Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1098/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci, 333.4-cü və 334.1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, 19 C, məhəllə 6 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının əvvəllərində yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 105A saylı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan 29 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində X5 İdarəsinin 2-ci Polis Bölməsinin və Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman həmin 29 ədəd ümumi xalis çəkisi 1710 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, tutulmamışdan təxminən 5-6 ay əvvəldən başlayaraq marixuanadan istifadə etməyə başlamış, tədricən bu onda vərdiş halını almışdır. Bir neçə dəfə nəşə kimi adlandırılan marixuana alıb çəkəndən sonra maddi imkanı olmadığı üçün daha nəşə almaqda çətinlik çəkməyə başlamışdır. Ona görə də pulsuz başa gəlməsi üçün çətənənin toxumunu əldə edib öz istifadəsi üçün həyətində əkmək qərarına gəlmişdir. 2020-ci ilin may ayının əvvəllərində Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi ərazisində - “Nasosnı”da yerləşən çay evlərindən birində adını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsdən təmənnasız olaraq, yəni heç bir pul ödəmədən dəqiq sayını hazırda xatırlamadığı miqdarda çətənə kolu toxumları almışdır. Onları gətirib yaşadığı evin həyətində boş sahədə əkmiş, əkdiyi toxumlara tez-tez su verərək böyüyüb inkişaf etmələri üçün qulluq etməyə başlamışdır. Cəmi neçə toxum basdırmasını xatırlamasa da əkdiyi toxumlardan 29 ədəd kol cücərmiş, bir müddət sonra böyüyüb yaşıllaşmışlar. xx xxxx 2020-ci il tarixdə saat 11:10 radələrində evdə olduğu vaxtda polis əməkdaşları yaşadığı evə gələrək, həyətində narkotik tərkibli bitkilər becərilməsində şübhəli bilindiyini deyərək onu saxlamışlar. Həmin vaxt polislər ona hüquq və vəzifələrini izah etmiş, bununla bağlı sənədləşmə aparmışlar. Sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, əgər belə şeylər varsa təqdim etməsini təklif edilmişdir. O da üzərində qanunsuz heç nə olmadığını deyib üstündəki 1 ədəd kibrit qutusunu, 1 qutu “Want” siqaretini, “Dirol” markalı saqqızı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin əşyalar polislər üçün əhəmiyyətsiz olduğundan özünə qaytarılmışdır. Sonra videoçəkiliş davam etdirilməklə polis əməkdaşları onun özü ilə birlikdə evin həyətinə keçmişlər. O, polis əməkdaşlarına evinin həyətinə baxış keçirilməsinə razılıq verməsi ilə bağlı ərizə də yazıb vermişdir. Bundan sonra dəvət olunmuş aqronomun və vəkilin iştirakı ilə həyətinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətinin sol tərəfindəki sahədə hasarın dibində əkdiyi 29 ədəd çətənə kolu aşkar edilmişdir. Baxışda iştirak edən aqronom da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən torpaqdan çıxarılıb götürülmüş və bundan sonra o, polis əməkdaşları ilə birlikdə X5 İdarəsinə getmişdir. Orada həmin 29 ədəd çətənə kolları tərəziyə qoyularaq çəkilmiş, kisəyə yığılaraq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş, özü də daxil olmaqla orada iştirak edən şəxslərin hamısı protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Törətdiyi əməldən səmimi peşmandır. Əvvəllər heç vaxt belə bir əməl törətməmişdir. Ailəsinin yeganə işləyənidir. İkisi əvvəlki nikahdan olmaqla himayəsində 3 azyaşlı övladı vardır. Əvvəlki nikahdan olan iki övladına da özü baxır, alimentlərini ödəyir. Ona görə də məhkəmədən ailə vəziyyətinin, törətdiyi əməldən çox peşman olmasının nəzərə alınaraq ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 2015-ci ilin avqust ayından hal-hazıradək Sumqayıt şəhər X2 axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evin həyətində çətənə kolları əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan X5 İdarəsinin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 müvafiq raportu əsasında idarə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmış, o da bir neçə digər əməkdaşla, o cümlədən təhqiqatçı Səyad Hacıəhmədov da olmaqla əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Elə həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 11:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Evin həyət qapısını açan Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, qapını açan şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Onlar Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə şübhəli bilindiyi üçün saxlandığını bildirmişlər. Sonra şübhəli şəxs kimi Təqsirləndirilən şəxs hüquq və vəzifələri müvafiq qaydada izah edilmiş, vəkil dəvət olunmuşdur. Bu sənədləşmə işlərini təhqiqatçı görmüşdür. Eyni zamanda ona dəvət olunmuş vəkil tərəfindən hüquqlarının müdafiə ediləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş, üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd kibrit qutusunu, 1 qutu “Want” siqaretini, “Dirol” markalı saqqızı çıxarıb onlara təqdim etmişdir. Həmin əşyalar əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra videoçəkiliş davam etdirilməklə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 A ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə onun, baş əməliyyat müvəkkili Şahid1, Cinayətaxtarış şöbəsinin kiçik inspektoru Şahid2, Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin baş aqronomu Şahid5 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı evin arxa tərəfindəki həyətin sol tərəfindəki sahədə hasarın dibində əkilmiş 29 ədəd müxtəlif hündürlükdə olan çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Şahid5 da həmin bitkilərin çətənə kolu olduğunu və onlara xüsusi qulluq göstərildiyini təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kollar çətənə kollarıdır və onları gələcəkdə özünün istifadəsi üçün əkib becərmişdir. Aşkar olunmuş həmin kollar torpaqdan çıxarılaraq götürülmüşdür. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə X5 İdarəsinə gəlmişlər. Polis İdarəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülən 29 ədəd çətənə kolu tərəziyə qoyularaq çəkilmiş, kisəyə yığılaraq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılar həmin protokolla şəxsən tanış olaraq imzaları ilə düzgünlüyünü təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 94-95) . Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 105A ünvanda yerləşən fərdi həyət evində yaşamışdır. Həyat yoldaşının narkotik vasitə istifadə etməsindən, çətənə kolları əkib becərməsindən heç vaxt məlumatı olmamışdır. Yaşadıqları evin həyətyanı sahəsində şəxsən o özü heç vaxt iş görməmiş, nə də ot-alaq basmış həyətdə tərkibində narkotik maddə olan bitki əkilməsi ağlına belə gəlməmişdir. Faiqin həyətdə çətənə əkib becərməsindən polis əməkdaşları həmin bitkiləri aşkar edən zaman xəbərdar olmuşdur. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 11:00 radələrində həyat yoldaşı Faiqlə evdə olduqları bir vaxtda polis əməkdaşları onlara gələrək yaşadıqları evin həyətinə baxış keçiriləcəyini bildirmişlər. Faiq və o heç bir etriaz etməmiş, etirazlarının olmaması ilə bağlı onlardan yazılı ərizə də alınmışdır. Bundan sonra evin həyətinə baxış keçirilmiş və evin arxasında həyətin sol tərəfində hasarın dibində 29 ədəd kol aşkar edilmişdir. Aqronom olduğu deyilən şəxs həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara qulluq edilib yetişdirildiyini bildirmişdir. Həmin aşkar olunmuş kollar torpaqdan çıxarılmış və kisəyə yığılmışdır. Faiqlə nikahdan onun bir azyaşlı uşağı vardır, həm də Faiq əvvəlki nikahdan olan iki azyaşlı uşağına baxır, alimentlərini ödəyir. Həyat yoldaşı ailənin yeganə işləyənidir. Həyat yoldaşının heç bir yaxın qohum-əqrabası olmadığından onların ailəsinə kömək edə biləcək kimsə yoxdur. Ona görə də ağır ailə vəziyyətlərinin nəzərə alınıb həyat yoldaşı Təqsirləndirilən şəxs güzəşt edilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 göstərmişdir ki, o, 2017-ci ildən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu vəzifəsində işləyir. xx xxxx 2020-ci il taixdə X5 İdarəsinin 2-ci Polis Bölməsindən ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən aqrotexniki sahədə xüsusi biliklərə malik olan aqronom kimi dəvət edildiyindən o, baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişdir. Həmin ünvana gəldikdə evin həyət qapısını Təqsirləndirilən şəxs özü açmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs özlərini təqdim edərək özünü təqdim etməsini demiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında, eləcə də yaşadığı evin həyətində narkotik vasitələrin becərilməsində şübhəli bilindiyi üçün saxlanıldığını demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Eyni zamanda ona müdafiəçi X3 tərəfindən hüquqlarının müdafiə ediləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd kibrit qutusunu, 1 qutu “Want” siqaretini, “Dirol” markalı saqqızı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin əşyalar əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra videoçəkiliş davam etdirilməklə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 105A ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə onun və bir neçə polis əməkdaşının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı evin arxa tərəfindəki həyətin solundakı sahədə hasarın dibində əkilmiş 29 ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. O, həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və onları gələcəkdə özü istifadə etmək üçün əkib becərmişdir. Həmin aşkar olunmuş kollar torpaqdan çıxarılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 108). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Keçirilmiş əməliyyat tədbiri ilə bağlı tərtib olunmuş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün təşkil edilmiş əməliyyat qrupu tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 12:00-dan saat 12:15-dək videoçəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilmiş, amma onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən qanunsuz əşya və predmet aşkar olunmamış, sonra onun yaşadığı fərdi həyət evinə daxil olunaraq saat 12:20-dən saat 12:40-dək orada baxış keçirilmişdir. Baxış zamanı 29 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd olunan proses videoçəkilişlə aparılmış, habelə fotoşəkillər çəkilmiş, müvafiq “DVD” diski və fotoşəkillər protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 28-29, 32-37). Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/441 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs :....” yazıları və imzalar olan bir ədəd qara rəngli sellofan bağlamadakı sayı 29 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 1710 qram (1kq 710 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqat zamanı bitkilərin 0,58 qramı tədqiqata sərf edilmişdir və qalıq çəki 1709,42 qram təşkil edir (cild 1, iş vərəqə 47- 51) . Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli 2152 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 109-110) . İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş, qalıq çəkisi 1709,42 qram olan çətənə bitkiləri maddi sübut kimi tanınmış və məsul saxlanış üçün X5 İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 89) . İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə Sumqayıt şəhər X2 axtarış şöbəsinin və 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən baxış axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 126-130) . Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı, 2009-cu və 2014-cü il təvəllüdlü 3 uşağı vardır (cild 1, iş vərəqə 118, 120). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə 1 saylı Mənzil Kommunal Sahəsinə Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 121). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından, habelə müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci, 333.4-cü, 334.1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş 2 il 8 ay 19 gün müddətinin üçdə bir hissəsi, yəni 10 ay 26 gün azaldılaraq üzərində qəti olaraq 3 il 1 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 99-100, 123-124). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü tam təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 78-79). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub X5 İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1709,42 qram təşkil edn narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı fərdi evə baxış keçirilməsi prosesinin videoçəkilişlərinin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə mərhələsində isə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat, məhkəmə mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - X5 İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1709,42 qram təşkil edən çətənə (kannabis) bitkiləri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı fərdi evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Pro Bono”Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1098/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1098/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver