Məhkəmə qərarları › İş №1(101)-1104/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1104/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1104/2025 02.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 11 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-1021/2024 saylı, 13 noyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxil edilmiş bir ədəd sellofana bükülmüş bükümdə içərisində külli miqdarda təmiz çəkisi 2,083 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 manat müqabilində əldə edib, üzərində saxlamaqla ünvan 3 ünvanına daşımış, 11 noyabr 2024-cü il tarixdə saat 17:30 radələrində Nəsimi Rayon Polis İdarəsinin 20-ci PŞ-nın və Nəsimi Rayon Polis İdarəsinin CAŞ-ın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, idarəinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən üzərində heroin izləri olan 01 ədəd folqa və həmin şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,083 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığı gün saat təxminən 17:00-18:00 radələrində dostunun yaşadığı binanın qarşısına gəlmiş, bu vaxt 2-3 nəfər polis əməkdaşı ona yaxınlaşmış və mobil telefonda olan bir videonu ona göstərmişlər. Həmin videoda onun bibər qazı balonu götürməsinin görüntüləri olmuşdur. O, həqiqətən də, həmin bibər qazı balonunu götürsə də, bunun polis əməkdaşlarına məxsus olmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə gətirmiş, orada fiziki və psixi təzyiqlər göstərilmişdir. Məruzə qaldığı fiziki və psixi təzyiqlərin nəticəsi olaraq videoçəkilişdən əvvəl ona təqdim olunmuş narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, polis əməkdaşları tərəfindən saxlandığı dövrdə narkotik vasitələrdən istifadə etmirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci PŞ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində o, və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Yasamal rayonundan ünvan 7 ünvanının yaxınlığında bir nəfər şəxsin narkotik vasitə istifadə etməsini görmüşlər və həmin şxəsin qanunsuz əməlllərinin qarşısını almaq üçün dərhal həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Sonra həmin şəxsin üzərində şəxssiyyətini təsdiq edən sənədin olubolmamasını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirmiş və özünü “Samir” kimi təqdim eləmişdir. Həmin şəxslə söhbət zamanı bildirmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. Buna görə də həmin şəxsin üzərində narkotik vasitələrin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həmin şəxsi aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin inzibati binasına getməsini dəvət eləmişlər. Özünü Samir kimi təqdim edən şəxs etiraz etmədən onlarla birlikdə Yasamal RPİ-nə gəlmişdir. İdarədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1990-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bununla əlaqədar onlar raport yazaraq rəhbərliyə məlumat vermişlər. Həmin şəxs idarədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuş və bundan sonra üzərinə video çəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə, əynində olan yaşıl rəngli şalvarının sol yan cibindən bir ədəd falqa və alışqan, sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Həmçinin şalvarının arxa sağ cibindən istifadəsində olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin sellofan bükümün içərisində nə olduğunu soruşduqda Samir «kakos» adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin büküm açılmış və həmin sellofana bükülmüş bükümün içərisində tozşəkilli qəhvəyi rəngli maddə var imiş. Samir adlı şəxs aşkar olunmuş həmin maddəni xx.xx.2024-cü il tarixdə “Kubinka” adlı ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 40 manata pul müqabilində aldığını bildirmişdir. Bundan başqa üzərində başqa heç bir əsya aşkar edilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və sonuncuya qarşı fiziki güc tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və sonuncuya qarşı fiziki güc tətbiq olunmamışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 11 noyabr 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu əynində olan yaşıl rəngli cins şalvarının sol yan cibindən bir ədəd folqa və alışqan, həmin şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükümü çıxardaraq narkotik maddə olan heroin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin 01 ədəd bükümdə narkotik maddə heroini xx.xx.2024-cü il tarixdə “Kübinka” adlı ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm və falqa qablaşdırılaraq götürülüb möhürlənmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasını xx.xx.2024-cü il tarixli 6/5197 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası DİN Zərflər üçün №42-li dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm şübhəli şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,083 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd folqanın üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7851 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3748 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən telefonun “WhatsApp” proqramında, həmçinin daxil olan və çıxan zənglırdə və SMS yazıların istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon məlumatlarına dair "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 04 ədəd EXCEL formatında faylar mövcuddur. İlkin olaraq “516479632_SMS” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs məxsus sms yazışmaların məzmunu aşkar edilmişdir. Belə ki, həmin yazışmalara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:51:31 də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Keraaa mən maşinnanam bəyağdandi nizamini furlaniram bilmirəm buraxiim qaqaşi yoxsa yoox mənə bidənə yari lazimidi ama 39 manat pulum var ataş mənə bir cavab yazdaa neyniyim məən braatka???!) mesajı yazılmışdır. Bundan başqa həmin fayla baxış zamanı istintaq marağı kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Bundan sonra “antena435” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs məxsus mobil nömrəsinin anten dairəsi göstərilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 1500 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixli Abşeron Rayon Məhkəməsinin qərarı ilə 177.2.4-cü maddəsindən 177.1-ci maddəsinə tövsif edilmiş və 500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixli Qusar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 01 il azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs təyin olunmuş 500 manat cərimə cəzasını tam ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşlarının ona fiziki təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən, adətən narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə etmişdir. 11 noyabr 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, "Kubinka” adlanan ərazidən üzdən tanıdığı lakin anket məlumatlarını şəxsdən 40 manata şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə olan “kakos” yəni heroini alaraq, sağ cibinə qoymuşdur ki, axşam saatlarında istifadə etsin. Həmin narkotik vasitəni o, falqaya qoyaraq çəkirmiş. Həmin gün yəni, 11 noyabr 2024-cü il tarixdə saat təxminən 17:00 radələrində ünvan 9 ünvanının qarşısında olan zaman heç kimin olmadığını görüb üzərində olan narkotik vasitəni istifadə etmək qərarına gəlmişdir. O, aldığı bükümdən bir qədər şəxsi istifadəsi üçün narkotik vasitə götürüb istifadə etmişdir. Bükümü isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxt ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirib, özlərini təqdim edərək, xidməti vəsiqələrini ona təqdim eləmişdirlər. Polis əməkdaşları onun adını soruşdular və o, adının Samir olduğunu bildirmişdir. Həmin polis əməkdaşları ona narkotik istifadəçisi olub-olmadığını soruşmuş, o, çıxış yolun olmadığını və polis əməkdaşlarından yayınmağın mənasız olduğunu görüb səmimi olaraq narkotik istifadəçisi olduğunu bildirmişdir. Həmin əməkdaşlar onu ərazi üzrə Yasamal rayon polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis idarəsinin inzibati binasına getmişdir. Orada onu xidməti otaqların birinə dəvət edilmiş və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirmişdirlər. Ona vəkillərin siyahısı təqdim edilmiş, o, növbədə olan vəkillərdən X4 müdafiə etməsini istəmişdir. Həmçinin ona tərcüməçi qismində X5 təqdim edilmişdir. O, tərcüməçinin iştirakına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra tərcüməçinin və vəkilinin iştirakı ilə ona şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişdirlər. Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının, tərcüməçinin və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis idarəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməsini bildirildikdə o, əynində olan yaşıl rəngli şalvarının sol yan cibindən bir ədəd falqa və alışqan, sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Həmçinin şalvarının arxa sağ cibindən istifadəsində olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin sellofan bükümün içərisində nə olduğunu soruşduqda o, “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılmışdır. Həmin sellofana bükülmüş bükümün içərisində tozşəkilli qəhvəyi rəngli maddə var imiş. O, aşkar olunmuş həmin maddəni xx.xx.2024-cü il tarixdə “Kübinka” adlı ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 40 manata aldığını bildirmişdir. Bundan başqa üzərində başqa heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən narkotik vasitə heroinin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar, 800 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,983 qram təşkil edən narkotik vasitə - heroin və üzərində heroin izləri olan 01 ədəd folqa məhv edilməlidir. Bundan başqa cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra hər saatı 11 manat olmaqla hesablanmalıdır. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 145 (yüz qırx beş) manat məbləğində vəsait “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,983 qram təşkil edən narkotik vasitə - heroin və üzərində heroin izləri olan 01 ədəd folqa məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 145 (yüz qırx beş) manat məbləğində vəsait “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar