Məhkəmə qərarları › İş №1(101)-109/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-109/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-109/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 və Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 2003-cü il yanvarın 22-də Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü və 221.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: 2003-cü il 22 yanvar təvəllüdlü Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 04-də saat 02 radələrində, yəni yetkinlik yaşına çatmadığı dövrdə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşməklə «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı «meşəlik» deyilən ərazidə olarkən oradakı şəxslərin narahatçılığına səbəb olub həmin yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hamı tərəfindən qəbul edilən davranış, əxlaq, mənəviyyat normalarını tapdalamış, özünün digər şəxslərin fövqündə üstünlüyünü nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozmuş, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 olmasını güman edib səhvən heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi bıçaqla bir dəfə Zərərçəkmiş şəxs1 döş qəfəsindən və bir dəfə bud nahiyəsindən vuraraq zor tətbiq etməklə sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sağ budun arteriya və venasına zədələnməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, daha sonra hərəkətlərini davam etdirərək göstərilən yerdə Zərərçəkmiş şəxs2 ona başqalarının yanında barəsində qeybət etməsinə görə iradını cüzi bəhanə etməklə əsaslı səbəb olmadan yaratdığı, qısa müddət ərzində baş verən mübahisə zamanı öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilən əxlaq normalarına açıq etinasızlıq göstərmiş, eləcə də özünün sonuncudan əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə cibindəki bıçaqla Zərərçəkmiş şəxs2 bud nahiyəsinə zərbələr endirib sonuncuya xuliqanlıq niyyətilə sağ dizaltı arteriyanın mənfəzinə keçərək hissəvi zədələnməsinə səbəb olan sağ budun insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, arteriya və venaların zədələnməsinə səbəb olmayan sağ budun beş ədəd, sol budun iki ədəd, sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü və 221.3.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, 2019-cu il oktyabrın 03-də saat 20 radələrində dostu Rəşad onunla mobil telefonla əlaqə saxlayıb Bakı şəhərinin Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzinin qarşısına gəlməyini bildirmiş, təxminən 25 dəqiqə ötmüş Rəşad yanındakı Səxavət adlı şəxslə «Kia» markalı **-ST-*** dövlət qeydiyyat nömrə nişanı olan avtomobillə söylədiyi yerə çataraq onu götürmüş, bir qədər keçmiş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 adlı şəxs də avtomobilə əyləşmişdir. Onlar getdikləri «Xalça» restoranında yemək yemiş və Səxavət istisna olmaqla hamı spirtli içki içmişdir. Daha sonra onlar birgə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən «Korona Pub» restoranına yollanmışlar, Kamran bir neçə dəqiqəlik işi olduğunu deyib uzaqlaşmışdır, təxminən 15 dəqiqə ötmüş Rəşad, Səxavət və Kamran yanlarındakı adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 ilə gəldikdə onlar bir yerdə Bakıxanov qəsəbəsində yerləşən «Panorama» çay evinə getmişlər. Orada o, Rəşadın mobil telefonuna göndərilən səsli mesajı dinləyəndə Kamranın sonuncunun, onun və yaxınlarının barəsində nalayiq ifadələr işlətdiyini eşidərək bərk əsəbiləşdirmişdir, olduqları yerin əlverişli olmadığı fikirləşməklə yaxşı bildiyi bir əraziyə yollanmağı təklif etdikdə digərləri razılaşmışlar. Bir az keçmiş, yəni gecə saat 02 radələrində «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşib «meşəlik» deyilən sahə ilə aşağı düşərkən o, Kamran olduğunu güman etdiyi oğlanın üzərindəki bıçaqla arxadan sol kürək və sağ ayağın bud nahiyəsinə zərbə endirmiş, Rəşad nə etdiyini ondan soruşanda səhvən Məhərrəmi vurduğunu anlamış, X4 xəstəxanaya apardıqdan sonra qorxutmaq məqsədilə Kamranı ayaq və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə bıçaqla vuraraq həmin aləti göstərilən ərazidə tullamışdır. O, Kamrana təcilli tibbi yardım çağırmaq üçün köməklik etməklə hadisə yerini tərk etmişdir. Onun xuliqanlıq niyyəti yox idi, cinayəti törədərkən içkili olduğundan özündə deyildi. Hazırda zərər çəkmiş şəxslərlə barışıq əldə etmiş, hərəkətlərindən həddindən artıq peşman olmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu il oktyabrın 03-də saat 11 radələrində həmyerlisi Rəşad ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Arzu» şadlıq sarayının qarşısında görüşdükdə sonuncunun yanında tanımadığı Zərərçəkmiş şəxs2 adlı, «Kia» markalı avtomobildə isə üç nəfər şəxsi görmüşdür. Onlar həmin qəsəbədə yerləşən «Korona Pub» restoranına pivə içmək üçün, daha sonra çay içməkdən ötrü «Panoroma» çay evinə, oradan da yevlaxlı Seymurun övladı kimi tanıdığı Təqsirləndirilən şəxs təklifi ilə qəsəbə ərazisində olan «Rahat» marketinin yaxınlığındakı yerə getmişlər, gecə saat 02 radələrində oraya çatanda sonuncu heç bir səbəb olmadan bir dəfə arxadan onun sol kürək nahiyəsindən və bir dəfə sağ ayağının bud hissəsindən bıçaqla zərbələr endirib səhvən onu bıçaqladığını demişdir, Rəşadla Səxavət adlı sürücü onu avtomobilə yerləşdirərək xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir iddiası və tələbi yoxdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə uyğun ifadə verməklə yanaşı 2019-cu il oktyabrın 04-də saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «meşəlik» deyilən ərazidə sonuncunun yüksək səslə qışqırdığını, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan bıçaqla onun ayaq və qoluna xəsarətlər yetirdiyini, onun mobil telefonu ilə təcili tibbi yardıma zəng edib hadisə yerindən uzaqlaşdığını, hazırda təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir iddiasının və tələbinin olmadığını göstərdi. İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 04 oktyabr tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində yerləşən «meşəlik» deyilən sahədə hadisə yerinə baxış keçirilərkən orada yaralı vəziyyətdə olan qara köynəkli Kamran adlı şəxs müəyyən edilərək xəstəxanaya göndərilmiş, torpaq səthin üzərində müxtəlif ölçülərdə qana bənzər izlər aşkar edilmiş, cinayət xarakterli başqa izlər müəyyən olunmamış, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 9-10). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 oktyabr tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 41). İş materiallarında olan AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il yanvarın 22-də anadan olmuşdur, yəni ittiham olunduğu əməli törədərkən yetkinlik yaşına çatmamışdır (iş vərəqi 61). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 16 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 62-63). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 16 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadəsini təsdiq etmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 79-82). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il oktyabrın 15-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 95-96). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 07 oktyabr tarixli 1474 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 aldığı xəsarətlər döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sağ budun bud arteriya və venasını zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən, bıçağın tiyəsi ilə yetirilməsi mümkün olmaqla müddəti 2019-cu il oktyabrın 04-nə uyğundur; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vərəqi 97-99). İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2019-cu il 04 noyabr tarixli əlyazma və noratiat qaydasında təsdiq olunan ərizələrindən görünür ki, o, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (iş vərəqi 101-102). İş materiallarındakı 2019-cu il 06 dekabr tarixli notariat qaydasında təsdiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (iş vərəqi 118). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 26 dekabr tarixli 1834 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 aldığı xəsarətlər sağ dizaltı arteriyanın mənfəzinə keçərək hissəvi zədələnməsinə səbəb olan budun bir ədəd, arteriya və venaların zədələnməsinə səbəb olmayan sağ budun beş ədəd, sol budun iki ədəd, sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən, bıçağın tiyəsi ilə yetirilməsi mümkün olmaqla müddəti 2019-cu il oktyabrın 04-nə uyğundur; dərəcəsinə görə sağ dizaltı arteriyanın mənfəzinə keçərək hissəvi zədələnməsinə səbəb olan budun bir ədəd deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, arteriya və venaların zədələnməsinə səbəb olmayan sağ budun beş ədəd, sol budun iki ədəd, sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vərəqi 120-123). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 26 dekabr tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 221.3.-cü və 126.2.4-cü maddələrinə tövsif edilmişdir (iş vərəqi 125). İş materiallarındakı Yevlax şəhəri 61 nömrəli küçə müvəkkilinin tərtib etdiyi 2020-ci il 13 yanvar tarixli xasiyyətnamədən və 2020-ci il 14 yanvar tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşadığı küçənin, habelə ətraf küçələrin sakinləri arasında özünün nümunəvi hərəkətləri, əxlaqı ilə hörmət qazanmışdır; yaşadığı ərazinin abadlaşdırılması işlərində fəal iştirak edir, qeyriqanuni hərəkətlərə yol verməsi halları olmamışdır (iş vərəqi 134-135). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il yanvarın 15-də tərtib etdiyi tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 136-137). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2019cu il 24 dekabr tarixli 2668 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməməklə onda xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuş; ittiham olunduğu əməllər dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkarlanmadığından, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməklə onları idarə etmək iqtidarında olduğundan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır, məcburi müalicəyə ehtiyacı yoxdur; sonuncu cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (iş vərəqi 139- 141). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 24 yanvar tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü və 126.2.4.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 149-150). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 24 yanvar tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli xuliqanlıq və xuliqanlıq niyyəti kimi qiymətləndirilmiş, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri nəzərə alınmış, hadisə zamanı orada olmuş şahidlər barəsində Azərbaycan Respublikasının CM-nin 126-cı və 221-ci maddələri ilə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.ci və 228-ci maddələri ilə, Rəşad və Səxavət adlı şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci və 126.2.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, onların əməllərində Azərbaycan Respublikasının CM-nin 307-ci maddəsinin tərkib əlamətinin olması nəzərə alınmaqla göstərilən xüsusiyyət üzrə material ayrılıb Bakı şəhərinin Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir (iş vərəqi 164-172). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq olunan müvafiq qaydada 2020-ci il 12 mart və 2020-ci il 14 mart tarixli ərizələrindən görünür ki, onlar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunan Yevlax ƏSMM-nin 2003-cü il 28 noyabr tarixli 26329 №-li vəsiqəsindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs atası Nümayəndə İİ qrup əlildir. Məhkəmə mövcud sübutlara qiymət verərək hazırda yetkinlik yaşına çatan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü və 221.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü və 221.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni əməli törədərkən onda xuliqanlıq niyyətinin olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxslərin ifadələri , ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, gənc olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, atasının İİ qrup əlil olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.2.4.-cü və 221.3.-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 86-cı maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli Qərarının 11-ci bəndində göstərildiyi kimi, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması məsələsi həll edilərkən Azərbaycan Respublikasının CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikasının CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və sair) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrumetməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikasının CPM-nin 435.4.-cü maddəsinə müvafiq olaraq, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə cəza tədbirinin yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmasını rəhbər tutmalıdır. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi ağır cinayətə görə hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığı üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 72 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il oktyabrın 15-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 09 (doqquz) ay, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il oktyabrın 15-dən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar