Məhkəmə qərarları › İş №1(101)-1106/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1106/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1106/2022 30.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 04 avqust 1982-ci ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi 4-də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə etdiyi əşya tətbiq etməklə, şəxsin həyatı və sağlamlığıüçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin Bakı Vaqon Təmiri Zavodunda gözətçi işləyən Zərərçəkmiş şəxs fərdi qaydada pul dəyişmə fəaliyyəti ilə məşğul olduğunu vəüzərində daima pul gəzdirdiyini bilərək onu bir neçə ay izlədikdən sonra yaxşı fürsət yarandığını düşünüb, 17 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində Bakışəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X8 stansiyasının ərazisində Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu tanıdığını bildirmək üçün onun adını, əkiz oğullarının olmasını və ev ünvanını dəqiq dedikdən sonra cinayətkar niyyətini gizlətmək məqsədi ilə guya Zərərçəkmiş şəxs oğlunun onun bacısına sataşdığını bəhanə gətirərək qəsdən mübahisə yaratmış, həmin mübahisə zamanı mobil telefonunda Zərərçəkmiş şəxs övladının onun bacısına etdiyi zənglərin olmasını yalandan deyib öz mobil telefonunu ona verərək baxmasını istəmiş, Zərərçəkmiş şəxs oturaqlı vəziyyətdə mobil telefona baxarkən diqqətinin yayınmasından istifadə edib onun pulunu ələ keçirmək məqsədi ilə ona həyatı və sağlamlığıüçün təhlükəli zorakılıqla basqın edib yerdəki məişətdə istifadə olunan mişar daşı parçasını götürüb silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə vurub, ona baş beyinin sol alın payında hemorragik əzilmə ilə müşayiət olunan sol təpə, sol gicgah, sol təpə-gicgah nahiyələrinin və alın nahiyəsinin solda əzilmiş-cırılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs aldığı zərbələrdən müvazinətini itirərək yerə yıxılaraq sağəlin İ-barmağının və sağ baldır nahiyəsinin sıyrıqları, alın nahiyəsinin sağda qançır-şişkinliyi kimi dərəcələri təyin olunmayan xəsarətlər almasına səbəb olduqdan sonra Təqsirləndirilən şəxs sonuncunun əynindəki paltosunun içəri sol cibindən Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün rəsmi məzənnəsinə uyğun olaraq 312 manat təşkil edən 14000 Rusiya rublu, 51 manat təşkil edən 410 Türkiyə lirəsi, 17 manat təşkil edən 10 ABŞ dolları və 224 manat təşkil edən 3700 Ukrayna qrivnası olmaqla, ümumilikdə 604 manat məbləğində pul vəsaitlərini aşkar surətdəələ keçirib Zərərçəkmiş şəxs qarşı quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bu hadisəni törətməmişdən 6 ay əvvəl cəzaçəkmə müəssisəsindən azad olunmuş, Bakı şəhərində gündəlik kirayə evlərdə yaşamaqla fəhləlik edirdi. Dəmiryolu vağzalı yanında valyuta alveri ilə məşğul olan Zərərçəkmiş şəxs görərək onu qarət etmək qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin iyul ayının sonlarından Zərərçəkmiş şəxs izləməyə başlamış, harada yaşadığını, Həmidin Əkiz oğullarının olmasını, onun Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada yaşaduğunu, arabir qohumunun Xırdalan şəhərində işlətdiyi kafeyə getdiyini vəəksər hallarda üzərində müxtəlif ölkələrə məxsus pul vəsaitləri gəzdirdiyini öyrənmişdir. 17 yanvar 2022-ci il tarixdə saat 18:15 radələrindəZərərçəkmiş şəxs izləyərək sonuncu Bakı-Sumqayıt elektrik sərnişin qatarına mindikdə o, da həmin qatara minərək Həmidi güdməyə başlamış, Həmid X8 stansiyasında qatardan düşdükdə o da qatardan düşərək Həmidin arxasınca getmişdir. Həmid X8 stansiyasının ərazisində qaranlıq bir yerə çatdıqda Həmidə yaxınlaşıb ona “Həmid kişi” deyərək müraciət etmiş və onu tanıdığını, onun oğlanlarından birinin bacısına zəng edib narahat etdiyini, bu məsələni araşdırmaq üçün onunla görüşdüyünü demişdir. Zərərçəkmiş şəxs övladlarının tərbiyəli olmalarını, belə hərəkət etmələrinin mümkün olmamasını bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs fikrini yayındırmaq üçün öz mobil telefonunu ona təqdim edərək oradakı zənglərə baxmağı demiş, Həmidin başı telefona qarışdığı zaman yerdə olan kubik daşını qaldırıb Həmidin baş nahiyəsinə bir dəfə vurub onu yerə yıxmış, daha sonra isəəlini Həmidin paltosunun içəri sol cibinə salıb oradan 9000 Rus rublu, 410 Türk lirəsi, 10 ABŞ dolları və 3700 Ukrayna qrivini götürüb dərhal hadisə yerindən qaçıb getmişdir. Bundan bir gün sonra, 18 yanvar 2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən banka yaxınlaşıb orada 8000 Rus rublunu təxminən 150 manata dəyişmiş, qalan pulları isə, yəni 1000 Rus rublu, 410 Türk lirəsi, 10 ABŞ dolları və 3700 Ukrayna qrivinini həmin bankla üzbəüz yerləşən valyuta mübadiləsi məntəqəsinə verib oradan da təxminən 230 manata yaxın məbləğdə milli pul almış, həmin pulları öz ehtiyaclarına xərcləmişdir. 25 yanvar 2022-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü ilk dəfə görmüşdür. Onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmçinin övladlarının da Təqsirləndirilən şəxslə heç bir ədavəti və düşmənçilikləri olmamışdır. O, dəmiryolçudur, bununla yanaşı Bakı dəmir yolu vağzalının yanında az məbləğdə xarici pul vahidlərinin manata və yaxud əksinə dəyişərək çörək pulu qazanırdı. 17 yanvar 2022-ci il tarixdə saat 18:15 radələrində Bakı dəmir yolu vağzalından X8 stansiyasına işlədiyi «X8 Şimal Deposu»-na getmək üçün enmiş və piyada relslərin kənarı ilə getmişdir. Bir qədər getdikdən sonra əvvəllər tanımadığı, lakin hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs ona yaxınlaşıb “Həmid kişi” deyərək onu tanıdığını,onun oğlunun bacısına zəng edib narahat etdiyini bildirmişdir. O, isə Samirə cavab vermişdir ki, onun iki oğlu var, ikisi də tərbiyəli və mədəni uşaqlar olmaqla belə iş görə bilməzlər. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonunu ona uzadaraq oğlunun nömrəsinə baxmasını təklif etmişdir. O, həmin mobil nömrələrə baxıb Samirə nömrələrin onun oğlanlarına aid olmadığını demiş, lakin Samir mobil telefonunu ona uzadaraq oturub həmin mobil nömrələrə diqqətlə baxmağını istəmişdir. O, oturaqlı vəziyyətdə həmin mobil telefona baxarkən başından zərbə dəymiş, o, huşunu itirib yerə yıxılmışdır. Səsə yaxınlıqdakı iş yerindən iş yoldaşları gələrək ona kömək etmişlər. Ayağa qalxdıqda əlini paltosunun içəri sol cibindəolan 14000 Rus rublu, 410 Türk lirəsi, 10 ABŞ dolları və 3700 Ukrayna qrivinin olmadığını görmüşdür. Başa düşmüşdür ki, həmin pulları Təqsirləndirilən şəxs aparmışdır. Həmin pullardan ona heç nə qaytarılmamış, pullarını geri tələb edir və Təqsirləndirilən şəxs layiqli cəza verilməsini tələb edir. Məhkəmə iclasında qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə onun atasıdır. O, heç vaxt Təqsirləndirilən şəxs bacısına və yaxud başqa bir qohumlarına zəng etməmişdir. 17 yanvar 2022-ci il tarixdə saat 20:20 radələrində o, əkiz qardaşı Şahid2 ilə birlikdə yaşadıqları evin yaxınlığında olarkən atası Zərərçəkmiş şəxs ona zəng edərək tanımadığışəxs tərəfindən ona xəsarət yetirildiyini və təcili yardım vasitəsi ilə X6 aparıldığını bildirmişdir. O, qardaşı ilə dərhal X6 getmiş, xəstəxanada məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X8 stansiyasının ərazisində naməlum şəxs atasının üzərində olan pullarıələ keçirmək üçün daş parçası ilə onu vurub xəsarət yetirərək yerə yıxmış vəüzərində olan pulları götürərək qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə onun atasıdır. 17 yanvar 2022-ci il tarixdə saat 20:20 radələrində o, əkiz qardaşı Şahid1lə yaşadıqları evin yaxınlığında olarkən atası Ağayev X4 zəng edərək tanımadığı şəxs tərəfindən vurulduğunu, hal-hazırda X2 bildirmişdir. O, qardaşı Əkbərlə birlikdə X6 getmiş və orada atasının sözlərindən bilmişdir ki, həmin gün X8 stansiyasının ərazisində naməlum şəxs atasının üzərində olan pullarıələ keçirmək üçün daş parçası ilə onu vurub xəsarət yetirərək yerə yıxmış vəüzərində olan pulları götürərək qaçmışdır. O, heç vaxt Təqsirləndirilən şəxs bacısına və yaxud başqa bir qohumlarına zəng etməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu saxladıqları vaxtdan tanımışdır. Belə ki, idarəyə dəmiryol işçisi Zərərçəkmiş şəxs üzərinə bir nəfər şəxsin basqın etməsi və başından mişar daşı ilə vurub xəsarət yetirməsi barədə ərizəsi daxil olmuşdur. Hadisə Biləcəri dəmiryol stansiyasının ərazisində baş vermişdir. Biləcəri Dəmiryol polis şöbəsinin əməkdaşlarının köməyi ilə onu 25 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov parkında saxlayıb istintaqa təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu saxladıqları vaxtdan tanımışdır. Belə ki, idarəyə dəmiryol işçisi Zərərçəkmiş şəxs üzərinə bir nəfər şəxsin basqın etməsi və başından mişar daşı ilə vurub xəsarət yetirməsi barədə ərizəsi daxil olmuşdur. Hadisə Biləcəri dəmiryol stansiyasının ərazisində baş vermişdir. Təqsirləndirilən şəxs müəyyən edilməsi və saxlanılmasında şəxsən iştirak etmiş, Biləcəri Dəmiryol polis şöbəsinin əməkdaşlarının köməyi ilə onu 25 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov parkında saxlayıb istintaqa təhvil vermişlər. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış” protokolundan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X8 stansiyasının ərazisi olmaqla, "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin Bakı vaqon təmiri zavodunun inzibati binasının yaxınlığıdır. Baxış keçirilən yerdə təmir yolunun üzəri və ətrafında qanabənzər ləklər aşkar edilmiş, həmçinin həmin təmir yolunun yan tərəfində yerdə bir ədəd üzərində qanabənzər ləkələr olan mişar daşı parçası aşkar olundu. Həmin mişar daşının uzunluğu 21 sm, eni 17 sm və hündürlüyü 18 sm-dır. Üzərində qanabənzər ləkələr olan bir ədəd mişar daşı parçası aşkar edilərək götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilməklə foto cədvəl protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs 18 yanvar 2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 17 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində X8 stansiyasının ərazisində tanımadığı bir şəxs ona yaxınlaşıb, adını çəkərək əkiz oğullarını və yaşadığı ünvanı tam dəqiqliklə deyərək, oğlunun onun bacısına sataşdığını bildirmişdir. O buna inanmayıb həmin şəxsə etiraz etmiş, həmin şəxs mobil telefonunu çıxarıb ona mobil nömrələri göstərib, həmin nömrələrin oğluna məxsus olduğunu dedikdə, o həmin mobil nömrələrə baxıb bunu inkar etmiş, bu zaman həmin şəxs yerdən götürdüyü daş parçası ilə onun baş nahiyəsinə vurub, yerə yıxdı və əynindəki paltonun içəri sol cibindən ümumilikdə 540 manat məbləğində pul götürüb qaçmışdır, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN NBPİ DYNPİ-nin Biləcəri stansiyasının xətt polis şöbəsinin xx.xx.2022-ci il tarixli 3/2-210-227-1222 saylı məktubundan müəyyən olur ki,keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs qarşı cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılaraq Biləcəri st. XPŞ-nə gətirilib istintaqa təhvil verilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat qrupunun sabiq baş müstəntiqi polis mayoru Elnur Salmanov tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs hadisə yerindən götürülmüş daş parçası, ona oxşar digər 3 ədəd daş parçaları arasında təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin daşlar arasında 2 nömrəli daşı tanıyaraq həmin daşla Təqsirləndirilən şəxs başından vurub xəsarət yetirməsini bildirmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs digər 3 nəfər şəxsin arasında olmaqla tanınma üçün ona təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin sırada 3 nömrə də olmaqla dayanmış Təqsirləndirilən şəxs tanıyaraq məhz bu şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19 radələrində X8 stansiyasının ərazisində daş parçası ilə xəsarət aldığını və həmin şəxsin onun gözü qarşısında 540 manat pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf edərək hadisə yerində göstərmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra üzərindən götürdüyü xarici valyutada olan pulları dəyişdirdiyi bankı və valyuta dəyişmə məntəqəsinin yerini göstərmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli 613 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs dissosial tip şəxsiyyət pozuntusu müəyyən edilir, lakin ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir, Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Hadisə baş verən vaxt öz hərəkətlərini dərk etmək, hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli 104 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar olunmuş xəsarətlər- baş beyinin sol alın payında hemorragik əzilmə ilə müşaiyət olunan sol təpə, sol gicgah, sol təpə-gicgah və alın nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ əlin İbarmağının və sağ baldır nahiyəsinin sıyrıqları, alın nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən onun ilk tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə yəni xx.xx.2022-ci il tarixdə daş parçası ilə yetirilən zərbələr nəticəsində əmələ gələ bilərlər. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli, 188/2022-MBTŞ saylı məhkəmə-bioloji ekspertizasının ekspert rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ).-Ekspertizaya təqdim edilmiş bir ədəd mişar daşı parçası üzərində ləkədə insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanun qrup göstəricisi ABO sistemi üzrə tətbiq edildikdə «A» və «H» antigenləri, həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli 19/104 saylı əlavə məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar olunmuş xəsarətlər-baş beyinin sol alın payında hemorragik əzilmə ilə müşaiyət olunan sol təpə, sol gicgah, sol təpə-gicgah nahiyəsinin və alın nahiyəsinin solda əzilmiş-cırılmış yaraları, sağ əlin İ-barmağının və sağ baldır nahiyəsinin sıyrıqları, alın nahiyəsinin sağda qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən onun ilk tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə baş beyinin sol alın payında hemorragik əzilmə ilə müşaiyət olunan sol təpə, sol gicgah, sol təpə gicgah nahiyələrinin və alın nahiyəsinin solda əzilmiş-cırılmış yaraları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər, sağ əlin İ-barmağının və sağ baldır nahiyəsinin sıyrıqları, alın nahiyəsinin sağda qançır-şişkinliyi isə ümumilikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətlərdən sol təpə, sol gicgah, sol təpə-gicgah nahiyələrinin və alın nahiyəsinin solda əzilmiş-cırılmış yaraları ekspertizaya təqdim olunmuş və ona oxşar mişar daşı parçasının girintili-çıxıntılı səthi ilə yetirilən zərbələr nəticəsində əmələ gələ bilərlər. Sağ əlin İ-barmağının, sağ baldır nahiyəsinin sıyrıqları, alın nahiyəsinin sağda qançır-şişkinliyi isə mişar daşı parçası ilə yetirilən zərbədən sonra onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli xx/xx-1595 nömrəli məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «Alkoqol qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, arxiv məlumatlarına görə Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işində olan və məhkəmədə tədqiq edilən "xxxx" (Azərbaycan) ASC-nin xx.xx.2022-ci il tarixli “mübadilə əməliyyatlarının aparılması barədə” çıxarışından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs 8000 rus rublu 168,80 manata dəyişdirmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmlərin surətlərindən müəyyən olunur ki, o Bakı şəhəri, Yasamal rayonu Xalq məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, bundan savayı Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi 38-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir.Bundan savayı o ACDİÜ AR məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 180.3.3-cü maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum edilmiş, bundan savayı ACDİÜ AR məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 304.1, 181.2.2, 66.3 və 67-ci maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bundan savayı o Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 180.3.3, 76.6, 67.1-ci maddələri ilə 09 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixli Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə əməli CM-nin 180.3.3-cü maddəsindən CM-nin 180.2.1, 180.2.5-ci maddələrinə tövsif edilərək təyin edilmiş cəzası 07 ilə endirilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 06 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Belə olan halda müəyyən olunur ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini əvvəlki hökm üzrə 06 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad olunduğu tarixdən sonra , yəni 17 yanvar 2022-ci il tarixdə törətmiş, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı qurtardıqları gündən 02 il keçdikdə məhkumluqları ödənilmiş hesab oluna bilər.Təqsirləndirilən şəxs sonuncu az ağır cinayət əməlinə məhkumluğundan 02 il keçmədiyi üçün məhkumluğu ödənilməmiş və qəsdən az ağır cinayət törətməyə görə əvvəllər üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs kimi əməlində CM-nin 18.3.1-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi mövcuddur. CM-nin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivlərə görə cəzanın müddəti törədilmiş cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz.CM-nin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi zamanı xüsusi rejimli çəza çəkmə müəssisələrində cəzanı çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 181.2.5-cümaddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə etdiyi əşya tətbiq etməklə, şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı hadisə yerinin protokolu, cinayət alətin və cinayət hadisəsini törətmiş şəxsin tanınma protokolları, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təsdiq edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 7ci bəndinəəsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi əşyanı tətbiq etdiyi andan quldurluq cinayəti başa çatmışdır. Məhkəmə tərkibi hesab edirki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs subaydır, öhdəsində yetkinlik yaşına çatmayan övladları yoxdur, iş üzrə zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablamalı və o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1- 99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN NBPİ DYNPİ-nin Biləcəri stansiyasının xətt polis şöbəsin də saxlanılan 1 ədəd mişar daşı parçası məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “VERDİKTUM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinəəsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi oğlu üçün “VERDİKTUM” Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat nəfinə ödənilməlidir. Hökm də şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “25” yanvar 2022-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN NBPİ DYNPİ-nin Biləcəri stansiyasının xətt polis şöbəsin də saxlanılan 1 ədəd mişar daşı parçası məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 300 (üç yüz) manat) pul “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar