Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1099/2023 11.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X5 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 04 ədəd bükümdə təmiz çəkisi 3,452 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,683 qram; 0,719 qram; 0,943 qram; 1,107 qram olmaqla ümumi təmiz çəkisi 3,452 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında, yəni nənəsinin evində daimi qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən iki ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroini falqada yandırıb, çəkmək yolu ilə qəbul edir. Heroini müxtəlif yollarla əldə edərək qəbul edir. Sonuncu dəfə, yəni 16 noyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyasının qarşısında tanımadığı şəxsdən 50 manat pulun müqabilində 4 ədəd bükümdə narkotik vasitə olan heroini alaraq qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü təxminən saat 18:30 radələrində Suraxanı rayonundakı yaşadığı evin yaxınlığında olan məktəbin qarşısında iki nəfər polis işçiləri ona yaxınlaşıb özlərini təqdim edərək Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin işçiləri olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin bölmənin təhqiqatçısı şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkilişlə üzərinə şəxs axtarış keçirmişlər. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da üzərində, yəni əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 04 ədəd ağ rəngli kağızda olan bükülünü çıxarıb, masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərin içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını və «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni 4 büküm olaraq şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 16 noyabr 2022-ci il tarixdə özü və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 16 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında zahiri əlamətləri əməliyyat məlumatında qeyd olunan şəxsə oxşar bir nəfərə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdi. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və qəbulu ilə məşğul olmasında şübhəli olduğunu bildirib, onlarla birlikdə 32-ci Polis Bölməsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmiş və bölmənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı dörd ədəd ağ rəngli kağıza bükülmüş bükümləri çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərin içərisindəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin heroini 16 noyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında, tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 50 manat pulun qarşılığında aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş dörd ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar, həmçinin onun tərəfindən imzalarla təsdiq edilmişdir. Onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında saxlamışlar. Saxlanılan zaman nə Təqsirləndirilən şəxs onlara müqavimət göstərmiş, nə də onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilmişdir. Təqsirləndirilən şəxs özü əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib olunmuş, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Şahid2, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X6, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 16 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 16 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun” şadlıq sarayının yaxınlığında saxlanılaraq şübhəli şəxs qismində həmin gün 18:50 radələrində Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmişdir. 32-ci PB-də ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 4 ədəd ağ rəngli kağıza bükülmüş büküm təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, bu narkotik vasitəsi kakosdur (heroindir) və 16 noyabr 2022-ci il tarixdə, günorta saat 13:00-da Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 50 manat qarşılığında aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd ağ rəngli kağıza bükülmüş büküm narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus “Xiomi Redmi” markalı mobil telefon cinayət təqbi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə səhər vaxtı, xidməti iş otağında süni işıqlandırma şəraitində aparıldı, saat 19:50də başladı və 20:10-da başa çatdırıldı. Axtarış aparılan zamanı “Redmi Note 10” markalı mobil telefonun video kamerası vasitəsilə çəkiliş aparıldı (cild 1, i/v 31-32). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 16 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 6/6630 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №196» möhür əksi və “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,683 qram; 0,719 qram; 0,943 qram; 1,107 qram, ümumi təmiz çəkiləri 3,452 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Herion Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 3,452 qram, tədqiqata sərf edildi – 0,12 qr.; 3,332 qr. qalıq qalmışdır (cild 1, i/v 46-50). - “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,452 qram narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 3,332 qram heroinin, həmçinin Təqsirləndirilən şəxs məxsus “Xiomi Redmi” markalı mobil telefonun saxlanılmasından ötrü Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilməsi, videogörüntüləri əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (cild 1, i/v 160-171). - 16 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 4(010)-655/2022 nömrəli və həmin məhkəmənin 16 mart 2023-cü il tarixli, 4(010)- 118/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmənin qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti 06 aprel 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 10, 22, 86-90). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 136 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 152-153). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, özünəməxsus mövqeyə malik olmaq, situativlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı (cild 1, i/v 149-151). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2014-cü il tarixli, 1(008)-065/2014 nömrəli hökmünün surətindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 12 saylı X8 Müəssisəsinin 01 iyun 2018-ci il tarixli, 17/52-805 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 109-114). - "xxxx" MMC tərəfindən istintaq orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli, AZF/LGL-6424/23 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskə məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefon nömrəsi ilə bağlı 18 sentyabr 2022-ci il tarixindən 18 noyabr 2022-ci il tarixinədək olan müddət ərzində həmin nömrədən çıxan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2022-ci il, saat 01:23, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Mehman əli deyir sroçnu eladəqə saxlasın məniynən”; xx.xx.2022-ci il, saat 11:28, ***-***-**-** nömrəsindən ***-***-**-** (Cavid Mirzəyev, İD nömrəsi AA3778123) nömrəsinə: “Qərdeş səbir elə birazdan mən gəlirəm, gün orta da adaş gələcəy. Sən istiyən məndədir”; xx.xx.2022-ci il, saat 10:39, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam menem mehman meni soruwan olsa gormemisen”; xx.xx.2022-ci il, saat 14:11, ***- ***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Acda brat srocnudu nedcilerdeyem teli lombarda qoyuram”; xx.xx.2022-ci il, saat 14:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Neynirsen gul istiyirsen?”; xx.xx.2022-ci il, saat 08:58, ***-***-**-** nömrəsindən ***-***-**-** (Emil Əsgərov, İD nömrəsi AA1266809) nömrəsinə: “Qərdeş evdəyəm. Çox sağol. Hələlik brat”;. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə bağlı 18 sentyabr 2022-ci il tarixindən 18 noyabr 2022-ci il tarixinədək olan müddət ərzində həmin nömrəyə daxil olan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2022-ci il, saat 12:29, ***-***-**-** (Zabit Cavadov, İD nömrəsi ********) nömrəsindən ***-***-**-** nömrəsinə: “Menem Sebuhi vzv at yigim sene”; xx.xx.2022-ci il, saat 18:14, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Mehman menem Ulvi cavidin dostu”; xx.xx.2022-ci il, saat 13:28, ***-***-**-** (Elşad İsrafilov, İD nömrəsi ********) nömrəsindən ***-***-**-** nömrəsinə: “Bu qede yatmag olar”; xx.xx.2022ci il, saat 16:21, ***-***-**-** (Xalid Əbdülməmmədov, İD nömrəsi AA2471982) nömrəsindən ***-***-**-** nömrəsinə: “Evde yoxam qaqaw gelme”; xx.xx.2022-ci il, saat 01:17, ***-***-**-** (Emil Əsgərov, İD nömrəsi AA1266809) nömrəsindən ***-***-**-** nömrəsinə: “Lomkadayam var puluynanvməndə kötürüm”; xx.xx.2022-ci il, saat 07:22, ***- ***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Ulvidi qaqas danisda kontur gedir kola tapmaq olar butov yari ne duzelir”; xx.xx.2022-ci il, saat 15:36, ***-***-**-** (Tural Hümbətov, İD nömrəsi AA0991089) nömrəsindən ***-***-**-** nömrəsinə: “Ay qaqaw menem sa1”. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni təmiz çəkisi 3,452 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxsi qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş ümumilikdə qalıq çəkisi 3,332 qram miqdarında narkotik vasitə - heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Xiomi Redmi” markalı mobil telefonu hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutlduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş ümumilikdə qalıq çəkisi 3,332 qram miqdarında narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasına təhvil veilmiş Təqsirləndirilən şəxs məxsus “Xiomi Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1099/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1099/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver