Məhkəmə qərarları › İş №1(101)-1087/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1087/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1087/2022 16.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçilər X3 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Kredo” vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Bakı şəhəri 6 saylı vəkil Bürosunu vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1997-ci ildə Xızı rayonu, Xələnc kəndində anadan omuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Xələnc kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən, Samir Əliyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx.xx.1961-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, 82,004 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi 3-cü mədən, S.Əliyev küçəsi nömrəsiz evə gətirməklə saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “miss Bahar” geyim mağazasının yaxınlığında həmin narkotik vasitənin 5,458 qram hissəsini 80 manat müqabilində narkotik vasitələrin satışı məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Təqsirləndirilən şəxs2 satmış, Nizami RPİnin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 21:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən Nizami RPİ-nə gətirilmiş və videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunda 3,237 qram çəkidə, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə bioloji tərkib komponentlərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr, olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin gün əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi 3-cü mədən, S.Əliyev küçəsi nömrəsiz evə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı yataq otağındakı dəmir saxlanc yerindən 19 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,311 qr, 3,623 qr, 3,717 qr, 3,763 qr, 3,681 qr, 3,914 qr, 3,849 qr, 4,074 qr, 3,754 qr, 4,566 qr, 4,493 qr, 3,510 qr, 4,186 qr, 3,766 qr, 3,698 qr, 3,893 qr, 3,740 qr, 3,945 qr, 3,826 qr qram olmaqla, ümumi çəkisi 73,309 qram çəkidə, üzərindən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə bioloji tərkib komponentlərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz satışı məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Təqsirləndirilən şəxs1 24 oktyabr 2021 -ci il tarixdə saat 18 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında 80 manat müqabilində, qanunsuz olaraq, 17 bükümdə 5,458 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 6 ünvana daşıyaraq hissələrə ayırıb üzərində saxlamaqla daşımış, 28 oktyabr 2021 -ci il tarixdə saat 20:00-da Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən Nizami RPİ-nə gətirilmiş və videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynində olan ağ-qara rəngli toxuma jaketin sağ yan cibindən 17 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,395 qr, 0,045 qr, 0,103 qr, 0,102 qr, 0,063 qr, 0,358 qr, 0,375 qr, 0,337 qr, 0,355 qr, 0,480 qr, 0,352 qr, 0,425 qr, 0,391 qr, 0,495 qr, 0,392 qr, 0,379 qr, 0,411 qram olmaqla, ümumi çəkisi 5,458 qram çəkidə, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə bioloji tərkib komponentlərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Əsmət ondan öz istifadəsi üçün narkotik vasitə gətirməyini istəmiş, həmin vaxt onda şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olmuş və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 apararkən saxlanılmışdır. O, narkotik vasitəni öz istifasi üçün 500 manata almışdır. O, narkotik vasitənin çəkisini bilməmiş, onu karobkada almışdır. Əsmət ondan iki dəfə narkotik vasitə xahiş etmiş, o, ikinci dəfə Əsmətə narkotik vasitə verən zaman saxlanılmışdır. O, ilk dəfə narkotik vasitəni Əsmətə 80 manata satmışdır. O, saxlanılan zaman Əsmətə narkotik vasitəni çatdıra bilməmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, hadisə günü evdən çölə çıxmış və Bəxtiyara zəng vuraraq narkotik maddəyə ehtiyacının olduğunu demişdir. Bəxtiyar ilə Keşlə ət kombinatında bir yerdə işləmişlər. Bəxtiyardan narkotik vasitəni tapa bilib-bilməyəcəyini soruşan zaman, sonuncu tapa biləcəyini, bükümün birinin 80 manata olduğunu demiş və Bəxtiyar ona iki büküm narkotik vasitəni gətirib verən zaman polis əməkdaşları onları saxlamışlar. Bu hadisədə narkotik vasitələrin satışı olmamış, o, sadəcə Bəxtiyardan öz istifadəsi üçün narkotik vasitə xahiş etmişdir. Polis əməkdaşları ikisini bir yerdə aparmışlar. Onlar Polis bölməsinə gedən zaman bir az gözlədikdən sonra vəkili ora gəlmiş və ona heç nəyə imza çəkməməsini demişdir. O, üzərində olan iki bükümü təqdim etmiş, bu zaman tumbuçqanın üzərində başqa bükümlərin də olduğunu görmüşdür. Polis əməkdaşları ona hədə-qorxu gələrək qızını da bura gətirəcəklərini demişlər və o, həmin vaxt qorxduğundan çəkiliş zamanı həmin narkotik vasitələrin ona aid olduğunu və onları satmaq üçün əldə etdiyini demişdir. Sonradan onun vəkili gəlmiş və vəkilinə onun işinin sabaha qaldığını demişlər. O, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamış, yalnız öz istifadəsi üçün Bəxtiyardan əldə etmişdir. Üzərinə axtarış keçirən polis əməkdaşı Xədicə xanım gələn zaman bükümlər onun üzərində yox, stolun üzərində olmuş, həmin narkotik vasitələrin stolun üzərinə kim tərəfindən qoylduğunu bilməmiş, onun üzərində cəmi iki ədəd büküm olmuşdur. O, iki büküm narkotik vasitəni Bəxtiyardan rayona gedəcəyi üçün almışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki ifadələri özlərini müdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onların ittiham olunduqları cinayət əməllərini törətmələri aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 15 aprel 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, əsəb xəstəliyindən əziyyət çəkməyi səbəbi ilə narkotik vasitə olan marixuanadan təxminən 1 ilə yaxındır istifadə etmişdir. O, narkotik vasitə olan merixuananı müxtəlif ünvanlardan adlarını bilmədiyi şəxslərdən almış və istifadə etmişdir. Təxminən 1 ilə yaxındır, Əsmət adlı şəxs ilə tanış olmuşdur. O, bir neçə dəfə Əsmətdən 10 manata bir büküm narkotik vasitə marixuana almış və istifadə etmişdir. Təxminən bir ay bundan qabaq Maştağada olan zaman Vasif adlı taksi sürücüsü ilə tanış olmuşdur. Vasiflə bir qədər danışdıqdan sonra onun da marixuana istifadəçisi olduğu ona məlum olmuş və onlar yol gedə-gedə ona məxsus olan avtomobildə marixuanadan istifadə etmişlər. Həmin vaxt Vasif adlı şəxs ona 24 kibrit qutusu narkotik vasitəni 500 manata ona satacağını demişdir. O, həmin dediyi qiymətin ucuz olduğunu bildiyi üçün Vasiflə razılaşmış və Vasif Sabunçu rayonu, Zabrat qəsəbəsində yolun kənarında ona avtomobilinin arxa yük hissəsindən çıxardaraq 24 kibrit qutusu marixuananı vermişdir. O da qarşılığında 500 manat pulu Vasifə vermişdir. Həmin narkotik vasitəni götürərək yaşadığı ünvana aparmış və orada ona məxsus olan otaqda olan dəmir seyfin içərisinə qoymuşdur. Bir müddət həmin narkotik vasitədən az-az istifadə etmişdir. Təxminən 10 gün bundan qabaq Əsmət adlı şəxs ona dəfələrlə müraciət edərək ona marixuana tapmağını xahiş etmişdir. Əsmətə dəfələrlə yox deməyinə baxmayaraq sonuncu yenidən israrla marixuana istədiyini və onun özünə haradan alırsa onun üçün də bir qədər almağını xahiş etmişdir. O, ümumiyyətlə pulu olmadığı zamanlarda da Əsmətdən borca narkotik almağı səbəbi ilə onunla münasibətinin pozulmasını istəmədiyi üçün 27 oktyabr 2021-ci il tarixində Əsmətin yaşadığı Nizami rayonu, Rüstəmov küçəsində onunla görüşərək bir kibrit qutusunda marixuananı ona vermişdir. Əsmət ondan qiymətini soruşduqda isə ona 80 manat olduğunu demiş və Əsmət ona pulu olmadığını deyərək, onu satdıqdan sonra verəcəyini bildirmişdir. O da razılaşmışdır. 28 oktyabr 2021-ci il tarixində yenidən Əsmət adlı şəxs ondan bir kibrit qutusu narkotik vasitə olan marixuana istəmiş və o Əsmətlə razılaşmış, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Miss bahar" geyim mağazasının yaxınlığında gözlədiyini Əsmətə demişdir. Saat təxminən 20 radələrində oraya gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və onu Nizami rayon polis idarəsinə aparmışlar. Polis idarəsində üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunda marixuana aşkar edilmişdir. Sorğu zamanı həmin bir ədəd bükümün içərisində marixuana olduğunu, həmin narkotik vasitəni təxminən bir ay əvvəl tanımadığı şəxsdən əldə etdiyini və Əsmət adlı qadına 80 manata satacağını bildirmişdir. Həmin büküm götürülərək qablaşdırılmışdır. Sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra ona başqa yerdə narkotik vasitə saxlayıb- saxlamadığı soruşulmuş və o da yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı bildirilmiş və o da etirazının olmadığını demiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra isə onun yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, Mədən 3-də yerləşən həyət evinə baxışı keçiriimişdir. Baxış zamanı yaşadığı evin yataq otağında olan dəmir saxlanc yerindən 19 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Ondan həmin kibrit qutularının içərisində nə olması soruşulmuş və o da həmin 19 ədəd kibrit qutusunun içərisində marixuana olduğunu, onları təxminən 1 ay əvvəl tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və yaşadığı evdə saxladığını bildirmişdir. Həmin 19 ədəd kibrit qutusu götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra evinə baxış keçirilmiş və hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq bir dəfə Əsmət adlı şəxs ona narkotik vasitə satmağı təklif etmişdir. Vasifi təsadüfən taksi sürücüsü qismində tanımış və həmin vaxt da ondan 500 manat verib narkotik vasitə almışdır. Bundan sonra Vasifi görməmiş və onun anket məlumatlarını bilməmişdir. O, narkotik vasitəni aldığı Vasif adlı şəxsə məxsus olan avtomobilin qeydiyyat nişanını və ya onun anket məlumatlarını bilməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 15 aprel 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 2020-ci ilin əvvəllərindən Bəxtiyar adlı şəxsi tanımışdır. Həmin vaxtdan 2 ay bundan qabağa qədər Bəxtiyarı görməmişdir. Təxminən 2 ay bundan qabaq Bəxtiyarı təsadüfən Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında görmüşdür. Onunla salamlaşdıqdan sonra bir qədər danışmışlar. Bəxtiyar Bakı kəndlərindən birində yaşadığını bildirmişdir. Həmin vaxt Bəxtiyarın narkotik vasitə marixuana satdığını bilmiş və həmin gündən saxlanıldığı günə qədər təxminən 4-5 dəfə Bəxtiyar adlı şəxsdən fərqli-fərqli çəkilərdə marixuana alaraq satmağa başlamışdır. Bəxtiyar həmin narkotikləri onun yaşadığı mənzilin həyətinə gətirmiş və o, pulunu Bəxtiyara ödəyərək narkotiki alıb hissələrə bölüb müxtəlif şəxslərə satmışdır. 25 oktyabr 2021 -ci il tarixdə yenidən Bəxtiyardan 4 kibrit qutusu marixuana almışdır. Lakin pulu olmadığından ona 320 manat borclu qalmış və Bəxtiyara narkotikləri satdıqdan sonra ən qısa vaxtda onun pulunu verəcəyinə söz vermişdir. Bir kibrit qutusundan 9 büküm ayırmışdır. 28 oktyabr 2021 -ci il tarixinə qədər Bəxtiyardan aldığı 4 qutu marixuanadan ayırdığı 36 bükümdən 19 bükümünü satmışdır. Həmin tarixdə saat təxminən 18 radələrində Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Miss Bahar” adlı geyim mağazasının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Nizami RPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində olan zaman onun hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət edilmişdir. Daha sonra videoçəkiliş aparmaqla onun üzərinə baxış keçirilmiş və baxış zamanı o, əynində olan ağ-qara rəngli jaketin sağ yan cibindən 17 büküm narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitələri Bəxtiyar adlı şəxsdən satış məqsədilə aldığını bildirmişdir. Daha sonra həmin bükümlər götürülərək qablaşdırılmış, üzərinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və həmin protokolu imza etmişdir. Bəxtiyardan aldığı narkotikləri satdıqdan sonra Bəxtiyara narkotiklərin pulunu vermiş, buna görə də, Bəxtiyar onun narkotik vasitələri satdığını bilmişdir. Bəxtiyardan bir kibrit qutusunu 80 manata almışdır. O, narkotik vasitələri satdığı müştərilərin adlarını bilməmişdir. Onlar ona müraciət etmişlər və o da narkotik vasitə marixuananın bir bükümünü 10 manata onlara satmışdır. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “Əsmət” adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuşdur. Məlumat əsasında onun və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanın qarşısında “Əsmət” adlı şəxs müəyyən edilərək şübhəli şəxs qismində Nizami RPİ-nə dəvət edilmişdir. Polis idarəsində həmin şəxsin xx.xx.1961 -ci ildə Salyan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Sonra Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mehrac Niftəliyev tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və sonuncuya hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun, əməliyat müvəkkili Şahid2 və Nizami RPİ-nin 24-cü PB-nin YYÇİÜ inspektoru, polis baş leytenanı Şahid3 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, üzərində qanunsuz dövriyyəsi qadağan olunmuş maddə, əşya olduğu halda təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan ağ-qara toxunma jaketinin sağ yan cibindən 17 ədəd kağız bükümləri təqdim edib içərisindəkilərin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitənin bir kibrit qutusunu tanışı Bəxtiyar adlı şəxsdən 80 manata aldığını bildirmişdir. Həmin bükümlərə baxış zamanı içərisində qurudulmuş spesifik iyə malik kütlə olduğu müəyyən eilmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Həmin əmliyyat-axtarış tədbirlərinin davamı olaraq saat 21 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanın qarşısında “Bəxtiyar” adlı şəxs müəyyən edilərək şübhəli şəxs qismində Nizami RPİnə dəvət edilmişdir. Polis idarəsində həmin şəxsin xx.xx.1997-ci ildə Xızı rayonu, Xələnc kəndində anadan olmuş Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Sonra Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, Mehrac Niftəliyev tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və sonuncuya hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun və əməliyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində qanunsuz dövriyyəsi qadağan olunmuş maddə, əşya olduğu halda təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu, Əsmət adlı qadına 80 manata satacağı üçün üzərində saxladığını, daha 19 qutunun yaşadığı Suraxanı rayou, Bülbülə qəsəbəsindəki evində olduğunu, həmin marixuananı bir ay əvvəl Maştağa qəsəbəsində tanımadığı şəxsdən 500 manata aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq xx.xx.2021 -ci il tarixdə saat 00:10 radələrində onun, əməliyat müvəkkili Şahid2, təhqiqatçı Mehrac Niftəliyevin və şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən, S.Əliyev küçəsindəki fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 mənzilin yataq otağındakı seyfi açaraq oradan 19 ədəd kibrit qutularını təqdim etmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Nizami RPİ-nin 24-cü PB-nin YYÇİÜ inspektoru Şahid3 Şahid1 ifadəsinə oxşar ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-cİ il tarixli 7/1112 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş: Azərbaycan Respublikası DİN zərfləri üçün N 162 dairəvi möhür əkis olan, “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs2 ..." yazı və imzalar olan 17 ədəd kağız kəsyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,395 qr, 0,045 qr, 0,103 qr, 0,102 qr, 0,063 qr, 0,358 qr, 0,375 qr, 0,337 qr, 0,355 qr, 0,480 qr, 0,352 qr, 0,425 qr, 0,391 qr, 0,495 qr, 0,392 qr, 0,379 qr, 0,411 qram olmaqla, ümumi çəkisi 5,458 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/113 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş: Azərbaycan Respublikası DİN zərfləri üçün N 162 dairəvi möhür əkis olan, “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs1 ...” yazı və imzalar olan 101 ədəd zərfdə kibrit qutusunda olan təmiz çəkisi 3,237 qram və digər zərfdə 19 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,311 qr, 3,623 qr, 3,717 qr, 3,763 qr, 3,681 qr, 3,914 qr, 3,849 qr, 4,074 qr, 3,754 qr, 4,566 qr, 4,493 qr, 3,510 qr, 4,186 qr, 3,766 qr, 3,698 qr, 3,893 qr, 3,740 qr, 3,945 qr və 3,826 qr qram olmaqla, ümumi çəkisi 76,546 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 13 aprel 2022-ci il tarixli 7/347 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 17 ədəd bükümdə olan marixuana ilə Təqsirləndirilən şəxs1 götürülmüş 20 ədəd kibrit qutusunda olan marixuanalar eyni tərkiblidir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 806 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 365 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 28 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Nizami RPİ-nin inzibati otaqlarının birində şühəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan ağ-qara toxunma jaketinin sağ yan cibindən 17 ədəd kağız bükümləri təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni kibrit qutusunda tanışı Bəxtiyar adlı şəxsdən 80 manata aldığını bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Cinayət işində olan 28 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində Nizami RPİ-nin inzibati otaqlarının birində şühəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarı və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu, Əsmət adlı qadına 80 manata satacağı üçün üzərində saxladığını, daha 19 qutunun yaşadığı Suraxanı rayou, Bülbülə qəsəbəsindəki evində olduğunu, həmin marixuananı bir ay əvvəl Maştağa qəsəbəsində tanımadığı şəxsdən 500 manata aldığını bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə edimişdir. Cinayət işində olan 29 oktyabr 2021-ci il tarixli “mənzilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 00:10 radələrində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən, S.Əliyev küçəsindəki fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 mənzilin yataq otağındakı seyfi açaraq oradan 19 ədəd kibrit qutularını təqdim etmişdir. Baxış zamanı video çəkilişdən istifadə edimişdir. Cinayət işində olan 28 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynində olan ağ-qara rəngli toxunma jaketin sağ yan cibindən 17 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində olan maddənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananın hamısını Bəxtiyar adlı şəxsdən kibrit qutusunun içərisinə doldurulmuş vəziyyətdə 80 manata alaraq bükümlərə bölüb bir bükümü 10 manatdan tanımadığı şəxslərə satdığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd “Samsung Duos” markalı mobil telefon aşkar edilmiş, həmin 17 ədəd büküm və bir ədəd mobil telefon qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış davam etdirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan 28 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd üzərində “Victory” sözləri yazılmış kibrit qutusunu çıxarıb təqdim edərək içərisində olan maddənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Əsmət adlı qadına 80 manat satmağı planlaşdırdığını bildirmiş, sonra Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd “Samsung J2” markalı mobil telefon və 20 manatlıq pul əskinası aşkar edilmiş, daha sonra həmin 1 ədəd büküm və bir ədəd mobil telefon qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan 28 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, əvvəlcə ondan yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs1 həmin evin yataq otağında dəmir saxlancın qıfılını sındıraraq içərisindən sellofanın içərisində olan 19 ədəd üzərində “Victory” yazısı yazılmış kibrit qutularını çıxarıb təqdim etməklə, içərisində olan maddənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Maştağa qəsəbəsində tanımadığı şəxsdən satış məqsədilə əldə etdiyini və yaşadığı evdə saxladığını bildirmiş, sonra həmin 19 ədəd büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 yaşadığı həmin evə polis əməkdaşları tərəfindən baxış davam etdirilmiş, həmin evdən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, şahid ifadələrini, işdə olan ekspertiza rəylərini və digər möhtəbər sübutlarlı müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onların ibtidai istintaq zamanı 15 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdikləri ifadələri obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd kibrit qutusunda 3,237 qram, həmçinin yaşadığı mənzildən 19 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,311 qr, 3,623 qr, 3,717 qr, 3,763 qr, 3,681 qr, 3,914 qr, 3,849 qr, 4,074 qr, 3,754 qr, 4,566 qr, 4,493 qr, 3,510 qr, 4,186 qr, 3,766 qr, 3,698 qr, 3,893 qr, 3,740 qr, 3,945 qr, 3,826 qr qram olmaqla, ümumi çəkisi 73,309 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən 17 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,395 qr, 0,045 qr, 0,103 qr, 0,102 qr, 0,063 qr, 0,358 qr, 0,375 qr, 0,337 qr, 0,355 qr, 0,480 qr, 0,352 qr, 0,425 qr, 0,391 qr, 0,495 qr, 0,392 qr, 0,379 qr, 0,411 qram olmaqla, ümumi çəkisi 5,458 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi, narkotik vasitələrin xırda bükümlərə bölünməsi, həmin bükümlərdə olan narkotik vasitə marixuananın eyni tərkibli olması onların həmin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib yaşadığı ünvanda və üzərlərində saxlamaları qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1--cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onların həmin əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 61 yaşında olmasını və qadın olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin əməliyyat yoxlaması haqqında tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.1 -ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 71.5, 67.1 və 67.4-cü maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 13 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 yenidən qəsdən ağır cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə cinayətin residvini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 28 oktyabr 2021ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Suraxanı RPİ- nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqtından sonra qalıq qalmış 4,778 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqtından sonra qalıq qalmış 75,546 qram narkotik vasitə qurudulmuş marixuana məhv ediməlidir. Cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 03 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 132,7 ( yüz otuz iki manat yetmiş qəpik ) manat olmaqla cəmi 265,40 (iki yüz altmış beş manat qırx qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi3 üçün 420 (dörd yüz iyirmi) manat pul onun vəkil işlədiyi “Kredo” Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müdddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müdddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Suraxanı RPİ- nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqtından sonra qalıq qalmış 4,778 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqtından sonra qalıq qalmış 75,546 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 03 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 132,7 ( yüz otuz iki manat yetmiş qəpik ) manat olmaqla cəmi 265,40 (iki yüz altmış beş manat qırx qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi3 üçün 420 (dörd yüz iyirmi) manat pul onun vəkil işlədiyi “Kredo” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar