Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1100/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Neftçala şəhəri, məhəllə 6, fərdi yaşayış evində qeydiyyatda olan, ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıyacağı barədə razılaşdıqdan sonra 800 manat qazanc əldə etmək üçün birgə icraçı kimi aralarındakı razılığa əsasən naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən külli miqdarda - 1 ədəd polietilen torbada, təmiz çəkisi 3835 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq şəxsiyyəti məlum digər şəxsə verilməsindən ötrü ünvan 2 ünvanının yaxınlığına daşımış, 10 fevral 2021-ci il tarixdə, saat 21 radələrində Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman polietilen torbada 3835 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, iki ildən çoxdur ki, ailə üzvlərindən gizli narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmişdir. Tutulmamışdan təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi “İsgəndər” adı ilə təqdim edən şəxslə tanış olmuş, bir neçə gün yazışandan sonra birbirilərinin telefon nömrələrini götürərək “WhatsApp web” proqramı vasitəsilə əlaqə saxlamağa başlamışlar. Danışıqları əsnasında İsgəndər ona müəyyən qədər zəhmət haqqı müqabilində onun deyəcəyi yerlərdən narkotik vasitələri götürüb digər yerlərə çatdırmasını təklif etmiş, o da razılaşmışdır. O, 10 fevral 2021-ci il tarixdə, saat 19 radələrində taksi kimi idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərindən Bakı şəhəri Nərimanov rayonu ərazisinə müştəri aparmışdır. Həmin gün saat 20 radələrində Nərimanov rayonu ərazisində olan zaman İsgəndər “WhatsApp web” proqramı vasitəsilə ona zəng edərək Nərimanov rayonu ərazisində vedrənin içərisinə polietilen torbada heroin qoyulduğunu bildirmiş və müəyyən qədər zəhmət haqqı müqabilində ona deyəcəyi yerdən həmin heroini götürüb digər yerə çatdırmasını təklif etmiş, o da razılaşmışdır. İsgəndər heroinin Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 32 ünvanda yerləşən “Kral” Şadlıq Sarayının yaxınlığındakı istilik qızdırıcısının qazanxanasının yanındakı vedrənin içərisinə qoyulduğunu söyləmiş, həmin yerin şəklini ona göndərərək heroini oradan götürüb deyəcəyi yerə aparmasını tapşırmış, bunun əvəzində onun hesab kartına 800 manat pul yükləyəcəyini bildirmişdir. O, saat 21 radələrində İsgəndərin dediyi yerə gedərək vedrənin içərisinə qoyulmuş, polietilen torbaya bükülmüş bükülünü götürmüş və təxminən 50 metr aralıda saxladığı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt dörd-beş nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. O, çıxış yolunun olmadığını görüb polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində onu 3-cü mərtəbədə yerləşən otaqların birinə apararaq üstünə axtarış keçirəcəklərini bildirmişlər. Təxminən 10-15 dəqiqə sonra tanımadığı bir şəxs otağa daxil olmuşdur. Polis əməkdaşları həmin şəxsin vəkil olduğunu bildirmişlər və ona hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra ona üzərində olan əşyaların hamsını stolun üstünə qoyması təklif edilmiş, o da sağ əlində saxladığı içərisində heroin olan polietilen torbanı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “iPhone 6” markalı mobil telefonu, şalvarın sol yan cibindən 1 ədəd 5 manatlıq pul əskinasını, gödəkçəsinin sol yan cibindən 1 qutu siqareti, 6 ədəd açarı, 1 ədəd avtomobilin açarını və 1 ədəd avtomobilin pultunu çıxarıb könüllü onlara təhvil vermişdir. Ondan həmin polietilen torbanın içərisində nə olduğu soruşulanda, o, həmin torbanın içərisində heroin olduğunu, həmin heroini saxlanılmamışdan əvvəl “İsgəndər” adlı şəxsin tapşırığı əsasında digər şəxsə çatdırılması üçün Nərimanov rayonu ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, başqa hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, həmin heroini zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun və zərfin üstünü imzalamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili X3 göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün idarənin rəisinə raportla məruzə etmiş və qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. O, tədbirə cəlb edilmiş idarənin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, həmin şöbənin kiçik inspektorları, polis serjantları Şahid2, Şahid4 və Şahid5 ilə birlikdə 10 fevral 2021-ci il tarixdə, saat 20:45-də ünvan 3 ünvanın qarşısına gedərək orada gözləmişlər. Saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3 minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gedib yolun kənarında avtomobili saxlamışdır. Bundan sonra onlar Turala yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduqlarını biləndən sonra yayınaraq getmək istəmiş, lakin onlar Turalı saxlamışlar və üzərində şəxsi axtarışın aparılması məqsədilə onu Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs artıq onların hər bir şey haqqında məlumatlı olduqlarını bildiyinə görə heç bir etiraz etmədən onlarla birlikdə Polis İdarəsinə getmişdir. Baş təhqiqatçı vəkili dəvət edib Təqsirləndirilən şəxs təqdim edəndən sonra onun üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edilmiş, o da sağ əlində tutduğu polietilen torbanı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “iPhone 6” markalı mobil telefonu, şalvarın sol yan cibindən 1 ədəd 5 manatlıq pul əskinasını, gödəkçəsinin sol yan cibindən 1 qutu siqareti, 6 ədəd açarı, 1 ədəd avtomobil açarını və 1 ədəd avtomobil pultunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin polietilen torbanın içərisində nə olduğu soruşulduqda sonuncu torbanın içərisində heroin olduğunu, həmin heroini saxlanmamışdan əvvəl 800 manat zəhmət haqqı müqabilində “İsgəndər” adlı şəxsin tapşırığı əsasında digər şəxsə çatdırılması üçün Nərimanov rayonu ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən potokol tərtib olunmuş, aşkar olunmuş həmin maddələr zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin digər əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid5 şahid X1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “iPhone 6” markalı mobil telefona baxış keçirilməsi haqqında 12 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin mobil telefona “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus +**********89 saylı sim kart quraşdırmaqla həmin nömrədən “turaı” ləqəbi ilə “WhatsApp web” proqramı vasitəsilə qeydiyyatdan keçmiş, müxtəlif mobil telefon nömrələri ilə “WhatsApp web” proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar aparmış, bununla bağlı bir-birilərinə səs yazıları göndərmişlər. Tutulmamışdan az müddət əvvəl +**********88 saylı telefon nömrəsi ilə “WhatshApp web” proqramından qeydiyyatdan keçmiş “Ssss” ləqəbli şəxslə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparmış, bununla əlaqədar bir-birilərinə səs yazıları göndərmişlər. Həmin danışıq, yazışmalar və səs yazılarından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərdən narkotik vasitələrə və psixotrop maddələrə dair sifarişlərin olduğunu deyərək narkotik vasitə və psixotrop maddələrin satışına dair həmin şəxslə razılıq əldə etmiş, həmin şəxsdən onun üçün külli miqdarda narkotik vasitə və psixotrop maddə təşkil etməsini xahiş etmişdir. Aralarında razılıq əldə olunandan sonra həmin şəxs narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin Bakı şəhəri Nərimanov rayonu ərazisində qoyulduğunu qeyd edərək koordinatlarını izah edəcəyi yerdən narkotik vasitə və psixotrop maddəni oradan götürə biləcəyini demişdir (cild 1, iş vərəqə 88-90). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********89 saylı mobil telefon nömrəsi ilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparmışdır (cild 1,iş vərəqə 211-215). Məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2021-ci il tarixli, 6/628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd zərfdə, təmiz çəkisi 3835 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3834,95 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-48). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2021-ci il tarixli, 927 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 198-199). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2021-ci il tarixli, 486 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqə 201- 202). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild 1, iş vərəqə 142-143, 185-192). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin 10 iyun 2021-ci il tarixli 21-1-89/4 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(003)-255/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 29 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. X4 ona təyin edilmiş cəzanın 03 ay 11 gününü çəkmiş, 01 il 08 ay 15 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17-19, 69-70, 11-115). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Ona görə də Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 01 il 08 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qeyd olunan nisbətlə hesablanaraq 10 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunacaq cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3834,95 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “iPhone 6” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı, iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 45, 262). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 15 (on beş) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 10 (on) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 10 (on) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 10 (on) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3834,95 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus bir ədəd “iPhone 6” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1100/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1100/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver