Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1092/2022 27.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 82, mənzil 83-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olub qazanc əldə etmək üçün həmin şəxslə qanunsuz olaraq satış məqsədilə əldə etdikləri Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə hesab edilən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 7,510 qram heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,512 qram psixotrop maddə metamfetamini üstündə saxlayıb daşıyarkən, 25 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbdiri nəticəsində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, polis şöbəsinin xidməti otağında üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik və psixotrop maddələr onun əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 7,510 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 2,512 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 7 iyul 1989-cu ildə Bakı şəhərində anadan olmuş, 1995-2006-cı illərdə Xətai rayonu 363 saylı orta məktəbi bitirmişdir. 2007-2012-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində təhsil almış, təhsil aldığı müddətdə ictimai-siyasi fəaliyyətə başlamışdır. “Gənclər Klubu” İctimai Birliyi adlı qeyri-hökümət təşkilatında ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Universiteti bitirdikdən sonra 1 il ərzində Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra şəxsi işləri ilə bərabər yenə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 2016-cı ildən “Azərbaycan Xalq Cəbhəsi” Partiyasına üzvdür. 2018-ci ilin oktyabr ayında Almaniyaya siyasi mühacirət etmişdir. Almaniyada yaşadığı 3 il müddətdə Bavariya vilayətinin Auqsburg şəhərində davamlı olaraq ictimai-siyası fəaliyyətlə məşğul olurdu, aksiyalarda iştirak etmiş, sosial şəbəkələrdə hazırki hökümətə və hökümət qurumlarına sivil etirazlar bildirmişdir. 2021-ci ilin noyabr ayının 25-də Almaniyadan Azərbaycana deportasiya edilmişdir. Deportasiya edildikdən iki ay sonra yanvar ayının 25-də atasıyla birgə Nərimanov rayonuna getmişdilər. Atası Neft Şirkətinə getdi, o isə 11-12 radələrində taksi xidmətindən istifadə edə bilməyi üçün VÖEN-lə bağlı olaraq Vergi Departamentinə getdi. Orada işini bitirdikdən sonra atasıyla görüşüb evə gedəcəkdilər. Vergi Departamentində ona onlayn növbə götürməli olduğunu bildirdilər. O təximən saat 12:20 radələrində Vergi Departamentindən çıxdı. Departamentdən 10-15 metr məsafə uzaqlaşmışdı ki, 4 nəfər qəflətən üzərinə hücum edib, ona fiziki güc tətbiq edərək, qoluna qandal taxıb avtomobilə oturduzdular. Bu baş verənlər həmin ərazi də olan kameralarda da var. Nə baş verdiyini bilmirdi, onlardan kim olduqlarını soruşdu. Onlar əvvəlcə başqa adla, Əli kimi müraciət edərək “Adın Əlidir sənin” dedilər. O isə üzərində şəxsiyyət vəsiqəsi olduğunu, Əli olmadığını, adının Pünhan olduğunu onlara bildirdi. Onlar ona “Sənin üzərində silah var” dedilər. Bundan sonra avtomobilin qabağında, sağ oturacağında əyləşmiş Şahid4 adlı şəxs ona “Sən dünən Xalqlarda hansısa xanıma ilişmisən, buna görə səni tutmuşuq” dedi. O isə onlara saxlanılmaq səbəbini dəqiqləşdirmələrini, ittihamlarının silah yoxsa başqa məsələ olduğunu soruşdu. Bundan sonra Şahid4 ona “Sənin adın Pünhandır, sən bilirsən niyə tutulursan” dedi. O ondan yenə səbəbi soruşdu, lakin o “Sən bilirsən, sən niyə tutulursan, incitmə bizi, başımızı ağrıtma” dedi. Bu vaxt digər şəxs səhv etmirsə, mayor Şahid1 “Sən dövlətə və prezidentə qarşı çıxışlar etmisən və buna görə də həbs olunursan” dedi. Əlləri bağlı idi və əlində kapüşonlu gödəkcə var idi. Şahid1 əlindəki gödəkcəni götürüb onun kapüşonunu başını keçirərək, onu boğmağa başladı. O bir neçə saniyə sonra boğulduğunu bildirərək, başından onu çıxarmalarını istədi. Bu vaxt Şahid4 Şahid1 kapüşonu başından çıxarmağını istədi. Bundan sonra onlar onu Nərimanov rayon Polis İdarəsinə gətirdilər. Avtomobildə ciblərinə 2 ədəd büküm yerləşdirmişdilər. Vəkilin iştirakı ilə üzərinə baxış keçirdilər, ciblərini boşaltmağı istədilər, ciblərini boşaldanda cibindən həmin iki büküm çıxdı. Şahid4 ona dövlətə qarşı çıxışlar etdiyinə görə həbs olunacağını bildirdi. Onların təqdim etdiyi sənədləri imzalamayacağını bildirdikdə, qapını bağlayıb, pəncərənin jalüzünü bağlayırdılar və otağının içərisinə özlərindən əlavə 2-3 nəfər daxil olurdu. Onlar ona mənəvi, psixoloji təzyiq edərək, sənədləri ona imzalatdırdılar. Videoçəkiliş elədilər. Abuşov əvvəlcə ona 0-3 ilədək azadlıqdan məhrumetmə cəzasının gözlədiyini, 1 il yatıb çıxacağını dedilər. Bu şəkildə aktlaşdırdılar. Bütün əşyalarını aldılar. Telefonuyla şəxsiyyət vəsiqə özlərində saxladılar. Sənədləri imzalatdıqdan sonra qalan əşyalarını qaytardılar. Bundan sonra onu Nərimanov rayonu Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirdilər. Almaniyadan qayıtdığı iki ay ərzində heç bir ictimai-siyasi fəaliyyətlə məşğul olmadı. Səhhəti və digər şəxsi işləri ilə məşğul idi. İctimai-siyasi fəaliyyətlə yanaşı satış sahəsində fəaliyyət göstərmiş, “Coca-Cola” və “Gilan Holdinq” şirkətlərində, “Şahdəniz-2” layihəsində işləmiş. “Şahdəniz-2” layihəsindəki işindən ixtisara düşmə adıyla çıxarılmışdır, onu ixtisara salan şəxs özü bildirdi ki, o Facebook sosial şəbəkəsində olan paylaşımlara görə ixtisara düşmüşdür. Bundan əlavə eyni səbəblə həyat yoldaşını da işdən çıxardılar. Buna görə ölkəni tərk etdi, çünki bilirdi ki, Avropada siyasi mühacirət edənlərə sığınacaq verilir. Həbs olunandan sonra həyat yoldaşından ayrıldı. Azərbaycan Respublikasında olduğu müddətdə hüquq mühafizə orqanları tərəfindən hər hansı siyasi təqibə məruz qalmamış, məhkəmə qarşısına çıxmamış, barəsində inzibati tənbeh tətbiq edilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat qrupu yaradıldı və əməliyyat qrupunda o və digər əməkdaşlar iştirak edirdilər. 25 yanvar 2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 104 ünvanının yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxsı saxladılar. Ona özlərini təqdim etdilər və onu Nərimanov rayon Polis İdarəsinə dəvət etdilər. O da heç bir etiraz etmədən onlarla birgə idarəyə gəldi. Polis idarəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla vəkilin iştirakı ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkcəsinin sol yan cibindən iki büküm aşkar edildi. Bükümlərdən birində psixotrop maddə olan metamfetamin, digərində isə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs ilə sorğu aparılarkən üzərindən aşkar olunmuş narkotik maddələri Bakı şəhəri, Xətai rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Toplanmış materiallar aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edildi. Əməliyyat qrupuna o rəhbərlik edirdi. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün nəzərdə tutduğunu bildirdi, Təqsirləndirilən şəxs onlara müqavimət göstərmədi və ona heç bir təzyiq olmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 digər Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması, özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə və eyni zamanda polis idarəsində ona təzyiq olunmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 25 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı əldə olunub tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi Hamlet Hüseynovun 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və işgəncələrə qalması öz təstiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 25 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd bükümdəki narkotik vasitə heroini və 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra, onunla poils əməkdaşları tərəfindən sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd bükümdəki kütlənin narkotik vasitə heroin və 1 ədəd bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirərək, həmin bükümlərin özünə məxsus olmasını etiraf edərək bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş 1 ədəd bükümdəki narkotik vasitə heroini və 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini maddi sübut əhəmiyyəti kəsb etdiyindən və ekspertizaya təqdim edilməsi üçün qablaşdmlaraq möhürlənərək götürülmüşdür. Bundan sonra, üzərinə keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, doğru tərtib edildiyindən onun eləcə də, digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2022-ci il tarixli, 6/489 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN-nin “Zərflər üçün №7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,510 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,512 qram ağ rəngli, kristalşəkilli kütlə kutsar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 2,512 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,462 qram.Heroinin təmiz çəkisi 7,510 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 7,430 qram. (ekspertiza tədqiqatın dəyəri 110 manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 501 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 276 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəği pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xaraterini və ictimai təhlükəsizliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 25 yanvar 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanın yüngülləşdirən və ağırlaşdıran halları müəyyən müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərərək götürülmüş ümumi təmiz çəkisi qalıq 2,462 qram metamfetamin və qalıq təmiz çəkisi 7,430 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 25 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimnov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq ümumi təmiz çəkisi qalıq 2,462 qram metamfetamin və qalıq ümumi təmiz çəkisi 7,430 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1092/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1092/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver