Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1106/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X5 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları - kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 13 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 15 mart 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə təxminən saat 12:40 radələrində yaşadığı ünvan 4 nömrəli fərdi yaşayış evinin həyətində qaynanası Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində mübahisə etmiş, yaranmış mübahisə zamanı qəsdən sonuncunun sifətinin sol tərəfinə bir dəfə sillə zərbəsi vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sağ bazu oynağının kəskin nəzərə çarpan kontraktura (hərəkət məhdudluğu) ilə müşaiyət olunan sağ bazu sümüyünün oynaqdaxili qapalı, qəlpəli, yerini dəyişən sınığı ilə nəticələnən, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin davamlı itirilməsinə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun həyat yoldaşıdır. Onlar 2008-ci ildə ailə qurmuş, birgə nikahdan 2 azyaşlı uşaqları vardır. Şəmsiyə ilə birlikdə 06 noyabr 2020-ci tarixə qədər Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sabir küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində yaşamışlar. Onların münasibətləri əvvəlcə normal olmuş, sonradan ailədə söz-söhbət yaranmağa başlamışdır. 06 noyabr 2020-ci tarixdə gecə saat 04 radələrində yatdığı zaman taqqılıtı səsinə yuxudan ayılmış, əsəbləşdiyindən arvadı ilə aralarında mübahisə yaranmışdır. O, əsəblərini cilovlaya bilməyib Şəmsiyənin sifət nahiyəsinə bir neçə sillə zərbəsi vurmuş, daha sonra yatmışdır. Həmin gün saat 12:30 rədələrində həyətin qapısının döyüldüyünü görüb arvadına həyətin qapısını açmağı tapşırmış, bu zaman atası Zahid evdən həyətə çıxıb küçəyə açılan qapını açmışdır. Həmin vaxt digər küçə qapısının da döyüldüyünü görüb özü də həmin qapını açmış, Səngəçal qəsəbəsinin post-patrul xidmətinin iki nəfər əməkdaşının küçədən həyətə baxdıqlarını görmüşdür. Polis əməkdaşları evdə nə baş verdiyini soruşmuş, o isə, heç bir hadisə baş vermədiyini bildirmişdir. Polis işçiləri xidmətdə olduqları zaman qaynanası Məharət xanımın onlara yaxınlaşıb, kürəkəninin onun qızını döyməsi barədə şikayət etdiyini demişlər. Bu zaman Şəmsiyənin anası Məharət küçədə dayanıb nə üçün onun qızını incitdiyini soruşaraq narazılığını bildirmiş, qızını evlərinə aparmağa gəldiyini söyləmişdir. Atası qaynanası Məharətə demişdir ki, burada heç nə baş verməyib, sakitləşsin, evə daxil olsun. Polis əməkdaşları ailə söhbəti olduğunu, hər hansı bir xoşagəlməz hadisənin baş vermədiyini görüb çıxıb getmişlər. Məharət yenə də Şəmsiyəni aparmağa gəldiyini deyərək onunla mübahisəsini davam etdirmişdir. Atası onlardan aralanıb polis işçilərinin arxasınca küçəyə çıxmışdır. Məharət onun yaşadığı evin həyətində dayanıb, uca səslə danışaraq nə üçün qızını döydüyünü soruşmaqda davam etmiş, o da, qaynanasına sakitləşməyi və evə daxil olmağı məsləhət görmüşdür. Lakin Məharət sakitləməyib bir az da qızışmış və ona qarğış etməyə başlamışdır. O, Məharətə yaxınlaşıb çiynindən tutub sakit olmasını demiş, sonuncu, qızını nə üçün döydüyünü təkrar soruşaraq onun sifətinə bir dəfə sillə vurmuşdur. O da, əlinin arxası ilə Məharətin sinəsinə yavaşca vurub özündən aralaşmağını istəmişdir. Bu zaman Məharət sağ qolu üstə yerə yıxılmış və sonra deyəsən qolunun sındığını demişdir. Həmin vaxt atası Zahid həyətə daxil olub Məharətin yerə yıxıldığını görmüş və ona yaxınlaşıb kömək edərək ayağa qaldırmışdır. Atası Məharətin əsəbi olduğunu, özündən çıxmasını görüb söz-söhbətin daha da uzanmaması üçün Şəmsiyəyə hazırlaşmağı tapşırmış və onları öz maşını ilə evlərinə aparacağını söyləmişdir. Sonra atası öz avtomoibili ilə arvadı Şəmsiyəni, oğlu Hakimi və qaynanası Məharəti evlərinə aparmışdır. Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq bildirmişdir ki, o, 06 noyabr 2020-ci il tarixdə saat 12:40 radələrində qaynanası Zərərçəkmiş şəxs sifətinə deyil, əlinin arxası ilə sinəsinə yavaşca bir dəfə vurub ondan aralaşmasını demiş, qaynanası da yerə sağ qolu üstə yerə yıxılaraq qolu sınmışdır. Qaynanası Məharət həyətdə hay-küy salanda atası Zahid həyətdə olmuş, lakin qaynanası yerə yıxılan zaman atası küçəyə çıxmışdır. Zərərçəkmiş şəxs sinəsinə əlinin arxası ilə zərbə vuranda həyətdə arvadı Şəmsiyə də olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Şəmsiyə onun böyük qızıdır, 2008-ci ildə Təqsirləndirilən şəxs ərə getmişdir, həmin nikahdan onların 2 azyaşlı övladları vardır. Qızı və kürəkəni 06 noyabr 2020-ci il tarixə kimi ünvan 4 ünvanında yaşamışlar. Rəşad qızı Şəmsiyə ilə ailə qurduqdan sonra əvvəllər münasibətləri normal olsa da, sonradan isə Rəşad Şəmsiyəni qısqanmağa başlamış və buna görə tez-tez söz-söhbət yaranmışdır. 06 noyabr 2020-ci il tarixdə təxminən saat 11 radələrində o, evdə olarkən şəhər telefonuna zəng gəlmiş, zəng vuran qızı Şəmsiyə olmuşdur. Qızı ona demişdir ki, Rəşad gecə onu möhkəm döymüş, onu yenidən döyəcəyini bildirmiş, buna görə də Şəmsiyə polislərlə onlara gəlib onu evlərinə aparmağını istəmişdir. O, DİN-nin 102 xidmətinə zəng vurub qızının döyülməyi barədə məlumat vermiş və Şəmsiyənin yaşadığı evə getmişdir. Yolda Səngəçal qəsəbəsində xidmət edən iki nəfər polis əməkdaşına rast gəlmiş və onlara qızının kürəkəni Rəşad tərəfindən döyüldüyünü bildirmiş, onunla birlikdə həmin ünvana getməyi xahiş etmişdir. O, polis nəfərləri ilə birlikdə həmin gün təxminən saat 12:30 radələrində qızı Şəmsiyənin Rəşad ilə yaşadığı evin həyətinə getmişdir. Rəşad polis işçilərini görüb onlarla birlikdə həyətə gəlməsinə görə Şəmsiyəyə irad bildirmiş, Şəmsiyə Rəşada onu evdən öz evlərinə aparması barədə anasına məlumatı özünün verdiyini demişdir. Rəşad əri Atamalı gəlməsə, Şəmsiyənin heç yerə getməyəcəyəyini söyləmişdir. Polis əməkdaşları baş verənlərin ailə söhbəti olduğunu görüb çıxıb getmişlər. Rəşad polis işçilərinin getməsini görüb onunla mübahisə etməyə başlamışdır. O, Rəşada qızını döyməyi ilə bağlı öz iradını bildirəndə, Rəşad gecə Şəmsiyəni döyüb pis günə saldığını, onu da pis hala sala biləcəyini demişdir. Bu sözləri deyəndən sonra Rəşad gözləmədiyi halda sağ əli ilə onun sol tərəf sifət nahiyəsinə bir sillə vurmuş və o, zərbənin təsirindən müvazinətini saxlaya bilməyib sağ qolu üstə yerə yıxılmışdır. Bir anlıq o, huşunu itirmiş və sonra özünü toparlayıb ayağa qalxmışdır. Bu zaman qolunda şiddətli ağrı olduğunu hiss etmiş və qolunun sındığını güman etmişdir. Daha sonra Rəşadın atası Zahid onu, qızı Şəmsiyəni və nəvəsi Hakimi idarə etdiyi avtomobillə yaşadıqları evə gətirmişdir. Həmin gündən qızı nəvələri ilə birlikdə onun evində yaşayırlar. Yaşadığı evdə olarkən qızı Şəmsiyədən gecə nə baş verməsini soruşmuş və qızı ona bildirmişdir ki, 06 noyabr 2020-ci il tarixdə saat 04 radələrində digər yataq otağında yatan əri Təqsirləndirilən şəxs yataq otağına gəlib onu yuxudan oyatmış, evdən taqqıltı səsi gəldiyini deyib onun haradan gəldiyini soruşmuşdur. Qızı Rəşada demişdir ki, yatdığını və heç yerdə gəlmədiyini bildirmiş, sonra evdəki saatın yanı üstə aşdığını görüb Rəşada demişdir ki, saat aşdığı üçün yəqin taqqıltı səsi gəlmişdir. Rəşad onu öz yataq otağına çağırıb onu pozğunçuluqda günahlandırmağa başlamış, daha sonra Şəmsiyənin başına və sifətinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, Şəmsiyə zərbələrin təsirindən yerə yıxılmış və həmin vaxt Rəşad onun qarın nahiyyəsinə də bir neçə dəfə təpik zərbəsi vurmuşdur. Rəşad Şəmsiyəyə demişdir ki, onu iki gün bu formada döydükdən sonra öləcəkdir. Zərərçəkmiş şəxs suallara cavab olaraq həmçinin bildirmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs 06.11.2020-ci il tarixdə təxminən saat 12:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Şabir küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin həyətində onun sifətinin sol tərəfinə bir dəfə sillə zərbəsi vurmuş, zərbənin təsirindən o, yerə yıxılmış və sağ qolu sınmışdır. Həmin vaxt yanlarında qızı Şəmsiyə və Rəşadın atası Zahid olmuşdur. Dava-dalaş mübahisə ilə birlikdə təxminən 5-6 dəqiqə davam etmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində Rəşada öz iradını bildirərkən və mübahisə yaranarkən səs-küyə qonşulardan həyətə heç kim gəlməmişdir. Hazırda Rəşadla barışmamışdır, belə bir fikri də yoxdur. Ona görə də, Rəşadın qanuna müvafiq şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2008-ci ildə Təqsirləndirilən şəxs Zahid oğluna ərə getmiş, onların həmin nikahdan 2 azyaşlı övladları vardır. Həmin vaxtdan 06 noyabr 2020-ci il tarixə kimi Rəşadın Səngəçal qəsəbəsi, Sabir küçəsi, 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Rəşad onunla ailə qurduqdan sonra ailədə münasibətlər normal olmuş, sonradan isə Rəşad onu qısqanmağa başlamış və evdə qısqançlıq üstündə tez-tez söz-söhbət olmuşdur. Hətta 2020-ci ilin avqust ayında da Rəşad onu pozğunçuluqda günahlandırıb onu döymüş, lakin ailənin dağılmasını istəmədiyi üçün polisə şikayət etməmişdir. 06 noyabr 2020-ci il tarixdə təxminən saat 04 radələrində digər yataq otağında yatan əri Rəşad onun uşaqlarla yatdığı otağa gəlib yuxudan oyatmış, evdən taqqıltı səsi gəldiyini deyərək onun haradan gəldiyini soruşmuşdur. O, Rəşada heç yerdən gəlmədiyini, yatağında yatdığını bildirmiş, sonra evdə olan saatın yanı üstə aşdığını görmüş və başa düşmüşdür ki, saat aşdığı üçün taqıltı səsi gəlmişdir. Bu barədə Rəşada da demişdir. Lakin Rəşad onu öz yataq otağına çağırıb pozğunçuluqda günahlandırmağa başlamış, buna görə söz-söhbət daha da böyümüşdür. Rəşad daha da qızışıb onun üstünə gəlmiş, başına, sifətinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. O, zərbələrin təsirindən yerə yıxılmış və həmin vaxt Rəşad onun qarnına da bir neçə dəfə təpik zərbəsi vurmuşdur. Rəşad ona demişdir ki, iki gün bu formada döyüldükdən sonra o, öləcəkdir. Daha sonra Rəşad ona demişdir ki, otaqdan çölə çıxmasın, sonra özü yatmış, o isə, ağrıdan yata bilməmişdir. Səhər saat 10 radələrində Rəşad yuxudan ayıldıqdan sonra ayaqyoluna getmiş, o da, fürsətdən istifadə edib valideynlərinin yaşadığı evə şəhər telefonu ilə zəng etmiş və anasına Rəşadın gecə onu möhkəm döydüyünü, yenidən döyəcəyini söyləmiş və polislərlə gəlib onu aparmağını istəmişdir. Həmin gün təxminən saat 12:30 radələrində anası Məharət polis işçiləri ilə birlikdə yaşadıqları evin həyətinə gəlmişlər. Rəşad polisləri görüb onlarla birlikdə anasını evə kimin çağırdığını soruşmuş, o da, anasına gəlib onu aparması barədə məlumatı özünün verdiyini bildirmişdir. Rəşad atası Atamalı gəlməyənə qədər, onun heç yerə gedə bilməyəcəyini söyləmişdir. Polis əməkdaşları baş verənlərin ailə söhbəti olduğunu görüb çıxıb getmişlər. Rəşad polis işçilərinin getməsini görüb anası ilə sözlə mübahisə etməyə başlamışdır. Anası Rəşada onu döyməyi ilə bağlı öz iradını bildirəndə, Rəşad sağ əli ilə anasının sol tərəf sifət nahiyəsinə bir sillə vurmuş və anası sağ qolu üstə yerə yıxılmışdır. Zərbənin təsirindən anası Məharət bir anlıq hüşunu itirmiş, sonra ayağa qalxıb demişdir ki, qolunda şiddətli ağrılar olduğunu, yəqin qolunun sındığını bildirmişdir. Daha sonra qaynatası Zahid onu, anası Məharəti və oğlu Hakimi idarə etdiyi avtomobillə yaşadıqları evə gətirmişdir. Məhkəmə iclasında dindirilən şahid X1 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadı, Şahid1 isə böyük qızıdır. Şəmsiyə 2008-ci ildə Təqsirləndirilən şəxs ərə getmiş, həmin nikahdan 2 azyaşlı övladları vardır. 06 noyabr 2020-ci il tarixdə təxminən saat 11 radələrində o, evdə olmadığı zaman Şəmsiyə şəhər telefonuna zəng vurmuş, arvadı Məharətə ərinin gecə onu möhkəm döydüyünü və yenidən döyəcəyini söylədiyini bildirmiş, polislərlə gəlib onu evlərinə aparmağı xahiş etmişdir. Arvadı Məharət həmin gün Rəşadın Səngəçal qəsəbəsində yaşadığı evə getmişdir. Sonradan bildiyinə görə, orada Rəşad arvadı Məharətin sifətinin sol hissəsinə sillə vurmuş, zərbənin təsirindən Məharət yerə yıxılmış və nəticədə qolu sınmışdır. Bundan sonra qudası Zahid Məharəti, qızı Şəmsiyəni və nəvəsini yaşdıqları evə gətirmişdir. Onun arvadı Məharət heç vaxt paralic keçirməmiş və hadisə baş verən günə qədər arvadı Məharətin sağ qolunda problem olmamışdır. Rəşad həmin tarixdə arvadı Məharətə sillə vurub yerə yıxdıqdan sonra onun sağ qolu sınmış və bu günə qədər sağ qolu işləmir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 57-59). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması həyata keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qaynanası Zərərçəkmiş şəxs ünvan 4 nömrəli fərdi yaşayış evinin həyətində vurub yerə yıxaraq ona dərəcəsinə görə ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir (cild 1, iş vərəqi 79-83). Cinayət işinə əlavə edilmiş 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir (cild 1, iş vərəqi 165-167). Məhkəmə-tibbi ekspertizasının 11.03.2021-ci il tarixli 4/781 saylı rəyindən görünür Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ bazu oynağının kəskin nəzərə çarpan kontraktura (hərəkət məhdudluğu) ilə müşaiyət olunan sağ bazu sümüyünün oynaqdaxili qapalı, qəlpəli, yerini dəyişən sınığı bərk küt əşya təsirndən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi, 06.11.2020-ci il tarixdə törənə bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin davamlı itirilməsinə səbəb olduğundan ağır zərərvurmaya aiddir. Vət.Zərərçəkmiş şəxsmn bədənində aşkar edilmiş xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olur ki, həmin xəsarət müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs öz boyu hündürlükdən sürətlənmiş yıxılma nəticəsində törənməsi inkar olunmur (cild 1, iş vərəqi 154-157). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 30.03.2021-ci il tarixli 639 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 248-250). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24.09.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3, 69.3 və 69.4-cü maddələri nəzərə alınmaqla 1000 manat cərimə cəzasına məhkum edilmiş, hazırda həmin əmələ görə məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olması, əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, cinayət işinə əlavə olunmuş Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 08.04.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə təxminən saat 04 radələrində yaşadığı ünvan 4 nömrəli fərdi yaşayış evində arvadı Şahid1 döyüb ona sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş yuxarıda qeyd olunan əmələ görə yaranmış məhkumluq Təqsirləndirilən şəxs münasibətdə cinayətin residivini yaratmır. Bununla belə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda qeyd olunan hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 4 (dörd) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 08.04.2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası tam toplanılmaqla birləşdirilməli, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulub saxlandığı 13 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adı çəkilən şəxs həmin tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 08.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 08.04.2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası tam toplanılmaqla birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1106/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1106/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver