Məhkəmə qərarları › İş №1(101)-1105/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1105/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1105/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, Qaz anbarında işləmiş, əvvəllər Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli, 1(002)-29/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin, külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, həmin metamfetamindən bir qədərini satış məqsədi ilə barəsində cinayət işi ayrılmış digər şəxsə verərək əvəzində həmin şəxs tərəfindən qanuni verilən üzərində “Tramadol 50” markalanına göstəricisi olan tramadol hidroxlorid tərkibli güclü təsir edən maddə sayılan ağ-göy rəngli dərman preparatlarından 4 ədəd kapsulunu sonuncudan qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, 04.02.2022-ci il tarixdə saat 19:15 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən üzərində narkotik vasitənin qəbul etməsi, əldə edərək üzərində gəzdirməsində şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi ev 17-nin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 21:00 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən sağ əlində satış məqsədi ilə saxladığı içərisində kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 16,168 qram və 0,274 qram, ümumi təmiz çəkisi 16,442 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,016 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd kəsilmiş konvalyutda üzərində “Tramadol 50” markalanma göstəricisi olan, ağ-göy rəngli kapsullardan ibarət hər bir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan, xarici görünüşünə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən Azərbaycan Respublikasının CMdə güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxil edilmiş tramadol hidroxlorid tərkibli 4 ədəd dərman preparatı olan 01 ədəd sellofan torba aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ağır yol nəqliyyat hadisəsi törədəndən sonra bədənində olan ağrılarla əlaqədar arada bir narkotik və psixotrop maddələr qəbul etməyə başlamışdır. Lakin sonradan həmin maddələrin alüdəçisi olduğu üçün tanımadığı şəxslərdən narkotik və psixotrop maddələr əldə edib qəbul etmişdir. 30.01.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Ələt qəsəbəsi ərazisindəki körpü istiqamətinə piyada gedərkən markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil ona tərəf yaxınlaşmışdır. Həmin avtomobili tanımadığı, təxminən 30-35 yaşları arasında olan bir qadın idarə edirmiş. Avtomobilin salonunda qadından başqa heç kəsi görməmişdir. Həmin qadına nəsə kömək lazım olduğunu zənn etmişdir. Lakin, qadın ona ucuz qiymətə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin satmasını təklif etmişdir. Qadın iri həcmdə 2 ədəd sellofanda psixotrop maddə olan metamfetamini 400 manata, 1 çet narkotik vasitə olan heroini isə 30 manata təklif etmiş, o, isə metamfetaminin sellofanının böyük həcmli olduğunu gördükdən sonra, 360 manata, 1 çet heroini isə 20 manata almağı razılaşmışdır. Fikirləşmişdir ki, hər dəfə kiçik ölçülərdə almaqdansa birdəfəlik çox həcmdə alsın, onsuz da istifadə edir. O, həmin narkotik vasitələri alıb üzərində saxlayaraq yavaş-yavaş istifadə etməyə başlamışdır. Psixotrop maddə olan metamfetaminin bir qədərini isə təxminən 5-6 gün əvvəl yaşadığı məhəllədə Şəmsi kimi tanıdığı şəxsə vermiş, əvəzində Şəmsidən 4 ədəd tramadol, 1 ədəd Atarax və 1 ədəd adı yadında qalmayan ağrıkəsici dərmanlar almışdır ki, metamfetamin və heroin qurtaranda, ağrıları olanda həmin dərmanlardan da istifadə edər. O, bütün narkotik vasitələri və dərmanları sellofan torbaya yığıb üzərində gəzdirmişdir. 04.02.2022-ci il tarixdə saat 19:15 radələrində əlində həmin sellofan torba ilə yaşadığı evin qarşısından keçib gedərkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirib onun kimliyini soruşmuşlar. O, özünü onlara təqdim etdikdən sonra narkotik vasitə, psixotrop maddə gəzdirməkdə şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 11-ci polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində polis əməkdaşları videoçəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirmişlər. Şəxsi axtarış aparmazdan əvvəl ona üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməyi təklif olunmuşdur. O, əlində içərisində metamfetamin, heroin və dərmanlar olan sellofan torbanı masanın üzərinə qoymuşdur. Həmin sellofan açıldıqda , içərisindən 2 ədəd ayrı-ayrılıqda bükümlərdə ağ rəngli kristal şəklində metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə olan heroin və 6 ədəd dərmanlar aşkar olunmuşdur. Sorğu zamanı o, həmin maddələri öz isfadəsi üçün üzərində saxladığını bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına da həmin maddələri haradan, necə aldığını demişdir. Bundan sonra, ondan aşkar edilmiş həmin bükümlər, dərmanlar zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşlarından biri protokol tərtib etmişdir. Protokol da ucadan oxunandan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Həmin psixotrop maddəni öz istifadəsi üçün almışdır. Lakin həmin şəxsin anket məlumatlarını, telefon nömrəsini və digər məlumatlarını bilmir. Şəmistanla aralarında telefon danışıqları olmuş, lakin narkotik barəsində heç bir danışıq aparılmamışdır. Əməlindən peşman olmuşdur. O, evində etibarlı yer olmadığndan narkotik vasitələri və dərmanları üzərində gəzdirmişdir ki, ailədə kiminsə əlinə keçməsin. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Onun ağrılarına tramadol dərman preparatı daha çox təsir etdiyindən, o, digər narkotik vasitəni həmin dərmanla dəyişdirmişdir. Onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Həmin nömrə ilə onun SMS yazışmaları olmuşdur. SMS yazışmaları məhəllədən Şəmsi kimi tanıdığı bir nəfərlə olmuş, digər tanımadığı nömrələrlə də onunla Şəmsi danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir. 04.02.2022-ci il tarixdə o, xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edildikdən sonra, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o da iştirak etmiş, qrupun rəhbəri isə əməliyyat müvəkkili Şahid2 olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında saat 19:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi ev 17-nin qarşısında qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlayaraq Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Ələt qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxş keçiriləcəyi bildirilmişdir. Çəkilişdən əvvəl təqsirləndirilən şəxsə üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd sellofan torbanı masanın üzərinə qoymuşdur. Həmin sellofan torba açılarakən içərisindən 3 ədəd şəffaf polietilen büküm və 6 ədəd müxtəlif adda, yəni, 4 ədəd tramadol, 1 ədəd Atarax və 1 ədəd adı naməlum olan dərmanlar aşkar olunmuşdur. Sorğu zamanı təqsirləndirilən şəxs həmin torbanın içərisində psixotrop maddə olan metamfetamin, heroin və psixotrop dərmanlar olmasını və öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş bükümlər açılaraq içərisinə baxdıqda 2 ədədinin içərisində ağ rəngli kristal şəkilli maddə, 1 ədədinin içərisindən qəhvəyi rəngli toz şəkilli maddə müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümləri 30.01.2022-ci il tarixdə günorta saatlarında Ələt qəsəbəsi ərazisindəki körpü istiqamətində piyada gedərkən markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobilin tanımadığı təxminən 30-35 yaşları arasında olan bir qadın sürücüsü 380 manata ona satmışdır. Dərmanları isə psixotrop maddə olan metafetaminin bir qədərini yaşadığı məhəllədə Şəmsi kimi tanıdığı şəxsə vermiş, əvəzində isə 4 ədəd tramadol, 1 ədəd Atarax və 1 ədəd adı yadında qalmayan ağrıkəsici dərmanlar əldə etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bükümlər və dərmanlar, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs özü narkotik vasitələri könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11 -ci PB-nin CA üzrə sahə inspektoru Şahid3 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Narkoloji dispanserdə qeydiyyatda olmaqla ayda bir dəfə Yasamal rayonu Narkoloji dispanserdən ona reseptlə qanuni Tramadol dərmanları verirlər və o da onu qəbul edir. 2022-ci ilin fevral ayının əvvəlləri səhf etmirsə 1-3 arası Ələt qəsəbəsində məhəllədə olarkən qəsəbə sakini Təqsirləndirilən şəxs görmüş və söhbət zamanı Müşfiq ona, onda psixotrop maddə olan metamfetaminin (şüşə) olmasını, onda olan istifadə etdiyi tramadol ilə dəyişdirmək istədiyini bildirmişdir. Qarşılıqlı razılaşmaları əsasında o, özündə olan qanuni istifadə etdiyi 4 ədəd Tramadol dərmanını ona verərək əvəzində Müşfiqdən 1 çet yəni bir büküm metamfetamin (şüşə) alaraq özü istifadə etmişdir. Bundan sonra eşitmişdir ki, Müşfiq qanunsuz metamfetamin (şüşə), narkotik vasitə heroin gəzdirməsinə görə polis tərəfindən tutulmuşdur. Hansıki onun həmin maddələrdən xəbəri yoxdur. Müşfiqin həmin maddələri kimdən nə vaxt, haradan, nə məqsədlə əldə etməsindən xəbəri yoxdur. Müşfiqin daha kimlərəsə metamfetamin (şüşə), narkotik vasitə heroin verməsindən xəbəri yoxdur və o, Müşfiqə Tramadoldan başqa heç nə verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 04 fevral 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və əldə edərək üzərində saxlaması barədə etimad doğuran qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 04 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 74-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 5(002)-39/2022 saylı qərarından görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 04 fevral 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki Yasər İbadovun 04 fevral 2022-ci il tarixli, Ə13-071-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl sonuncuya, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə kakos, psixotrop maddə şüşə və psixotrop maddə tərkibli dərman preparatlarının olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torbanın içərisində narkotik vasitə kakos, psixotrop maddə şüşə və psixotrop maddə tərkibli dərman preparatlarının olmasını, narkotik vasitə kakosu 20 manata, psixotrop maddə olan şüşəni 360 manata 30.01.2022-ci il tarixdə üzdən tanıdığı adını bilmədiyi qadından Ələt qəsəbəsi ərazisində aldığını, öz şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Həmin torbaya baxış keçirildikdə, 03 ədəd sellofan kəsiyindəki bükümlər açılmış, bükümlərdən birində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, digər iki ədəd sellofan kəsiyindəki bükümdə isə ağ rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Bundan başqa, sellofan torbanın içərisindən 06 ədəd dərman preparatı da aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin dərmanların da ona məxsus olduğunu, beş gün əvvəl yaşadığı küçədə Şəmsi adlı şəxslə şüşə ilə dəyişdiyini və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş dərman preparatları və bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 37-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2022-ci il tarixli 6/721 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi..” yazısı və imzalar olan paketdəki -2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 16,168 qr və 0,27qr, ümumi təmiz çəkisi 16,442qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -1(bir) ədəd bükümdə təmiz çəkisi 0,016qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -4 ədəd kəsilmiş konvalyutdakı üzərində “Tramadol 50” markalanma göstəricisi olan, ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 4 ədəd kapsulda tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 0,2 qramdır (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,05 qram tramadol hidroxloridin olmaqla). Tramadol hidroxloridin tərkibli kapsullar xarici görünüşünə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. -bir ədəd üzərində “Atarax” yazısı olan konvalyutdakı ağ rəngli həb və bir ədəd qırmızı-narıncı rəngli kapsuldaki ağ rəngli maddədə narkotik, psixotrop və güclü təsir edən maddələrin komponentləri yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in və metamfetamin " Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Tramadol hidroxlorid 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Cinayət işinin 48-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 fevral 2022-ci il tarixli DVD diskə baxış keçirmə haqqında protokoldan görünür ki, 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan şəffaf sellofan torbanı masanın üzərinə qoyaraq, həmin sellofanda narkotik vasitə və psixotrop maddə olduğunu bildirir. Həmin sellofan bağlama açıldıqda içərisindən ayrı-ayrılıqda 2 (iki) ədəd şəffaf polietilen bükümdə ağ rəngli kristallardan ibarət maddə, 1 (bir) ədəd şəffaf polietilen bükümdə qəhvəyi rəngli toz şəklində maddə və 5 ədəd kəsilmiş konvalyutda dərmanlar və 1 ədəd qırmızı-narıncı rəngli kapsul aşkar olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin 2 ədəd bükümdəki maddənin (şüşə) psixotrop maddə olan metamfetamin, 1 ədəd bükümdəki maddənin (kakos) narkotik vasitə olan heroin, dərmanların isə ağrıkəsici psixotrop tərkibli olmasını, öz isfadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra həmin bükümlər və dərman preparatlar zərfə qoyulub möhürlənərək götürülmüşdür. Cinayət işinin 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş 11 iyul 2022-ci il tarixli, 071-1990-122 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs metamfetaminlə tramadolu barter etdiyi Şəmsi adlı şəxs – Şahid4 olduğu müəyyən edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 aprel 2022-ci il tarixli Azerfon MMC-dən göndərilmiş CD diskə baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan SMS mətnlərinə və zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ilə Şahid4 istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında həm SMS, həm də zəng əlaqələri olması müəyyən edilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş 15 aprel 2022-ci il tarixli, ***-******* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və külli miqdarda psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayevin 20 aprel 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,006 qram narkotik vasitə heroin, 16,292 qram metamfetamin və 3 kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı maddi sübut kimi tanınaraq, saxlanılması üçün Qaradağ RPİ-nin NH-nə təhvil verilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Kamran Zülfüqarovun 13 mart 2022-ci il tarixli qərarı ilə Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 02 aprel 2022-ci il tarixli, 1379 №-li məktubdan görünür ki, Şahid4 2018-ci ildən Kannabioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Sonuncu dəfə 05.03.2022-ci il tarixində xəstəyə Tramadol 50 mg-20 kapsul preparatı təyin edilmişdir. Cinayət işinin 120-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayevin 20 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərarından görünür ki, iş üzrə Şahid4 əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılmalı və ********* saylı cinayət işinə birləşdirilməsi qərara alınmışdır. Cinayət işinin 130-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayevin 20 aprel 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psxiotrop maddənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, yalnız narkotik vasitənin və güclü təsiredici dərmanların istifadəçisi olduğunu, satışını həyata keçirmədiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli və Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, «metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanunda qeyd edilmişdir ki, tərkibində “tramadol hidroxlorid” olan dərman vasitələrində (100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)tsikloheksan-1-ol hidroxlorid) “tramadol hidroxlorid”in miqdarı 6 qramdan çox olduqda külli miqdar hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 fevral 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 106-111-ci vərəqələrində olan Qaradağ rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli, 1(002)-29/2017 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 12 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən daxil olmuş 02 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-cü maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhküm olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməli ehtiyatsızlığından törədildiyindən cinayətin residivini yaratmır, lakin məhkumluğu ödənilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə əsas cəzası icra edilmədiyindən, hazırki hökmlə təyin edilmiş cəzadan müstəqil icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cinayət işinin 68-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı - 14.08.2009-cu il təvəllüdlü X1, 04.09.2015-ci il təvəllüdlü X6 və bir yetkinlik yaşına çatmayan 20.07.2007-ci il təvəllüdlü X4 vardır. Cinayət işinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 fevral 2022-ci il tarixli, 1874 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 fevral 2022-ci il tarixli, 730 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4.-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 20-ci vərəqəsində olan 04 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədovun 06 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 71-ci vərəqəsində olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 06 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 20 may 2022-ci il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,006 qram narkotik vasitə heroin, 16,292 qram metamfetamin və 3 kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək olan 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə təyin 02 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,006 qram narkotik vasitə heroin, 16,292 qram metamfetamin və 3 kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar