Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1103/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Qacaq Ə/D Qaar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 30 iyul 2023- cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,519qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlayıb, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən Samur-Abşeron su kanalının yanına qədər daşımış və 30 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində qeyd olunan ünvanda özünü şübhəli apardığından Xəzər RPİ-nin, PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Xəzər RPİ-nin 3-cü PŞ- nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli şalvarın sağ cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,519 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, dostunun evində yatdığı yerdə post patrulun əməkdaşları gəlib evin içində tutmuşlar. Dostu gürcüstanlıdır, gedəndə arada gəlib baxması üçün evi ona tapşırmışdır. Ev Xəzər rayonu, Binə qəsəbəsində, Südçülük Savxozu deyilən ərazidə yerləşmişdir. Onu yuxudan oyadıb qonşuların şikayətinin olduğunu bildirərək bölməyə aparmışlar. Bölmədə əməliyyatçı İntiqam bildirmişdir ki, “sən oğurluq edirsən, narkotik istifadə edirsən, getməlisən türməyə”. Təbii ki, razılaşmayaraq biraz narazılıq etmiş, sonra qardaşı və anasıgil gəlmişlər. Ona “qardaşıvı da tutub basacıyıq içəri, evindən narkotik çıxacaq” demişlər. Polislər evə getməsinlər deyə axır onu razı salmışlar, o, 234.1-ə qol çəkmiş, çəkiliş etmişlər. Çəkiliş edərkən malı tərəziyə qoymamışlar, amma ona 234.1 olduğunu demişlər, saxlama yerində olarkən isə külli miqdarda narkotik qoyduqlarını bilmişdir. O, ümumiyyətlə narkotik istifadəçisi olmuş, istintaq zamanı onu ekspertizaya aparmışlar və ekspertin istifadəçi kimi rəy verməsi barədə məlumatı olmuşdur. O, narkotikin heroin növündən çəkmək yolu ilə istifadə etmişdir. O, saxlanılan gün narkotik istifadə etməmiş, tam ayıq olmuşdur. O, ümumiyyətlə həmin ərəfələrdə narkotik istifadə etməmişdir. Əvəllər narkotik istifadəçisi olmuş, tutulmamışdan ay yarım, iki ay əvvəl istifadə etmiş, xəstəliyi ilə əlaqədar müalicə almışdır. Türmədən təzə çıxmış, əvvəl oğurluqla məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən 2022-ci ilin fevral ayında azad olunmuşdur. Ondan sonra bir dəfə tutulmuş, həmin iş hələ də Suraxanı Rayon Məhkəməsində gedir. O, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Saxlanıldıqdan sonra onu prokurorun yanına aparmışlar, həmin vaxt prokurora üzərində heç nə olmadığını demiş, prokurora narkotiki 50 manat qarşılığında öz istifadəsi üçün aldığını demişdir. Məhkəmədə də eyni sözləri demişdir. Bölmədə olarkən bir vəkil gəlib oturub getmişdir. Anası bildikləri hər yerə şikayət etmişdir. Ona hədə-qorxu və fiziki təsir olmuş, onu döyməmişlər, onların özünəməxsus işgəncə növü olmuşdur. O, videoçəkilişdə etiraf etmiş, etiraf etməyinə səbəb ona verdikləri işgəncə olmuşdur. Onu asıb ayağının altına vurmuşlar, bədəninə qan işləməmiş, bir neçə saat o şəkildə saxlamışlar. Bunların hamısını prokurorluğa və məhkəməyə bildirmişdir. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əvvəl vermiş olduğu ifadələri qismən təsdiq edir. Belə ki, qeyd etmişdir ki, o, heç vaxt üzərində narkotik vasitə daşımamış, həmin vaxt da onun üzərində narkotik vasitə olmamışdır. Bildirmişdir ki, üzərində şəxsi axtarış keçirilərkən, ilkin izahatında, o cümlədən də ilkin ifadələrində təzyiq altında qalaraq etirafedici ifadələr vermiş, əslində isə o, heç vaxt narkotik vasitə istifadə etməmiş və satmamışdır (İ cild, səh. 131-132). 5.Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə edir və həmin maddələri tanımadığı şəxsdən alır. Mahiyyəti üzrə bildirmişdir ki, 30 iyul 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 50 manata bir ədəd bükümdə kakos kimi bildiyi narkotik vasitə heroin almış və həmin heroini üzərində saxlamışdır. Belə ki, o, 30 iyul 2023-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda yerləşən su kanalının yaxınlığında olarkən ona iki nəfər polis əməkdaşı yaxınlaşmış və özlərini ona təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları ona şəxsiyyəti'barədə onlara məlumat verməyi demişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün çalışmışdır ki, polis əməkdaşlarının şübhələrini üzərindən kənarlaşdırsın, lakin buna nail ola bilməyərək özünü şübhəli aparmışdır. Sonra isə polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitə istifadə edən şəxsdir. Bundan sonra polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər, o, da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada olan zaman ona polis əməkdaşları bildirmişlər ki, üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış, baxış keçirəcəklər. O, polis əməkdaşları ilə razılaşmış və ona hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkillərdən birini dəvət etmişlər. Onun üzərinə şəxsi axtarış, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümdə olan maddə kakos kimi bildiyi narkotik vasitə heroindir, Özü istifadə etmək üçün 30 iyul 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonundan tanımadığı şəxsdən 50 manata almışdır. Bundan sonra onun təqdim etdiyi maddələr qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Tərtib edilmiş sənədlər o və iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 56-58). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 30 iyul 2023-cü il tarixdə post yoldaşı Kamranla birlikdə xidməti maşınla ərazidə baş vermiş çoxsaylı hadisələrlə bağlı xidmətdə olmuşlar. Binə qəsəbəsində su kanalının yaxınlığında axşamtərəfi saat 19 radələrində həmin şəxsə yaxınlaşmışlar. Şəxs həyəcanlı olmuş, tərləmiş, biraz sorğu sual etmişlər, sorğu sual zamanı sanki nakrotik vasitənin təsiri altında olmuş, verdikləri suallara biganə yanaşmış, şübhəli qeyri-adekvat danışmışdır. Sonra onlara üzərində narkotk vasitə olduğunu bildirmiş və həmin şəxsi 3-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində aidiyəti üzrə çəkiliş olmuş, videoçəkiliş zamanı özü könüllü narkotik vasitəni təqdim edərək Suraxanı qəsəbəsindən aldığını bildirmiş, həmin vaxt vəkil Sərxan müəllim orada olmuşdur. Onlar ərazini boş qoya bilmədiklərindən gedirlər, videoçəkiliş olan zaman onları dəvət edirlər. Şəxsi təhvil verdikləri şöbə ərazidən 20 dəqiqəlik məsafədə olmuşdur. Saxlanılan zaman, həmçinin bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hər hansısa formada zor və təzyiq göstərilməyib. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 30 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində xidmət apardıqları zaman Samur-Abşeron su kanalının yaxınlığında bir nəfər şəxsin şübhəli davranışı diqqətlərini cəlb etmiş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxslə söhbət apardıqda həmin şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bununla əlaqədar həmin şəxsi Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət etmişlər və həmin şəxs onlarla birlikdə 3-cü Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra raport yazıb məruzə etmişlər və bununla bağlı araşdırmanın aparılması Xəzər RPİ-nin 3- cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyevə həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində baş təhqiqatçı Anar Hacıyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və baş təhqiqatçı Anar Hacıyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl videoçəkilişdən istifadə olunaraq baş təhqiqatçı Anar Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümündə olan, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olduğunu, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqdim etdiyi bükümdən başqa heç bir əşya və ya qanunsuz predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Sərxan Məmmədovun verdiyi suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofan bükümü təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur (İ cild, səh. 73-74). 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, yay aylarında Binə qəsəbəsində xidmət aparan zaman kanalın üzərində axşamtərəfi saat 7-8 arası həmin şəxsi görmüşlər, özünü şübhəli apardığından yaxınlaşaraq özlərini təqdim etmişlər. Sorğu-sual etdikdən sonra suallarına doğru-düzgün cavab vermədiyini və onlardan yayınmaq istədiyini görmüşlər. Sual vermişlər ki, “üzərində qanunla qadağan edilmiş nəsə var?”, bu zaman özü üzərində narkotik maddə olduğunu etiraf etmişdir. Sonra həmin şəxsi 3-cü Polis Bölməsinə dəvət etmişlər, orada videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərində balaca sellofan bükümdə narkotik maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddənin özünə məxsus olduğunu, tanımadığı şəxsdən istifadəsi üçün aldığını bildirmişdir. Şəxsin üzərinə baxış keçirilənə kimi onlar ikisi də polis şöbəsində olmuşlar. Saxlanılan zaman, eləcə də bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hər hansısa formada zor və təzyiq göstərilmmişdir. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 75- 76). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4084 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 244” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 6,159 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 31-35). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X2 barədə 06 oktyabr 2023-cü il tarixli, 6347 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 97-98). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibində olan bir büküm şəffaf sellofanda olan maddənin narkotik vasitə kakos (heroin) olduğunu bildirərək araşdırmaya təqdim etmiş, 30 iyul 2023-cü il tarixdə tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyev tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (İ cild, səh. 25-26). 13.«Diskə baxış keçirilməsi haqqında» 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid1, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Təqsirləndirilən şəxs hüquqlarım müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə Xəzər RPİ-nin 3- cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibində olan bir büküm şəffaf sellofanda olan maddənin narkotik vasitə kakos (heroin) olduğunu bildirərək araşdırmaya təqdim etmiş, 30 iyul 2023-cü il tarixdə tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyev tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir (İİ cild, səh. 70). 14.«Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə» 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 6,519 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra hazırkı çəkisi 6,469 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər Rayon Polis İdarəsində saxlanılır. İş üzrə əldə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, səh. 105-110). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı sağ bud nahiyədə köhnə çapıq toxuması aşkar olunmuşdur. Zədə almadığını bildirmişdir. Yeni xəsarət aşkar edilməmişdir. 16.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 15). 17.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 4(003)- 370/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 30 iyul 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 66-67). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınıb 02 il 14 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. 2.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3, 68.1.1-1 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınıb 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzası 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır (İ cild, səh. 94-96). 19.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 18 mart 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin icraatındadır və məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 24.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 25.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 26.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 30.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 31.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 32.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 33.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçada baxış zamanı dəri səthində yeni xəsarət izinin aşkar edilmədiyi qeyd edilmişdir. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 35.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 36.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 37.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 40.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 42.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 43.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 44.Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3, 68.1.1-1 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınıb 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzası 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 30 iyul 2023- cü il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 46.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 49.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 50.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 52.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 53.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 54.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 55.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 56.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 30 iyul 2023-cü il tarixdən hesablanmalıdır. 57.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 58.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 60.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,469 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 61.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 63.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 64.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 65.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 (iki yüz on) manat təşkil edir. 66.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 67.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 30 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 6,469 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev