Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1095/2023 16.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödəniləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 16 noyabr 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Kubinka” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,757 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib özündə saxlamaqla daşımış, 17 noyabr 2022-ci il tarixdə saat 17:15də Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu, M.Muxtarov küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,757 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, polis əməkdaşları gəlib onu evindən çıxarıb polis bölməsinə aparmışlar. Onu polislər tutmamışdan bir gün öncə öz istifadəsi üçün narkotik vasitə almış, polislər onu tutan zaman üzərində 1 qrama yaxın narkotik vasitə olan heroin olmuşdur. Həmin narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Onda ittiham aktında göstərilən miqdarda narkotik vasitə olmamışdır. Polislər onu narkotik vasitə istifadəçisi kimi sənədləşdirəcəklərini demiş, o da razı olmuşdur. Polislər üzərindən çıxarılan narkotik vasitəni heç onun yanında tərəzidə çəkməmişlər. Lakin sonradan boynuna külli miqdar narkotik vasitə qoyulduğunu öyrənmişdir. O, narkotik vasitə istifadəçisi olduğunu qəbul edir, narkomandır, lakin ittiham aktında göstərilən narkotik vasitənin miqdarı ilə razı deyildir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Murtuza Muxtarov küçəsi 127 ünvanında, evinin yanında olarkən polislər gəlib onu polis bölməsinə dəvət etmiş, o da razılaşıb, polislərlə birlikdə polis bölməsinə getmişdir. Üzərindən aşkarlanan narkotik vasitəni “Kubinka” ərazisindən tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Polis işçiləri tərəfindən ona hər hansı təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə daxil olan əməliyyat məlumatına əsasən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 noyabr 2022-ci il tarixdə təxminən saat 17:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilin yaxınlığında, yəni ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq 27-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkarlanmışdır. Aşkarlanan narkotik vasitə ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs barəsində məlumat onun narkotik vasitənin istifadəsi və daşınması ilə bağlı olmuş, sonuncudan aşkarlanan narkotik vasitənin çəkisi təxminən 3 qrama yaxın olmuş, narkotik vasitənin miqdarı ekspertizanın rəyi əsasında müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitəni etiraf etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilmiş ifadəsində digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 103-105). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saat 16:00 radələrində Yasamal rayonu, M.Muxtarov küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan şəffaf sellafona bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 168 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 37-38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd bükümdə təmiz çəkisi 2,757 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin’’in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 45-49). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskdə olan videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin CD formatlı diskdə olan görüntüdə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin təhqiqatçısı, polis mayoru Tahir Əzizov tərəfindən 17 noyabr 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 17:10-da Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmasını və 27-ci Polis bölməsinə gətirilməsini, hazırda da narkotik maddələrdən istifadə etməsini və əynindəki cins şalvarın sağ yan cibində narkotik maddə olmasını bildirərək, əynindəki cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddəni öz dediyinə görə içərisində "kakos" deyilən narkotik vasitə olan heroini çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd sellofan bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə vardır. Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içərisindəki maddə "kakos" dedyilən narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni həmin gün Nəsimi rayonu “Kubinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata almış, daha sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 57). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 81). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 487 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 113-114). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 727 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 116-117). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 2,757 qram narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götümə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 ədəd CD disk maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,657 qram narkotik vasitə heroin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 56, 119-124). İşdə olan cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 126-127). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin, saxlanılarkən onun üzərində ittiham aktında göstərilən qədər deyil, daha az, yəni 1 qrama yaxın narkotik vaitə heroin olması barədə verdiyi ifadələrini məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Müvafiq ekspertizanın rəyi əsasında müəyyən edilmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitənin təmiz çəkisi 2,757 qram təşkil edir. Ona görə də, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə cəzasını yüngülləşdirmək məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 ay 17 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin 12 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzası 16 sentyabr 2022-ci il tarixdə sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 93-96, 97-101). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-il il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyi tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halı, cəzasını yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26, 80). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,657 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,657 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1095/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1095/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver