Məhkəmə qərarları › İş №1(101)-1107/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1107/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1107/2025 24.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Masallı rayonu, Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 (7 mart 2025-ci il tarixədək qüvvədə olmuş) və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən Maçete tipli və bir ədəd soyuq silah hesab edilən ov bıçağını, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil edilən 5,795 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, eləcə də 1 ədəd 124346 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1955-ci ildə istehsal edilmiş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfənginin kəsiyi olan texniki cəhətdən saz, atəş üçün yararlı yivsiz ov tüfəngini qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı ünvan 3 ünvanında saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə saat 17:25-də yuxanda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 19:28-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 5,795 qram olan psixotrop maddə metamfetamin, belinin sağ və sol nahiyəsindən bir ədəd soyuq silah hesab edilən Maçete tipli bıçaq və bir ədəd soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 15 noyabr 2024-cü il tarixdə saat 21:04dən etibarən Təqsirləndirilən şəxs Camai oğlunun yaşadığı ünvan 3 ünvanına keçirilən baxış zamanı həmin mənzilin dəhlizində 12 sağ tərəfdə olan dolabdan 1 ədəd 124346 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1955-ci ildə istehsal edilmiş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfənginin kəsiyi olan texniki cəhətdən saz, atəş üçün yararlı yisvsiz ov tüfəngi aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 15 noyabr 2024-cü il tarixdə saat 21:04-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına keçirilən baxış zamanı həmin mənzilin dəhlizində sağ tərəfdə olan dolabdan 1 ədəd 124346 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1955-ci ildə istehsal edilmiş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfənginin kəsiyi olan texniki cəhətdən saz, atəş üçün yararlı yisvsiz ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 noyabr 2024-cü il tarixdə qəssab fəaliyyəti ilə məşqul olmaq üçün nəzərdə tutulmuş 2 ədəd bıçağı ünvan 5 ünvana itiləməyə aparmışdır. İşini bitirdikdən sonra həmin ünvandan çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman polis əməkdaşları ona evində ov tüfəngi olduğunu bildirmişlər. O, ov tüfənginin babasından yadigar qaldığını və həmin ov tüfəngini onlara təqdim edə biləcəyini demişdir. Polis əməkdaşları bir qədər səbirli olmağını bildirib, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarənin otaqlarının birində polis əməkdaşları qabağına 1 büküm narkotik vasitə qoyub həmin bükümün də ona məxsus olduğunu bildirmişlər. O, etiraz etmiş və bükümün ona məxsus olmadığını bildirmişdir. Bir qədər müdahisədən sonra polis əməkdaşları həmin bükümü öz üzərinə götürməyəcəyi halda, ov tüfəngini aşkar etmək məqsədi ilə evinə baxış keçirilən zaman həmin bükümün guya onun evindən çıxacağını bildirərək ona hədə-qorxu gəlmişlər və bir daha ondan həmin bükümü öz üzərinə götürməyini tələb etmişlər. O, hədə-qorxu nəticəsində məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının tələbi ilə razılaşmış və 1 ədəd bükümü öz üzərinə götürmüşdür. Polis əməkdaşları saxlanılan zaman onun üzərinə baxış keçirməmişlər. Üzərinə şəxsi axtarış idarədə keçirilmişdir. İdarədə üzərinə şəxsi axtarış keçirildikdən sonra evə baxış keçirmək məqsədi ilə Q.Qarayev prospekti, ev 93 mənzil 136-da yerləşən evinə getmişlər. Evdə polis əməkdaşları ona həmin vaxt evdə olan ailə üzvlərinə videoçəkilişin keçirilməsi məqsədi ilə evdən çıxmalarını bildirməyini tələb etmişlər. O, polis əməkdaşlarının tələbini yerinə yetirdikdən sonra videoçəkiliş vasitəsi ilə evə baxış keçirilmişdir. Həmin videoçəkilişdə guya onun qapını döydüyü və evdə heçkəsin olmadığı görsənir. Evə baxış zamanı 1 ədəd 16 kalibrli TOZ-B modelli ov tüfəngi aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərdi ki, ibtidai istintaq zamanı dindirilmişdir. Məcburiyyət qarşısında qalaraq narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Polis əməkdaşları ona hədə-qorxu gəlmiş, həmin bükümü öz üzərinə götürməyəcəyi təqdirdə bükümü onun evindən aşkar edəcəklərini bildirərək ona hədə-qorxu gəlmişlər. Güman edir ki, başqa şəxslərin yanında evində odlu silah olduğunu dediyi üçün nəticədə bu vəziyyətə gəlmişdir. Üzərindən aşkar olunan soyuq silahları o, qəssab fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etmişdir. Bəhruz Nuriyev küçəsi 14 ünvanında qəssab fəaliyyəti ilə məşğul olmuşdur. Qəssab fəaliyyətinə təzəlikcə başlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 2 ədəd bıçaq olduğunu etiraf etmişdir. Barəsində olan məlumat sırf evində ov tüfəngi saxlamağı olmuşdur. Psixoloji problemlərinə görə Maştağa qəsəbəsində yerləşən müəssisədə müalicə olunmuş və hərbi xidmətdə olmamışdır. Yaşadığı evdən 1 ədəd ov tüfəngi aşkar olunmuşdur. O, qəssab fəaliyyətinə hadisədən 2 ay qabaq başlamışdır. Qəssab fəaliyyəti ilə Bəhruz Nuriyev küçəsi 14 ünvanında məşğul olmuşdur. Qəssab işlədiyi ünvanda onunla birlikdə başqaları da işləyirdilər. İstifadə etdiyi bıçaqları 8-ci kilometrdə yerləşən bazarda itilətdirmişdir. Ov tüfəngini evin girişinin sağ hissəsində yerləşən dolabda saxlamışdır. Saxlanılan zaman üzərindən ov tüfənginə məxsus hər hansı bir hissə olmamışdır. O, heç vaxt narkotik vasitələrin heç bir növündən istifadə etməmişdir. Polis əməkdaşları ilə evə gələndə anası evdə olmuşdur. Yaşadığı ev kirayədir. Saat 17:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılandan təxminən 2-3 saat sonra evinə baxış keçirilmişdir. Özünü narkotik vasitə və soyuq silah ilə bağlı təqsirli bilmir. Odlu silahla bağlı özümü qismən təqsirli bilir. Polis əməkdaşları ona qarşı psixoloji təzyiq göstərmiş və nəticədə o, məcburiyyət qarşısında qalaraq onların tələbi ilə razılaşmışdır. Məhkəmədə onun adından elan olunan ifadə o, polis əməkdaşlarının psixoloji təzyiqi altında vermiş və həmin ifadəni oxumadan imzalamışdır. Cinayət işi materiallarında onun sonradan verdiyi ifadə olmalıdır. Saxlanılan zaman üzərində 1 ədəd balta və 1 ədəd bıçaq olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü il tarixdə saat 17:25 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 267 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda, eyni zamanda qanunsuz olaraq odlu və soyuq silah əldə edib daşımaqla özündə və yaşadığı ünvanda saxlamaqda şübhəli olduğunu bildirmiş, bu barədə haqqında qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində adını “patı” olaraq bildiyi psixotrop maddə, 2 ədəd bıçaq, yaşadığı ünvanda isə lülə və qundaq hissəsi kəsilmiş tüfəng saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, ona üzərindən narkotik vasitə, psixotrop maddə, qanunsuz hər hansı bir əşya və ya predmet varsa məlumat verməsi bildirilmişdir. O da həmin vaxt belində arxa hissədə 2 ədəd bıçaq və cins şalvarının sol yan cibində adını “patı” olaraq bildiyi psixotrop maddə olduğunu demişdir. Bundan sonra polis əməkdaşı bel nahiyyəsində saxladığı 2 ədəd bıçağı götürərək masanın üzərinə qoymuş, daha sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu, 1 ədəd siqaret qutusunu, şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibdən 1 ədəd yaşadığı mənzilin açarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşı tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanılmışdır. İlk əvvəl təqdim etdiyi 2 ədəd bıçağa baxış keçirilmiş və həmin bıçaqlardan birinin dəstəyinin ağ rəngli, qəhvəyi zolaqlı olması, metal hissəsinin qara rəngli kaburonun içərisində olması, üzərində hər hansı bir yazının olmaması, digər bıçağa baxış zamanı isə həmin bıçağın dəstəyinin qəhvəyi rəngli olması, metal hissəsinin üzərində yazılarının qeyd olunması, metal hissənin qara rəngli kaburonun içərisində olmasının müəyyən edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 2 ədəd bıçaq təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar və özü tərəfindən imzalanmış, daha sonra təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və sellofan bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə olması müşahidə edilmişdir. Üstündən aşkar olunmuş maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, üstünə əlavə şəxsi axtarış həyata keçirilsə də, hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üstündən aşkar olunmuş 2 ədəd bıçağı təxminən iki il əvvəl “Sədərək” Ticarət Mərkəzindən mağazadan aldığını və özünü müdafiə etmək məqsədi ilə üstündə gəzdirdiyini bildirmiş, üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddəni isə 14 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığından 50 manat qarşılığında aldığını, həmin maddəni sosial şəbəkə vasitəsilə əlaqə qurduğu, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini, “patı” adı ilə tanıdığı maddəni şəxsi istifadəsi üçün əldə edib üstündə saxlayaraq gəzdirdiyini, bu maddəni heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, eləcə də üstündən aşkar olunmuş maddədən heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra təqdim etdiyi 1 ədəd mobil telefona baxış keçirildiyini və baxış zamanı o, özünə məxsus “İphone” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmiş, sonda isə təqdim etdiyi 1 ədəd yaşadığı mənzilə aid açar və 1 ədəd siqaret qutusu özünə geri qaytarılmış, həmçinin şifahi sorğu zamanı o, hazırda yaşadığı ünvanda lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəng saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə hər hansı etirazının olmamasını bildirərək həmin odlu silahın ona mərhum babasından qaldığını qeyd etmişdir. Çəkiliş bitdikdən sonra polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş və o, protokolu oxuyub tanış olduqdan sonra yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə təqdim etmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı ünvana getmişlər, həmin vaxt qapını döysə də evdə heç kim olmadığı üçün o, əynində olan şalvarın sağ yan cibindən açarı çıxarıb mənzilin qapısını açaraq polis əməkdaşlarını yaşadığı ünvana dəvət etmiş, mənzilə daxil olduqdan sonra qeyd etdiyi lülə və qundaq hissəsi kəsilmiş tüfəngi dəhlizdə sağ tərəfdə yerləşən dolabda saxladığını bildirib dolabın qapısını açaraq həmin predmetin dolabda olan göy rəngli idman çantasının içərisində olduğunu bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin idman çantasına baxış keçirilən zaman, çantanın içərisində ağ rəngli sellofan torbada saxladığı lülə və qundaq hissəsi kəsilmiş tüfəngin olması müşahidə edilmiş, bundan sonra aşkar olunmuş 1 ədəd lülə və qundaq hissəsi kəsilmiş tüfəng polis əməkdaşı tərəfindən qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı ünvana keçirilən baxış zamanı ünvandan əlavə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 106-110). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, həmçinin qanunsuz olaraq odlu silah və soyuq silah saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs axşam saat 5-6 radələrində Nizami rayonunda saxlayıb idarəyə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə olan metamfetamin və soyuq silah olan bıçaqlar aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə babasından qalmış tüfəng olduğunu bildirmiş və Ehtimalın iştirakı ilə onun evinə baxış keçirilmiş, baxış zamanı qundağı və lüləsi kəsilmiş tüfəng tərəflərindən tapılaraq götürülmüşdür. Şahid məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, evinə keçirilmiş baxışda iştirak etmiş, evindən qundağı və lüləsi kəsilmiş tüfəng aşkar olunmuşdur. Əməliyyat məlumatı qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olma, həmçinin qanunsuz olaraq odlu silahın və soyuq silah saxlama ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən 2 ədəd bıçaq aşkarlanmışdır. Bıçaqlar böyük idi. Ehtimal həmin bıçaqları 2 il əvvəl aldığını və düşmənləri olduğu üçün üzərində saxladığını bildirmişdir. Bıçaqdan başqa Ehtimalın üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Şərait olmadığı üçün əməliyyat çəkilişi aparılmamışdır. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təsir göstərilməmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 15 noyabr 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:25-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu gödəkçəsinin altında, şalvarının arxa bel nahiyəsinin sağ və sol hissəsindən 2 ədəd bıçaq tipli dəmir predmetləri, eləcə də əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş 2 ədəd bıçaq tipli dəmir predmet və 1 ədəd sellofan büküm götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 15 noyabr 2024-cü il tarixdə saat 19:28-də başlamış və həmin tarixdə saat 19:49-da bitmişdir (cild 1, iş vərəqi 26-29). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 15 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 93 ünvanında yerləşən 136 saylı mənzilə həyata keçirilmiş baxış zaman sonuncu yaşadığı mənzilin dəhlizində sağ tərəfində yerləşən dolabdan lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngini çıxardıb təqdim etmişdir. Həmin 1 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi götürülmüşdür. Baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkəti 15 noyabr 2024-cü il tarixdə saat 21:04-də başlamış və həmin tarixdə saat 21:22-də bitmişdir (cild 1, iş vərəqi 38-41). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16 noyabr 2024-cü il tarixli 3-16-16/2-6/5214 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,795 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’in İ siyahısına daxildir (Qeyd: Metamfetaminin təmiz çəkisi 5,795 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 5,745 qr, cild 1, iş vərəqi 54-58). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 16 noyabr 2024-cü il tarixli 24/1701 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 124346 nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi olub, lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 402 mm, ümumi uzunluğu 617 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır (cild 1, iş vərəqi 60-64). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 11 dekabr 2024-cü il tarixli 3-16-16/2-3/1809 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş bıçağa bənzər predmet - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, çapıcı, ucu deşici xassəyə malik maçete tipli bıçaqdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməyib, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş, və ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş bıçaq - kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçaqdır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməyib, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır (cild 1, iş vərəqi 183-186). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X6 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2024-cü il tarixli 7845 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 164-165). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 16 dekabr 2024-cü il tarixli 555/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki diz oynağı nahiyəsinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən (xx.xx.2024-cü il) 3-4 gün əvvəl əmələ gəlmişdir; həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər. Təqsirləndirilən şəxs qarın nahiyəsində xəsarət aşkar edilmədi, dəri örtüyündə təbii qırışları qeyd olunur. Təqsirləndirilən şəxs sol baldır nahiyəsində xəsarət aşkar edilmədi, baldırın 1/3-nin arxa səthində tük dibinin iltihabi xarakterli, hiperemiyalı yarası (follikulit,qeyri-travmatik) qeyd olunur (cild 1, iş vərəqi 166- 170). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 4027/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, iş vərəqi 160-163). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasıdan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir (cild 1, iş vərəqi 148). Cinayət işinin materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai birliyindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin Birlikdə qeydiyyatdan keçməmişdir (cild 1, iş vərəqi 152). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-12/2-286493 saylı məktubdan görünür ki, “TOZ-B” markalı, 16 kalibrli, 124346 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə məlumat yoxdur (cild 1, iş vərəqi 147). Cinayət işinin materiallarında olan “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5,745 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd 124346 nömrəli, 1955-ci ildə SSRİ Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyi maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 137-138). Cinayət işinin materiallarında olan “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş soyuq silah hesab edilən 1 ədəd maçete tipli və 1 ədəd ov bıçağı maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 187-188). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 153-154). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 17). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 127-131). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,795 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan birmənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, psixotrop maddə metamfetamini satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən psixotrop maddə metamfetamini satmağa cəhd etməsi sübuta yetirilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Lakin, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrində qeyd edilmişdir ki, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,795 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,795 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Ona görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 (7 mart 2025-ci il tarixədək qüvvədə olmuş) və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. 7 mart 2025-ci il tarixli 153-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi yeni redaksiyada verilmiş, 228.1-ci maddənin dispozisiyası olduğu kimi qalmışdır. Əvvəlki redaksiyanın 228.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla” cinayəti yeni redaksiyada maddənin növbəti hissəsində verilmiş, eyni hissəyə isə başqa cinayətlər əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-10.2-ci maddələrinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Odur ki, X5 7 mart 2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 (7 mart 2025-ci il tarixədək qüvvədə olmuş) və 234.1-1-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayəti həmin Məcəllənin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 129 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5,745 qram olan psixotrop maddə metamfetamin hökm qanun qüvvəyə mindikdən sonra məhv edilməli, -soyuq silah hesab edilən 1 ədəd maçete tipli və 1 ədəd ov bıçağı hökm qanun qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd 124346 nömrəli, 1955-ci ildə SSRİ Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyi isə Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 (7 mart 2025-ci il tarixədək qüvvədə olmuş) və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü (7 mart 2025-ci il tarixədək qüvvədə olmuş) maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutuduğu 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 129 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5,745 qram olan psixotrop maddə metamfetamin hökm qanun qüvvəyə mindikdən sonra məhv edilsin; -soyuq silah hesab edilən 1 ədəd maçete tipli və 1 ədəd ov bıçağı hökm qanun qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd 124346 nömrəli, 1955-ci ildə SSRİ Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyi isə Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Huseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar