Məhkəmə qərarları › İş №1(101)-1087/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1087/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1087/2025 03.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1087/2025 nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. İttihamdan aktından görünür ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 22 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 5-ci cild, i.v 1-10) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamların təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda cəmi 24 epizod üzrə ittiham irəli sürülmüş, həmin ittihamlardan Zərərçəkmiş şəxs1 aid epizod külli miqdar, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14 ilə bağlı aid epizodlar isə xeyli miqdarda ziyan vurmaqla cinayətlərin törədilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə Zərərçəkmiş şəxs1 aid epizod üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında 5.100 ABŞ dolları, 2023-cü ilin yanvar ayında 13.600 ABŞ dolları, 2023-cü ilin aprel ayında 2.500 ABŞ dolları, 2023-cü ilin may ayında 13.800 ABŞ dolları, 2023-cü ilin iyun ayında 7.500 ABŞ dolları, 2023-cü ilin iyul ayında 7.500 ABŞ dolları olmaqla ümumilikdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 1ABŞ dollarının 1,7AZN satış məzənnəsinə nəzərən, 85.000 (səksən beş min) manata bərabər olan 50.000(əlli min) ABŞ dolları valyuta vəsaitini vahid qəsdlə əhatə olunmuş niyyətlə aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Onun Zərərçəkmiş şəxs1 aid epizod üzrə kriminal niyyəti Sumqayıt şəhəri, Sülh küçəsi, “SOCAR” yanacaq doldurma məntəqəsinin ərazisində yerləşən avtomobil salonunda avtomobilin daşınma yol məsrəflərinin ödənişi qismində 2.000 ABŞ dolları və özünün xidmət haqqı qismində 500 ABŞ dolları daxil olmaqla 2.500 ABŞ dolları nağd şəkildə aldığı andan başa çatmışdır. Bununla da məhkəmə qeyd edir ki, şəxsin əməlinin ağır cinayət hesab edilən Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsinə və ona həmin maddə ilə ittiham elan edilməsinə səbəb olan yeganə epizod üzrə cinayət əməlinin başa çatdığı yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarının 8-1.2-ci bəndinə əsasən Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1087/2025 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Keçirilmiş məhkəmə iclasında müdafiəçi X7 şifahi vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən həbs qətimkan tədbiri bu Məcəllənin 155.1-155.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla seçilə bilər. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməsi və ya cəmiyyət üçün təhlükə yaratması, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və ya cəza çəkməkdən boyun qaçırması, məhkəmə hökmünün icrasına mane törətməsi ehtimalı olduqda onun haqqında həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmə kollegiyası belə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı əsas kimi nəzərə alınan hallar hələ də aradan qalxmamışdır. Odur ki, müdafiəçi X7 tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə şifahi vəsatət rədd edilməli və Təqsirləndirilən şəxs barələrində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu, 69-cu, 74-cü, 75-ci, 155-ci, 157-ci, 299.3.5-ci və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1087/2025 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Müdafiəçi X7 tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə şifahi vəsatət rədd edilsin və Təqsirləndirilən şəxs barələrində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.

Sədrlik edən Kamran Muxtarov Hakimlər Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar