesab edib, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, bunu cüzi səbəb kimi bəhanə edib, xuliqanlıq niyyəti ilə qəsdən xəsarət yetirmək məqsədilə anidən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir dəfə zərbə endirərək yerdəki daş döşəmələrin üzərinə yıxmaqla, sonuncuya xuliqanlıq niyyəti ilə sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sağ təpə-gicgah nahiyəsinin epidural hematoması, sol gicgah payına subaraxnoidal qansızma və baş beyinin əzilməsi ilə müşaiyət olunan qapalı kəllə beyin travması kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin hərəkətlərinə görə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə, yəni qəsdən, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməyə görə ittiham verilmiş, məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman onun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayətini törətməsi təsdiq olunsa da, bu cinayəti xuliqanlıq niyyəti ilə törətməsi öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Şahid2 2008-ci ildən mərhum qardaşı Əbdül Məmmədov adlı şəxsin vasitəsilə tanımış, onlarla qonşu olmuşlar. Bir gün Gülnarə ilə görüşərkən sonuncu İlham adlı şəxslə sevgili olduğunu, hazırda həmin şəxsdən ayrılmaq istədiyini, lakin İlhamın ondan əl çəkmədiyini və ona hədə-qorxu gəldiyini bildirmişdir. O, Gülnarəyə bu məsələni həll edəcəyimi demiş, İlhamın telefon nömrəsini ondan götürmüşdür. Sonra İlhamın nömrəsinə zəng edib Gülnarəyə hədə-qorxu gəlməsinin səbəbini soruşmuşdur. Həmin vaxt İlham Gülnarə ilə 8 il münasibətinin olduğunu və Gülnarədən ayrılmağı qəbul edə bilmədiyini demiş, o isə, Gülnarənin artıq onunla münasibəti kəsmək istədiyini bildirmişdir. Bu zaman İlhamla sözləri düz gəlməmiş və telefonda İlham onunla kobud danışmışdır. İlhamın onunla bu tərzdə danışmağı ona xoş gəlməmiş, söhbətə aydınlıq gətirmək üçün görüşməyə razılaşmışlar. İlham onu Səbail rayonu ərazisində yerləşən “tarqovı” adlanan yerə çağırmışdır. Orada İlhamla görüşmüş, bir qədər söhbət etdikdən sonra İlham daha Gülnarəni narahat etməyəcəyinə söz vermiş, onunla əl sıxıb ayrılmışlar. Bundan sonra o, bu barədə Gülnarəyə məlumat vermişdir. Bu söhbətdən bir neçə gün sonra Gülnarə yenidən İlhamın onu narahat etdiyini bildirmiş, o da, əsəbləşib İlhamın ona verdiyi sözünü tutmadığı üçün zəng edib danışmış, həmçinin votsapla ona yazmışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, 27 oktyabr 2024-cü il tarixdə Gülnarə ilə “Central Baku” adlanan restoranın qarşısına gəlmiş, əvvəlcədən İlhamla danışdığı kimi saat 21:30 radələrində İlhamla görüşmüşdür. Görüş zamanı İlham və onun dörd nəfər dostu, onun yanında isə Şahid2 olmuşdur. İlhamla yanaşı vəziyyətdə, yəni o, sol tərəfdə hərəkət edərək söhbət etməyə başlamış, təxminən bir dəqiqə söhbət etdikdən sonra İlham ona nə vaxta kimi “bu əxlaqsız qadına” görə ona söz deyəcəyini soruşmuşdur. İlhamın Gülnarəni bu cür adlandırması ona xoş gəlməmiş, o, əsəbləşib özündən çıxaraq İlhamın üz nahiyəsinə bir dəfə sağ əli ilə yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən İlham yerə yıxılmış, o isə, Gülnarə ilə birlikdə “Central Baku” restoranının qarşısından piyada hərəkət edərək oradan uzaqlaşmışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, hadisəyə qədər İlhamla dəfələrlə telefonla danışdığını və ondan Gülnarədən əl çəkməsini tələb etdiyini, hadisə zamanı o, İlhamın üzündən yumruqla vurduğunu, bu zaman İlhamın onun solunda dayandığını, İlhama sağ əli ilə yumruqla çənəsinin özünə tərəf olan hissəsindən vurduğunu, yumruğun sifətinin hansı hissəsindən ona dəydiyini bilmədiyini, zərbədən sonra İlhamın arxası üstə yerə yıxıldığını, yumruq vurandan sonra İlhamın iki addım geri çəkildiyini və sonra yerə yıxıldığını, İlhamın arxası üstə yerə yıxıldığını, bu zaman onun başının sol tərəfinin yerə dəydiyini, söhbət zamanı Gülnarənin İlhamın ondan əl çəkmədiyini dediyini, onun da bununla bağlı dəfələrlə İlhamla görüşdüyünü və Gülnarədən əl çəkməsini tələb etdiyini, əvvəlcədən İlhamı vurmaq fikri olsaydı, ilk görüşdəcə onu vurmaq imkanı olduğunu, lakin bunu etmədiyini, sonuncu dəfə isə İlhamın onunla kobud danışması səbəbindən sonuncunu vurduğunu, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs Mövlüd oğlu ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərində həqiqət var. Hadisə onun danışdığı kimi olmuşdur. Onların münasibətləri hazırda yaxşıdır, gələcəkdə də yaxşı olacaqdır. Təqsirləndirilən şəxsin həbs olunmasını istəmir. Hadisənin baş verməsinin səbəbləri barədə onu bildirmək istəyir ki, hadisədən bir müddət əvvəl o, bir kredit kartı alıb Gülnarəyə vermiş, lakin Gülnarə həmin krediti ödəməmişdir. O da, Gülnarəyə əgər ödəniş etməsə, onun məhkəməyə veriləcəyini demişdir. Hadisə ittihamda göstərilən ərazidə olmuşdur. Bu zaman o, üzünü çevirən vaxtı Nəriman anidən onu vurmuşdur. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, özü hadisə baş verən vaxt orada dayanmış, Nəriman onu vuranda onlar üzbəüz vəziyyətdə olmuşlar. Nəriman onun sağ tərəfindən vurmuş, o, bundan sonra yerə yıxılmışdır. Onların bir-birinə qarşı əvvəlcədən qəsdi, qərəzçiliyi olmasa da, sonradan Gülnarəyə görə tez-tez mübahisələri olmuşdur. Nəriman ondan Gülnarədən əl çəkməsini tələb etmiş, o isə, Gülnarənin ona olan borcunu ödəməsini istəmişdir. Onun xəstəxanada müayinə və müalicəyə təxminən 10-12 min manat xərci çıxmışdır. Gülnarə xanımla onun münasibətləri yaxşı olmuş, xanımla sevgili olmuş, onun evində işləmiş və qarşılıqlı razılıq əsasında münasibət qurmuşlar. Məhkəmə baxışının sonunda zərərçəkmiş şəxs İlham Əhmədli 10 iyul 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam şəkildə ödənildiyini, onunla barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında dindirilən Şahid2 İnqilab qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə yaşadığı məhlədə qonşu olmuşlar, həm də Nəriman onun rəhmətə getmiş qardaşı Əbdülün yaxın dostu olmuşdur. Zərərçəkmiş şəxs təxminən 8 ildir tanıyır, onunla yaxın münasibəti olmuşdur. İlham əvvəllər bir müddət onun yaşadığı evdə usta kimi işləmişdir. İlham həmişə onunla sevgili olmağa çalışmış, lakin onun özü heç vaxt bu cür münasibət düşünməmiş və bunu İlhama da demişdir. Hətta özünün xarici vətəndaşla qeyri-rəsmi münasibətdə olduğunu İlhama dedikdən sonra da, sonuncu ondan əl çəkməmişdir. Təxminən 2020-ci ilin yanvar-fevral aylarından İlham tez-tez ona zəng edərək və yaşadığı ünvana gələrək başqalarının yanında söyüb-təhqir etmiş, ondan bu hərəkətlərinə son qoymasını tələb etsə də, İlham bu iradlara məhəl qoymamışdır. Onun bu cür hərəkətləri 2024-cü ilin oktyabr ayınadək davam etmişdir. 07 oktyabr 2024-cü il tarixdə o, ağlaya-ağlaya yaşadığı binaya gələn zaman Nəriman onu görüb nə baş verdiyini soruşmuş, o da, İlham barədə Nərimana danışmışdır. Nəriman bundan sonra İlhamla danışıb ondan uzaqlaşdıracağını demiş və ondan sonuncunun mobil nömrəsini götürmüşdür. 10 oktyabr 2024-cü il tarixdə Nəriman İlhamla danışdığını, sonuncunun bir daha onu narahat etməyəcəyi barədə Nərimana söz verdiyini bildirmişdir. Lakin buna baxmayaraq bir neçə gün sonra İlham yenidən əvvəlki hərəkətlərini davam etdirməyə başlamışdır. 25 oktyabr 2024-cü il tarixdə İlham ona “Tik-tok” sosial şəbəkəsində sevgi videoları göndərmiş, o da, bu barədə Nərimana danışmış, İlhamın yenə onu narahat etdiyini demişdir. Bundan təxminən iki gün qabaqdan başlayaraq axşam saatlarında Nəriman onun işlədiyi Səbail rayonu, ünvan 4 ünvanda yerləşən ofisə gəlib hər gün onu yaşadğı evə aparmışdır. 27 oktyabr 2024-cü il tarixdə İlham Nərimana zəng edib onunla görüşmək istədiyini bildirmiş, Nəriman da onunla razılaşmışdır. Həmin gün saat 21 radələrində Nərimanla birlikdə “Tarqovı”da “Central Baku” restoranının qarşısında olarkən İlhamın tanımadığı 4-5 nəfərlə birlikdə dayandığını görmüşdür. İlham həmin vaxt onları görüb yaxınlaşaraq onun ünvanına nalayiq sözlər işlətməyə başlamış, söyüş və təhqirlə Nərimana onun kimi bir qadına görə danışdığını irad tutmuşdur. Nəriman İlhama “sən o sözləri kimə deyirsən?” deyərək anidən sağ əli ilə İlhamın sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. İlham zərbənin təsirindən arxası üstə yerə yıxılmış, bundan sonra o, Nərimanla həmin yerdən uzaqlaşıb getmişlər. Səhəri gün Nərimanla birlikdə 9-cu polis bölməsinə gedib hadisə barədə izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, Şahid2 təxminən 4-5 il, Təqsirləndirilən şəxs isə təxminən bir neçə aydır ki, tanıyır. 27 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində İlhamın dostunun yoldaşı ona zəng edib İlhamın vəziyyətinin yaxşı olmadığını və “Semaşko” xəstəxanasında olduğunu bildirmişdir. Xəstəxanaya çatdıqda İlhamın əməliyyata götürüldüyünü onlara demişlər. Həmin vaxt bacısı Əfsanə ona zəng edib İlhamın «Tarqovı” adlanan yerdə yıxılaraq başını daşa vurması barədə məlumat vermişdir. Təxminən 30-40 dəqiqə sonra həkim köməkçisi onlara yaxınlaşıb İlhamın beyninə qan sızdığına baş nahiyəsiııdən əməliyyat edildiyini bildirmiş, həmçinin Əfsanənin əri Babəklə söhbət zamanı o da, İlhamın “Tarqovı” adlanan yerdə tanımadığı şəxs tərəfindən döyüldüyünü demişdir. Bundan başqa, Babək həmin şəxsi tanımadığını, lakin onun yanında Şahid2 bildirmiş, bundan sonra onlar “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Daha sonra İlhamın Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü öyrənmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi yerində yoxlanılmış, bu zaman Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 75 ünvanında yerləşən “Central Baku” restoranının qarşısında göstərərək təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 52-55). Azərbaycan Respublikası DİN Növbətçi Hissələri idarəetmə xidməti tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd diskə baxış keçirilməsi haqqında 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, diskdə bir ədəd videofayl mövcüddur. Həmin videofayl açıldıqda çəkilişin 3 dəqiqə 3 saniyə müddətində davam etdiyi, çəkilişin ünvan 3 ünvanda yerləşən “Central Baku” restoranının ön giriş hissəsini müşahidə edən AR DİNnin «Təhlükəsiz Şəhər» kamerası tərəfindən qeydə alındığı müəyyən olunur. Kamera statik vəziyyətdədir. Kameranın obyektivi restoranın giriş qapısı və Nizami küçəsi istiqamətindədir. Görüntü başlayan zaman ekranın yuxarı sağ hissəsində “xx-xx-2024 20:44:57” yazıları qeyd olunub. 20:45:04-cü saniyədə Nizami küçəsi ilə hərəkətdə olan boz rəngli idman geyimində olan Zərərçəkmiş şəxs piyada hərəkət edərək qeyd olunan restoranın qarşısında dayanmış üç nəfər şəxsin yanına gəlir. 20:46:20-ci saniyədə açıq rəngli gödəkçə və tünd rəngli papaqda olan Təqsirləndirilən şəxs piyada hərəkət edərək Zərərçəkmiş şəxs istiqamətinə gəlir və onunla görüşüb bir qədər söhbət edir. 20:46:36-cı saniyədə ekranın aşağı sağ hissəsindən görünür ki, göy rəngli geyim və qara rəngli gödəkçədə olan Şahid2 İnqilab qızı piyada hərəkət edərək onlar istiqamətinə gedir. 20:46:46-cı saniyədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid2 qoşularaq birlikdə piyada hərəkət etməyə başlayırlar. 20:47:15-ci saniyədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruq zərbəsi vurur və Zərərçəkmiş şəxs arxası üstdə yerə yıxılır. Bundan sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşır və oradakı şəxslər Zərərçəkmiş şəxs yanına yığışır. Bundan sonra qeyd olunan görüntülər 20:48:00-cı saniyədə bitir (cild 1, iş vərəqi 101-102). İbtidai istintaq orqanının 11 fevral 2025-ci il tarixli qərarı ilə hadisə yerində quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntülərin yükləndiyi bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmamış, lakin həmin disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 151-158). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 43 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sağ təpə-gicgah nahiyəsinin epidural hematoması, sol gicgah payına subaraxnoidal qansızma və baş beyinin əzilməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024cü il tarixində kənar şəxs tərəfindən sağ gicgah-təpə nahiyəsinə bərk küt əşya ilə (alətlə), ola bilsin görə bilmədiyi əşya ilə zərblə vurma və sonrakı etapda yıxılması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 121-125). Ambulator kompleks məhkəmə-psixoloji və məhkəmə-psixatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 384 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixioloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməldir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etmir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri adekvat qavrayıb, bu barədə düzgün ifadə vermək qabiliyyətindədir. Onda yalan danışmağa və özündən uydurmağa meyillilik aşkar edilmədi (cild 1, iş vərəqi 146-149). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 84-85). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirdi və müdafiəsi üçün hər hansı dəlil gətirmədi. Məhkəmə kollegiyası iş üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən ağır xəsarət yetirməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə məhkəmə iclasında öz təsdiqini tapmadı. Məhkəmədə müəyyən edildi ki, həmin cinayət hadisəsi tərəflərin mübahisəsi zamanı onların münasibətlərinin pozulması səbəbindən baş vermiş, mübahisənin və münaqişənin təşəbbüskarı isə Zərərçəkmiş şəxs olmuşdur. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarına və həmin Qərara 20 dekabr 2024-cü il tarixdə 14 №-li Qərarla edilmiş dəyişikliklərə əsasən məhkəmələrə tövsiyyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Ali Məhkəmə Plenumunun həmin mövqeyini nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, qeyd olunan tövsiyyə qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə kollegiyası hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun xuliqanlıq niyyətinin mahiyyətinə dair yuxarıda qeyd olunan tövsiyyəsini də nəzərə alır. Məhkəmə kollegiyasının qənaətinə görə, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu zaman təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, məsələn, heç bir səbəb olmadan cinayət törədir. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaq məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmiş şəxsin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan tövsiyyələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında cinayət hadisəsindən öncə onların hər ikisinin ümumi tanışları olan Şahid2 adlı qadına görə mübahisələri düşmüş, həmin qadının əvvəlcədən tanıdığı və hadisə baş verərkən yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs Şahid2 müraciəti əsasında onunla olan münasibətlərinə son qoymağı Zərərçəkmiş şəxs tələb etmiş, sonuncu Təqsirləndirilən şəxs qadına qarşı münasibətlərinə son qoyacağına söz versə də, həmin vədinə əməl etməmiş, yenidən Şahid2 ilə əlaqə yaradaraq onu təhqir etməyə davam etmişdir. Qadın baş verənlər barədə Təqsirləndirilən şəxs məlumatlandırmış, sonuncu, Zərərçəkmiş şəxs qorumaq məqsədilə hadisə baş verməmişdən bir neçə gün öncədən başlayaraq Şahid2 axşam işdən çıxarkən qarşılayıb evinə yola salmışdır. Hadisə baş verən xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində onlar ünvan 3 ünvanda yerləşən “Central Baku” restoranının qarşısında olarkən Zərərçəkmiş şəxsla rastlaşmış, sonuncu ilə təxminən bir dəqiqə söhbət etdikdən sonra İlham Nərimana nə vaxta kimi “bu əxlaqsız qadına” görə ona söz deyəcəyini soruşduqda, İlhamın Gülnarəni bu cür adlandırması Təqsirləndirilən şəxs xoş gəlməmiş və o, əsəbləşib özündən çıxaraq Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmiş, zərbənin təsirindən zərərçəkmiş şəxs yerə yıxılaraq başı daşa dəymiş və nəticədə ağır xəsarət almışdır. Göründüyü kimi, hadisə baş verməmişdən bir neçə gün qabaq tərəflər arasında qadına görə mübahisə və münaqişə baş vermiş, təqsirləndirilən şəxs qadınla münasibətlərinə son qoymağı zərərçəkmiş şəxsdən tələb etmiş, sonuncu buna söz versə də, əməl etməmiş və sonuncu görüşündə qadını təqsirləndirilən şəxsin gözü qarşısında bir daha təhqir etmişdir. Qeyd olunanları nəzərə alan və iş üzrə məhkəmə iclasında araşdırılmış bütün sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə fərziyyələr və əsaslı şübhələr üzərində qurulmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4-cü maddələrinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində Zərərçəkmiş şəxs sonuncunun təşəbbüsü ilə başlanmış qarşılıqlı mübahisə zəminində bir yumruq zərbəsi endirib ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Buna görə də, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən məhkəmələrə verilmiş tövsiyələrə görə, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs şərti məhkum etmənin tətbiq olunması ilə əlaqədar məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutların olmaması, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar