Məhkəmə qərarları › İş №1(101)-1101/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1101/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1101/2023 13.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Abşeron rayonu, Məmmədli kəndi, X3 y/k, ev 6, mənzil 42-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 15 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Bakı Yaşayış Kompleksinin» həyətində xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan iş yoldaşı Zərərçəkmiş şəxs ona siqaret verməməsini bəhanə edərək, sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş və aralarında yaranmış mübahisə zamanı naməlum deşici-kəsici alətlə Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə vuraraq, ona soltərəfli pnevmotoraksla (döş qəfəsinə sərbəst havanın yığılması) müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur, yəni qeyd olunan ictimaitəhlükəli hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisədən təxminən 11 ay əvvəl Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı Mexanikləşdirmə Tikinti sahəsində (Bakı Yaşayış Kompleksində) fəhlə işləmiş, həmçinin vəzifəsi fəhlələrə nəzarət etməkdən ibarət olmuşdur. Hadisə günü cəmi iki ay əvvəl fəhlə kimi işə düzəlmiş Əli kimi tanıdıqları və çağırdıqları zərərn çəkmiş Zərərçəkmiş şəxs 8-ci mərtəbədən ondan siqaret istəmişdir. Həmin vaxt o, birinci mərtəbədə olmuşdur. Mirəli siqaret istəyərkən kran kərpic qaldırmağa hazırlaşmışdır. Mirəli siqareti kərpicin üstünə qoyub yuxarı yollamağı ona tapşırmışdır. O, siqaretinin olmadığını Mirəliyə dedikdə, Mirəli onun ünvanına söyüş söymüşdür. Mirəli onu söyəndə o, sonuncuya «söyüş söymə, ayıbdır» demiş, lakin özü ona qarşı söyüş söyməmişdir. Mirəli aşağı düşmüş və o, həmin vaxt kranın qaşısında dayanmış vəziyyətdə olmuşdur. Mirəli aşağı düşərkən söyüş söymədmişdir. O, Mirəlinin ona nəsə sözü olduğunu fikirləşmiş, lakin Mirəli düşən kimi o, gözləmədiyim halda sonuncu kəllə ilə onun üz nahiyyəsindən vurmuş və o, yerə yıxılmışdır. O, yerdə olarkən Mirəli təpiklə onun sinəsindən təpiklə vurmuşdur. Ayağa qalxıb Mirəlidən niyə vurduğunu soruşduqda, o, yenə onu vurmaq üçün onun üstünə gəlmişdir. Belə olduqda o, Mirəlini itələmiş və o, yıxılmışdır. Bundan sonra o, əl-üzünü yumağa getmiş, qayıdarkən Mirəlinin yıxlıdığını görmüşdür. O, Mirəlini itələyərkən onun hara isə dəydiyini bilməmişdir. O, və hadisə yerində olanlar Mirəlini götürüb mühafizə otağına aparmışlar. Həmin vaxt Mirəlinin bədənindən qan axmış, sonuncu ağrıdığını demişdir. X4-Mərkəzə zəng etmiş, həkim briqadası gəlmişdir. Həkimlər hadisə ilə maraqlandıqda o, zərərçəkmişlə mübahisə etdiklərini bildirmiş, onu itələdiyini və Mirəlinin yıxıldığını onlara danışmışdır. Onlar Mirəlini xəstəxanaya aparmış, bundan sonra o, evinə və evdən də Polis Bölməsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə vaxtı onun üstündə, əlində kesici-deşici hər hansısa alət olmamış, o, Mirəlini vurmamışdır. Hadisə yerində binanın yuxarı mərtəbəsinə kərpicləri qaldırmaq üçün nəzərdə tutulan krana qoşulmuş dəmir səbətin üzərində dəmir parçaları olmuşdur ki, Mirəlinin yıxılarkən həmin dəmirlərə dəyməsi və xəsarət alması ehtimalı daha böyükdür. Mirəli ilə mübahisələrini orada olan şəxslər görmüş, lakin müstəntiq yalnız bir nəfərin adını şahid kimi sənədlərə yazmışdır. Kran işlədən Hatəm, mühafizəçi Amid hadisə yerində olmuşlar. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi elan edilməklə tədlqiq olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, hadisədən təxminən 2 ay əvvəl Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı Yaşayış Kompleksində fəhlə işləmiş, həmçinin vəzifəsi fəhlələrə nəzarət etməkdən ibarət olmuşdur. 14 noyabr 2022-ci il tarixdə, saat təxminən 16 radələrində işdə olan zaman onunla birgə fəhlə işləyən Zərərçəkmiş şəxs yaşayış kompleksinin tikintisi gedən binanın 8-ci mərtəbəsindən ona səsləndiyini və siqaret istədiyini eşitmişdir. Mirəliyə siqaretinin olmadığını bildirmiş, yalnız özü üçün bir ədəd saxladığını demişdir. Həmin vaxt Mirəli ona yuxarıdan zarafatla nalayiq sözlər demiş, bu sözlərdən sonra o da qarşılıq verib ona nalayiq sözlər demişdir. Bundan sonra Mirəli onun ünvanına aqressiv şəkildə nalayiq ifadələrlə söyüş söyməyə başlamışdır. Mirəlinin sözlərindən sonra o da Mirəliyə qarşılıq verib onu söymüşdür. Bundan sonra o, öz işləri ilə məşğul olmağa başlamışdır. Bir neçə dəqiqə sonra Mirəli işlədiyi 8-ci mərtəbədən aşağıya düşüb onun üstünə gəlmiş və başı ilə onun sifət nahiyyəsindən vurmuşdur. Ani vaxt ərzində o, Mirəli ilə yerə yıxılmış və yerdə bir-birini vurmağa başlamışlar. Yerdə olan zaman Mirəlinin ayağa qalxdıqda o, ayağı ilə onun qarın hissəsindən vurmuş və Mirəli arxaya gedib yük qaldırma üçün nəzərdə tutulan səbət kimi tanıdığı qurğunun dəmirlərinə dəyib yerə yıxılmışdır. Bundan sonra Mirəli ayağa qalxıb yerdən təsərrüfat təyinatlı beli götürüb həmin bellə onun sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt diğər iş yoldaşları gəlib onları ayırmışdır. Mirəli mühafizəçinin otağına aparılmış və Mirəlidən qan axdığı üçün təcili tibbi-yardım briqadası çağrılmış və onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə vaxtı onun üzərində bıçaq və ya başqa hər hansı kəsici-deşici alət olmamışdır. Sadəcə olaraq Mirəlini qarın nahiyyəsindən vurmuş və o, arxa-arxaya gedib dəmir “səbətə” dəyib yıxılmışdır. Həmin vaxtı Mirəlinin xəsarət almasından onun xəbəri olmamışdır. Hadisə vaxtı ətrafda iş yoldaşlarından Hatəm adlı kran sürücüsü, Şamil, Gülbaba adlı fəhlələr, mühafizəçilərdən Amil, Toğrul, Təhmin və müdriyyətdən isə Araz və Sadiq orada olmuşlar (iş vərəqə: 148- 150). İfadələri arasında myəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, o, ibtidai istintaqda da məhkəmədə dediklərini demiş, lakin müstəntiqin yazdıqları onu qane etmədiyindən o, ifadəni imzalamamışdır. Onun dindirilmələrində vəkili İntiqam Həsənov da iştirak etmiş və dindirmə protokollarını imzalamışdır. O, Mirəlinin nə xəsarət almasını, nə də onun bədənindən qan axmasını görməmişdir. O, hadisə gününədək 11 ay həmin tikinti şirkətində işləməsinə baxmayaraq, müstəntiq onun ifadəsində onun 2 ay işlədiyini göstərib. Hadisə vaxtı onun Mirəli ilə zarafat etmədiyi halda, müstəntiq onun ifadəsində guya onların zarafat etdiklərini qeyd etmişdir. O, müstəntiqə yazılanları dəyişib, özünün danışdığı kimi yazmasını istəmiş, lakin müstəntiq ifadəni dəyişmədiyinə görə o, ifadəyə imza etməkdən imtina etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən təxminən 15 gün əvvəl Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı Yaşayış Kompleksində fəhlə olaraq işə düzəlmişdir. 14 noyabr 2022-ci il tarixdə, saat təxminən 16 radələrində o, işdə olmuş, tikintisi aparılan binanın 8-ci mərtəbəsində olmuş, tələb olunan işləri görmüşdür. Həmin vaxt onunla eyni tikintidə fəhlə işləyən, baxılan iş üzrə Təqsirləndirilən şəxs yaşayış kompleksinin tikintisi gedən həmin binanın həyətindən binanın 8-ci mərtəbəsinə ona səslənərək ona siqaret verməsini istəmiş, o da öz növbəsində Rəhmana siqaretinin olmadığını demiş, hətta onların biri-biri ilə zarafatları olduğu üçün zarafatla “əgər səndə varsa, mənə də ver” demişdir. Həmin vaxt Rəhmanın ona hündür səslə nalayiq sözlər dediyini eşitmişdir. Onun söyüşlərini ətrafda olanlar da, çox güman ki, eşitmişdir. O, Rəhmana «aşağı düşürəm, o sözü gəl üzümə də de» demiş, Rəhman da ona «gəl» cavabını vermişdir. O, işlədiyi 8-ci mərtəbədən pilləkanlarla düşüb Rəhmanın yanına gəlmiş, ona qarşı belə rəftarının səbəbini aydınlaşdırmaq istəmişdir. Binanın blokundan həyətə çıxan zaman döş qəfəsinin sol tərəfindən nəyinsə batdığını hiss etmiş, həmin vaxt Rəhmanın əlində olan dəstəyi qara rəngli olub, üzunluğu təxminən 8-10 sm olan bıçağı görmüş və həmin bıçaqla vurulduğunu başa düşmüşdür. Rəhman onu vurmasının səbəbi barədə ona heç nə deməmişdir. Bundan sonra özünü müdafiə etmək üçün başı ilə onun sifət nahiyyəsinə vurmuş və ani momentdə o, Rəhmanla düz bir yerdə bir-birini vurmağa başlamışlar. Bədəninin sol tərəfindən çoxlu qan axdığı üçün özündə olmamış, yalnız xəstəxanaya aparıldıqdan sonra özünə gəlmiş və hadisəni əməliyyatdan çıxdıqdan sonra xatırlamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, o, Rəhmandan siqaret və ya hər hansı başqa bir şey istəməmişdir. Əksinə, Rəhman ondan siqaret istəmiş, o, sonuncuya siqaretinin olmadığını bildirdikdə Rəhman onu nalayiq ifadələrlə təhqir etmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, o, Rəhmanı bellə vurmamışdır. Rəhmanın onu bıçaqla vurmasını ondan başqa orada olan şəxslər də görmüşdür. Hadisə yerində onları orada olan insanlar ayırmışlar. O, hadisə yerində olan şəxsləri, o cümlədən adı işdə şahid kimi çəkilən Hatəm adlı şəxsi tanımamışdır. Pərviz, Sadiq adlı şəxslər onların müdirləri olmuş, o, həmin şəxsləri üzdən tanımışdır. Lakin bildiyinə görə tikinti obyektinin sahibi hadisəni görənlərə pul vermiş, bıçaqla xəsarət yetirilmədiyini deməyi tapşırmışdır. Hətta obyektin müdiri ona da pul təklif etmişdir. Belə ki, hadisənin olduğu kimi deyil, «yıxılmışam dəmir dəyib» demək üçün tanımadığı şəxs tərəfindən ona pul təklif olunmuşdur. Onun həmin şəxsi yalnız üzdən görəcəyi təqdirdə tanıya bilməsi mümkündür. O, tibbi ekspertizada da bıçaqla xəsarət aldığını demişdir. Lakin o, Rəhmanı bağışlamışdır. Belə ki, Rəhmanın həyat yoldaşı körpə uşaqları ilə onun üstünə gəlmiş, işlədiyi yerdən onun pulunu yoldaşı gətirib ona vermişdir. Lakin müalicəsiylə bağlı ona heç bir məbləğdə pul verilməmişdir. O, Rəhmanın uşaqlarını görmüş və gedib notariusda barışıq ərizəsi yazmış, şikaytini geri götürmüş, hadisədən sonra Rəhmanın özünü görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, 1977-ci ildən Bakı Mexanikləşdirmə İdarəsində kran sürücüsü kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən isə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı Yaşayış Kompleksində kran sürücüsü kimi işləyir. 14 noyabr 2022-ci il tarixdə Bakı Yaşayiş Kompleksində işdə olan zaman orada fəhlə işləyən Əli kimi tanıdığı, amma adının Mirəli olduğunu bildiyi şəxslə fəhlələrə nəzarət edən Təqsirləndirilən şəxs dava-dalaş etdiyini görmüş, dərhal idarə etdiyi kranı dayandırıb onların yanına gəlmiş və onları aralaşdırmışdır. Onun idarə etdiyi adi tırtıllı kran olmuş, kabinəsi birinci mərtəbə səviyyəsində olmuşdur. Rəhmangilin dalaşdığı yerdən onun işlədiyi yerə təqribən 10 metr məsafə olduğundan o, hadisə yerinə tez çata bilmişdir. O, onların əlbəyaxa olduğunu görüb getmişdir. Həmin vax Mirəlinin yerdə olan təsərüffat təyinatlı beli götürüb Rəhmanın üstünə getmək istədiyini görüb onun əlindən beli alıb kənara atmışdır. O, beli Mirəlinin əlindən alarkən onun əlində qan olduğunu görmüşdür. Qanın haradan gəldiyini görməmişdir. Bundan sonra ətrafda olan diğər işçilər də hadisə yerinə yaxınlaşıb Mirəli ilə Rəhmanı bir-birindən uzaqlaşdırmışlar. Onları aralaşdıran şəxslər birbaşa hadisəni görən şəxslər olmamış, ora sonradan gəlmişlər. Mirəlinin döş qəfəsinin sol tərəfindən qan axdığından o, işçilərin mühafizə otağına aparılmış, oradakı işçilər qan çox axmasın deyə Mirəlinin döş qəfəsinə parçadan tampon düzəldib qoymuşlar. O, Rəhmanın Mirəlini bıçaqla və ya sair kəsici-deşici alətlə vurulmasını və ya Mirəlinin hansısa dəmirə ilişib xəsarət almasını görməmişdir. O, Mirəlinin dala-dala gedib səbətə dəyib yıxıldığını görməmişdir. Belə bir hadisə baş verməmişdir. O, Rəhmanın əlində bıçaq və ya sair alət görməmişdir. Bir müddət sonra təcili tibbi-yardım gəlmiş və Mirəlini xəstəxanaya aparmışlar. O, Rəhmangili aralayandan sonra təcili yardımın gəlməsi 15-20 dəqiqə çəkmişdir. Hadisədən sonra Rəhman işə qayıtmamışdır. O, zəzərçəkmiş şəxsin neçə gün xəstəxanada yatdığını bilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 18 dekabr 2022-ci il tarixli, 2689 saylı rəyindən görünür ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində soltərəfli pnevmotoraksla (döş qəfəsinə sərbəst havanın yığılması) müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarət aşkar edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədən səthində müəyyən olunan həmin xəsarət deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 14 noyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (iş vərəqə: 109-111). İş üzrə təyin edilmiş məhkəmə-trasaloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 3/308 saylı rəyi məhkəmə baxışı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən köynəyin ön sol orta hissəsində ətəyin aşağı son kənarından 310 mm yuxarıda, sol yan tikişdən 30 mm sağda bir ədəd 8 mm uzunluqda zədə vardır. Təqdim edilmiş uzunqol köynəyin səthində olan zədə kəsici, ucu deşici xassəyə malik olan alətin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Uzunqol köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır (iş vərəqə: 159-152). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 fevral 2023-cü il tarixli, 509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyt çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlaməltəi aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 163-164). Məhkəmə baxışı zamanı tədqiq olunan Sabunçu RPİ-nin 15-ci PB-nə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı baş vermiş mübahisənin səbəbinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs siqaret verməməsinə görə olmuş, həmin mübahisəni görmüş şəxslərin əhatə dairəsini və Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs döş qəfəsindən vurduğu istintaqa məlum olmayan aləti (deşici-kəsici), mübahisəni görmüş tikintidə işləmiş Şamil və Gülbaba adlı fəhlələri, mühafizəçi Amil, Toğrul və Təhmin, Araz və Sadiq adlı şəxsləri əməliyyat yolu ilə müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır (iş vərəqə: 106). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə, yəni heç bir əsas olmadan, zərər çəkmiş şəxsin hərəkətlərində qanunsuz və ya əxlaqa zidd hərəkətlər müəyyən edilmədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs qeyri-etirafedici ifadələrini müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanununlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Buradan aydın olur ki, belə olan hallarda digər motivlər ya olmalıdır, yaxud da cinayətin törədilmə motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də, əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Eyni zamanda, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətin zəruri tövsifedici əlaməti kimi çıxış edən "xuliqanlıq niyyəti" (bu niyyəti aşkarlayan ümumqəbuledilmiş davranış və əxlaq qaydalarını pozması, onlara etinasızlıq göstərməsi, aşkar hörmətsizliyini ifadə edərək eqoizmini nümayiş etdirməsi və sair) iş üzrə mütləq qaydada sübüt edilməli hal kimi çıxış etməklə CPM-in 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə əsasən yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş, həmin əlamətin movcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış 29 noyabr 2022-ci il tarixli əməliyyat-sorğu arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir (İş vərəqə:97-99). Məhkəmə baxılan iş üzrə cinayət hadisəsinin 14 noyabr 2022-ci il tarixdə baş verməsini və məhkumluğun ödənilməsi üçün qanunla müəyyən olunan iki illik müddətin keçməməsini və törədilmiş cinayətin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər (burada: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmçinin məhkəmə baxışı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət (burada: Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi) törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs bu barədə yazılı ərizəsini təqdim etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2014 və 2019-cu il təvəllüdlü olmaqla iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə olunmasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə olunması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyin etmənin prinsipləri və təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, …….. az ola bilməz. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 15 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfləri - 64 (altmış dörd) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri - 64 (altmış dörd) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia, maddi sübut yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar