Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1091/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Embawood” şirkətində sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 4,207 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, 08 sentyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb Polis Bölməsinə aparılmış, orada saat 19:45-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 4,207 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, tutulmazdan bir neçə müddət əvvəldən başlayaraq heroin və metamfetamindən istifadə etməyə başlamışdır. Heroin və metamfetamini tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 07 sentyabr 2023-cü ildə Yasamal rayonu ərazisində “Qədirli” adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata bir büküm “patı” - metamfetamin almışdır. 08 sentyabr 2023-cü ildə saat 18:30 radələrində Yasamal rayonu, N.Aşurbəyova küçəsi 10 saylı ünvanın qarşısında olanda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirib onu sorğu-sual etməyə başlamışlar. Üzərində narkotik olduğundan bir anlıq özünü itirib polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra polislər onu 41-ci Polis Bölməsinə aparmışlar, o da etiraz etmədən getmişdir. Bölmədə vəkilin və polis əməkdaşlarının iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ondan üzərində qanunsuz hər hansı əşyanın olub-olmaması soruşulmuş, o da şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu, şalvarının sol arxa cibindən içərisində şəxsiyyət vəsiqəsi, vergi şəhadətnaməsi, sosial sığorta kartı, müxtəlif banklara məxsus plastik kartlar, “Bakı kart” olan pul kisəsini, şalvarının sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra axtarış davam etdirilmiş, amma başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş metamfetamin bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, iştirakçılarla birlikdə həmin zərfin üzərini imzalamışdır. Ona məxsus “Samsung” markalı mobil telefon isə götürülmüşdür. Şəxsi axtarışı zamanı da bir daha həmin psixotrop maddəni 07 sentyabr 2023-cü il tarixdə “Qədirli” adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Məqsədi ancaq öz istifadəsi olmuşdur. Onu saxlayan zaman, üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Ona görə də məhkəmədən bütün bu halların və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, bu məlumatının yoxlanılması, həmin şəxsin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar özü və əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 08 sentyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Şahid2 ilə birlikdə Yasamal rayonu, N.Aşurbəyova küçəsi 10 saylı ünvanın yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxsla oxşar olan şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsi və daşınmasında şübhəli olduğunu bildirib onu Polis Bölməsinə dəvət etmişlər, sonuncu da etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsində müdafiəçinin və təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmiş və üzərindən bir büküm kristalşəkilli maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilən həmin maddə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs metamfetamini Yasamal rayonunda “Qədirli” küçəsində əldə etdiyini onlara etiraf etmişdir. Təqsirləndirilən şəxs Polis Bölməsinə aparılarkən heç bir tabesizlik göstərməmiş, Bölmədə metamfetamini özü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmiş, hər hansı şəkildə təhdid olunmamışdır. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni də tam təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan bükülünün içərisindəki maddənin “patı” olduğunu, həmin maddəni özünün istifadəsi üçün Yasamal rayonu ərazisində “Qədirli” adlanan yerdən tanımadığı şəxsdən 50 manata aldığını və üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31,49-50). Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişdən də görünür ki, müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş həmin prosessual hərəkət zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə istifadə etdiyini etiraf edir, özü bir ədəd şəffaf sellofan bükülünü çıxardıb təqdim edərək içərisindəki maddənin “patı” olduğunu, həmin maddəni öz istifadəsi üçün Yasamal rayonu ərazisində “Qədirli” adlanan yerdən tanımadığı şəxsdən 50 manata aldığını və üzərində saxladığını sərbəst etiraf edir. Ona həm təhqiqatçı, həm də müdafiəçisi tərəfindən ünvanlanmış suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc, zor tətbiq olunmadığını qeyd edir. Məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №239” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə; Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: üç-imza; X1-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi - 4,207 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,107 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 sentyabr 2023-cü il tarixli 6100 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 108-109). İbtidai istintaq orqanının 21 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 136-137). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il və xx.xx.2023cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş “Embawood” şirkəti tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli 45 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində şirkətdaxili nizam-intizam qaydalarına riayət etmiş, işinə məsuliyyətlə yanaşmış, kollektivin hörmətini qazanmış və rəhbərlik tərəfindən verilən tapşırıqların öhdəsindən vaxtında layiqincə gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 83). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını,əvvəllər məhkum olunmamasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 70-73). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,107 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,107 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1091/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1091/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver