Məhkəmə qərarları › İş №1(101)-1101/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1101/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1101/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1972-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Q.Salahov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışının yaşadığı ünvan 3 ünvanın qarşısında olarkən bir müddət əvvəl keçmiş qayınatasına boşandıqlarına görə qızının onun soyadından imtina etməsini tələb etməyini, aralarında bu səbəb mübahisə baş verməsini öyrənmiş keçmiş qaynı Zərərçəkmiş şəxs oraya gələrək atasına dedikləri iiə bağlı əsassız yerə mübahisə yaradıb açıqlama verməsinə imkan vermədən üstünə gələrək onu yumruqla vurub vurub yerə yıxaraq sol gözyuvası ətrafı, döş qəfəsi, sağ bazu, sağ dirsək, sağ və sol kürək nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətləri yetib ünvanına nalayiq ifadələr işlətməsindən özünü təhqir olunmuş hesab edərək şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olmuş kəsici-deşici alətlə (rezak) qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən və sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, sol ağciyərin zədəiənməsi və hemopnevmotoroksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin ön səthinin daxilə nüfuz edən həyat üçün təhlükəli olan dərəcəsinə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Xırdaxanımla rəsmi olaraq nikahlarını ləğv etdirmiş, lakin sonuncu soyadını dəyişməmiş və onun soyadında qalmışdır. Bir neçə dəfə onun soyadından, yəni Mustafayevadan çıxmasını xahiş etsə də, Xırdaxanım onun sözlərinə məhəl qoymamışdır. 02 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, «Stansiya» deyilən ərazidə yerləşən kafedən çıxan zaman kafenin qarşısında Xırdaxanımın atası Nadirlə rastlaşmışdır O, Nadirə olan olub keçən keçib keçmiş yoldaşının, yəni Nadirin qızının onun soyadından çıxnasını istəmişdir. Nadirlə dalaşmamış, ona heç bir xəsarət yetirməmişdir. Oradan dostu Vəlihətlə çıxıb getdikdən sonra məhlədə durarkən Nadirin oğlu Xəyal, Tural və Nadir birlikdə ora gəlmiş və Xəyal ona yaxınlaşan kimi yumruqla ona zərbə vurmuşdur. Tural da ona yumruq vurmuş Nadir isə onun burnundan tutaraq nəfəs almağına mane olmuşdur. O, Xəyalın zərbəsindən yerə yıxılmışdır. Yerə yıxıldıqda Xəyal üstünə uzanmış və onu vurmağa davam eləmişdir. O artıq 3 nəfərlə bacarmayacağını görmüş və cibində işlə əlaqədar gəzdirdiyi kəsici-deşici alət hesab edilən “rezak”la Xəyalı vurmuşdur. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 1997-ci ildə Xırdaxanımla birgə nikaha daxil olmuş, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Böyük oğlunun yaşı 23, ortancıl oğlunun yaşı 17, qızının yaşı isə 16-dır. 2020-ci ildə arvadı Xırdaxanımla rəsmi olaraq nikahlarını ləğv etdirmişdirlər. Nikahları ləğv edildikdən sonra Xırdaxanımla əlaqə saxlamamış, uşaqların alimentini vaxtında arvadının bank kart hesabına ödəmişdir. Nikahları ləğv edilsə də arvadı soyadını dəyişməmiş və onun soyadında qalmışdır. Bir neçə dəfə arvadına ümumi tanışlarının vasitəsi ilə onun soyadından, yəni Mustafayevadan çıxmasını xahiş etsə də, Xırdaxanım onun sözlərinə məhəl qoymamışdır. 02 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, «Stansiya» deyilən ərazidə yerləşən kafedə 4 bakal pivə içdikdən sonra öz işlərinin dalınca getmişdir. Həmin günü saat 20 radələrində evə gedən zaman təsadüfən kafenin qarşısında Xırdaxanımın atası Nadirlə rastlaşmışdır. Nadirə yaxınlaşıb ona ailə qurmaq fikrində olduğunu deyib, Xırdaxanımın onun soyadından çıxmasını tələb etmişdir. Bu zaman Nadir sərxoş vəziyyətdə onu nəlayiq sözlərlə söyüb təhqir etmişdir. Əsəbləşib Nadirin başından sağ əli ilə itələyib «sənin kimi ağsaqqalın bu cürdə övladı olmalıdır» deyib, oradan çıxıb gedərək yaşadığı məhələdə tək oturub dostu Vəlihəti gözləmişdir. Həmin günü saat 21 radələrində keçmiş qayını Xəyal idarə etdiyi «Ford» markalı avtomobil ilə onu yanına gəlmişdir. Avtomobildə atası Nadir və Xəyalın bacanağı Tural adlı şəxs olmuşlar. Tural və Xəyal avtomobildən düşərək ona yaxınlaşmışlar, Nadir isə avtomodildən düşərək kənarda dayanmışdır. Xəyal heç bir söz demədən onun üzərinə hücüm edib, yumruqla sifət nahiyəsindən zərbə endirib onu yerə yıxmış və üzərinə uzanaraq ona zərbələr endirməkdə davam etmişdir. Həmin vaxtı Tural da onun ayağından iki dəfə zərbə endirmişdir. Xəyalın altında qaldığından və boğulduğundan cibindən çıxartdığı (rezak) kəsici alətlə Xəyalın bədəninin sol nahiyəsinə zərbələr endirmişdir. Onların səs-küyünə dostu Vəlihət küçəyə çıxıb onları aralamışdır. Bundan sonra Xəyal avtomobilə əyləşib oradan uzaqlaşmış, özü isə yaşadığı evə getmişdir. Evə gedərkən Xəyalı vurduğu kəsici aləti xatırlamadığı istiqamətdə atmışdır. Baş vermiş hadisə zamanı Tural ayağından, Xəyal isə sifət və bədəninin müxtəlif nahiyələrindən zərbələr endirməklə ona xəsarətlər yetirmişlər. Xəyalı vurduğu kəsici-deşici alət olan rezakdan təmirdə istifadə etmiş, sonradan unudub cibində saxlamışdır, onu hər hansı bir məqsədlə üzərində gəzdirməmişdir. Niyyəti Xəyalı öldürmək deyil, sadəcə olaraq Xəyal onu birnci söyüb təhqir edib, yumruqla vurub yerə yıxdıqdan sonra üzərinə uzanıb əl və ayağı ilə ona zərbələr endirdiyi üçün əsəbləşib onu cəzalandırmaq məqsədi ilə cibində olmuş rezakı çıxarıb ona 2-3 dəfə zərbə endirməklə xəsarət yetirmişdir. Zərbə yetirəndən sonra bir müddət Xəyal onun üzərində olmuşdur. Həmin vaxtı onun imkanı olmuşdur ki, Xəyala təkrar zərbələr endirsin. Lakin onu öldürmək və ya ağır xəsarət yetirmək niyyətində olmadığından əlavə zərbələr endirməmişdir. Hadisə bir anlığında baş vermişdir. (1-ci cild iş vərəqi 38-40). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Xırdaxanımın keçmiş əridir. 02 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində uşaqlarını parkdan götürmək üçün evdən çıxdıqda bacanağı Tural ilə rastlaşmış və onunla birlikdə idarə etdiyi avtomobil ilə parka getmişdir. Parka çatdıqda atası ilə rastlaşmış, atasının həyəcanlı, əynində olmuş köynəyin düyməsinin yerində olmadığını, köynəyi cırılmış vəziyyətdə olduğunu görüb, ondan nə baş verdiyini soruşduqda atası Ayazın onunla mübahisə etdiyini bildirmişdir. Bundan sonra o, Tural ilə birlikdə avtomobilə əyləşib Balaxanı qəsəbəsində yerləşən «Oba» market istiqamətində getmiş və saat 21 radələrində Ayazı tanımadığı bir nəfər şəxslə evin qarşısında oturduğunu görmüşdür. Ayaza yaxınlaşıb onunla salamlaşıb və ondan nə üçün atası ilə mübahisə etdiyini soruşduqda, Ayaz «yaxşı edirəm» deyib cavab vermişdir. Ayaza «qələt edirsən» dedikdə Ayaz onun sifətinin sağ nahiyəsindən yumruqla bir dəfə zərbə endirmişdir. Ayazın üzərinə hücum edib onu yerə yıxaraq üzərində uzanmışdır ki, Ayaz ona zərbə endirə bilməsin. Bu zaman Ayaz əlində olmuş kəsici alətlə ona zərbələr endirmişdir. Həmin vaxtı görmüşdür ki, qolundan və kürəyindən qan gəlir. Ayazın üzərindən durmaq istəsə də, dura bilməmiş və Ayaz əlində olmuş kəsici alətlə onun qol nahiyəsindən xəsarətər yetirmişdir. Zərbələrdən qurtulmaq üçün Ayazın əlini dizinin altına salıb, Turala Ayazın əlindən kəsici aləti götürməsini bildirmişdir. Tural cəld Ayazın əlində olmuş kəsici aləti götürmüş, bundan sonra o Ayazın üzərindən durmuşdur. Bu vaxtı Ayazın yanında olmuş şəxs onun üzərinə gəlmək istədikdə o, həmin şəxsə ailə məsələsi olduğunu və baş qoşmamasını bildirmişdir. Bundan sonra halı pisləşdiyindən avtomobilə əyləşmiş və Sabunçu rayonu ərazisində yerləşən 3 saylı Klinik xəstəxanaya getmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Əmirov Hacıağa oğlu ifadəsində bildirmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində nəvələrini «Sabir bağı» adlanan parka gəzdirməyə aparmışdır. Nəvələri parkda oynayan zaman tanış avtobus sürücüləri ilə yaxınlıqda yerləşən kafedə çay içməyə getmişdir. Orada olan zaman təsadüfən keçmiş kürəkəni Ayazı görmüşdür. Ayaz Vəlihət adlı tanışı ilə birlikdə kafedə yemək yeyib spirtli içki qəbul etmişlər. Çölə çıxıb idarə etdiyi avtomobilə əyləşib mühərriki işə salmaq istəyən zaman Vəlihət və Ayaz ona yaxınlaşmışlar. Ayaz ondan avtomobildən düşməyi tələb edib onunla söhbəti olacağını demişdir. Avtomobildən düşdükdə Ayaz ondan qızı Xırdaxanımın nikahlarını ləğv etdirmələrinə baxmayaraq onun soyadını daşımasına iradını bildirib, qızlıq soyadını götürməsini tələb etmişdir. Ayaza «burda nə var axı, sənin soyadındı» demişdir. Ayaza artıq onların nikahlarını ləğv etdirdiklərini, qızından əl çəkməsini dedikdə Ayaz onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib onu təhqir etmişdir. Əsəbləşib Ayazın üzərinə getdikdə Ayaz onun sinəsindən əli ilə zərbələr endirmiş, əlində olmuş bıçaqla onun qol nahiyəsinə xəsarət yetirmişdir. Bu zaman Ayazın tanışı Vəlihət onu tutmuşdur. Bir neçə dəqiqə sonra oğlu Xəyal bacanağı Tural ilə birlikdə onun yanına gəlib, həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda Ayaz və yanında olmuş şəxs tərəfindən ona xəsarət yetirildiyini demişdir. Xəyal bunu bilib idarə etdiyi «Ford» markalı avtomobilə əyləşib Tura! ilə birlikdə oradan uzaqlaşmışdır. Ağır hadisənin baş verə biləcəyindən ehtiyyat edib bunun qarşısını almaq məqsədi ilə Xəyalgilin arxcasınca avtomobili idarə etmişdir. Ora getmiş və görmüşdür ki, Ayaz yerdə uzanıb, oğlu Xəyal da onun üzərindədir, Vəlihət Xəyalın qollarını sıxır, Tural isə onları aralamağa çalışır. Həmin anda Xəyalın uca səslə «məni bıçaqla vurdu» dediyini eşitmişdir. Cəld Xəyala yaxınlaşıb Ayazı ondan araladıqda Xəyalın üzəri qana bulaşdığını görüb avtomobilə əyləşib xəstəxanaya getmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxslə birlikdə Sabunçu rayonu Balaxanı qəsəbəsi, Stansiya adlanan ərazidə yerləşən kafedə pivə içib tanışları ilə söhbət edən zaman Ayaz masa arxasından qalxıb həyətə çıxmışdır. O çölə çıxdıqda görmüşdür ki, Ayaz keçmiş qaynatası Nadirlə söhbət edir. Ayaz Nadirlə söhbət edib qurtardıqdan sonra ona tərəf gəlmək istədikdə Nadir avtomobildən düşüb Ayazın ünvanına nəlayiq ifadələr işlətmişdir. Ayaz Nadirin üzərinə gedib əli ilə onu itələyib vurmaq istədikdə o, cəld Ayazı tutub geri çəkmişdir. Həmin vaxtı Ayaz Nadirə heç bir zərbə endirməmişdir. Ayaza oradan uzaqlaşmağı bildirmişdir. Birlikdə yaşadıqları evin qarşısına gəldikdə Ayaza evin qarşısında siqaret çəkib daha sonra evə getməyi təklif etmişdir. Ayazla yaşadıqları evin qarşısında əyləşib siqaret çəkən zaman iki nəfər onların yanına gəlib avtomobildən düşərək Ayazın üzərinə hücum edib, onlardan biri, sonradan adını bildiyi Ayazın keçmiş qaynı Xəyal Ayazın sifət nahiyəsindən yumuruqla zərbə endirmişdir. Zərbədən Ayaz yerə yıxılmış və Xəyal Ayazın üzərinə uzanaraq ona zərbələr endirmişdir. Digər şəxs Tural Ayaza təpik və yumuruqla zərbələr endirmişdir. O, Turalı Ayazgildən ayırıb daha sonra Xəyalı ayırmaq üçün ona yaxınlaşmış, lakin fiziki cəhətdən gücü çatmamışdır. Bu zaman Tural ona bildirmişdir ki, onların işinə qarışmasın. Təxminən bir neçə saniyədən sonra Xəyal Ayazın üzərindən qalxaraq avtomobil istiqamətində gedərkən Xəyalın üzəri qana bulaşdığını görmüşdür. Bundan sonra Xəyalgil avtomobilə əyləşib oradan çıxıb getmişdirlər. Ayazın Xəyalı kəsici alətlə vurub xəsarət yetirmə anını görməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacanağıdır. Təqsirləndirilən şəxs isə Xəyalın keçmiş qaynıdır. 02 sentyabr 2022- ci il tarixdə Siyəzən rayonundan qonaqlar gəldiyindən Xəyal ilə uşaqları istirahət etmək üçün parka aparmışdırlar. Həmin gün saat 20 radələrində Xəyal ilə birlikdə uşaqları götürmək üçün parka qayıtdıqda orada Xəyalın atası Nadirin əynində olmuş paltarları dağınıq vəziyyətdə, özü isə həyəcanlı olduğunu görüb, Xəyal ondan nə baş veridyini soruşduqda Nadir ona Ayazla mübahisə etdiyini bildirmişdir. Bundan sonra Xəyal ilə birlikdə onun idarə etdiyi «Ford Fusion» markalı avtomobil ilə Ayazın arxasınca getmişdir. Bir qədər gəzdikdən sonra Ayazı görmüşdürlər. O, bir nəfər tanımadığı şəxslə söhbət edirdi. Onu görən Xəyal avtomobildən düşüb, ona tərəf getmişdir. Özü isə avtomobildə əyləşmişdir. Xəyal Ayazdan atasını nə üçün vurduğunu soruşduqda Ayaz qəflətən Xəyalın sifət nahiyəsinə ə! atmışdır. Xəyal isə Ayazı itələyib yerə yıxaraq Ayazın üzərində uzanmışdır. Bundan sonra o avtomobildən düşüb Ayazın yanında olmuş şəxsi saxlayıb, ona «sənlik deyil qarışma» demişdir. Həmin şəxsi saxlayan zaman Şahid1 Ayazın Xəyala bıçaqla xəsarət yetirdini dediyini eşitmişdir. Nadirlə köməkli Xəyalı Ayazın üzərindən götürdükdə Xəyalın əynində olmuş paltarın qana bulaşdığını görüb, onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışdırlar (cild 1, iş vərəqi 86-89) Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2022-ci il tarixli 2591 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs sol ağciyərin zədələnməsi və hemopnevmotoroksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin ön səthinin daxilə nüfuz edən 1 ədəd, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd və sol bazu nahiyəsinin 1 ədəd deşilmiş- kəsilmiş (cəmi 3 ədəd) yaraları müəyyən edilmiş, xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmiş, müddəti 02 sentyabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 130-132). 11 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 143-145). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 174-175). Şübhəli şəxsin tutulması haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 16- 19). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 54-60). 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqi 116-121). Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə-tibb ekspertizası üzrə 03 dekabr 2022-ci il tarixli 2591 saylı ekspert rəyi ilə Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin deşici-kəsici alətin (əşya) təsirindən törənməsi, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlməsi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması, xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsinin inkar olunması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaq zamanı verdiyi bütün ifadələrində Zərərçəkmiş şəxs deşici-kəsici alətlə (rezak) vuraraq sonuncuya xəsarət yetirməsini etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs mübahisəni Zərərçəkmiş şəxs başlaması, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, yəni zərəçəkmiş şəxsin ilk olaraq onun ünvanına nalayiq ifadələr işlətməsi, özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxsla əlbəyaxa olması və 3 nəfərlə bacarmayacağını görüb Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə göstərdiklərinə tənqidi yanaşır və işin faktiki hallarına uyğun olmayan hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmanlığı cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində xx.xx.2007-ci il təvəllüdlü 1 yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasının ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixədək tutulduğu 4 (dörd) ay müddətin ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti cəza saxlanılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalında həbs edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının 29 may 2024-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın 03 sentyabr 2022-ci il tarixdən 03 yanvar 2023-cü il tarixədək tutulduğu 4 (dörd) ay müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar