Məhkəmə qərarları › İş №1(101)-1109/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1109/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1109/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X17 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 130-da qeydiyyatda olub, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi, ev 12 A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib satıb qazanс əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 00:45 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi Hərbi yol adlanan ərazidə, «Faxralı» marketin yaxınlığında gizlədilmiş külli miqdarda 9,631 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 01:03-də ərazidə xidmət aparan Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi Hərbi yol adlanan ərazidə yerləşən «Faxralı» marketin yaxınlığında hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilib, həmin gün saat 02:45 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellefona bükülmüş təmiz çəkisi 9,631 qram qəhvəyi rəngli maddə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sosial şəbəkə vasitəsi ilə əvvəllər tanımadığı bir şəxs ona yazaraq, onda narkotik vasitə olduğunu bildirmiş və həmin narkotik vasitədən almasını təklif etmişdir. O da bu təlik əsasında iki dəfə həmin şəxsdən narkotik vasitə almışdır. Qeyd olunan şəxs İran İslam Respublikasının vətəndaşı olmuş, sonuncu dəfə ona Xocasən qəsəbəsində olan əvvəlcədən müəyyən etdiyi yerin şəklini ataraq narkotik vasitənin orada olduğunu bildirmiş, o, narkotik vasitəni götürməyə gedən zaman polis əməkdaşları onu Xocasən qəsəbəsində narkotik vasitənin qoyulduğu yerdə saxlamış, narkotik vasitəni polis əməkdaşları özləri götürmüşlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin İİR-nın vətəndaşından ilk dəfə aldığı narkotik vasitəni haradan götürdüyünü xatırlamır. Tutulduğu gün 230 (iki yüz otuz) manat pul müqabilində 9 qram narkotik vasitə əldə etməli idi. Onun günlük narkotik vasitə dozası 4 qram təşkil edir. O, fəhlə işləyir, 13 gündən bir maaş alır, bir günə 25 manat pul qazanır, ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayır. O, narkotik vasitənin istifadəçisidir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsində olan zaman ondan narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşmuşlar, o da özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, təxminən 10 ildir ki, narkotik maddə aludəçisidir. El arasında kakos kimi tanınan narkotik maddə heroini falqanın üzərində yandırmaqla istifadə edir. xx.xx.2022-ci ildə saat 21 radələrində +**********07 saylı mobil nömrə istifadəçisi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə yazaraq onda narkotik vasitə olduğunu və satdığını demiş, həmin şəxs özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş, lakin adını bildirməmişdir. Bundan sonra o, el arasında kakos kimi tanınan narkotik vasitə heroin almaq istədiyini və ona bank kartının şəkili atmasını istəmiş, qeyd olunan şəxs də həmin hesaba 230 manat pul köçürməyini demişdir. O, Xırdalan şəhərində Milli ön ödəmə terminallarının birindən həmin karta 230 manat pulu köçürmüşdür. Həmin şəxs ona bildirmişdir ki, narkotik vasitəni Xocasən qəsəbəsində bir yerə qoyacaq gedib ordan götürər. Bir qədər sonra həmin şəxs Xocasən qəsəbəsində “Faxralı” marketin yaxınlığında yol kənarında narkotiki qoyduğu yerin şəklini çəkib ona göndərmiş, o da “Uber” taksi xidməti ilə taksi sifariş verib həmin yerə getmişdir. Saat təxminən 00:45 radələrində orada düşüb 5 manat taksiyə pul verib taksini yola salmış, bir qədər qabağa gedib həmin şəxsin narkotik vasitə heroini qoyduğu yerdən götürüb piyada qayıdan zaman ərazidə xidmət aparan Post Patrul Xidməti əməkdaşları onu görüb yaxınlaşanda onların suallarına qorxduğu üçün doğru-düzgün cavab vermədiyi üçün ondan şübhələndikləri üçün onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. 40-cı Polis Bölməsində onlara bildirmişdir ki, həmin yerə narkotik maddə almağa getmişdir. Bundan sonra 40-cı polis bölməsində otaqların birində üzərinə baxış keçirilməmişdən öncə ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısı təqdim olunmuş və o, siyahıda göstərilən hər-hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkilişlə üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində el arasında kakos kimi tanınan narkotik maddə heroin olan bükümü və mobil telefonunu təqdim etmişdir. Həmin bükümlər iştirakçıların iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq imza ilə təsdiq edilmiş və bu barədə protokol tərtib edilərək həmin protokola imza etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bir-iki dəfə narkotik vasitələrin satışı ilə məşğul olmaqla tanımadığı şəxslərə narkotik maddə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 noyabr 2022-ci il tarixdə işdə olan zaman Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 raportla Binəqədi RPİ-nin 40-cı PB-nin rəisinə məruzə edərək bildirmişlər ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibat ərazisində xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsi saxlayıb, ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Yevlax rayonunda anadan olmuş Yevlax rayon sakini Təqsirləndirilən şəxsdur. Bundan sonra polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz halında heroinə bənzər narkotik maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içində olan narkotik vasitə heroindir, həmin heroini xx.xx.2022-ci il tarixdə saat 00:45 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində İran vətəndaşının göndərdiyi əvvəlcədən aralarında olmuş telefon danışığı əsasındakı razılaşmalarına uyğun olaraq 230 manat pul müqabilində qoyulmuş yerdən götürmüşdür. Daha sonra şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyulmaqla qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 01:03 radələrində onunla birlikdə xidmətdə olan iş yoldaşı, polis kiçik serjantı Şahid3la Binəqədi RPİ-nin 40-cı PB-nin inzibat ərazisində xidmət aparan zaman, Hərbi yol adlanan ərazidə «Faxralı» marketin yaxınlığında bir nəfər şəxsin hərəkətdə olduğunu görmüşlər. Həmin şəxs avtomaşının sayrışan işıqlarını gördükdə hərəkət istiqamətini dəyişmiş, onlar bundan şübhələnərək dərhal həmin şəxsi saxladıqda, həmin şəxs verilən suallara cavab verə bilmədiyindən, onlardan yayınmağa çalışdığından və özünü şübhəli apardığından həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər, o isə üzərində sənəd olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmiş və onu nəzarət altında PB-yə gətirərək təhvil vermişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Yevlax rayonunda anadan olmuş Yevlax rayon sakini Təqsirləndirilən şəxsdur. Bundan sonra polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan paltarın cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz halında heroinə bənzər narkotik maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içində olan narkotik vasitə heroindir, həmin heroini İİR-nın vətəndaşının ona göndərdiyi ünvandan 230 manat müqabilində qoyulmuş yerdən götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli toz halında olan narkotik maddəyə bənzər maddə olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü və əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd qara rəngli «X18 8» markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqiq olunan prokotolla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü 13 noyabr 2022-ci il tarixdə 00:45 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində İİR-nın vətəndaşının ona göndərdiyi ünvandan, əvvəldən həmin şəxsin göndərdiyi bank kartına ödədiyi 230 manat pulun müqabilində narkotik maddəni əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Tədqiq olunan protokolla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd sellofan büküm və «X18 8» markalı mobil telefon iki ayrı zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmadığı və vəsatət qaldırılmadığı bildirilmişdir (iş vərəqə: cild İ, səh. 28-30). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» 13 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Panasonic» videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD diskə köçürülmüş video görüntüyə Binəqədi rayon MSY-də yerləşən dindirmə otağında personal kompyüter vasitəsi ilə baxış keçirilən zamanı videofaylda olan videogörüntü 13 noyabr 2022-ci il tarixdə gecə saatlarında lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, həmçinin 3 polis forması geyinmiş, cəmi 04 nəfər kişi cinsli şəxs müşahidə olunur. Videogörüntü 12 dəqiqə 29 saniyə davam edir. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X9 təqdim edən şəxsin iştirakçıları təqdim etməklə Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2, Binəqədi RPİ-nin PPXB-nin polis kiçik serjantı Şahid3, Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayaq üstə olması və üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü və əynindəki gödəkcənin sol iç cibindən bir ədəd «X18 8» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyur. Aşkar edilmiş bir ədəd şəffaf sellefona bükülmüş bükülü açıldıqda içərisində qəhvəyi rəngli kütlə olan maddə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülür. Sonra Təqsirləndirilən şəxs büküm ilə bağlı təhqiqatçı tərəfindən şifahi sorğu-sual edilir və o, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından ödəmə terminalı vasitəsi ilə köçürdüyü 230 manat müqabilində aldığını bildirir. Bundan sonra 01 ədəd büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, videogörüntülər «diskə baxış keçirilməsi haqqında» 13 noyabr 2022-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq olunan, «Baxış keçirilməsi» haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «X18 8» modelli **********69298 və **********69296 imei kodlu mobil telefon aparatı aktivləşdirilməklə telefonun proqramlar siyahısında olan «Whatsapp» mobil tətbiqinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, siyahıda ilk olaraq adı «Qardaş» kimi qeyd olunmuş +**********07 nömrə istifadəçisi ilə yazışmalar və səs danışıqları aparılmışdır. Qeyd olunan nömrə İran İslam Respublikasına məxsusdur. Təqsirləndirilən şəxs isə həmin nömrə ilə öz istifadəsində olan 055 ***-**-** GSM nömrə vasitəsi ilə yazışmalar aparmışdır. Tərəflər arasındakı yazışmalar 6,11,12,13 noyabr 2022-ci il tarixlərdə aparılmışdır. Həmin yazışmalara aparılan baxış zamanı məlum olur ki, xx.xx.2022-ci il tarixdə saat 19.05-dən 21.07-dək aparılan danışıqlarda Təqsirləndirilən şəxs öncələr İİR-dan olan Rizvan adlı şəxslə telefon əlaqəsində olmaqla ondan satması üçün bir neçə dəfə narkotik vasitələr almış və pulunu həmin şəxsin bildirdiyi bank kartına köçürmüşdür. Həmin yazışmalarda Təqsirləndirilən şəxs qarşı tərəfə Rza adı ilə müraciət edir. Həmin şəxs isə Rzanın həbs olunduğunu, sonuncunun xahişi ilə Əlisultanla təmasa keçdiyini bildirir. Aparılmış danışıqlardan məlum olur ki, Rza adlı şəxsin Təqsirləndirilən şəxs 1000 manatdan yuxarı borcu olmuş və danışan şəxs Rzanın əvəzindən həmin borcu hissə-hissə ödəməyə söz verir. Təqsirləndirilən şəxs həmin İran ləhcəli şəxsdən patı və torpaq adı ilə bildirdiyi narkotik vasitələrin olub-olmamasını soruşur, həmin şəxs isə hazırda patı olmadığını, lakin ona 10 büküm torpaq göndərə biləcəyini və yerini ona bildirəcəyini deyir. Hər iki şəxs arasında aparılan danışıqlarda Təqsirləndirilən şəxs iranlı olan həmin şəxsə ona narkotik göndərməsini, özünün satışı aparmasını təklif edir. Həmin iranlı Əlisultanın etibarlı olmasını və əvvəllər də göndərilən malları yaxşı paylayıb satmasını deyir. Danışıq zamanı Təqsirləndirilən şəxs Rza adlı şəxsdən 12-13 manata narkotik aldığını bildirsə də, özünü Rzanın böyük qardaşı kimi təqdim edən şəxs ona yalnız 26 manatdan narkotik vasitə göndərə biləcəyini deyir və sonuncu da onunla razılaşır. Həmin yazışmada eyni zamanda iranlı olan şəxs bildirir ki, hər dəfə göndərdiyi malları bir az artıq göndərməklə Rzanın borcunun silinməsini istəyir və Təqsirləndirilən şəxs da onunla razılaşır. Razılaşma əsasında iranlı tərəf ona Qobu tərəfə getməyi və orada bildirdiyi konum atılan yerdən 10 büküm torpağı götürüb satmaqla ertəsi gün bildirdiyi karta pulunu atmasını tapşırır. Təqsirləndirilən şəxs ona konum atılan ünvana getməklə 10 büküm torpağı götürdüyünü, ertəsi gün hər birini satıb axşama pulunu iranlının kartına atacağına söz verir. xx.xx.2022-ci il tarixdə saat 20.54-dən başlayaraq göndərilən səs yazışmalarında Təqsirləndirilən şəxs ötən gün ona göndərilən torpaqları satdığını, pulunu karta köçürmək istədiyini bildirir. Eyni zamanda Təqsirləndirilən şəxs iranlıdan torpaq adlandırdıqları heroindən başqa, ona patı adlanan narkotik vasitə də göndərməsini xahiş edir. Aralarında olmuş razılıq əsasında iranlı şəxs ona yenidən 10 büküm torpaq göndərəcəyini bildirməklə əvvəlcə öncəki malların pulunu ödəməsini tələb edir, sonra Əlisultan X1 məxsus **********058189 Unibanka məxsus bank kartı nömrəsini göndərir. Təqsirləndirilən şəxs isə artıq xx.xx.2022-ci il tarixə keçən gecə saat 00.06-da ünvan 4 ünvandan həmin kart hesabına 230 manat pul köçürür. İranlı şəxs isə ona 00.08-də səs atmaqla 10 büküm malı qoyduqları yerin konumunu və şəklini atmaqla gedib malı götürməsini tapşırır. Saat 00.41-də Təqsirləndirilən şəxs iranlı şəxsə səs atmaqla ətrafda polislər gördüyünü bildirir, iranlı isə ona bir az gözləməsini, sonra gedib malı götürməsini tapşırır. Bundan sonrakı vaxtda onların arasında hər hansı bir yazışma və danışıq aparılması aşkar olunmur. Bundan başqa həmin telefonda «Whatsapp» siyahısında olan nömrələrdə Ayxan adı ilə qeyd olunmuş +**********34 nömrə ilə aparılan danışıqlara baxış keçirdikdə həmin nömrənin İran İslam Respublikasına məxsus olması, Təqsirləndirilən şəxs həmin nömrə ilə istifadəsində olan 055 ***-**-** GSM nömrə vasitəsi ilə yalnız bir gün- xx.xx.2022-ci il tarixdə saat 23.31-də səs yazışmaları olmuş, həmin yazışmalarda Ayxan kimi göstərilən şəxs Təqsirləndirilən şəxs söz verdiyi 200 manat pulu göndərməməsinin səbəbini soruşur, həmin pulu göndərəcəyi təqdirdə ona yeni malların olduğu ərazini bildirəcəklərini demişdir. Bundan başqa həmin telefonda «Whatsapp» siyahısında olan nömrələrdə Rizvan adı ilə qeyd olunmuş +**********67 nömrə ilə aparılan danışıqlara baxış keçirdikdə həmin nömrənin İİR-na məxsus olması, Təqsirləndirilən şəxs həmin şəxslə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılan yazışmalar zamanı ona satması üçün patı, torpaq narkotik vasitələrini göndərməsini, satıb pulunu göndərəcəyini vəd edir, həmin şəxs müştərilərə ot da təklif edib satması ilə bağlı danışıqlar aparır, lakin qarşı tərəf Təqsirləndirilən şəxs narkotik göndərməsi ilə bağlı dəqiq razılığa gələ bilmir. Qeyd olunan telefon danışıqları və yazışmalarla bağlı sədrlik edənin sualına cavab olaraq təqsirləndirilən şəxs verəcək cavabının olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 13 noyabr 2022-ci il tarixli, 6/6524 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №234» dairəvi möhür əksi və ... Əlisultan (imza)...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 9,631 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə: cild İ, səh. 39-42). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 26 noyabr 2022-ci il tarixli 7155 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 133-134). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 dekabr 2022-ci il tarixli 3243 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs hal-hazırda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: cild İ, səh. 136-137). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «maddi sübut kimi tanıma haqqında» 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 9,631 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,531 qram təşkil edən narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 81). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, 01 ədəd «X18 8» modelli **********69298 və **********69296 imei kodlu mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-in saxlancına verilmişdir (iş vərəqə: cild İ, səh. 155-162). İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında» 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi İİR-nın vətəndaşı, habelə qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 166-167). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 9,631 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində daşıyıb saxlaması, müxtəlif vaxtlarda əvvəlcədən İran İslam Respublikasının vətəndaşları ilə əlaqə saxlamaqla narkotik vasitəni əldə etməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, İran İslam Respublikasından müxtəlif şəxslər tərəfindən göndərilmiş narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməsi ilə bağlı müxtəlif şəxslərlə sövdələşməsi barədə kifayət qədər aydın telefon danışıqları, yazışmaları və səs yazılarının olması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli qismən təqsirli bilib, əldə etdiyi narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi, həmin narkotik vasitədən heç kimə satmaması məzmunundakı ifadələrinə də qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınmış «X18 8» markalı mobil telefona baxış keçirilən zaman onun İİR-dan olan Rizvan adlı şəxslə telefon əlaqəsində olmaqla ondan satması üçün bir neçə dəfə narkotik vasitələr alıb, pulunu həmin şəxsin bildirdiyi bank kartına köçürməsi, daha sonra «Qardaş» adı ilə qeyd olunmuş İİR-na məxsus mobil nömrənin istifadəçisindən patı və torpaq adı ilə bildirdiyi narkotik vasitələrin olub-olmamasını soruşması, həmin şəxsin hazırda patı olmadığını, lakin ona 10 büküm torpaq göndərə biləcəyini və yerini ona bildirəcəyini deməsi, Təqsirləndirilən şəxs qeyd olunan şəxsə ona narkotik göndərməsini, özünün satış aparmasını təklif etməsi, həmin iranlının Əlisultanın etibarlı olması və əvvəllər də göndərilən malları yaxşı paylayıb satmasını deməsi, Təqsirləndirilən şəxs Rza adlı şəxsdən 12-13 manata narkotik aldığını, özünü Rzanın böyük qardaşı kimi təqdim edən şəxsin isə ona yalnız 26 manatdan narkotik vasitə göndərə biləcəyini deməsi, sonuncunun da onunla razılaşması, iranlı tərəfin Təqsirləndirilən şəxs Qobu tərəfə getməyi və orada bildirdiyi konum atılan yerdən 10 büküm torpağı götürüb satmaqla ertəsi gün bildirdiyi karta pulunu göndərməsini tapşırması, Təqsirləndirilən şəxs da həmin ünvana getməklə 10 büküm torpağı götürdüyünü, ertəsi gün hər birini satıb axşama pulunu iranlının kartına atacağına söz verməsi və artıq xx.xx.2022-ci il tarixdə saat 20.54-də ötən gün ona göndərilən torpaqları satdığını, pulunu karta köçürmək istədiyini bildirməsi, həmçinin ona torpaq adlandırdıqları heroindən başqa, patı adlanan narkotik vasitə də göndərməsini xahiş etməsi, iranlı şəxsin ona yenidən 10 büküm torpaq göndərəcəyini bildirməklə əvvəlcə öncəki malların pulunu ödəməsini tələb etməsi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə keçən gecə saat 00.06-da ünvan 4 ünvandan göndərilən bank kartına 230 manat pul köçürməsi, iranlı şəxsin ona daha 10 büküm malı qoyduqları yerin konumunu və şəklini atmaqla gedib malı götürməsini tapşırması məzmunundakı telefon danışıqları onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ səh.119-120). Məhkəmə iclasında təqsirləndirilən şəxs himayəsində səkkiz azyaşlı uşağının olmasını bildirsə də, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmaqla məhkəmədə tədqiq olunmuş doğum haqqında şəhadətnamələrin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X6 adlı – 5 azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşağının olmasını, habelə onun gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 26 noyabr 2022-ci il tarixli, 7155 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,531 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «X18 8» modelli **********69298 və **********69296 imei kodlu mobil telefon aparatı təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 55 (əlli beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdiyi 36 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,531 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd «X18 8» modelli **********69298 və **********69296 imei kodlu mobil telefon aparatı təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar