Məhkəmə qərarları › İş №1(101)-1087/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1087/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1087/2021 22.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 yanvar 1965-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir, Cəbrayıl rayonunun Sarıcallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsi ev 4 A ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə naməlum şəraitdə və vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Sərvər” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Sərvər” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddələri keçirdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən naməlum şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 3.180 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 4.186,749 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 613 qram çəkidə psixotrop maddə metafetamini əldə edərək “Sərvər” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən 400 manat pul müqabilində Bakı şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb yaşadığı ünvan 1 ünvana daşımış, həmin narkotik vasitə heroinin 42,749 qramını isə üzərində saxlamaqla daşıyarkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 dekabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlanılmaqla Baş İdarəyə gətirilmiş və orada saat 14:20-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 42,749 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 11 dekabr 2020-ci il tarixdə saat 18:30dan etibarən Təqsirləndirilən şəxs yaşadığı mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən yataq otağına girişdə sağ tərəfdə yerləşən çarpayının altında gizlətdiyi qara rəngli üzərində “Puma” yazılmış idman çantasının içərisindən ümumilikdə 4 ədəd bağlamada tərkiblərinə görə öz aralarında və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, ayrı-ayrılıqda 1.023 qram, 1.010 qram, 1.080 qram və 1.031 qram olmaqla ümumilikdə külli miqdarda 4.144 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bağlamada külli miqdarda 613 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 2 ədəd polietilen bağlamada eyni tərkibli, ayrı-ayrılıqda 370 qram və 2.810 qram olmaqla ümumilikdə külli miqdarda 3.180 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroin izləri olan 1 ədəd “Eurolux” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Məhiyəddin oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Sərvər adlı şəxslə təxminən 1 il bundan əvvəl 2019-cu ilin yay aylarında qohumlarını ziyarət etmək məqsədilə İrana getdikdə tanış olmuşdur. İranda olduğu müddət ərzində yaxşı münasibətləri yarandığından sonradan əlaqə saxlamaq məqsədilə Sərvər mobil nömrəsini istədikdə istifadə etdiyi mobil nömrəni ona vermişdir. Bundan sonra Sərvər bayramlarda və sair günlərdə müxtəlif nömrələrdən ona zəng etmiş, lakin onlar heç vaxt görüşməmişlər. 2020-ci ildə ölkə ərazisində olan pandemiya ilə əlaqədar maddi vəziyyəti yaxşı olmamış, bu səbəbdən təxminən 2020-ci ilin oktyabr ayında Sərvərlə danışan zaman sonuncuya maddi cəhətdən ona köməklik etməsini xahiş etmişdir. Tutulmazdan təxminən 4-5 gün əvvəl Sərvər yenidən ona zəng edərək 1-2 saat ərzində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindəki körpünün yaxınlığına qara rəngli idman çantası qoyulacağını, həmin çantanı götürüb özündə saxlamağını, kimə veriləcəyi barədə daha sonra məlumat verəcəyini, həmin çantanın deyilən şəxslərə çatdırdıqdan sonra qazanc olaraq həmin şəxsdən 400 manat pul alacağını bildirmişdir. O, razılaşmaya əsasən çantanı Sərvərin dediyi yerdən götürərək özündə saxlamış, ancaq çantanın içinə baxmamışdır. 11 dekabr 2021-ci il tarixdə yaşadığı binanın yaxınlığında piyada gedən zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini istədikdə o öz anket məlumatları barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu yaşadığı evə aparıb içəri zorla daxil olmuşlar. Bundan sonra polis əməkdaşları yataq otağında girişdə sağ tərəfdə olan çarpayının altında Sərvərin ona verdiyi çantanı aşkar etmişlər. O həmin çantaya açıb baxan zaman çantanın içində müxtəlif bükümlərdə narkotik vasitələr olduğunu görmüşdür. Həmin çantanın içərisində 2 bağlama narkotik vasitə olmuş, tərəzi olmamışdır. Mənzilindən çıxan tərəzidən isə narkotik vasitələri çəkmək üçün istifadə etməmişdir. Çantanın içində narkotik vasitə olduğunu bilsəydi Sərvərə kömək etməzdi. Sərvəri uzun illərdir ki, tanıyır. Onunla “WhatsApp” proqramı ilə əlaqə saxlamış və 2-ci Qarabağ Müharibəsi ilə bağlı danışmışdır. Polis əməkdaşları barəsində cinayət işinin açılmaması üçün ondan 5.000 manat pul istəmişlər. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs Məhiyəddin oğlu ibtidai istintaq zamanı ifadələrində bildirmişdir ki, 2020-ci ildə ölkə ərazisində olan pandemiya ilə əlaqədar maddi vəziyyəti yaxşı olmamış, təxminən 2020-ci ilin oktyabr ayında Sərvərlə danışan zaman ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, Sərvər də ona narkotik vasitələrin satışı ilə məşğul olub pul qazanmağı təklif etmiş, o, maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmış və Sərvər özü ona xəbər edəcəyini demişdir. Tutulmazdan bir müddət əvvəl Sərvər onunla əlaqə saxlayan zaman yaxın günlərdə satmaq məqsədilə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satıb pul əldə edəcəyini demiş, 2020-ci ilin noyabr ayının sonlarında Sərvər ona zəng edib 3-4 gün ərzində satmaq məqsədilə narkotik vasitə heroin, marixuana və metafetamin göndərəcəyini bildirdikdə o, Sərvərlə razılaşıb ondan zəng gözləməyə başlamışdır. Tutulmazdan təxminən 4-5 gün əvvəl Sərvər yenidən ona zəng edib 1-2 saat ərzində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindəki körpünün yaxınlığına qara rəngli idman çantasında narkotik vasitə heroin, marixuana, metafetamin və 1 ədəd elektron tərəzi qoyulacağını, həmin çantanı götürüb özündə saxlamağını, kimə veriləcəyi barədə daha sonra məlumat verəcəyini, həmin çantanın deyilən şəxslərə çatdırdıqdan sonra qazanc olaraq həmin şəxsdən 400 manat pul alacağını bildirmişdir. Razılaşmaya əsasən çantanı Sərvərin dediyi yerdən götürərək özündə saxlamalı, ona dediyi miqdarda narkotik vasitələri çəkib Bakı şəhərinin müxtəlif küçələrində yerləşdirməli və həmin narkotik vasitələrini yerləşdirdiyi yerin şəklini çəkib mobil telefon vasitəsilə ona göndərməli olmuş, Sərvər çantanın içərisində olan narkotik vasitə və psixotrop maddədən onun dediyi şəxslərə sata biləcəyini dedikdə onunla razılaşıb Sərvərin dediyi yerə gedən zaman həmin çantanın orada olduğunu görmüş, bundan sonra çantanı götürərək dərhal oradan uzaqlaşmış, narkotik vasitələrdən istifadə etməsə də, onları tanımış, bir az uzaqlaşdıqdan sonra çantanın içərisinə nəzər yetirdikdə 4 bükümdə narkotik vasitə heroin, 1 bükümdə psixotrop maddə metafetamin, 2 ədəd bağlamada marixuana və 1 ədəd elektron tərəzi olduğunu görmüşdür. Bundan sonra çantanı bağlayıb evə gəlmək üçün yoluna davam etmiş, yolda olan zaman Sərvər yenidən zəng etdikdə ona dediyi çantanı götürdüyünü və yaşadığı mənzildə saxlayacağını bildirmiş, Sərvər isə çantanın içərisində olanları onun deyəcəyi adamlara verəcəyini, bunun müqabilində 400 manat pul alacağını bildirib ondan zəng gözləməyini demiş, o da razılaşmışdır. O yaşadığı evə gəldikdən sonra idman çantasını yataq otağındakı çarpayının altında gizlətmiş, 11 dekabr 2020-ci il tarixdə səhər saatlarında Sərvər ona zəng edərək idman çantasının içərisində olan heroindən 40 qram tərəzidə çəkib yaşadığı ərazidə bir yerə qoymağını və həmin yerin şəklini çəkib ona göndərməyini demiş, o da Sərvərin dediyi kimi çantanın içərisində olan heroindən 40 qram tərəzidə çəkib sellofana bükmüş, sonra həmin bükümü yaşadığı evin yaxınlığında bir yerə qoymaq üçün evdən çıxıb piyada yola düzəlmişdir. Yaşadığı binanın yaxınlığında piyada gedən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməyini istədikdə o öz anket məlumatları barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, o isə polis əməkdaşlarında onun barəsində olan məlumatın dəqiq olduğunu başa düşmüşdür. Bundan sonra polis əməkdaşları ona Baş İdarənin inzibati binasına getməyi təklif etmiş, polis əməkdaşlarına bu barədə etiraz etməyib onlara məxsus avtomobilə əyləşərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmiş, orada müdafiəçinin iştirakı ilə sənədlərlə tanış olduqdan sonra videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və kütlənin təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 büküm narkotik vasitə heroini, sol yan cibindən 10 manat pulu və “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi bükümün ağzı açılıb nümayiş etdirilmiş, sonra büküm elektron tərəzinin üzərinə qoyularaq ümumi çəkisinin 45,32 qram olması müəyyən olunmuş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş büküm zərfə qoyulduqdan sonra üzəri yazılmış və möhürlənmişdir. Zərfin üzəri o, müdafiəçisi və iştirak edən şəxslər tərəfindən imzalanmış, üzərinə şəxsi axtarış aparılan zaman 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə qablaşdırılaraq götürülmüş, pul isə ona geri qaytarılmış, o yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metafetamin saxladığını etiraf etmişdir. Sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmış, ərizəni təqdim etdikdən sonra polis əməkdaşları videoçəkilişi dayandıraraq protokol tərtib etmişlər. Daha sonra xidməti avtomobillə müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı ev getmişlər. Yaşadığı evin yataq otağının girişində videoçəkiliş altında içəri daxil olmuş, bundan sonra yataq otağında girişdə sağ tərəfdə olan çarpayının altından içərisində narkotik vasitə marixuana, heroin və psixotrop maddə metafetamin olan çantanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi çantaya baxış keçirən zaman 4 büküm narkotik vaitə heroin, 1 büküm psixotrop maddə metafetamin, 2 bağlamada marixuana və 1 ədəd elektron tərəzi aşkar etmişlər. Baxış keçirildikdən sonra hər bir torba elektron tərəzidə çəkilərək çantanın içərisinə yığılmışdır (cild 1, iş vərəqə 65-69: 81-85). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Məhiyəddin oğlu ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsi, ev 4 A ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılaraq rəhbərlik ona həvalə edilmiş və həmin qərarın icrası ilə bağlı olaraq 11 dekabr 2020-ci il tarixdə işlədiyi idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsinə gedib saat 13:00-da onu Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsi, ev 4 A saylı ünvanın yaxınlığında saxlamışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun şəxsiyyətini müəyyən edib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasında xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təqsirləndirilən şəxsə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümü, sol yan cibindən isə 10 manat pulu və “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, bundan başqa onun üzərindən qanunsuz hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Təqdim edilmiş bükümün narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq üzəri yazılıb möhürlənərək şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış aparılan zaman 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, 10 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metafetamin saxladığını etiraf etmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Həmçinin həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Sərvər adlı şəxsin vasitəsilə əldə etdiyini, onları Sərvərin dediyi şəxslərə verdikdən sonra 400 manat pul əldə edəcəyini bildirmiş, bundan sonra protokol tərtib edilib uca səslə oxunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra xidməti avtomobillə təqsirləndirilən şəxsin yaşadığı evə getmişlər. Evin yataq otağının girişinə videoçəkilişlə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yataq otağında girişdə sağ tərəfdə olan çarpayının altında saxladığı çantanı təqdim etmiş, təqdim edilmiş çantaya baxış keçirilən zaman içərisindən 4 büküm narkotik vasitə heroinə, 1 büküm psixotrop maddə metafetaminə, 2 bağlama marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış keçirildikdən sonra hər bir torba ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək çantanın içərisinə yığılmış və çantanın ağzı bağalanaraq üzəri yazılıb möhürlənmişdir. Evin digər hissələrinə baxış keçirildikdə başqa narkotik vasitə və qanunla qadağan edilmiş digər maddə və ya əşya aşkar edilməmişdir. Baxış keçirilib qurtardıqdan sonra Baş İdarəyə geri qayıtdıqda təhqiqatçı tərəfindən mənzilə baxış keçirilməsi barədə protokol tərtib edilib ucadan oxunmuş və iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 147-150). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/856 saylı 12 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Məhiyyədin oğlunun ünvanına baxış keçirilərkən götürülmüş..” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli idman çantasındakı 1 ədəd ağ rəngli polietilen bağlamada sellofan torbada təmiz çəkisi 370,0 qram, 1 ədəd qara rəngli polietilen bağlamada qara rəngli polietilen torbada təmiz çəkisi 2.810,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 2 ədəd bağlamada olan marixuanaların ümumi çəkisi 3.180,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuanaların ümumi çəkisi 3.180,0 qram (1-2 nömrəli ob.), tədqiqata sərf olundu cəmi 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq 3.179,9 qram, cild 1, iş vərəqə 49-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2705 saylı 12 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun şəxsi axtarış zamanı təqdim etdiyi...” və s. yazılar və imzalar olan kağız paketdəki (№1) 1 ədəd bağlamada təmiz çəkisi 42.749 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun yaşadığı ünvana baxış zamanı təqdim etdiyi...” və s. yazılar və imzalar olan qara rəngli çantada (№2) 4 ədəd bağlamadakı ayrı-ayrılıqda təmiz çəkiləri 1.023 qram, 1.010 qram, 1.080 qram, 1.031 qram, ümumi təmiz çəkiləri 4.144 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 613 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd “EUROLUX” markalı elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir (iz tərəzinin ölçmə həddindən aşağı olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır), Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun üzərindən və yaşadığı ünvandan aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edir (tərəzi üzərindəki heroinə məxsus iz mikrohissəcikləri yetərsiz olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmamışdır). Qeyd: heroinin təmiz çəkisi 42,749 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 42,699 qram. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun şəxsi axtarış zamanı təqdim etdiyi...” və s. yazılar və imzalar olan kağız paketdəki (№1) 1 ədəd bağlamada təmiz çəkisi 42.749 qramqəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində ”Şübhəli şəxs Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun yaşadığı ünvana baxış zamanı təqdim etdiyi...” və s. yazılar və imzalar olan qara rəngli çantada (№2) 4 ədəd bağlamadakı ayrı-ayrılıqda təmiz çəkiləri 1.023 qram, 1.010 qram, 1.080 qram, 1.031 qram, ümumi təmiz çəkiləri 4.144 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bağlamada təmiz şəkisi 613 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd “EUROLUX” markalı elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir (iz tərəzinin ölçmə həddindən aşağı olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır), Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun üzərindən və yaşadığı ünvandan aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edir (tərəzi üzərindəki heroinə məxsus iz mikrohissəcikləri yetərsiz olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmamışdır). Üzərində “Levoxine”..Levothyroxine Sodium 10 mg” markalanma yazısı olan 5 blisterdə ümumilikdə 50 ədəd dərman tabletləri, üzərində “Acifen..Soha..Acetaminophen” yazısı olan blisterdə ümumilikdə 30 ədəd dərman kapsulları, üzərində “İbupain...İbuprofen 400 mg” ümumilikdə 90 ədəd dərman tabletləri təsiredici maddələrinə əsasən Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”-na daxil deyildir. Heroin həmin siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir (cild 1, iş vərəqə 53- 55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 15 mart 2021-ci il tarixli 800 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə və abstinensiya əlamətləri aşkar olunmamış, narkotik vasitələrdən psixi və fiziki asılılığı yoxdur, öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 167-168). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş 3.180,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 4.186,749 qram narkotik vasitə heroin, 613 qram psixotrop maddə metafetamin, ekspertiza tədqiqatından sonrakı qalıq olan 3.179,9 qram qurudulmuş marixuana, 4.186,579 qram narkotik vasitə heroin, 612,9 qram psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 106-108). Cinayət işinin materiallarında olan 11 dekabr 2020-ci il tarixli “şəxsi axtarış və götürmə” protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqə 30-33). Cinayət işinin materiallarında olan 11 dekabr 2020-ci il tarixli “baxış və götürmə” protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq yaşadığı mənzilə baxış keçirilən zaman oradan 4 bükümdə narkotik vaitə heroinə bənzər, 1 bükümdə psixotrop maddə metafetaminə bənzər, 2 bağlamada marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqə 36-39). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı “Samsung Galaxy J6” markalı mobil telefon aşkar edilərək götürülmüş, mobil telefonun yaddaşına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Mobil telefonun “mənim fayllarım” bölməsindəki şəkillər və videolara daxil olduqda orada çoxsaylı videogörüntülər vardır. Mobil telefonun yaddaşındakı şəkillərə nəzər yetirdikdə tərəzinin üzərində olan bükümlər nəzərə çarpır. Bundan əlavə mobil telefonun kontaktına nəzər yetirdikdə İran mobil operatorlarına məxsus +98 937 *** ** ** nömrəsi “Server”, +98 905 *** ** ** nömrəsi “Server 2” kimi qeyd edilmişdir (cild 1, iş vərəqə 137). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə Nərimanov rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsinə dair prosesdə özünü təqsirli bilərək narkotik vasitələri ona 7 dekabr tarixində İran İslam Respublikasında tanış olduğu Sərvər adlı şəxsin bağlamada göndərdiyini, həmin bağlamanı Sahil qəsəbəsindən götürdüyünü, bağlamanı deyilən yerə çatdıracağı təqdirdə bunun müqabilində ona 400 manat pul veriləcəyini bildirmişdir (cild 1, iş vərəqə 92-98). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 11 dekabr 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 109-110). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında və icraata qəbul edilməsi haqqında” 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda 3.180 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 4.186,749 qram çəkidə narkotik vasitə heroin və 613 qram çəkidə psixotrop maddə metafetaminin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs verilməsi, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirilməsi, İran İslam Respublikasının vətəndaşı “Sərvər” adlı şəxsin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrımışdır (cild 1, iş vərəqə 192-193). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur (cild 1, iş vərəqə 123). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 12). İş materiallarında olan Nərmanov rayon məhkəməsinin 13 dekabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 dekabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 92-98). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 176,36 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq olan 3.179,9 qram qurudulmuş marixuana, 4.186,579 qram narkotik vasitə heroin, 612,9 qram psixotrop maddə metafetamin, 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, şəxsi axtarış və baxış aparılması zamanı çəkilmiş videogörüntülər olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Məhiyəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Məhiyəddin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Məhiyəddin oğluna qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Məhiyəddin oğlu həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Məhiyəddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 176,36 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq olan 3.179,9 qram qurudulmuş marixuana, 4.186,579 qram narkotik vasitə heroin, 612,9 qram psixotrop maddə metafetamin, 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, şəxsi axtarış və baxış aparılması zamanı çəkilmiş videogörüntülər olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar