Məhkəmə qərarları › İş №1(101)-1093/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1093/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1093/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Cəlilabad rayonu, Suluçeşmə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, Cəlilabad rayonu, Suluçeşmə kəndində qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində nömrəsiz evdə yaşamış, 15 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən qəsdən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda 2 bağlamada - 1-ci bağlamada dörd büküm, hər bükümdə təmiz çəkisi 0,913 qram, 0,939 qram, 0,767 qram və 0,276 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2-ci bağlamada isə 2 büküm - 1-ci bükümdə təmiz çəkisi 4,731 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bükümdə isə təmiz çəkisi 32,945 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 yanvar 2022-ci il tarixdə saat 18:10 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin Cinayət axtarış şöbəsi və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Məmmədyarov” dairəsi yaxınlığında saxlanılaraq şübhəli şəxs qismində Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən qeyd edilən ümumi təmiz çəkisi 35,840 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,731 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2021-ci il fevral ayının 4-də Qazaxıstan Respublkasından Azərbaycana gəlmişdir. Yaşamağa yeri olmadığı üçün ev almaq istəmiş, bu məqsədlə Maştağa qəsəbəsində bir evə baxmış və evi bəyənmişdir. Sonra ev sahibi ilə gedib danışmış, həmin şəxs evi 10.000 manata satdığını bildirmişdir. O, gəlib evdə həyat yoldaşı və qaynanası ilə məsləhətləşmiş və razılaşmışlar. Bundan sonra qaynanası bankdan kredit götürərək ona vermiş, o da, gəlib ev sahibinə əvvəlcə 6000 manat, sonra 1500 manat, daha sonra isə 2000 manat pul vermişdir. Verdiyi pulları həmişə telefon vasitəsilə çəkib vermişdir. O, pulu verən vaxt evi öz adına sənədləşdirmək üçün sahibindən bir sənəd istəmiş, lakin ev sahibi tezliklə toyları olacağını, gedib toyu yola verib gələndən sonra evi sənədləşdirməyi təklif etmişdir. Başqa yolu qalmadığı üçün o, razılaşmış, daha sonra evin təmiri üçün müxtəlif tikinti materialları almışdır. Ümumilikdə, tikinti materiallarına onun təxminən 1500-1700 manat pulu çıxmışdır. Bir müddət sonra ustalar evdə işləyən vaxt iki nəfər mülki geyimli şəxs gələrək qapını sındırıb içəri girmiş, onların evdən çıxmalarını tələb edərək, evin onlara məxsus olduğunu bildirmişlər. Bundan sonra ustalar onu həmin yerə çağırmış, oraya gəlib bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra onları polis bölməsinə dəvət edərək izahatlarını almışlar. Bundan sonra o, evə görə pul verdiyi ev sahibi Şəkər xanımla görüşmüş, bunun nə məsələ olduğunu soruşmuşdur. Bu zaman Şəkər xanım evin yeznəsinə məxsus olduğunu və sonuncunun həmin evi evi satmaq istəmədiyini bildirmişdir. O da, Şəkər xanıma satmaq istəmirsə, onun pulunu verməyi demiş, bundan sonra evdən çıxacağını bildirmişdir. Lakin həmin şəxslər onun evə görə verdiyi pulu qaytarmamış, eləcə də evdən əl çəkməmişlər. Bündan sonra o, müxtəlif vaxtlarda şikayətlər etmişdir. 2022-ci il yanvar ayının 14-də taksi sifariş verib oğlu ilə «Məmmədyarov» dairəsindən keçib evə gələndə tanımadığı şəxslər taksinin qapısını açmışlar və onu tutaraq polis idarəsinə gətirmişlər. Həmin vaxt onun üstündə ümumiyyətlə narkotik vasitə olmamış, heç kimdən narkotik vasitə almamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, indiki iş üzrə isə məhkəmədə ona sanksiya veriləndə hakim qarşısına çıxarılmış, orada o, hakimə polis əməkdaşlarının ona təzyiq göstərdiklərini, narkotik vasitənin ona məxsus olmadığını demişdir. Üzərində şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılmış, polis əməkdaşları videoçəkilişdən qabaq onu döymüş və ailəsi ilə təhdid etmişlər. Buna görə də, ona məxsus olmayan narkotik vasitəni boynuna almağa məcbur olmuşdur. Polis işçilərinin ona qarşı qərəzli mövqe tutmalarının səbəbini izah edə bilmir və hesab edir ki, yəqin aldığı evdən imtina etməməsi səbəbindən polis işçiləri ona qarşı qərəzli olmuşlar. İstintaq zamanı onun üzərində xəsarətlərlə bağlı ekspertiza keçirilsə də, bu təxminən tutulandan ay yarım sonra baş tutmuş, həmin vaxt onun üzərində artıq xəsarətlər qalmamışdır. Onu yanvar ayının 14-də tutmuşlar, ayın 18-də isə Bakı İstintaq təcridxanasına aparmışlar. Təcridxanaya qəbul ediləndə o, həkim müayinəsindən keçirilmiş, lakin həmin vaxt üzərində yeni xəsarətlər aşkar edilməmişdir. İstintaq zamanı onun ifadələrini müdafiəçinin iştirakı ilə almışlar. Polis işçiləri tərəfindən saxlanılarən onun yanında azyaşlı oğlu olmuş, həmçinin cibində 60 manat pulu olmuşdur. Həmin vaxt üstündə narkotik vasitə olmamışdır. Polis işçiləri onu gündüz saat təxminən 12:23 radələrində «Məmmədyarov» dairəsində tutmuşlar. Ona məxsus olan mobil telefon təhqiqatçı tərəfindən götürülsə də, sonradan müstəntiq həmin telefonu ailəsinə qaytarmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə “İnstagram” səhifəsində adını deməyən şəxslə tanış olmuş, həmin şəxs İran İslam Respublikasında yaşadığını və narkotikin satışı ilə məşqul olduğunu bildirmiş, həmin şəxslə azərbaycan dilində ünsiyyət etmişlər. O, həmin şəxsə narkotikin aludəçisi olduğunu deyərək narkotik vasitə istəmiş, həmin şəxs heroin və metamfetamin təşkil edəcəyinə söz vermişdir. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində həmin şəxslə görüşmüş, 500 manat verərək ondan 5 büküm heroin, 1 büküm metamfetamin almışdır. Aldığı heroin və metamfetamini 2 ədəd ağ rəngli kağıza büküb cibinə qoyub şəxsi işlərindən ötrü getmişdir. xx.xx.2022-ci İl tarixdə saat 18:10 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsinə “Məmmədyarov” dairəsinin yaxınlığına gəlmiş, bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Sabunçu RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt qeyd olunan özünə məxsus narkotik vasitə heroin və metamfetamin onun cibində olmuşdur. Polis əməkdaşları şübhələndiklərinə görə onu Sabunçu RPİ-nin 14-cü PB-yə gətirmiş, 14-cü Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Söhbət əsnasında üzərində heroin və metamfetaminin olmasını etiraf etmiş, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən heroin və metamfetamin aşkar olunaraq götürülmüşdür. Baxış keçirən polis əməkdaşlarına heroini və metamfetamini necə əldə etməsini danışmış, polis əməkdaşları həmin bükümləri zərfə qoyaraq qablaşdırmış, həmin zərfi imzalamış, zərfin məhkəməkimyəvi ekspertizasına göndərilcəyi barədə xəbərdar olunmuşdur. Bundan başqa, üzərindən 1 ədəd qara rəngli “Samsug” markalı telefon, “Kent” markalı siqaret və 52 manatı aşkar olunmuş, pulu və siqareti özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:43 radələrində 5 yaşlı oğlu ilə birgə Maştağa qəsəbəsində, Məmmədyarov dairəsində taksidə gedərkən dönər alması üçün taksini dayandırmışdır. Bu vaxt arxa qapı açılmış, Sabunçu RPİ-də xidmət aparan Anar adlı polis serjantı və 2-ci PB-nin Orxan adlı əməkdaşı kimi tanıdığı əməkdaş onu sürüyərək döyə-döyə maşından düşürmüş, onu digər maşına mindirmişlər. Həmin əməkdaşlar yanında olan 5 yaşlı uşağını uşaq evinə verəcəkləri ilə hədələyərək ondan 15.000 manat istəmiş, pulunun olmadığını demişdir. Anar adlı polis əməkdaşı əlini əynində olan gödəkçəsinin sol iç cibinə salaraq cibindən 1 büküm çıxartmış, həmin bükümün narkotik olduğunu deyərək boynuna götürməsini tələb etmiş, ailəsini şərləyəcəyi ilə hədələmişdir. Pul vermədiyinə görə 14-cü PB-yə aparılmış, bölmədə olarkən həmin narkotikin ona heç bir aidiyyəti olmadığını dedikdə, polis əməkdaşları onu döymüşlər. Məcbur qalaraq narkotikin ona məxsus olmasını etiraf etmişdir (cild 1, iş vərəqi 47-48, 65-66, 116-117). Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin ifadələri qismən təsdiq etdiyini, əlavə dindirmə zamanı verdiyi ifadəsinin doğru olduğunu, saxlanılarkən onda narkotik vasitə olmadığını, polis işçilərinin təzyiqi ilə istintaqda ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, 15 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Sabunçu RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Maştağa qəsəbəsi ərazisində xidmətdə olarkən “Məmmədyarov” dairəsində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin davranışı onların diqqətini cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yerişindən onun sərxoş və ya narkotik vasitənin təsiri altında olması hiss olunmuşdur. O, əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq onunla söhbət etməyə çalışmış, lakin sonuncunun onlardan yayınmağa cəhd göstərməsi Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasına şübhə yaratmışdır. Buna görə də, onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək Sabunçu RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və sonuncudan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Elşad həyəcanlı olduğundan və şəxsiyyəti barədə ziddiyyətli məlumatlar verdiyindən onu ərazi üzrə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Ona hüquq hüquq və vəzifələri izah olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və maddə olduğu təqdirdə təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş büküm, gödəkçəsinin sol yan cibindən isə qara rəngli mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda, içərisindən ağ rəngli kağıza bükülmüş bağlama və şəffaf selofana bükülmüş bağlama aşkar olunmuşdur. Həmin bağlamalardan 1-ci bağlamadan 4 ədəd, 2-ci bağlamada isə 2 ədəd selofana bükülmüş ümumilikdə cəmi 6 ədəd büküm aşkar olunmuşdur. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, həmin narkotiki öz istifadəsi üçün 13 yanvar 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə Xırdalan şəhərində görüşərək, 500 manata aldığını, narkotiki aldığı şəxsin istifadə etdiyi nömrənin İrana aid nömrə olduğundan həmin şəxslə “WhatsApp" ani məsajlaşma proqramı ilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs zərfi imzalamış, ondan aşkar olunan 52 manat pul və “Kent" markalı siqaret özünə qaytarılmışdır. Daha sonra axtarış barəsində protokol tərtib olunmuş, protokolla tanış olaraq imzaları ilə təsdiqləmişlər. Sonradan məlum olmuşdur ki, həmin 6 ədəd bükümdəki maddələr heroin və metamfetamindir. Daha sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmiş, lakin bu zaman evdən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Verilən sualları cavablandıran şahid Eltun Məmmədov ifadəsində həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən piyada və tək olmuş, onun yanında uşağı olmamış, özü CAŞ-ın əməliyyat müvəkkili Şahid2la olmuş, onlardan başqa, həmin tədbirin keçirilməsində başqa polis əməkdaşı iştirak etməmiş, tədbir zamanı heç kim Təqsirləndirilən şəxs zor tətbiq etməmiş və ondan pul tələb etməmiş, Təqsirləndirilən şəxs Polis bölməsinə 14 yanvar tarixdə deyil, 15 yanvar 2022-ci il tarixdə saat 18:10-da aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 14-cü Polis bölməsinə gətirilməsi, həmçinin bölmədə üzərinə şəxsi axtarış keçirilməsində iştirak etdiyini bildirərək, həmkarı Eltun Məmmədovun ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 yanvar 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin Cinayət axtarış şöbəsi və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Məmmədyarov” dairəsi yaxınlığında saxlanılaraq şübhəli şəxs qismində Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümün içərisindən 2 ədəd selofan bükümdə və 1 ədəd bükülmüş formada ağ rəngli kağızın içərisindən 4 ədəd selofan bükümlərdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 25-26). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/276 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N100” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş..." sözləri, soyadları və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 32,945 qram, 0,913 qram, 0,939 qram, 0,767 qram, 0,276 qram olmaqla, ümumi təmiz çəkisi 35,840 qram təşkil edən qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bükümdə təmiz çəkisi 4,731 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr“in siyahısına (Siyahi 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı 1) daxildir (cild 1, iş vərəqi 36-41). Cinayət işində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının qeydə alındığı CD diskə baxış keçirilməsi haqqında 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iki polis əməkdaşı ilə birgə xidməti otağa daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Sabunçu RPİ, 14-cü PB-nin baş təhqiqatçısı X8 Cəfərova Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Polis bölməsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra baş təhqiqatçı X6 Cəfərova üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa, təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü, gödəkçəsinin sol yan cibindən isə qara rəngli mobil telefonunu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilərkən gödəkçəsinin sol yan cibindən “Kent” markalı siqaret, əynindəki şalvarının dal sağ cibindən isə nağd pul aşkar olunaraq masanın üzərinə qoyulur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda, içərisindən ağ rəngli kağıza bükülmüş bağlama və şəffaf selofana bükülmüş bağlama aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki ağ rəngli kağıza bükülmüş 1-ci bağlamadan 4 ədəd, 2-ci bağlamadan isə 2 ədəd şəffaf selofana bükülmüş, ümumilikdə cəmi 6 ədəd büküm aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, bükümlərin içərisindən aşkar olunmuş maddə narkotik vasitədir, xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə “İnstagram” proqramında tanış olduğu İran İslam Respublikası vətəndaşı olan, lakin Bakı şəhərində yaşayan şəxs İrana qayıtmasını deyərək özündə qalan narkotiki ona təklif etmiş, həmin şəxslə Xırdalan şəhərində görüşmüş, gündəlik olaraq 4-5 qram narkotik istifadə etdiyindən 500 manat verərək özünün istifadəsi üçün həmin şəxsdən narkotik almışdır. Həmin şəxsin istifadə etdiyi nömrə İran İslam Respublikasına aid nömrə olmuş, həmin şəxslə “WhatsApp” ani mesajlaşma proqramı ilə əlaqə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddələr olan 6 ədəd büküm baş təhqiqatçı Samir Allahverdiyev tərəfindən zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir. Təqsirləndirilən şəxs özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən zərf imzalanır. Təqsirləndirilən şəxs aşkar olunan pul sayılarkən 52 manat olması dəqiqləşir, Təqsirləndirilən şəxs aşkar olunmuş 52 manat nağd pul və “Kent” markalı siqareti özünə qaytarılır və bununla da çəkiliş sona çatır (cild 1, iş vərəqi 49-51). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109). İbtidai istintaq orqanının 31 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 35,840 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 4,731 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 35,640 qram heroin və 4,681 qram metamfetamin müvafiq qərar qəbul edilənədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, qeyd olunan qərara əsasən, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 85-86). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 93-5 maddəsinin 2-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, 7 ay müddətinə islah işləri, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 149-151). Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənildiyindən, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, 2022-ci il yanvar ayının 14-də taksi sifariş verib oğlu ilə «Məmmədyarov» dairəsindən keçib evə gələndə tanımadığı şəxslər taksinin qapısını açdıqlarını və onu tutaraq polis idarəsinə gətirdiklərini, həmin vaxt onun üstündə ümumiyyətlə narkotik vasitə olmadığını və heç kimdən narkotik vasitə almadığını, indiki iş üzrə isə məhkəmədə ona sanksiya veriləndə hakim qarşısına çıxarıldığını, orada hakimə polis əməkdaşlarının ona təzyiq göstərdiklərini, narkotik vasitənin ona məxsus olmadığını dediyini, polis əməkdaşları videoçəkilişdən qabaq onu döydüklərini və ailəsi ilə təhdid etdiklərini, buna görə ona məxsus olmayan narkotik vasitəni boynuna almağa məcbur olduğunu, polis işçilərinin ona qarşı qərəzli mövqe tutmalarının səbəbinin yəqin ki, aldığı evdən imtina etməməsi olduğunu, istintaq zamanı xəsarətlərlə bağlı onun üzərində ekspertiza keçirilsə də, bunun təxminən tutulandan ay yarım sonra baş verdiyini və həmin vaxt onun üzərində artıq xəsarətlərin qalmadığını, onu yanvar ayının 14-də tutduqlarını, ayın 18-də isə Bakı İstintaq təcridxanasına aparıldığını, təcridxanaya qəbul ediləndə həkim müayinəsindən keçirildiyini, lakin həmin vaxt üzərində yeni xəsarətlərin aşkar edilmədiyini, polis işçiləri tərəfindən saxlanılarkən yanında azyaşlı oğlunun olduğunu, həmçinin cibində 60 manat pulu olduğunu, həmin vaxt üstündə narkotik vasitə olmadığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətləri, həmçinin məhkəmənin təşəbbüsü ilə Təqsirləndirilən şəxs gətirdiyi dəlillər yoxlanılmış, lakin həmin dəlillərin heç biri məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin 25 iyul 2022-ci il tarixli sorğusu əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilən zaman üzərində fiziki xəsarətlərinin olub-olmamasına dair məlumatların, yəni onun təcridxanaya hansı tarixdə yerləşdirilməsi, onun ilkin tibbi müayinəsi zamanı üzərində hər hansı xəsarətlərin aşkar olunub-olunmamasının müəyyən edilməsi məqsədilə onun şəxsi işinin məhkəməyə təqdim olunması təmin edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs aid tibbi kitabçaya baxış keçirilmiş, bu zaman onun təcridxanaya yerləşdirilərkən bədəni üzərində hər iki said nahiyələrində postinyeksion yara xəsarəti aşkar olunması qeyd olunmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs həmin xəsarətləri narkotik vasitə aludəçisi olduğuna görə həbs olunmamışdan əvvəl inyeksiya yolu ilə öz-özünə narkotik maddələr vurması nəticəsində yarandığını bildirmişdir. Bundan başqa, 19 iyul 2022-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək, tutulmamışdan bir neçə ay əvvəl Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində nömrəsiz evi familiyasını unutduğu Sahib adlı şəxsdən aldığını, sonuncunun Şəkər xanım adlı həyat yoldaşına videoçəkiliş vasitəsilə pulunu tam şəkildə ödədiyini, evi aldıqdan sonra xərc çəkib evi təmir etdirdiyini, ancaq bir neçə ay sonra özlərini evin sahibi Sahib adlı şəxsin qohumları kimi təqdim edən şəxslərin evi geri qaytarmağı tələb etdiklərini, lakin onun evi geri qaytarmaq istəmədiyini, bundan sonra həmin şəxslərin ona hədə-qorxu gəlməyə və təzyiq göstərməyə başladıqlarını, həbs olunmamışdan 3 gün qabaq da tanımadığı şəxslər tərəfindən yaşadığı evin həyət qapısının sındırıldığını və bu barədə özünün «102» xidmətinə zəng vurub məlumat verdiyini, polis əməkdaşları tərəfindən narkotiklərin onun boynuna qoyulmasına həmin hadisənin səbəb olduğunu fikirləşdiyini bildirərək, həmin halın diqqətlə araşdırılmasını, həmçinin tutulduğu gün «Məmmədyarov» dairəsində olan kamera görüntülərinin götürülməsini xahiş etmişdir. Bununla bağlı, təqsirləndirilən şəxsin vəsatəti əsasında DİN-nin Növbətçi Hissələri idarəetmə xidmətinə müvafiq sorğu verilmiş, həmçinin ərizədə adlarını çəkdiyi şəxslərin məhkəmədə dindirilmələrinin təmin olunması üçün cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəsatət qaldırması müdafiə tərəfinə izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs evini aldığını iddia etdiyi Sahib adlı şəxsin və onun həyat yoldaşı Şəkər xanım adlı şəxsin digər anket məlumatlarının, yaşadıqları ünvanın ona məlum olmadığını bildirmiş, bu səbəbdən cinayətprosessual qanunvericiliyə müvafiq olaraq həmin hissədə vəsatətin təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxs evin alqı-satqısının videoçəkiliş vasitəsilə aparıldığını ərizədə qeyd etsə də, müvafiq videogörüntülərin qalmadığını, bu səbəbdən məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. DİN-nin Növbətçi Hissələri idarəetmə xidmətinin və Bakı şəhəri, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin cavab məktublarından məlum olmuşdur ki, X4 DİN-nin «102» xidmətinə zəng edərək, xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində 4-5 nəfər naməlum şəxslərin əllərində bıçaq və kəsici alətlərlə onun qapısını sındıraraq evə daxil olduqlarını, qızıl, pul tələb edərək əri Təqsirləndirilən şəxs döydüklərini bildirmişdir. 2-ci Polis şöbəsində həmin müraciət əsasında araşdırma aparılarkən Təqsirləndirilən şəxs arvadının «102» xidmətinə müraciət etməsini bildiyini, lakin onun döyülmədiyini və xəsarət izlərinin olmadığını bildirərək, məhkəmə-tibb ekspertizasından keçməkdən imtina etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs tanımadığı şəxslərin ondan pul və qızıl tələb etmədiklərini, sadəcə aralarında sözlə mübahisə yarandığını bildirmiş, hazırda heç bir şikayəti və tələbi olmadığını qeyd edərək araşdırmanın dayandırılmasını xahiş etmişdir. Bununla əlaqədar, 20 dekabr 2021-ci il tarixli qərarla təhqiqat orqanı tərəfindən hər hansı cinayət tərkibinin müəyyən edilməməsi səbəbindən Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi həmin dəlillə bağlı həmçinin qeyd olunmalıdır ki, məhkəmə iclasına təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs DİN-nin «102» xidmətinə hazırkı iş üzrə həbs olunmazdan 3 gün əvvəl məlumat verildiyini və yaşadıqları ünvanın ünvan 1axil olmuş araşdırma materiallarına görə bu müraciət 09 dekabr 2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsindəki nömrəsiz fərdi evə münasibətdə edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi dəlillərlə bağlı həmçinin qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan cibində saxladığı narkotik vasitə heroini və metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Bunlar məhkəmə iclasında videoçəkilişə baxış zamanı da bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən aşkar edilən narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmədə iş materialları tədqiq edilərkən həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqın sonunda dindirilərkən etirafedici ifadələrindən imtina etmiş və məhkəmədə gətirdiyi dəlillərə uyğun dəlillər gətirmişdir. Məhkəmədə müəyyən edildi ki, onun gətirdiyi həmin dəlillər ibtidai istintaq zamanı yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, 17 fevral 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs saxlanıldığı yerdəki kamera görüntülərinin götürülməsi barədə vəsatəti ilə əlaqədar həmin tarixdə müstəntiq Sabunçu rayonu, «Məmmədyarov» dairəsi adlanan ərazidə olmuş, bu zaman Təqsirləndirilən şəxs saxlanıldığı yerin Təhlükəsiz şəhər xidmətinin videomüşahidə kameralarının görüntü dairəsini əhatə etmədiyi müəyyən edilmişdir. Həmçinin həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixə saat 18:10 radələrinə Sabunçu rayonu, «Məmmədyarov» dairəsində olan videomüşahidə kameralarındakı görüntüyə baxış keçirilməsinə cəhd olunmuş, lakin DİN Növbətçi Hissələri idarəetmə xidməti Təhlükəsiz şəhər xidmətinin kamera yaddaşının saxlanma müddəti 30 gün olması səbəbindən həmin tarix üçün videogörüntülərin yaddaşdan silindiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 118). Həmçinin Təqsirləndirilən şəxs gətirdiyi dəlillərlə bağlı onu saxlayan polis əməkdaşları, eləcə də 15 yanvar 2022-ci il tarixdə deyil, bir gün qabaq saxlanılaraq Polis bölməsinə gətirilməsi ilə bağlı gətirdiyi dəlillə bağlı 14-cü Polis bölməsi Növbətçi hissəsinin əməkdaşları şahid qismində dindirilmiş, onların hamısı təqsirləndirilən şəxsin yalan ifadə verdiyini qeyd etməklə onu ifşa etmişlər (cild 1, iş vərəqi 119-126). Bundan başqa, cinayət işində olan Sabunçu RPİ, 14-cü Polis bölməsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabının surətindən görünür ki, siyahıda 39-cu sıra nömrəsi ilə qeyd olunmuş Təqsirləndirilən şəxs Polis bölməsinə 15.01.22-ci il tarixdə saat 18:25-də gətirilmiş, 16.01.22-ci il tarixdə saat 14:00-da Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (cild 1, iş vərəqi 127-128). Cinayət işində olan xx.xx.2022-ci il tarixli 17/38-337 saylı məktubdan görünür ki, 18 yanvar 2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş Təqsirləndirilən şəxs müəssisənin tibbsanitar hissəsində müayinədən keçirilərkən hər iki said nahiyələrində postinyeksion yara xəsarəti aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin xəsarətləri narkotik vasitə aludəçisi olduğuna görə həbs olunmamışdan əvvəl inyeksiya yolu ilə öz-özünə narkotik maddələr vurması nəticəsində yarandığını bildirmişdir (cild 1, iş vərəqi 138). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ, 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti Sabunçu rayon prokurorluğu tərəfindən araşdırılmış və 29 aprel 2022-ci il tarixli qərara əsasən 197-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 142-147). Yuxarıda qeyd olunanları iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırıb tədqiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər məhkəməni obyektiv həqiqətdən yayındırmaq məqsədi daşıyır, onun məsuliyyətdən yaxa qurtarmaq və ya öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Bu səbəbdən, həmçinin iş üzrə toplanmış digər sübutlarla təsdiq olunduğundan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14-cü Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 710 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 35,840 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və təmiz çəkisi 4,731 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 35,640 qram heroin və 4,681 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və hesabatlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə baxışı zamanı isə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkillərə - Yusif Abdullayevə ödənilməli olan 90 (doxsan) manat məbləğində, vəkil Müdafiəçi ödənilməli 96 (doxsan altı) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 35,640 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,681 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil X1 ödənilməli olan 90 (doxsan) manat pul vəsaiti Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil Müdafiəçi ödəniləcək 96 (doxsan altı) manat pul vəsaiti Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar