Məhkəmə qərarları › İş №1(101)-1091/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1091/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1091/2021 02.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 16 avqust 1981-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarı barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş və saxlamışdır: belə ki, o, müxtəlif vaxtlarda “ Samir” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni bir ədəd polietilen torbada təmiz çəkisi 2045,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş mariaxuananı, 1 ədəd şəffaf polietelen bükümdə təmzi çəkisi 390,668 qram açıq qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroini, 5 ədəd bükümdə, onlardan 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,690 qram və 4,985 qram tünd qəhvəyi rəngli təmiz çəkisi 21,215 qram qəhvəyi rəngli və 3,090 qram bozumtul rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəksi 10,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə təmiz çəkisi 0,421 qram və 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram və 0,032 ümumi təmiz çəkisi 0,475 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 6 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,038 qram, 0,038 qram, 0,023 qram, 0,018 qram, 0,024 qram, 0,034 qram, ümumi təmiz çəkisi 0,175 qram ağ rəngli kristallarda ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yaşadığı ünvan 3 ünvanında, öz otağında saxlamış, 04.01.2021-ci il tarixdə saat 17:10-da Suraxanı RPİ-nin əməkdaşları tərəfindən yaşadığı evin otağına baxış keçirilən zaman oradan 2045,0 qram narkotik vasitə- qurudulmuş mariaxuana, ümumi təmiz çəkisi 428,123 qram olan narkotik vasitə-heroin, ümumi təmiz çəkisi 11,008 qram olan psixotrop maddəmetanfetamin və iki ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan elekron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik maddə olan heroin və psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə etmiş, metamfetamin və heroini mütəmadi olaraq İran İslam Respublikasının vətəndaşı olan Samir adlı şəxsə onlayn şəkildə “Whats app” proqramı vasitəsilə sifariş etmiş və həmin narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərinə çatdırıldıqdan sonra əldə etmiş, bu məqsədlə o, əvvəlcədən ödənişi kart vasitəsi ilə Samir adlı şəxsin bank hesabına pul köçürmüş, sonuncu isə narkotik vasitəni götürməli olduğu ünvanın şəklini ona göndərmişdir; 04.01.2021-ci il tarixdə saat təxminən 17 radələrində anası ilə yaşadığı evində olduğu zaman, mülki geyimdə gələn şəxslər özlərini polis əməkdaşları kimi təqdim etmiş, narkotik vasitələrin saxlanılması, daşınması və gəzdirilməsində şübhəli olduğunu bildirmiş, ona evində istifadə edilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, o, etiraz etməmiş və üzərində televizor qoyulmuş dolabda saxladığı ağ rəngli kafelin üzərindəki özünə məxsus olduğunu bildirdiyi 4 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 2 ədəd bükümdə narkotik vasitə olan heroin olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin psixotrop və narkotik vasitələr qablaşdırıldıqdan sonra polis əməkdaşları tərəfindən evdə axtarış aparılmış və həmin otaqdan müxtəlif yerlərdən narkotik vasitələr aşkar edilərək götürülmüş, lakin polis əməkdaşları tərəfindən otaqdan aşkar edilmiş narkotik vasitələr onun özünə məxsus olmamışdır həmin narkotik vasitələr zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur, bundan sonra o, Suraxanı rayon polis idarəsinə aparılmış və üzərinə videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, istifadə etməsi və satışı ilə məşğul olması və mənzilində saxlaması barədə əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə RPİnin NMB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04.01.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, ev 7 ünvanına baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanın qapısı döyülmüş və qapını açan bir nəfər qadından Cavidin həmin evdə yaşaması dəqiqləşdirildikdən sonra onun icazəsi ilə mənzilə daxil olmuşlar, həmin qadının Cavidin yaşadığı otağı göstərməsi ilə qeyd edilən otağa daxil olmuşlar, RPİ-nin təhqiqatçısı polis kapitanı Suad Həmzəyev otaqda olan Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvlərini və hüquqlarının müdafiə üçün dövlət hesabına təyin olunmuş vəkili Təqsirləndirilən şəxs təqdim etmiş və hər hansı bir etirazının olub-olmadığını müəyyənləşdirdikdən sonra sonuncunun icazəsi ilə onun yaşadığı mənzildəki Savid Bayramova aid otağa videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs həmin mənzildə qanunsuz saxladığı əşyaları, narkotik vasitələrin olduğu təqdirdə onları təqdim etməsini təklif etmiş Təqsirləndirilən şəxs həmin otaqda əvvəlcədən narkotik vasitə saxladığını bildirmiş və otaqdakı üzərinə televizor qoyulmuş dolabın içərisindən bir ədəd ağ rəngli kafelin üzərində siqaret kağızına bükülmüş və açıq vəziyyətdə olan toz şəklində olan maddəni təqdim edərək onların narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitələri İran Respublikası vətəndaşı olan "Samir” adlı şəxsdən bir qramını 16 manata aldığını, pulu əvvəlcədən həmin şəxsin bank hesabına köçürdüyünü, sonra isə Samirin ona “Whats app” vasitəsilə göndərdiyi yerə gedərək həmin yerdə atılmış narkotik vasitəni götürdüyünü bildirmiş, təhqiqatçı tərəfindən həmin bükülmüş siqaret kağızlarına baxış keçirilmiş, içərisində heroin və metamfetamin olan bükülülər, həmçinin kafelin üzərində açıq vəziyyətdə olan heroin zərfə qoyularaq qablaşdırılmış, otaqdakı masanın üzərində olan Təqsirləndirilən şəxs məxsus mobil telefonlar, içərisində 11 manat pul və bir ədəd mobil olan bir ədəd pul qabı, içərisində əvvəlcədən narkotik vasitə olduğu bildirilən boş sellofan parçaları olan üzərində “Sobranie” siqaret qutusu, iki ədəd elektron tərəzi maddi sübut əhəmiyyəti daşıdığından sellofan paketə qoyularaq götürülmüş, bundan sonra həmin otaqda polis əməkdaşları tərəfindən axtarış keçirilmiş və nəticədə otaqda olan üzərində televizor qoyulmuş dolabdan içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olan şəffaf sellofan paket aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin siçan dərmanı olduğunu bildirmiş, həmin kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır; otaqdakı böyük dolabın içərisindən bir ədəd ağ rəngli sellofan paketin içərisində iki ədəd şəffaf sellofanda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmış, kiçik qolabın içərisindəki siyirtmədən içərisində narkotik vasitəyə bənzər 5 ədəd kiçik ölçüdə şəffaf sellofanda olan bükülülər götürülmüş və zərflərə qoyularaq qablaşdırılmış, zərflər baxışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və möhürlənmiş, Təqsirləndirilən şəxs zərfləri imza etməkdən imtina etmiş, video çəkiliş başa çatdırılmış, keçirilmiş baxışla bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nə aparılmış, orada video çəkilişlə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 oğlu şahid Ayaz Hüseynovun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 05 yanvar 2021-ci il tarixli 6/34 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı otaqdan götürülmüş...” yazısı olan 5 (beş) ədəd zərfdə olan: -1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 390,668 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar usülla hazırlanmış narkotik vasitə heroindir; -5 (beş) ədəd bükümdə, onlardan 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,690 qram və 4,985 qram tünd qəhvəyi rəngli, təmiz çəkisi 21,215 qram qəhvəyi rəngli və 3,090 qram bozumtul rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,421 qram və 2 (iki) ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,022 qram və 0,032 qram ümumi təmiz çəkisi 0,475 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 6 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,038 qram, 0,038 qram, 0,023 qram, 0,018 qram, 0,024 qram, 0,034 qram ümumi təmiz çəkisi 0,175 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -üzərində “Sobranie” yazısı olan siqaret qutusundakı polietilen kəsiklərinin və 2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır, lakin heroin iz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 428,123 qram və metamfetaminin ümumi çəkisi 11,008 qram təşkil edir (1-ci cild iş vərəqi 47-49). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 05 yanvar 2021-ci il tarixli 7/18 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı otağından götürülmüş...” yazısı olan bir ədəd polietilen torbada təmiz çəkisi 2.045,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-quruldulmuş marixuanadır (1-ci cild iş vərəqi 54-56). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 11 fevral 2021-ci il tarixli 438 nömrəli ekpert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 122-123). İşdə olan məhkəmə-ambulator psixiatrik ekspertiza üzrə 07 aprel 2021-ci il tarixli 1007 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs X1 Pozuntusu aşkar olunur, həmin pozuntu sonuncunun törətdiyi əməl dövründə öz hərəkətlərinin xarakterini və ictimai təhlük əliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir (1-ci cild iş vərəqi 177-178). İşdə olan sübut kimi tanınma haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan iki ədəd bağlamada qalıq 390,468 qram və 37,245 narkotik vastisə olan heroin, 10,808 qram psixotrop maddə olan metmfetamin, 2044,95 qram narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunub, saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1 iş vərəqi 102-103). İşdə olan sübutların qiymətləndirilməsi üzrə qərardan görünür k, Təqsirləndirilən şəxs yaşadığı mənzilinə keçirilmiş baxış və götürmə, Suraxanı RPİ-nin inzibati binasında xidməti otaqda üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş iki ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 125-127). İşdə olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini - 01 il 01 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 04.05.2016-cı il tarixdə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır (1-ci cild iş vərəqi 117-119). Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 18 mart 2021-ci il tarixdə ödənlməli olduğu halda, sonuncu hazırki iş üzrə cinayət əməlini 04 yanvar 2021-ci il tarixdə törətdyindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 8 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan Bakı şəhər Suraxanı RİHB-nin Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 27 aprel 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (1-ci cild iş vərəqi 112). İşdə olan tutma haqqında 04 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 27). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 04 yanvar 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 107-109). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi və saxlaması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, narkotik vasitə qurudulmuş marixuananın aşağı həddi 500 qram, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı, psixotrop maddələr) əsasən, metamfetamin psixotrop maddəsinin külli miqdar əlamətinin aşağı həddi 2 qram müəyyən edilmişdir. X3 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı narkotik vasitə heroinin çəkisi 390,468 qram və 37,245, qurudulmuş marixuananın çəkisi 2044,95 qram və psixtrop maddə metamfetaminin çəkisi 10,808 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxs Cavid Bayrmaovun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 04 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 04 yanvar 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 11 fevral 2021-ci il tarixli 438 nömrəli ekpert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 122-123). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-yə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan iki ədəd bağlamada 390,468 qram və 37,245 narkotik vasitə heroin, 10,808 qram psixotrop maddə metamfetamin, 2044,95 qram narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhv edilməlidir; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi və məkəmə-bioloji ekspertizalar üzrə tədqiqatın dəyəri - 180,46 manat (yüz səksən manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğcı 4 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-yə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan iki ədəd bağlamada 390,468 qram və 37,245 narkotik vasitə heroin, 10,808 qram psixotrop maddə metamfetamin, 2044,95 qram narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi və məkəmə-bioloji ekspertizalar üzrə tədqiqatın dəyəri - 180,46 manat (yüz səksən manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçiril Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar