Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1104/2023 03.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:05 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, qəbir daşları sexində nəzarətçi işləmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 2,825 qram təşkil edən psixotrop maddə olan metamfetamin əldə edib üstündə daşımaqla qanunsuz saxlamış, onun qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 06 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən “Sevgi Parkı” adlanan yerin yaxınlığında saxlanılıb Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılarkən əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 2,825 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Bakıxanov qəsəbəsində yerləşən qəbir daşları sexində nəzarətçi işləmişdir. O, uzun müddətdir ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmiş, narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almış, narkotik vasitələrdən və psixatrop maddələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuşdur. O, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olmuş, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkmişdir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, azadlığa buraxıldıqdan sonra bir müddət narkotik vasitələr və psixotrop maddələrin istifadəsini dayandırsa da, sonradan yenə davam etmişdir. Təxminən 2-3 ay əvvəl narkotik vasitə və ya psixotrop maddələri təşkil edəcək şəxs axtardığı zaman təsadüfən tanımadığı şəxs ona İran vətəndaşı olan Adil adlı şəxsin nömrəsini verib əlaqə saxlamağını, məhz həmin şəxsin narkotik vasitələrin təşkilində yardımçı olacağını demişdir. O, “WhatsApp” proqramı vasitəsilə Adil adlı şəxslə əlaqə saxlamış, danışıq və ləhcəsindən həqiqətən də iranlıya oxşatdığı həmin şəxs ona istənilən növ narkotik vasitəni və psixotrop maddəni təşkil edə biləcəyini demişdir. Adil adlı şəxs mütəmadi olaraq istifadə etdiyi heroin və metamfetaminin 1 qramını 30 manatdan olmaqla satışını həyata keçirdiyini, narkotik vasitə və ya psixotrop maddə istədiyi tədqirdə onun kart hesabına pul göndərməli olduğunu, pul hesabına oturduqdan sonra bunun müqabilində narkotik vasitə və ya psixotrop maddənin müxtəlif ünvanlara qoyulmasını təşkil edəcəyini, deyilən həmin ünvanlara gedib narkotik vasitə və ya psixotrop maddəni götürməklə istifadə edə biləcəyini bildirmişdir. Bundan sonra o, Adil adlı şəxsin dediyi kimi etmiş, sonuncunun göndərdiyi kart hesabına “Pay Pal” və ya "Milliön” aparatları vasitəsilə müəyyən məbləğdə pul göndərmiş, iranlı da narkotik vasitənin və ya psixotrop maddələrin müxtəlif ünvanlara qoyulmasını həll etmiş, bu barədə ona məlumat verildikən sonra deyilən ünvana gedib orada qoyulmuş narkotik vasitə və ya psixotrop maddələri götürərək istifadə etmişdir. O, həftədə bir-iki dəfə olmaqla iranlıdan az çəkidə narkotik vasitə və psixotrop maddə alaraq istifadə etmişdir. 05 dekabr 2022-ci il tarixdə iranlıdan yenidən istifadəsi üçün psixotrop maddə almaq qərarına gəlmiş, bu məqsədlə həmin tarixdə səhər saatlarında “WhatsApp” vasitəsilə Adil adlı şəxslə əlaqə saxlamış, "Milliön” aparatı vasitəsi ilə onun göndərdiyi kart hesabına 80 manat pul göndərərək öz istifadəsi üçün metamfetamin sifariş etmişdir. Həmin gün saat təxminən 15 radələrində Adil adlı şəxs onunla təkrar əlaqə saxlayıb metamfetaminin Sabunçu rayonu ərazisində ağaclıq sahəyə qoyulduğunu demiş, həmin yerin şəkilini ona göndərmişdir. O, tək həmin yerə gedib Adil adlı şəxsin dediyi ərazini tapmış, oradakı ağaclardan birinin dibinə qoyulmuş bir ədəd bükümdə metamfetamini götürmüşdür. Sonra həmin bükümü gödəkçəsinin cibinə yerləşdirmiş, bədənində ağrılar başladığı zaman istifadə etməkdən ötrü saxlamışdır. 06 dekabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində piyada Xətai rayonu ərazisində yerləşən “Sevgi Parkı” adlanan yerin yaxınlığı ilə hərəkət edərkən, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu sorğu-sual etmişlər. O, özünü təqdim etdikdən sonra, polislər onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar. O da razılaşmış və polislərlə birlikdə Polis Şöbəsinə getmişdir. Şöbədə polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, videoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarış aparılacağını izah etmiş, sonra isə onun üçün vəkil çağırılmışdır. Polislər şəxsi axtarışdan əvvəl ondan üzərində qanunsuz hər hansı əşyanın olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmiş, o da vəkilin yanında gödəkçənin cibindəki 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm zərfə qoyulub qablaşdırılaraq götürülmüş, bundan sonra protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir. Onun üzərində 3 qram deyil, 0,3 qram metamfetamin olmuşdur. Məhkəmədən bütün bu halların, əməlindən səmimi peşman olmasının, himayəsində iki azyaşlı uşaqlarının olmasının nəzərə alınıb ona yüngül cəza təryin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 göstərdi ki, 06 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş həmin məlumat yoxlanması üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında o, həmçinin Baş İdarənin digər əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra həmin günü saat 16 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, F.Bayramov küçəsinə getmişlər, həmin ünvan ətrafında əməliyyat mövqeyi tutub müşahidə apardıqdan sonra, həmin gün saat 17:00-da xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvanda hərəkət etdiyini görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşaraq onu saxlamış, həmin şəxsə xidməti vəsiqələrini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib, dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu izah edib onu əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu yaxınlıqdakı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, ona hüquq və vəzifələri, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarışı aparılacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, ona özündə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təkjlifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək, bükümün içərisində “patı” adlanan metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, gödəkçəsinin sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, məxsus şəxsiyyət vəsiqəsi və 6 manat pul aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisi yadında qalana görə təxminən 3 qramdan bəlkə bir az artıq olmuşdur. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, imzalarla təsdiq edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metmafetaminə bənzər kütlənin özünə məxsus olduğunu, həmin kütləni Adil adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş Bakı şəhəri, Sabunçu rayonu ərazisindən bir gün əvvəl istifadə etmək məqəsdilə 80 manat pul müqabilində aldığını, heç kimə narkotik maddə satmadığını və ya bağışlamadığını bildirmişdir. Sonra aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 şahid X1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə bənzər kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı Adil adı şəxsdən əvvəlcədən təyin edilmiş Bakı şəhəri, Sabunçu rayonu ərazisindən bir gün əvvəl 80 manat pul müqabilində istifadə etmək məqəsədilə aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-30,66-67). Məhkəmə-kimyəvi ekspertizasının 07 dekabr 2022-ci il tarixli 6/6919 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №7” dairəvi möhür əksi, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,825 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 2,725 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-40). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 yanvar 2023-cü il tarixli 268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 105-106). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 62). İbtidai istintaq orqanının 22 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 118-119). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 92-93,94-99). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs onda olan psixotrop maddənin təxminən 0,3 qram olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 06 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 75-79). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,725 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37,138). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,725 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1104/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1104/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver