Məhkəmə qərarları › İş №1(101)-1100/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1100/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1100/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1986-cı il Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumilikdə 10 ədəd olmaqla 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,651 qram; 0,304 qram; 0,592 qram; 0,580 qram; 0,295 qram; ümumi təmiz çəkisi 2,422 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram; 0,307 qram; 0,461 qram; 0,442 qram; 0,448 qram; ümumi təmiz çəkisi 2,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdikdən sonra 5 bükümdə olan narkotik vasitə heroini “Winchester” markalı siqaret qutusunun içərisinə qoyub əynində olan qara rəngli şalvarının sağ yan cibində, 5 ədəd bükümdə olan pisixotrop maddə metamfetamini isə siqaretin qızılı falqasına qoyaraq əynindəki qara rəngli şalvarının sol arxa cibində saxlamaqla daşımış, 21 yanvar 2022-cİ il tarixdə Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 20:45-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində fəaliyyət göstərən “Əli” marketin yaxınlığında saxlanılaraq Qaradağ Rayon Polis idarəsinin inzibati binasına gətirilmiş, saat 22:10-da videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindəki “Winchester” markalı siqaret qutusunun içərisindən 5 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,651 qram; 0,304 qram; 0,592 qram; 0,580 qram; 0,295 qram; ümumi təmiz çəkisi 2,422 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli şalvarın sol arxa cibindən qızılı siqaret falqasının içərisində saxladığı 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram; 0,307 qram; 0,461 qram; 0,442 qram; 0,448 qram; ümumi təmiz çəkisi 2,370 qram külli miqdarda ağ rəngli, kristal şəkilli kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, 23 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə aşkar edilməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cəlb edilməsi və barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçildikdən sonra Qaradağ RPİ-yə ərizə ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən sahibsiz yarım tikilidə narkotik vasitə gizlətdiyini, həmin narkotik vasitələri təqdim etmək istədiyini bildirməsi faktı ilə əlaqədar həmin tarixdə saat 13:50 radələrində onun müdafiəçisi Elxas Əsgərovun və Qaradağ RPİ-nin NMB-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikiliyə videoçəkiliş aparılmaqla baxış keçirilərək həmin tikilidə yerdə olan karton qutunun altındakı istintaqa məlum olmayan mənbədən satış məqəsdi ilə qanunsuz olaraq əldə edib daşıyaraq gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2.400 qram və 3.500 qram, ümumi təmiz çəkisi 5.900 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi 503 qram külli miqdarda ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə, axşam saat 20:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ilə piyada gedərkən “Əli” marketin yaxınlığında mülki geyimdə iki nəfər yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ Rayon Polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni və psixotrop maddəni videoçəkiliş aparılmaqla təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən guya onun tərəfindən ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikilidə karton qutunun altında gizlətdiyi 5.900 qram narkotik vasitə heroin və 503 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddə ona məxsus olmamış və o, polis əməkdaşlarını təsiri və təzyiqi ilə guya həmin maddələr barədə ərizə yazmaqla məlumat vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik aludəçisi olduğundan “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri Yasamal rayonu ərazisində tanımadığı ayrı-ayrı narkotik aludəçilərindən alıb qəbul etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Yasamal rayonu ərazisində “Asan” xidmət tərəfdə tanımadığı şəxsdən 180 manat müqabilində 10 büküm olmaqla 5 büküm “kakos” narkotik vasitə heroin və 5 büküm “şüşə” psixotrop maddə metamfetamin almışdır. Aldığı narkotik vasitənin bir bükümündən götürüb siqaret falqasında yandırıb tüstülətməklə qəbul etmişdir. 5 bükümdə olan “kakos” narkotik vasitəni “Winchester” markalı siqaret qutusunun içərisinə qoyub əynində olan şalvarın sağ yan cibində, digər 5 bükümdə olan “şüşə” psixotrop maddəni isə siqaret falqasına qoyub şalvarın sol arxa cibində saxlamışdır. 21 yanvar 2022-ci il tarixdə, axşam saat 20:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ilə piyada gedərkən “Əli” marketin yaxınlığında mülki geyimdə iki nəfər yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ Rayon Polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. Qaradağ rayon polis idarəsinin xidməti otaqların birində üzərində axtarış aparılacağı barədə məlumat verilmiş, vəkil dəvət olunaraq ona təqdim olunmuş və vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş və bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı “Winchester” markalı siqaret qutusunun içərisindən olan beş ədəd şəffaf sellofan bükümlərdəki “kakos” narkotik vasitəni, eləcədə əynindəki qara rəngli şalvarın sol arxa cibində siqaretin gümüşü falqasının içərisində saxladığı dörd ədəd şəffaf sellofan bükümdə və bir ədəd ağ rəngli kağız bükümündə olan “şüşə” psixotrop maddəni təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş, 5 ədədinin içərisindən qəhvəyi rəngli, toz şəkilində narkotik vasitəyə bənzər maddə, 5 ədədinin içərisindən isə ağ rəngli, duz şəkilində maddələr aşkar olunmuşdur. Bununla bağlı tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa, 2022-ci ilin yanvar ayının əvvəllərində Qaradağ rayon Məhkəməsinin yaxınlığında məişət tullantıları yeşiklərinin yanından keçərkən yerdə qara rəngli torba görmüş, torbanın içərisində çörək olacağını güman edib götürmüş, lakin torbanın ağır olduğunu görüb içərisinə baxarkən iki ədəd üzəri lentlə sarınmış vəziyyətdə, bir ədəd isə ağ rəngli üzəri lentlə sarınmış vəziyyətdə bağlamalar olduğunu aşkar etmişdir. Bağlamalara baxan zaman içərisində narkotik vasitə olduğunu müəyyən edib həmin torbanı ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikilidə karton qutunun altında gizlətmişdir. Həmin narkotik vasitə barədə polis əməkdaşlarına ərizə ilə məlumat vermiş və gizlətdiyi narkotik vasitənin yerini göstərmək məqəsdi ilə həmin yerə müdafiəçisi və polis əməkdaşları ilə getmiş, karton qutuların altında gizlətdiyi narkotik vasitələri polis əməkdaşlarına göstərmiş, aşkar olunmuş predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılmış və bununla bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir (1-ci cild iş vərəqi 120-125). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir, onun ibtidi araşdırma zamanı verdiyi ifadəsini işin fatiki hallarına daha uyğun hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolundan nömrəsiz evdə kirayədə yaşamış Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 21 yanvar 2022-ci il tarixdə, saat 20:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Əli” marketin qarşısında saxlanılaraq şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs Qaradağ RPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək üçün vəkil dəvət edilmiş və müdafiəçinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən, sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Winchester” markalı siqaret qutusunu və şalvarının sol arxa cibindən içərisində 4 ədəd şəffaf sellofana bükülmüş bükümü və 1 ədəd ağ kağıza bükülmüş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və “Winchester” markalı siqaret qutusunun içərisindəki 5 ədəd şəffaf sellofana bükülmüş bükülülərdəkinin narkotik vasitə heroin “kakos”, 4 ədəd şəffaf sellofana bükülmüş bükümlərdəkinin və 1 ədəd ağ kağıza bükülmüş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdəki maddənin psixotrop maddə “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yanvar ayının 19-da Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən aldığını, narkotik vasitələrin hər bir bükümünün üzərinə 5 manat əlavə pul qoyub satacağını bildirmişdir. Aşkar olunmuş maddələr götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-in “Zərflər üçün” 47 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq etmişdir. 23 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə Qaradağ RPİ-yə müraciət edərək Lökbatan qəsəbəsində yerləşən sahibsiz yarım tikilidə narkotik vasitə gizlətdiyini, həmin narkotik vasitələri təqdim etmək istədiyini bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisi və polis əməkdaşları ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikiliyə getmiş və Təqsirləndirilən şəxs karton qutunun altında qara sellofan torbanın içərisində olan 3 ədəd bağlamanı təqdim etmiş, 2 ədəd bağlamada narotik vasitə heroin, 1 ədəd bağlamada isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vasitələrin olduğu torbanı Qaradağ rayon Məhkəməsinin yaxınlığında məişət tullantıları yeşiklərinin yanından tapdığını və ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikilinin həyətində yerləşən qapıları və pəncərəsi olmayan otaqda karton qutunun altında gizlətdiyini bildirmişdir. Aşkar olunmuş maddələr götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-in “Zərflər üçün” 47 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərəkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan və 1 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winchester” markalı siqaret qutusunun içərisindən beş ədəd şəffaf sellofan bükümlərdə qablaşdırılmış qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr, əynində olan qara rəngli şalvarın sol arxa cibində olan siqaretin gümüşü rəngli kağızının içərisindən isə dörd ədəd şəffaf sellofan bükümdə və bir ədəd ağ rəngli kağızda qablaşdırılmış ağ rəngli, kristal şəkilli metamfetamin psixotrop maddəsinə oxşar maddələr aşkar edilmişdir (1-ci cild iş vərəqi 26-27). İşdə olan Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-yə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən sahibsiz yarım tikilidə narkotik vasitə gizlətdiyini, həmin narkotik vasitələri təqdim etmək istədiyini bildirmişdir. Bununla əlaqədar 23 yanvar 2022-ci il tarixdə saat 13:50 radələrində Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X4 məntəqəsinin yaxınlığındakı dəmir konstruksiyalardan tikilmiş nəzarət olunmayan yarım tikiliyə video çəkiliş vasitəsi ilə baxış keçirilərək həmin tikilidə yerdə olan karton qutunun altındakı 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2.400 qram və 3.500 qram, ümumi təmiz çəkisi 5.900 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi 503 qram külli miqdarda ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (1ci cild iş vərəqi 80-89). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, baxış zamanı video çəkilişlə çəkilmiş 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 170-181). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 22 yanvar 2022-ci il tarixli 6/413 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: -üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,651 qram, 0,304 qram, 0,592 qram, 0,580 qram, 0,295 qram, ümumi təmiz çəkiləri 2,422 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 5 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə öz aralarında eynilik təşkil edirlər. 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,307 qram, 0,461 qram, 0,442 qram və 0,448 qram ümumi təmiz çəkiləri 2,370 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 5 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (1-ci cild iş vərəqi 34-38). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 25 yanvar 2022-ci il tarixli 6/461 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1 ədəd polietilen bağlamadakı 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2400 qram və 3500 qram, ümumi təmiz çəkisi 5.900 qram qəhvəyi rəngli toz şəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bağlamada təmiz çəkisi 503 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bağlamada olan heroin kütlələri, üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki 5 (beş) ədəd bükümdə olan heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bağlamada olan metamfetamin kütləsi, üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki 5 (beş) ədəd bükümdə olan metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. (5 ədəd bükümdə olan heroinlər və 5 ədəd bükümdə olan metamfetamin barəsində 22 yanvar 2022-ci il tarixli 6/413 saylı ekspert rəyində ətraflı məlumat verilmişdir) (1-ci cild iş vərəqi 100-105). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 14 mart 2022-ci il tarixli 1479 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 161-162). İşdə olan maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında 7 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi yerdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2.399,8 qram və 3.499,8 qram narkotik vasitə heroin, 502,8 qram psixotrop maddə metamfetamin, 5 ədəd bükümdə 2,272 qram narkotik vasitə heroin və 5 ədəd bükümdə 2,220 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 131-132). İşdə olan Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən verilmiş 4 fevral 2022-ci il tarixli tələnamədən görünür ki, Mehdiyev X2 Rayon Məhkəməsinin 5 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 1 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 4 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (1-ci cild iş vərəqi 129). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1 və 315.1-ci maddələri - az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı tarix 4 iyul 2017-ci il tarixdən 2 il keçdiyindən Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 17). İşdə olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 76- 79). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 21 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2.399,8 qram və 3.499,8 qram narkotik vasitə heroin, 502,8 qram psixotrop maddə metamfetamin, 5 ədəd bükümdə 2,272 qram narkotik vasitə heroin və 5 ədəd bükümdə 2,220 qram psixotrop maddə metamfetamin məhv edilməli, evə baxış keçirilməsi zamanı video görüntüləri özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 379 (üç yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİnin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2.399,8 qram və 3.499,8 qram narkotik vasitə heroin, 502,8 qram psixotrop maddə metamfetamin, 5 ədəd bükümdə 2,272 qram narkotik vasitə heroin və 5 ədəd bükümdə 2,220 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı, evə baxış keçirilməsi zamanı video görüntüləri özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərii - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların 379 (üç yüz yetmiş doqquz) manat dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar