Məhkəmə qərarları › İş №1(101)-1108/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1108/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1108/2025 16.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qurbanova Aygün Arzu qızı və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dilənova Yamən Elvin qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun, müdafiəçi, Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Adıgözəlova Vəfa Rasim qızının iştirakları ilə, 03 yanvar 1997-ci ildə Bərdə rayonu, Kürdborakı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, “Cantəpə” yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Məmmədov Rahil Rafiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məmmədov Rahil Rafiq oğlu silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məmmədov Rahil Rafiq oğlu 26 avqust 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” yaşayış massivində ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək Behbudov Namiq Tanrıverdi oğlunun ona düzgün hərəkət etməməsinə irad bildirməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlunun bədənin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla üzərində olan bıçaqla çoxsaylı zərbələr vuraraq sonuncuya döş qəfəsinin, qarının daxilə nüfuz etməyən və sol bazunun kəsilib-deşilmiş yaraları, sol körpücüküstü nahiyənin kəsilmiş yarası kimi həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və döş qəfəsinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək qaraciyəri və mədəni zədələyən kəsilib-deşilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Məmmədov Rahil Rafiq oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli, yəni Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilmədi, CM-in 126.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, Namiq Behbudovla 1-2 ilə yaxın müddətdə dostluq münasibətləri yaranmış, normal münasibətləri olmuşdur. İkisi də Binəqədi rayonu ərazisində yaşamışdır. Hadisə günü Namiqlə birlikdə Binəqədi rayonu ərazisində yerləşən kafeyə getmiş, yeyib içki içmişlər. Yarım litrdən çox araq, sonra pivə, eləcə də, spirtli “Go” içkisi içmişlər. İkisi də sərxoş vəziyyətdə olmuşdur. O, hadisə anına dair heç nə xatırlamır, gözünü açanda özü də yaralı vəziyyətdə olmuşdur. Hadisə Biləcəri yolunda baş vermişdir. Əvvəlcədən Namiqin haradan yaralandığını bilməmiş, sonradan sinəsindən yaralandığını öyrənmişdir, lakin neçə bıçaq zərbəsi aldığını bilməmişdir. Namiqlə kafeyə gedən zaman üzərində bıçaq olmamışdır, hadisə anında bıçağı haradan tapdığını bilmir. Hadisə günündən sonra Namiqlə də əlaqə saxlamış, danışmışdır. Söhbət zamanı ondan bıçağı haradan tapdığını soruşduqda üzərində olduğunu demişdir. Evdən çıxanda ayıq vəziyyətdə olmuş, üzərində bıçaq götürmədiyini dəqiq xatırlayır, hadisə anında bıçağı haradan tapdığını bilmir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu bildirdi ki, Namiqlə mübahisə etdikləri zaman baş verən hadisələri xatırlamır, lakin artıq bıçaqlanma hadisəsi baş verəndə şok vəziyyətində olduğu üçün heç nəyi xatırlamır. O, Namiqi qanlı vəziyyətdə görəndə donub qalmışdır. Bıçağı ola bilsin ki, kafedən götürmüşdür, ya da ki, yerdən tapmışdır. Bıçağı əlinə alan zaman məqsədinin nə olduğunu xatırlamır. Hadisə anında yanlarında heç kimin olmadığını xatırlayır. İbtidai istintaqda ona qarşı heç bir təzyiq olmamışdır. Namiqlə hadisə günündən 10 gün əvvəl mübahisələri olmuşdur. Belə ki, o, “Qartal” kafesinə getmiş, Namiq də orada olmuşdur. Namiq onu görəndə ora niyə gəldiyini soruşmuşdur. O da Namiqə onunla eyni səbəbdən oraya gəldiyini deyərək cavab vermişdir. Növbəti gün Namiqin özü zəng edərək ondan üzr istəmişdir, içkili olduğu üçün o şəkildə davrandığını bildirmişdir. Onlar hadisə günü də Namiqlə birlikdə “Qartal” kafesinə getmişlər. Həmin mübahisədən sonra yenidən ilk dəfə hadisə günü Namiqlə görüşmüşdür. Bununla yanaşı, təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Behbudov Namiq Tanrıverdi oğlunu təxminən bir ilə yaxın olar ki, tanıyır, münasibəti həmişə yaxşı olmuşdur. Hadisədən təxminən 10 gün qabaq saat 23 radələrində Binəqədi - Xırdalan yolunun üstündə yerləşən “Davam” marketin yaxınlığında olan zaman Namiq Behbudov içkili vəziyyətdə onun yanına gəlmiş və həmin vaxt o, söhbət əsnasında onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt o, Namiqə içkili olduğunu, çıxıb getməsini bildirdikdə Namiq “özündən çox razısan, şişmisən” sözlərini demişdir. O, yenə də içkili olduğu üçün Namiqə fikir verməmiş və orada dayanmayaraq çıxıb getmişdir. Səhəri günü Namiq ona zəng edərək içkili olduğunu deyib etdiyi hərəkətə görə üzr istəmişdir. Baş vermiş hadisə ilə bağlı bildirir ki, 25 avqust 2024-cü il tarixdə saat 18 radələrində o, Biləcəri qəsəbəsində yerləşən “Faxralı” kafesində tanışı Eminlə oturan zaman Namiq gəlmişdir. Namiq gəldikdən sonra onlarla əyləşmiş və birlikdə pivə içməyə başlamışlar. Onlar bir qədər oturduqdan sonra Emin sağollaşaraq çıxıb getmişdir. Saat təxminən 23 radələrinə qədər kafedə oturduqdan sonra o, Namiqlə birlikdə kafedən çıxmış və piyada gəzə-gəzə hərəkət etməyə başlamışlar. Yolda onlar tanışı Fəxrini görüb onunla görüşmüşlər. Bir qədər getdikdən sonra o, Namiqlə mağazaya getmiş və mağazadan içmək üçün “Go” adlı spirtli içki almışdır. Mağazadan çıxdıqdan sonra Namiq yenə ona “sən şişmisən, sən düz eləmirsən” sözlərini dedikdə onunla arasında mübahisə yaranmışdır. Həmin vaxt Fəxri onun yaşadığı evin yaxınlığı olduğunu, mübahisə etməmələrini, qonşulardan ayıb olduğunu bildirmiş və yaşadığı evin yaxınlığında dayanmışdır. Bundan sonra Fəxri onlardan ayrılmış və o, yenə də Namiqlə mübahisə edəedə hərəkətlərini davam etdirmişdir. Təxminən Fəxridən 500-600 metr uzaqlaşdıqdan sonra Namiqlə aralarında mübahisə bir qədər də şiddətlənmişdir. O, içkili olduğu üçün üzərində olan bıçaqla Namiqin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt Namiq onun əlindən bıçağı almaq istəyən zaman ehtiyatsızlıqdan bıçaq onun sağ ayağını, sol əlinin üstünü də kəsmişdir. Zərbələrin təsirindən Namiq yerə yıxılmış, həmin vaxt səsə Fəxrinin gəldiyini görüb o, orada dayanmayaraq yaşadığı evə getmişdir. O, yolda gedən zaman əynində olan şalvarını cırıb ayağının yarasını bağlamışdır. Daha sonra yaşadığı evə gedib əynini dəyişmiş və əynində olan köynəyi, şalvarı və bıçağı sellofan torbaya qoyub evin yaxınlığındakı zibil qutusuna atmışdır (cild 1, iş vərəqi 198- 200). İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu bildirdi ki, elan edilən ifadəsini təsdiq edir. Barəsində məcburi gətirilmə barədə qərar çıxarılmasına və müvafiq tədbirlər görülməsinə baxmayaraq yerinin müəyyən edilməsi və məhkəməyə gətirilməsi mümkün olmayan zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlu ibtidai istintaqa verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Məmmədov Rahil Rafiq oğlunu təxminən bir ilə yaxın olar ki, tanıyır, münasibəti həmişə yaxşı olmuşdur. Təxminən 25 avqust 2024-cü il tarixdə saat 18 radələrində Rahil ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən “Faxralı” kafesində görüşmüşdür. Görüşməzdən əvvəl bir litr “Go” adlanan spirtli içki qəbul etmişdir. Rahil ilə görüşərkən isə saat 23 radələrinə kimi oturub pivə içmişlər. Kafedən çıxdıqdan sonra yolda piyada hərəkət etməyə başlamışlar. Hətta yolda tanıdığı Fəxri adlı şəxsi görmüş və onunla salamlaşaraq birgə hərəkət etməyə başlamışlar. Hətta yolda onunla Rahil mağazaya daxil olub “Go” içkisi də almışlar. Lakin mağazadan çıxdıqdan sonra Rahillə arasında mübahisə yaransa da, içkili olduğundan mübahisənin hansı səbəbdən baş verdiyini xatırlamır. Onlar Fəxridən ayrıldıqdan sonra yenə Rahil ilə mübahisə edərək dartışmağa başlamışlar. Həmin vaxt Rahil ilk olaraq onun qarın nahiyəsindən bıçaqla zərbə vurmuşdur. Bir neçə dəfə Rahil qarın nahiyəsindən bıçaq zərbəsi ilə vurduqdan sonra, o bıçağı Rahilin əlindən almağa çalışmış, lakin bunu bacarmamışdır və qan itirdiyi üçün huşunu itirib yerə yıxılmışdır. Bundan sonra heç nəyi xatırlamır. Onun üzərində bıçaq olmamış, bıçaq Rahildə olmuş və o, bıçağı Rahilin əlində almağa çalışan zaman bıçaq sonuncunun ayağını kəsmişdir (cild 1, iş vərəqi 45-48). Məhkəmədə şahid qismində dindirilmiş Qasımov Fəxri İntizam oğlu ifadəsində göstərdi ki, 25 avqust 2024-cü il tarixində Xırdalan şəhərindən Binəqədiyə tərəf gəlmiş, yolda Rahil və Namiqlə qarşılaşmışdır. Onlarla evə tərəf yol gəlmişdir. Evinə çatdıqda Rahilgillə sağollaşmışdır. Rahilgil öz yoluna getmiş, o da evin həyətində oturub dostu Qəlbinura zəng etmişdir. Qəlbinura yanında pul olmadığını, ona siqaret alıb gətirməsini bildirmişdir. Bu zaman həyətdə səslər eşitmişdir. Nə baş verdiyinə baxmaq üçün səs gələn tərəfə getmişdir. Həmin vaxt Namiqin yerdə qan içində yaralı vəziyyətdə uzandığını görmüşdür. Namiqdən nə baş verdiyini soruşsa da, özündə olmadığı üçün cavab verməmişdir. Namiqin qarın nahiyəsi qan içində imiş. Sonradan Namiqin bıçaqlandığını anlamışdır. Qəlbinur da ona siqaret alıb gətirmişdir. Elə Qəlbinurun maşını ilə Namiqi Binəqədidə bir xəstəxanaya aparmışlar. Xəstəxana ilk başda Namiqi qəbul etmək istəməmişdir, çünki vəziyyəti ağır imiş. Həkimlər ondan ölüm halı baş verərsə, öhdəliyi üzərinə götürüb-götürmədiyini soruşmuşlar. O da Namiqin həyatını xilas etmək üçün razılaşmışdır. Əslində Rahil və Namiqlə qarşılaşanda onlar mübahisə etməmişlər, sadəcə bir qədər içkili olmuşlar, öz aralarında zarafatlaşmışlar. Məhkəmədə verilən suallara cavab olaraq şahid Qasımov Fəxri İntizam oğlu bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, Namiqlə Rahili mübahisə edərkən görməmişdir. Rahillə Namiq arasında mübahisə olubsa da, bu barədə məlumatı olmamışdır. O, səs eşitdiyi üçün nə baş verdiyinə baxmaq istəmişdir. Həmin vaxt Namiqi yerdə yaralı vəziyyətdə görmüşdür, yanında Rahil olmamışdır. Barəsində məcburi gətirilmə barədə qərar çıxarılmasına və müvafiq tədbirlər görülməsinə baxmayaraq yerinin müəyyən edilməsi və məhkəməyə gətirilməsi mümkün olmayan şahid Hüseynov Qəlbinur Bəxtiyar oğlu ibtidai istintaqa verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Behbudov Namiq Tanrıverdi oğlu yaxın dostudur, Məmmədov Rahil Rafiq oğlunu isə bir neçə dəfə görsə də yaxın münasibətləri olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar bildirir ki, 25 avqust 2024-cü il tarixdə saat təxminən 24 radələrində evdə olan zaman dostu Fəxri Qasımov ona zəng edərək pulunun olmadığını bildirmiş və ona siqaret alıb gətirməyini ondan xahiş etmişdir. O, Fəxriyə etiraz etməyərək təxminən yarım saat sonra evdən çıxmış və yaxınlıqdakı marketdən siqaret alaraq idarə etdiyi “Opel Astra” markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomaşınla Fəxrinin yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. O, Fəxrinin yaşadığı evin qarşısına çatan zaman sonuncunun qaçdığını görüb avtomaşını saxlamayaraq onun arxasınca sürmüşdür. Bir qədər getdikdən sonra Namiqi küçədə yerdə üst-başı qan içində uzanıqlı vəziyyətdə görmüşdür. Həmin vaxt Fəxri tez Namiqə köməklik edərək əynindəki köynəklə qolunu bağlamış və nə baş verdiyini soruşduqda Namiq onu xəstəxanaya aparmağını bildirmişdir. Bundan sonra o, Fəxri ilə köməkləşərək Namiqi idarə etdiyi “Opel Astra” markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomaşınına qoyaraq və ilk olaraq “Məlikov” adına xəstəxanaya, daha sonra isə Kliniki tibbi mərkəzə aparmışlar. O, hadisədən sonra Məmmədov Rahil Rafiq oğlunu orada görməmiş və hadisənin nə üstündə baş verdiyindən xəbərsizdir (cild 1, iş vərəqi 121-123). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:45 radələrində KTM-dən həkim Məmmədova zəng edərək Biləcəri qəsəbəsi, Dəyirman yolu, Turan marketin yaxınlığında xx.xx.1991-ci il təvəllüdlü Behbudov Namiq Tanrıverdi oğlunun qeyd olunan ünvanda bədənin çoxsaylı kəsilmiş və deşilmiş yara xəsarətləri almasını bildirmişdir (cild 1, iş vərəqi 6). - baxış keçirilməsi və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” yaşayış massivində döngə 2-də Tanrıverdiyev Kərəm Əhəd oğluna məxsus evin qarşısında küçədir. Küçə düz asfaltdan ibarətdir. Küçədə Dəyirman yolu istiqamətində dayandıqda sol tərəfdə Tanrıverdiyev Kərəm Əhəd oğluna məxsus evin qarşısında yerdə qan ləkələri vardır. Həmin qan ləkələri Dəyirman yolu istiqamətində ləpir formasında, davam edir. Baxışda iştirak edən Binəqədi RPİ-nin ekspert-kriminalisti Cəbrayılov Fuad Fərhad oğlu tərəfindən hadisə yerindən qan nümunələri götürüldü. Bundan sonra baxış davam etdirilsə də sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilmədi (cild 1, iş vərəqi 7-10). - xx.xx.2024-cü il tarixli həkim arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə KTM-ə daxil olan xəstə Behbudov Namiq Tanrıverdi oğlu, 33 yaş, döş qəfəsinin sol yarısının, sol bel nahiyəsinin, qarnının divarının, sol bazunun çoxsaylı kəsilib-deşilmiş yaraları ilə əlaqədar cərrahi əməliyyata məruz qalıb. Yaralardan biri (döş qəfəsinin ön səthində olan) qarın boşluğuna nüfuz edir, qaracıyəri və mədəni zədələyir. Hal-hazırda narkozdan sonrakı yuxu vəziyyətindədir. Ona görə dindirilməsi mümkün deyil (cild 1, iş vərəqi 11). - paltarların baxışı və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, sübut əhəmiyyəti kəsb etdiyindən hadisə zamanı Behbudov Namiq Tanrıverdi oğlunun əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək xəstəxanada xəstə baxıcısı işləyən Nəcəfova Qənirə Misir qızından götürüldü. Götrülmüş bir ədəd şalvar və bir ədəd köynəyə baxış keçrilən zaman aşağıdakılar müəyyən olundu:

1. Şalvar idman tiplidir, qara rəngdədir, beli və ayaqlarının sərbəst kənarları rezinlidir, iki yan cibləri var, sağ hissəsində "EMPORİO ARMANİ" yazısı var, uzunluğu 92 sm, bel hissəsinin eni 30 sm-dir. Şalvarın ön sol hissəsində uzunluğu 2,0 sm olan dəlib-keçən zədə var.

2. Köynək qısaqoldur, qara rəngdədir, boyun hissəsində daxildə "Zeqna" yazılı etiket var, öndən 3 ədəd düymə ilə bağlanır, yuxarıdan 3-cü düymə yerində yoxdur, uzunluğu 62 sm, çiyin hissədə eni 38 sm, qollarının uzunluğu 17 sm-dir. Köynəyin ön hissəsində solda, aşağı sərbəst kənardan 4 sm yuxarıda və sol yan tikişdən 13 sm sağda 01 (bir) ədəd, uzunluğu 2,5 sm olan dəlib-keçən zədə var. Köynəyin ön hissəsində solda, aşağı sərbəst kənardan 20 sm yuxarıda və sol yan tikişdən 1 sm sağda 02 (iki) ədəd, uzunluqları 1,8 sm olan dəlib-keçən zədə var. 2.2 nömrəli zədədən 4 sm yuxarıda 01 (bir) ədəd, uzunluğu 1,5 sm olan dəlib-keçən zədə var. 2.3 nömrəli zədədən 5 sm sağda 01 (bir) ədəd uzunluğu 1,5 sm olan dəlib-keçən zədə var (cild 1, iş vərəqi 13-14). - Kliniki Tibbi Mərkəzin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Behbudov Namiq Tanrıverdi oğlu xx.xx.2024-cü il tarixində saat 02:23-də 16 saylı Təcili Tibbi Yardım Stansiya briqadasının müşayiəti ilə Kliniki Tibbi Mərkəzə gətirilmişdir. Xəstənin dediyinə görə, Masazırda Cantəpə ərazisində tanmadığı şəxs tərəfindən xəsarət almışdır. Xəstənin stasionar müalicəsi davam edir. Diaqnoz: Döş qəfəsinin sol yarısını qarın boşluğuna nüfuz edən qaraciyər və mədəni zədələyən kəsilib deşilmiş yarası, döş qəfəsinin sol yarısının, qarının ön divarının, bel nahiyəsinin sol bazunun çox saylı kəsilmiş-deşilmiş yaraları (cild 1, iş vərəqi 19). - Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi "Nurlu" yaşayış massivində Behbudov Namiq Tanrıverdi oğlunu bıçaqla vurub xəsarət yetirən xx.xx.1997-ci ildə Bərdə rayonu, Kürdborakı kəndində anadan olmuş, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, "Cantəpə" yaşayış massivində nömrəsiz evdə yaşayan Məmmədov Rahil Rafiq oğlu dindirilməsi üçün istintaqa təqdim olunmuşdur (cild 1, iş vərəqi 20). - Behbudov Namiq Tanrıverdi oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 25 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixə keçən gecə əvvəllər də tanıdığı Məmmədov Rahil Rafiq oğlu onu bıçaqla vurub xəsarət yetirmişdir. Məmmədov Rahil Rafiq oğlu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 40). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Behbudov Namiq Tanrıverdi oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 41). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Məmmədov Rahil Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 56). - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Məmmədov Rahil Rafiq oğlunun həyat yoldaşı Nəbiyeva Fəridə Vüqar qızı xx.xx.2002-ci il təvəllüdlüdür. Onların xx.xx.2022-ci il təvəllüdlü Zəhra Məmmədova və xx.xx.2023-cü il təvəllüdlü Tuncay Məmmədov adlı uşaqları vardır (cild 1, iş vərəqi 69-74). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Məmmədov Rahil Rafiq oğlu hadisə yerinə çıxarılarkən ona təklif olundu ki, ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani olaraq göstərsin. Rahil Məmmədov təklifə etiraz etməyib razılaşdı və Binəqədi RPİ-nin inzibati binasının qarşısından xüsusi avtomobilə minərək avtomobilin sürücüsündən avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Nurlu" yaşayış massivi, döngə 2 ünvanına sürməyi xahiş etdi. Rahil Məmmədovun bələdçiliyi ilə qeyd edilən ünvana gəldikdə o, sürücüyə bildirdi ki, avtomobili saxlasın və avtomobildən düşüb yaşayış evini göstərərək həmin evin qarşısında küçədə Behbudov Namiq Tanrıverdi oğlunu bıçaqla vurduğunu bildirdi. Belə ki, Rahil Məmmədov bildirdi ki, 25 avqust 2024-cü il tarixdə saat 18 radələrində Biləcəri qəsəbəsində yerləşən “Faxralı" kafesində Namiqlə pivə içdikdən sonra saat təxminən 23 radələrində kafedən çıxaraq piyada gəzə-gəzə hərəkət etməyə başlamışlar, yolda tanışları Fəxrini görüb onunla görüşmüşlər. Bir qədər getdikdən sonra Namiq mağazaya getmiş və mağazadan içmək üçün "Go" adlı spirtli içki almışdır. Mağazadan çıxdıqdan sonra Namiq yenə "sən şişmisən, sən düz eləmirsən" sözlərini dedikdə onunla aralarında mübahisə yaranmış, həmin vaxt Fəxri onun yaşadığı evin yaxınlığı olduğunu, mübahisə etməməyi, qonşulardan ayıb olduğunu bildirmiş və yaşadığı evin yaxınlığında dayanmışdır. Bundan sonra Fəxri onlardan ayrılmış və o, yenə də Namiqlə mübahisə edə-edə hərəkətlərini davam etdirmişdir. Təxminən Fəxridən 500-600 metr uzaqlaşdıqdan sonra Namiqlə arasında mübahisə bir qədər də şiddətlənmiş və Namiq üzərində olan bıçaqla sağ ayağından vurmuşdur. Hətta bıçaq sol əlinin üstünü də kəsmişdir. Həmin vaxt o, əsəbləşərək Namiqin əlindən bıçağı almış və ona bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə bıçaqla vurmuşdur. Zərbələrin təsirindən Namiq yerə yıxılmış və həmin vaxt səsə Fəxrinin gəldiyini görüb orada dayanmayaraq yaşadığı evə getmişdir. O, yolda gedən zaman əynində olan şalvarını cırıb ayağının yarasını bağlamışdır. Daha sonra o, yaşadığı evə gedib əynini dəyişmiş və əynində olan köynəyi, şalvarı və bıçağı sellofan torbaya qoyub evin yaxınlığındakı zibil qutusuna atmışdır. Bundan sonra Rahil hadisə vaxtı əynidə olan paltarları və bıçağı atdığı yeri əyani olaraq göstərə biləcəyini bildirdikdən sonra Abşeron rayonu, "Cantəpə” yaşayış massivinə Rahil Məmmədovun yaşadığı evin yaxınlığına gedildi və Rahil həmin yerdə paltarları və bıçağı atdığı zibil qutusunu əyani olaraq göstərdi. Rahil Məmmədovun göstərdiyi zibil qutusuna baxılsa da qutuda Rahil Məmmədova məxsus paltarlar və bıçaq aşkar edilmədi (cild 1, iş vərəqi 91-94). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Məmmədov Rahil Rafiq oğlu əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 96). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1887 nömrəli rəyindən görünür ki:

1. Vət. R.R.Məmmədovun bədən səthində aşkar olunmuş xəsarətlər sağ diz oynağı nahiyəsinin kəsilmiş yarası, sağ əlin səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin) təsirindən, sol bazu nahiyəsinin qançırı isə bərk küt əşyanın təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.

2. Vət. R.R.Məmmədovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ diz oynağı nahiyəsinin kəsilmiş yarası, sağ əlin səthi kəsilmiş yaraları bıçağın tiyəsinin kəsici təsirindən, sol bazu nahiyəsinin qançırı isə insan bədəninin hissəsinin (əl, yumruq və s.) təsirindən əmələ gələ bilərdilər.

3. Vət. R.R.Məmmədovun bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri üçün xarakterik deyildir (cild 1, iş vərəqi 103-106). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2681 saylı rəyindən görünür ki, Məmmədov Rahil Rafiq oğlunda ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məmmədov Rahil Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məmmədov Rahil Rafiq oğlu törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 108-110). - Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, tapşırıqda qeyd olunan xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçrilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu istiqamətdə tədbirlər davam etdirilir, gələcəkdə müsbət nəticə əldə edilərsə bu barədə məlumat veriləcəkdir (cild 1, iş vərəqi 116). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu ilə zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlu istintaqa verdiyi ifadəsini təsdiq edərək qarşısında oturan Rahilin üzünə qarşı bildirirmişdir ki, 26 avqust 2024-cü il tarixdə Rahillə onun arasında Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Nurlu” yaşayış massivində mübahisə yaranmış və mübahisə zamanı Rahil ilə dartışan zaman Rahil üzərində olan bıçaqla ilk olaraq onun qarın nahiyəsindən vurmağa başlamışdır. Rahil onu bıçaqla bədəninin müxtəlif yerlərinə bir neçə dəfə vurduqdan sonra o, Rahilin əlindən bıçağı almağa çalışmış, həmin vaxt ehtiyatsızlıqdan bıçaq Rahilin sağ ayağına dəymişdir. Sonradan o, qan itirdiyi üçün huşunu itirib özündən getmişdir. Təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu qarşısında oturan Namiq Behbudovun üzünə qarşı dediklərini eşitmiş, bununla bağlı bildirmişdir ki, Namiqin dediklərinin hamısı doğrudur. O, ifadələrində özü bildirmişdir ki, bıçaq Namiqdə olmuş, guya ki, ilk olaraq Namiq onun ayağından bıçaqla vurduğu üçün onda Namiqin əlindən bıçağı alıb Namiqin bədəninin müxtəlif nahiyyələrinə bıçaqla vurub xəsarət yetirmişdir. Əsl həqiqətdə isə bıçaq onun üzərində olmuşdur, mübahisə zamanı o, əsəbləşərək Namiqi bıçaqla vurub xəsarət yetirmişdir. Həmin vaxt Namiq onun əlindən bıçağı almağa çalışanda ehtiyatsızlıqdan bıçaq onun sağ ayağını kəsmişdir. Yəni əsl həqiqətdə Namiq onu bıçaqla vurmayıb ona heç bir xəsarət yetirməmişdir. Aldığı xəsarət ehtiyatsızlıqdan baş vermişdir (cild 1, iş vərəqi 127-129). - zərəçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 26 avqust 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” yaşayış massivində aralarında yaranmış mübahisə zamanı Məmmədov Rahil Rafiq oğlu onu bıçaqla bədəninin müxtəlif nahiyələrinə vurub ona ağır bədən xəsarəti yetirmişdir. Hal-hazırda o, Rahil Məmmədovla barışmış, münasibətləri yaxşıdır, onunla heç bir ədavəti yoxdur, hal-hazırda onun Rahil Məmmədova qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 130). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T792/2024 saylı rəyindən görünür ki: 1-2. Vətəndaş N.T.Behbudovda döş qəfəsinin sol yarısının qarın boşluğuna nüfuz edən, qaraciyər və mədəni zədələyən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sol yarısının, qarının ön divarının, bel nahiyəsinin, sol bazunun çoxsaylı deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir (cild 1, iş vərəqi 138-141). - məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 583/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Behbudov Namiq Tanrıverdi oğluna məxsus şalvarın ön sol hissəsində 01 (bir) ədəd, köynəyin ön hissəsində solda 04 (dörd) ədəd, köynəyin sol qolun arxa hissəsində 01 (bir) ədəd, köynəyin arxa hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər. Köynəyin ön hissəsində ortada cırılmış zədə aşkar edildi. Bu zədə köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Xəstəxanaya daxil olarkən Behbudov Namiq Tanrıverdi oğlunun döş qəfəsinin sol yarısının ön-yan səthində olan 3 ədəd, qarının sol yarısının ön səthində 1 ədəd, sol bel nahiyəsində 1 ədəd, sol bazunun orta 1/3-nin arxa səthində olan 1 ədəd yaralar ekspertizaya təqdim edilmiş Behbudov Namiq Tanrıverdi oğluna məxsus paltarlarda akşar edilmiş deşilmiş-kəsilmiş zədələr ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Behbudov Namiq Tanrıverdi oğlunun sol bazunun orta 1/3-nin arxa səthində olan 4 ədəd yaralardan 3 ədəd ona məxsus köynəkdə öz əkslərin tapmamışlar, bu da köynəyin həmin nahiyəni örtməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Behbudov Namiq Tanrıverdi oğluna məxsus köynəyin arxa hissəsində solda aşkar edilmiş deşilmişkəsilmiş zədə və şalvarın ön sol hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədənində əks olunmamış, bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər (cild 1, iş vərəqi 145-149). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 767/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş: 1) Behbudov Namiq Tanrıverdi oğlunun şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən qan qrupu B /111/-dür. 2) Məmmədov Rahil Rafiq oğlunun şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən qan qrupu B /111/ -dür. 3) Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş Behbudov Namiq Tanrıverdi oğluna məxsus idman şalvarı və qısa qol kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq etdikdə yalnız B antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə həmin B (111) qruplu şəxsə, eyni zamanda Behbudov Namiq Tanrıverdi oğluna və ya Məmmədov Rahil Rafiq oğluna məxsus ola bilər (əgər sonuncunun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa) (cild 1, iş vərəqi 151-155). - maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlundan götürülmüş bir ədəd sellofanda köynək və şalvar cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 164). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 2492 saylı rəyindən görünür ki:

1. Behbudov Namiq Tanrıverdi oğlunda 10 ədəd olmaqla aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin sol yarısının döş və qarın boşluqlarma nüfuz edərək qaraciyəri və mədəni zədələyən kəsilib-deşilmiş yarası; döş qəfəsinin, qarının daxilə nüfuz etməyən və sol bazunun cəmi 8 ədədə olmaqla kəsilib-deşilmiş yaraları; sol körpücüküsü nahiyənin kəsilmiş yarası. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən, sol körpücüküstü nahiyənin kəsilmiş yarası isə iti kənarlı əşya (alət) təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 26 avqust 2024-cü il tarixdə kənar şəxs tərəfindən deşici-kəsici əşya (alət) ilə, ola bilsin bıçaqla yetrilmə nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə döş qəfəsinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək qaraciyəri və mədəni zədələyən kəsilib-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 166-170). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 189-190). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Məmmədov Rahil Rafiq oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xüsusi amansızlığın mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlunun sağlamlığına ağır zərər vurmasının xuliqanlıq niyyəti ilə törədildiyini qəbul edir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilməsi üçün hər hansı səbəbin olmadığı məhkəmədə müəyyən edildi. Eyni zamanda müəyyən edildi ki, təqsirkləndirilən şəxs həmin cinayəti törətmək üçün zərəkçəkmiş şəxsin “sən şişmisən, sən düz eləmirsən” sözlərindən bəhanə kimi istifadə etmişdir. Ona görə də məhkəmə ibtidai istintaq orqanının ittihamın həmin hissəsində gəldiyi nəticə ilə, eləcə də təqsirləndirilən şəxsə xuliqanlıq cinayətinə dair verilmiş ittihamla tam razılaşır. Məhkəmədə həmçinin müəyyən edildi ki, təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğluna qısa müddət ərzində ardıcıl olaraq 10 bıçaq zərbəsi vurmuş, zərbələrin bir qismi ağır xəsarətlərə aid edilmişdir. Bu hal onu göstərir ki, Məmmədov Rahil Rafiq oğlu həmin cinayəti törədərkən xüsusi amansızlıq nümayiş etdirmişdir. Ona görə məhkəmə ibtidai isrtintaq orqanının ittihamın həmin hissəsində gəldiyi nəticə ilə də razılaşır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun himayəsində iki azyaşlı uşağının olmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəlləsinin 59.1.12-ci maddəsinə, Vətən müharibəsində iştirak etməsini həmin Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu bu iş üzrə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsinə baxmayaraq, o, müəyyən edilmiş ərazini icazəsiz olaraq tərk edib Bərdə rayonu ərazidinə getmiş, orada xuliqanlıq cinayəti törətmiş və Bərdə rayon Polis şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanaraq cinayət məsuliyyətinə cəlb edilmiş və həbs olunmuşdur. Məhkəmə hesab edir ki, digər hallarla yanaşı, həmin hal təqsirlədidilən şəxsi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlu yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məmmədov Rahil Rafiq oğlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Məmmədov Rahil Rafiq oğlunun törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan görünür ki, Məmmədov Rahil Rafiq oğlu 27 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək həbsdən azad edilmiş və hökm çıxarılana kimi ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 31, 84-89, 161-163, 171- 177). Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Məmmədov Rahil Rafiq oğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Məmmədov Rahil Rafiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlundan götürülmüş bir ədəd köynək və şalvar təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Məmmədov Rahil Rafiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məmmədov Rahil Rafiq oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məmmədov Rahil Rafiq oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Məmmədov Rahil Rafiq oğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Məmmədov Rahil Rafiq oğlu dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, zərərçəkmiş şəxs Behbudov Namiq Tanrıverdi oğlundan götürülmüş bir ədəd köynək və şalvar təyinatını itirdiyindən məhv edilsin. Hökmdən onun elan olunduğu (Məmmədov Rahil Rafiq oğluna isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Aygün Qurbanova

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar