Məhkəmə qərarları › İş №1(101)-1088/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1088/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1088/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda təmiz çəkisi 1070 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı kəndində saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı polietilen torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 1070 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə heroindən 1992-ci il tarixdən, psixotrop maddə metamfetamindən isə 2 ilə yaxın müddət ərzində istifadə etdiyini bildirmişdir. Belə ki, 05 may 2020-ci il tarixdə ailələrinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı qəsəbəsində yerləşən bağda olan zaman bir neçə mülki geyimli və polis formasında olan şəxslər yaşadığı ünvana daxil olub ünvanda axtarış aparmağa başlamışlar. Onlar evdə nə mah, yəni narkotik vasitə vardırsa, təqdim etməyini söyləmişlər. O də həmin vaxt öz istifadəsi üçün əldə etdiyi təxminən 1 qramdan az miqdarda narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onu aşağı mərtəbəyə endirib gecəni orada saxlamışlar. Həmin vaxt qeyd olunan yerdə olan zaman özünü BNMİ-nin əməliyyat müvəkkili, Şahid2 gizli şəbəkədə olan əməkdaşı kimi təqdim edən “Con” ləqəbli Zamiq adlı şəxs ona gün ərzində yemək və istifadəsi üçün narkotik vasitə verdiyindən münasibətləri yaranmışdır. Səhəri gün o, artıq polis əməkdaşları tərəfindən azad edilən zaman Zamiq ona istifadəsində olan nömrəni verib çıxdıqdan sonra onunla əlaqə saxlamağını demişdir. O da Zamiqin telefon nömrəsini mobil telefonuna yazmışdır. Çıxdıqdan sonra onunla əlaqə qurub ona etdiyi yaxşılıqlara görə yaşadığı ünvana qonaq çağırmışdır. Belə ki, Zamiq özü də bir neçə də onun yanında narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Bir neçə dəfə onlar görüşən zaman Zamiq ona tanıdığı narkotik vasitə istifadəçilərindən 2-3 nəfər şəxs barədə məlumat verməyini xahiş etmişdir. O isə bunu edə bilməyəciyini və kiminsə barəsində ona hər hansı söz deməyəcəyini söyləmişdir. Bundan sonra Zamiq ona narkotik vasitəni nə üçün kənar şəxslərdən baha qiymətə aldığını, birlikdə işlədiyi Şahid2 pulun əvəzində ona narkotik vasitə verdiyini demişdir. O da Zamiqin təklifi ilə razılaşmışdır. Bundan sonra Zamiqdən müxtəlif vaxtlarda 20-25 qram çəkidə narkotik vasitə heroin almışdır. Zamiq ona narkotik vasitəni ucuz qiymətə verdiyi üçün onu tanıdıqdan sonra istifadə etdiyi narkotik vasitələri ondan almışdır. Sonradan o, Zamiqdən öz istifadəsi üçün hissə-hissə götürdüyü narkotik vasitəyə görə 600 manat məbləğində borcu yaranmışdır. Ona borcu yarandığına görə Şahid2 Zamiqi daha yaxınına buraxmadığı üçün aralarında narazılıq yaranmışdır. 2020-ci ilin iyul ayının ortalarında Zamiq ona yığaraq əllərində təmiz heroinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs da təmiz heroin olarsa, almaq istədiyini demişdir. 17.07.2020-ci il tarixdə günorta saatlarında Zamiq yaşadığı Novxanı qəsəbəsindəki bağa gəlib ona nümunə üçün 0,5 qram çəkidə narkotik vasitə heroin vermişdir. O, həmin heroini qaynadaraq inyeksiya üsulu ilə qəbul etmişdir. Həmin narkotik vasitə xoşuna gəlmədiyi üçün Zamiqə istəmədiyini bildirmişdir. Bundan sonra Zamiq təkrarən ondan borclu olduğu 600 manatı istəmişdir. O isə tezliklə pulu verəcəyini demişdir. Bundan sonra Zamiq bir neçə dəfə tualetə gedərək çıxıb yenidən yanına qayıtmışdır. Zamiq sonradan ona evin isti olmasına bildirib küçəyə çıxmaqlarını istəmişdir. O, həyətdə Zamiqlə olan zaman küçə qapısının açılmasını və 10-15 nəfər şəxsin həyətə daxil olduğunu görmüşdür. Onların içərisində tanıdığı Şahid2 də olmuşdur. Şahid1 onunla gülə-gülə salamlaşıb əlinə qandalı vurmuşdur. O isə nə baş verdiyini anlamamışdır. Bundan sonra hamısı evə daxil olub baxış keçirmişlər. Həmin vaxt evin içərisində qardaşı Şahid5, anası Şahid4 və qeyri rəsmi yaşadığı Şahid6 evin içərisində olduqlarından qeyd etdiklərinin şahidi olmuşlar. Onu da qeyd etmişdir ki, Zamiq yaşadığı ünvana gələn zaman yataq otağına bir sellefon paket qoymuşdur. O, həmin paket barədə Zamiqdən nəsə soruşmamışdır. Həmin paketdə Zamiqə məxsus paltar və digər əşyanın olmasım düşünmüşdür. Polis əməkdaşları evə baxış keçirən zaman həmin sellefon paketi götürüb maddi sübut kimi özləri ilə idarəyə aparacaqlarını demişlər və evdə başqa narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına narkotik vasitəsinin olmadığını demişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəldikdən sonra onlar həmin paketi açıb narkotik vasitə heroin olmasını bildirmişlər və onu Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə sənədləşdirəcəklərini vəd verib bütün sənədləri imzalatmışlar. Çəkilişdə narkotik vasitəni guya tanımadığı şəxsdən ucuz olduğuna görə 15.000 manata öz istifadəsi üçün aldığını söyləməyini bildirmişlər. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 17 iyul 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun üzvlərini təlimatlandırılarkən Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı kəndində fərdi yaşayış evlərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra 17 iyul 2020-ci il tarixdə saat 19 radələrində birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinə getmişlər. Qeyd olunan yerə çatıb bir qədər müşahidə apardıqdan sonra xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əlində sellefon torba olmasını görmüşlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqıqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, açıq rəngli sellefon torbanı təqdim etmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, şalvarının sol yan cibindən isə 1 manat məbləğində pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellefon torbanın içərisində olan 01 ədəd bükümə baxış keçirilmişdir. Həmin bükümün içərisində heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra həmin bir ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə ölçülmüşdür. Həmin aşkar edilmiş büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 1 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni Novxanı kəndi ərazisində üzdən tanıdığı şəxsdən 15.000 manata aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə ifadələri elan edilərək araşdırılmış şahid DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Şahid2 cinayət işinin 152-ci vərəqində və Şahid3 cinayət işinin 142-ci vərəqində olaqn ifadələrində eyni məzmunlu ifadə verərək göstərmişlər ki, “17 iyul 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılmışdır. 17 iyul 2020-ci il tarixdə, saat 19 radələrində birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinə getmişlər. Xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, əlində sellefon torba olmasını görmüşlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu, açıq rəngli sellofan torbanı təqdim edərək sellofan torbanın içərisində olan 01 ədəd bükümün içərisində heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni Novxanı kəndi ərazisində üzdən tanıdığı şəxsdən 15.000 manata aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs böyük övladıdır. Oğlu Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etmiş və sonradan müalicə almışdır. Son illər ərzində oğlunun narkotik vasitədən istifadə etməsindən məlumatı olmamışdır. Ailə üzvləri ilə birlikdə yay aylarında bağda, yəni Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. 2020-ci ilin iyul ayının 13-ü tarixində o, oğlu Şahid5 və onun ailəsi, digər oğlu Təqsirləndirilən şəxs qeyd olunan ünvana köçmüşlər. 17 iyul 2020-ci il tarixdə saat 15 radələrində oğlu Təqsirləndirilən şəxs onunla mobil telefonla əlaqə saxlayıb dostu Zamiqin qonaq gələcəyini və yemək hazırlamağı söyləyib, özünün də bir neçə dəqiqədən sonra yaşadığı ünvanda olacağını demişdir. O da yemək hazırlamağa başlamışdır. Təxminən danışıqlarından yarım saat keçdikdən sonra oğlu Anar, Vüqar və Anarın qeyri-rəsmi münasibətdə olduğu İradə Abıyevə, Anarın dostu Zamiq həyətin içərisinə daxil olmuşlar. O, eyvanda Anar, İradə və Zamiq üçün süfrə açmışdır. Onlar yemək yedikdən sonra İradə süfrənin üzərini yığıb mətbəxə gətirmişdir. Bir qədər keçdikdən sonra Zamiq onlara özünü pis hiss etdiyini və uzanmaq istədiyini bildirmişdir. Bundan sonra Zamiqə Anarın yataq otağında uzanmağı təklif etmişdir. Təxminən 1 saat uzandıqdan sonra Zamiq yenidən durub oğlu Təqsirləndirilən şəxs ilə birlikdə eyvanda çay içmişdir. Onlar həyətdə olan zaman küçə qapısının bərk halda döyülməsini eşitmişdir. Qapıya yaxınlaşıb açdıqdan sonra 7-8 nəfər mülki geyimdə olan şəxslər həyətin içərisinə daxil olub bir başa evin içərisinə doğru getmişlər. Onlardan kim olmasını soruşan zaman sakit oturmağı demişlər. Bu zaman yaranmış səs-küyə Anar pilləkənlarla aşağıya düşmüşdür. Həmin zaman bir neçə nəfər evin içərisində axtarış keçirmişdir. Mülki geyimli şəxslərdən biri Anarın əllərinə qandal vurmuşdur. O, artıq özünü pis hiss edib eyvanda oturub polis əməkdaşlarının hərəkətlərinə baxmışdır. Onlar bir bir otaqları, otaqlardakı əşyaların içərisini yoxlamışlar. Polis əməkdaşlarından biri ondan Anarın yatdığı otağın hansı olmasını soruşmuşdur. O isə pis vəziyyətdə olduğundan danışa bilmədiyi üçün əli ilə işarə edib Anarın otağını göstərmişdir. Həmin şəxs dərhal otağa daxil olub və 2 dəqiqə keçdikdən sonra əlində sellefon torba ilə otaqdan çıxıb onun qarşısında “bəs deyirdiz, heçnə yoxdur?!!” ifadəsini işlətmişdir. Bundan sonra öz otağında olan rəfdən şprislər aşkar edilmişdir. O isə polis əməkdaşlarına həmin şprislərdən özü şəkər xəstəsi olduğu üçün istifadə etdiyini demişdir. Həmçinin onlara insulin mixstar dərmanını da göstərmişdir. Bundan sonra polis əməkdaşları oğlu Anan və dostu Zamiqi özləri ilə birlikdə polis idarəsinə aparmışlar. Sonradan məlum olmuşdur ki, Anarın otağından sellefon torbada narkotik vasitə heroin aşkar edilərək götürülmüş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həqiqətdə isə həmin otaqda narkotik vasitə olmamış, həmin narkotik vasitəni polis əməkdaşları ilə birlikdə iş görən Zamiq adlı şəxs əvvəlcədən qoymuş və bu barədə polislərə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə tanışlıqları 2020-ci ilin aprel-may aylarında yaşadığı Masazır qəsəbəsində fəaliyyət göstərən çayxanadan yaranmışdır. Sonradan onlar bir- birlərinə istifadələrində olan nömrələri verib əlaqə saxlamağa başlamışlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasını bilmişdir. Özü bəzən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyinə görə bu barədə söhbətlər etmişlər. Münasibətləri getdikcə dərinləşdikdən sonra Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ailələrinə məxsus bağ evlərinə dəvət etmişdir. O qeyd olunan bağ evinə Təqsirləndirilən şəxs yanma təxminən 4-5 dəfə getmişdir. Onlar bağ evində birlikdə istirahət etmişlər və Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Anar isə narkotik vasitə heroini inyeksiya üsulu ilə onun yanında qəbul etmişdir. 17 iyul 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb bağ evində olarsa gedib onunla birlikdə çay içmək istədiyini demişdir. Oraya getməkdə məqsədi həm Təqsirləndirilən şəxs ilə çay içmək, həm də narkotik vasitə qurudulmuş marixuanası olarsa istifadə etmək istəyi olmuşdur. Belə ki, 17 iyul 2020-ci il tarixdə saat 15-16 radələrində o, Təqsirləndirilən şəxsgilə məxsus bağ evinə getmişdir. Orada həmin vaxt Anarın anası, yaşadığı İradə adlı qadın və özü olmuşdur. Onlar eyvanda masa arxasında oturub birlikdə qarpız yemişlər. O, Təqsirləndirilən şəxs ilə eyvanda oturub narkotik vasitə qurudulmuş marixuanası vardırsa, birlikdə istifadə etmələrini söyləmişdir. Anar isə mənə hazırda qurudulmuş marixuananın olmadığını, narkotik vasitə heroinin olmasını, istədiyi halda istifadə etmək üçün verə biləcəyini demişdir. O, həmin narkotik vasitədən istifadə etmədiyini bildirməklə təklifini rədd etmişdir. Bundan sonra Anar öz yataq otağına keçib orada şprisə narkotik vasitə heroini doldurub bədəninə vurmuşdur. Zamiq də onun yanında yataq otağında oturub 10-15 dəqiqə keçməsini və onun ayağa qalxmasını gözləmişdir. Yenidən 1-2 saat ərzində Anar Qasımla birlikdə eyvanda oturduqdan sonra onunla sağollaşıb oradan çıxmışdır. Cinayət işinin 29-31-ci vərəqlərində olan 17 iyul 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə saat 20:00-də Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı kəndi ərazisində saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı açıq sarı rəngli sellefon torbanın içərisindən 01 ədəd sellefon bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon və Özünə məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 210-222-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Samsung galaxy” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir Cinayət işinin 39-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2020-ci il tarixli, 6/1333 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri olan kağız paketdəki bir ədəd torbada təmiz çəkisi 1070,00 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin 80-82-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1070,00 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonraki qalıq 1069,95 qr narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 121-122-ci vərəqlərində olan 21.09.2020-ci il tarixli, 2603 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-120-ci vərəqlərində olan Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 17 iyul 2020-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat- axtarış tədbiri qanuni hesab edilmişdir. Cinayət işinin 114-116 və 210-222-ci vərəqlərində olan protokoldan görünür ki, Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Anka basiva donerem menim dozam bilirsende seher boğuluram adiva layiq et qardasim etaga komek edeceyik sene goreceksen braf\ “Anar sagol brat allah komeyin olsun veziyyetden cixdim emelli bawlı”, “Anar vay fay aparati poluverler getirim agriyiram gagaw”, “Anar gelirik novxaniya”, “Evde qiraq adam olmasin”, “Anar patinin qiramini 30 dan 10 qram pulunu gonderirem onu hell ele”, “16 manata sene vererem”, “Salam gagaw xalcani bu gun 20 manat verib goturecem evde poxu cixib”, “Qardaw mawin 10 deq catir pramoy gelirem”, “Anar qardawimsan vaxtima yarim saat qaldi bir soz dide mene”, “Qardawimsan deqiq bir soz dide camaati avara qoymuwam hele bililer aladiram bunlari”, “Gele bilmirse adam var bagida taniyir gelsin baga”, “Kera garaya gora yığdın dedin yıgajam?”, “Kola yarim lazimdi srocni”, “Sanda olan lazimdi mana, pul isdiyirsansa zanq ela mana!” məzmunda mesajlar göndərilmişdir. "xxxx" MMC-dən 27.08.2020-ci il tarixli, BKC/LGL-16178/20 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 209-cu vərəqində olan qəbzdən görünür ki, Şahid5 qardaşı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonu təhvil almışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li qanuna əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə heroini satışı ilə məşğul olmaması barədə məhkəmədəki ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən cinayət işinin 52-54 və 64-66-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış ifadələrində göstərmişdir ki, “ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində anası Şahid4 ilə birlikdə yaşayır. Hazırda hər hansı bir işlə məşğul olmur. Narkotik vasitə olan heroindən 10 ilə yaxındır ki, istifadə edir. 2010-cu il tarixdə Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, azadlığa çıxdıqdan sonra narkotik vasitə olan heroindən istifadə etmişdir. Hazırda da narkotik vasitə olan heroini Binəqədi rayonu, Novxanı kəndində üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə edir. 2020- ci ilin iyul ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində gəzən zaman üzdən tanıdığı şəxs ilə ünsiyyəti yaranmış və bir qədər söhbət etmişlər. Həmin şəxsi əvvəllər bir neçə dəfə görsə də, ünsiyyəti olmamışdır. Bir qədər danışdıqdan sonra onlar bir-birlərinin narkotik vasitə istifadəçisi olduğunu bilmişlər. Həmin şəxs üzərində narkotik vasitənin olmasını bildirdikdə o da istifadə etmək istədiyini demişdir. Bundan sonra onlar hər ikisi “kakos” kimi adlandırdıqları narkotik vasitə olan heroini falqada qaynatmaqla tüstü halında qəbul etmişlər. Qeyd etdiyi şəxs narkotik vasitəni ona təmannasız vermişdir. Söhbət əsnasında həmin şəxs Təqsirləndirilən şəxs istifadə etdikləri narkotik vasitədən 1 kiloqramdan artığının olmasını, lazım gələrsə həmin narkotik vasitəni ona ucuz, yəni qramı 15 manatdan olmaqla sata biləcəyini demişdir. Özünün müəyyən qədər pulu olsa da, qeyd olunan narkotik vasitəyə çatmayacağını bilib özünə məxsus olan qızıl zinət əşyalarını satıb 15.000 manat məbləğində pul düzəltmişdir. Danışıqlarından 3 gün küçdikdən sonra o, həmin şəxs ilə yenidən Novxanı kəndində görüşüb 15.000 manat ödəməklə 1 kiloqramdan artıq narkotik vasitə heroini almışdır. O, narkotik vasitəni alan zaman həmin şəxs narkotik vasitəni sarı rəngli paketdə vermişdir. Narkotik vasitə özü isə ağ rəngli şəffaf sellefonda olmuşdur. Narkotik vasitəni bir neçə gün evin tövləsində saxlamışdır. 17.07.2020-ci il tarixdə saat 20:00-da narkotik vasitəni yaşadığı evdən kənarda gizlətmək məqsədi ilə götürüb evdən çıxmışdır. Bir qədər yaşadığı ünvandan uzaqlaşdıqdan sonra mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qeyd olunan idarəyə onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. O da ilk öncə sağ əlində sağladığı sarı rəngli torbanı təqdim etmişdir. Torbanın içərisində narkotik vasitə olan heroinin olmasım bildirmişdir. Bundan sonra narkotik vasitə heroin sellefonun içərisindən çıxarılmış və baxış keçirilmişdir. Sonradan üzərinə şəxsi axtarış keçirilən zaman sağ yan cibimdən 01 ədəd özünə məxsus içərisində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olan “Samsung” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, sol yan cibindən isə 01 manat məbləğində pul aşkar edilmişdir. Təqdim etdiyi narkotik vasitəyə baxış keçirilmiş və zərfə qoyularaq üzəri möhürlənmiş və iştirakçılar, eləcə də özü tərəfindən imzalanmışdır. Mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22 və 72-74-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhər Nərimanov rayon məhkəməsinin 18.01.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 10.03.2010-cu il tarixli qərarı ilə cəzası 9 aya endirilmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 30.04.2010-cu il tarixli qərarı ilə 2 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən həmin hökm təqsirləndirilən şəxs üçün heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin 186-189-cu vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ali təhsillidir, uzun müddət Azərbaycan Dövlət Dəmir Yolunun Maliyyə idarəsində qüsursuz işləmişdir. İş yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzası yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də əldə edərək daşıdığı narkotik vasitənin külli miqdardan dəfələrlə artıq yəni, 1070 qram olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 17 iyul 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut – DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonraki qalıq 1069,95 qr narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 45 (qırx beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 270 (iki yüz yetmiş) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 17 iyul 2020-ci il tarixdən hesablansın, narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonraki qalıq 1069,95 qr narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar