Məhkəmə qərarları › İş №1(101)-1106/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1106/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1106/2023 19.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:00 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda - 4216,45 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda - 1225,788 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində saxlamış, qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən bir ədəd bükümdə 16,450 qram çəkidə narkotik vasitə olan heroini və bir ədəd bükümdə 10,788 qram çəkidə psixotrop maddə olan metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:40-da Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - 16,450 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda - 10,788 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilmiş, daha sonra sonuncunun razılığı və iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən yaşadığı evinə 10 oktyabr 2022-ci il tarixdə saat 19:00-dan etibarən keçirilmiş baxış zamanı evin yataq otağında çarpayının alt hissəsindən onun qanunsuz olaraq satış məqsədi ilə əldə edib gizlətməklə saxlağı iki ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2130 qram və 2070 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 4200 qram təşkil edən narkotik vasitə olan heroin, bir ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar - 1215 qram təşkil edən psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Tutulmamışdan təxminən bir-iki ay əvvəl sosial şəbəkə vasitəsilə İran vətəndaşı Azər adlı şəxslə tanış olmuşdur. Azərlə telefonla əlaqə saxlayarkən sonuncu ona narkotik vasitə göndərməyi, onun da həmin narkotik vasitəni Azərin dediyi yerə çatdırmasını və əvəzində buna görə ona pul göndərəcəyini təklif etmiş, o da Azərin bu təklifi ilə razılaşmışdır. Ona görə də son bir neçə ay ərzində Azər onun adına olan "Kapital Bank”a məxsus plastik karta müxtəlif vaxtlarda onlayn ödəniş edərək pul göndərmişdir. 09 oktyabr 2022-ci il tarixdə Azər telefonda ona Yasamal rayonu ərazisində götürməsi üçün narkotik vasitə qoyduracağını, onun həmin narkotik vasitəni götürüb Bakı şəhəri ərazisində Azərin dediyi yerə qoymalı olduğunu bildirmiş, o da Azərlə razılaşmışdır. O, Azərin dediyi yerdən bağlamaları götürmüş və həmin bağlamaları evdə saxlamışdır. 10 oktyabr 2022-ci il tarixdə bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamini üzərində götürərək müəyyən yerə qoymaq, sonra da şəklini çəkib Azərə göndərmək üçün evdən çıxmışdır. Evinin yaxınlığında piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis olduqlarını bildirmişlər. Həmin polislər onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onun üçün vəkil çağırılmış, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərindəki qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o şalvarının sağ yan cibindən bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini, şalvarının sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd plastik bank kartını və şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sol cibindən 1 ədəd açar da aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş heroin və metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı həmin maddələri iranlı Azər adlı şəxsin göstərişi ilə tutulmamışdan bir gün əvvəl Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən Azərin dediyi ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Azər adlı şəxsin buna görə ona 2000 manat pul verəcəyini, Azəri təxminən 2 aydır tanıdığını, əvvəl də Azərdən narkotik vasitə götürdüyünü, həmçinin Nərimanov rayonunda yaşadığı evdə də narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin evə polislər tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evə baxış keçirilmişdir. Orada videoçəkilişlə baxış keçirilərkən ona evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, yataq otağında çarpayının alt hissəsindən 2 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metamfetamini və 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və möhürlənərək üzəri imzalanmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Etdiyi səhvi başa düşür, əməlindən səmimi peşmandır. Yalnız bir məsələ ilə razı deyil ki, əslində onda ümumilikdə təxminən 1 kq 300 qram narkotik vasitə olmalı idi, amma evdən onun nəzərində olan bu çəki deyil, daha artıq miqdarlar çıxmışdır. Ona görə də məhkəmədən bu halın da nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar narkotik vasitənin və psixotrop maddənin çəkisi ilə bağlı hissə istisna edilməklə etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 10 oktyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar çıxarılmış, onun rəhbərliyi ilə idarənin digər əməkdaşları Şahid2, Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar Təqsirləndirilən şəxs olması ehtimal edilən Nərimanov rayonu, X.R.Ulutürk küçəsinə yollanmışlar. 10 oktyabr 2022-ci il tarixdə saat 15:40 radələrində Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Onlar yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını deməyini təklif etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuş və müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı videoçəkilişdən istifadə edilməklə üzərinin yoxlanılacağı bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə heroinə bənzər maddəni və bir ədəd bükümdə metamfetaminə bənzər maddəni, şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd plastik bank kartını və şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və şalvarının sol yan cibindən 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr elektron tərəzidə çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və də Azərdən narkotik vasitə götürdüyünü, həmçinin Nərimanov rayonunda yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə yollanmışlar. Orada videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yataq otağında çarpayının alt hissəsindən 2 ədəd bağlamada heroinə bənzər, 1 ədəd bağlamada metamfetaminə bənzər maddələri və 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin və elektron tərəzinin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Azər adlı şəxsin göstərişi ilə tutulmamışdan 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Azər adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə sonuncunun ona 2000 manat pul verəcəyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir göstərilmədiyini bildirmişdir. Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, doğruluğu iştirakçəlar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 115-118). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən həmin maddələri İran vətəndaşı kimi tanıdığı Azər adlı şəxsin göstərişi ilə tutulmamışdan 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoyması müqabilində Azər adlı şəxsin ona 2000 manat pul verəcəyini, Azər adlı şəxsi təxminən 2 aydır ki, tanıdığını, əvvəl də Azərdən narkotik vasitə götürdüyünü, həmçinin Nərimanov rayonunda yaşadığı evdə də narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34). Evə baxış keçirilməsi və götürmə haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən nömrəsiz fərdi evə sonuncunun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yataq otağında çarpayının alt hissəsindən 2 ədəd bağlamada heroinə bənzər, 1 ədəd bağlamada metamfetaminə bənzər maddələri və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı həmin maddələrin və elektron tərəzinin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Azər adlı şəxsin göstərişi ilə tutulmamışdan 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Azər adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə sonuncunun ona 2000 manat pul verəcəyini, Azər adlı şəxsi təxminən 2 aydır ki, tanıdığını, əvvəl də Azərdən narkotik vasitə götürdüyünü, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 37-39). Məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 6/5845 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №7 “dairəvi möhür əksləri olan bir ədəd zərfdə və bir ədəd polietilen torbada: - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 16,450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 10,788 qram olan ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və bir ədəd elektron tərəzi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbadakı iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2130 qram, 2070 qram, ümumi təmiz çəkisi 4200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bağlamada təmiz çəkisi 1215 qram olan ağ rəngli kristallik maddə - kustar üsula hazırlanmış psixotrop maddə - metamfetamindir.Təqdim olunmuş bir ədəd bükümdə və iki ədəd bağlamada olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim olunmuş bir ədəd bükümdə və bir ədəd bağlamada olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4216,300 qram, metamfetaminin qalıq çəkisi 1225,688 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-51). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 dekabr 2022-ci il tarixli 7834 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 123-124). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 25 oktyabr 2022-ci il tarixli 10091 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 106). İbtidai istintaq orqanının 23 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 141-142). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 97). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs onda olan narkotik vasitənin təxminən 1 kq 300 qram olması barədə məhkəmədə verdikləri ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şəxsi axtarış və yaşayış sahəsinə baxış protokolları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin miqdarı ilə bağlı bildirdiyi xüsusat üzrə nəticəyə gələrkən həm də vurğulayır ki, iş üzrə tədqiq edilmiş məlumatlar, sənədlər və digər dəlillərin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına hər hansı şübhələr yoxdur. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə əldə edilmiş sübutların yoxlanılması və qiymətləndirilməsi prosesinin məntiqi nəticəsi olaraq təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərini ittihamda irəli sürülmüş həcmdə törətməsinin tam təsdiq olunduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 84-88). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4216,300 qram təşkil edən heroin, qalıq çəkisi 1225,688 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47, 186). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4216,300 qram təşkil edən heroin, qalıq çəkisi 1225,688 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar