Məhkəmə qərarları › İş №1(101)-1110/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1110/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1110/2022 04.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şahid1 küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşamış, 11 yanvar 2022-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 11 yanvar 2022-ci il tarixdə saat 11:30-da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,69 qram və 2,91 qram, ümumi təmiz çəkisi 5,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin şalvarın sağ yan cibindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,503 qram, 1,139 qram, 1,360 qram, 1,347 qram və 1,730 qram olmaqla, ümumi təmiz çəkisi 7,079 qram, yəni külli kiqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,974 qram və 1,374 qram olmaqla, ümumi təmiz çəkisi 2,348 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı evin qonaq otağında masanın üzərindən 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,015 qram, 1,467 qram, 0,893 qram, 1,242 qram, 1,106 qram, 1,195 qram, 0,982 qram, 156,422 qram və bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1254 qram olmaqla, ümumi təmiz çəkisi 1418,322 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,753 qram, 0,635 qram, 0,289 qram, 0,492 qram və 0,354 qram olmaqla, ümumi təmiz çəkisi 2,523 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 2,07 qram, 1,96 qram, 2,64 qram və 2,15 qram və 1 ədəd politilen bağlamada təmiz çəkisi 3800 qram olmaqla, ümumi təmiz çəkisi 3808,82 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə səhər tezdən Suraxanı RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin üç nəfər polis əməkdaşı onu saxlamış, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək bölməyə aparmışlar. Polis bölməsində onu təhqiqatçının yanına aparmışlar və əynindəki kurtkasını çıxarmağı demişlər. Həmçinin bir nəfər şəxs oturub nəsə yazmışdır. Həmin şəxs onun üzərindəki telefonunun alınmasını və üstünün yoxlanılmasını tapşırmışdır. Bu zaman onun üzərindən 3 qutu marixuana, şalvarının cibindən isə 6- 7 qram isə heroin aşkar olunmuşdur. Həmin narkotiklər onun özünə məxsus olmuş, lakin yaşadığı evdən aşkar edilmiş narkotiklər barədə məlumatı yoxdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığını, narkotik vasitələrdən uzun müddətdir ki, istifadə etdiyini, ibtidai istintaq zamanı ona təzyiqlər olunduğunu, evdən tapılmış narkotik vasitələrin ona məxsus olmasını qəbul etməyəcəyi halda, qardaşının da tutulacağının bildirildiyini, həmin narkotik vasitələrin ona məxsus olmadığını və evinə kimlər tərəfindən qoyulduğunu izah edə bilməyəcəyini, Əli adlı şəxsin İran vətəndaşı olduğunu, bu adı polis əməkdaşlarının ona dediyini, lakin özünün belə bir şəxsi tanımadığını, saxlanılarkən və bölmədə olarkən ona hər hansı fiziki təsir göstərilmədiyini, polis əməkdaşları tərəfindən döyülmədiyini, təcridxanaya qəbul edilərkən tibbi müayinədən keçdiyini, bu zaman üzərində hər hansı xəsarət izləri olmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ildir narkotik maddələrdən inyeksiya yolu istifadə edir. Narkotik maddə marixuana, metamfetamini və heroini almaq üçün İran İslam Respublikası vətəndaşı olan özünü “Əli” adlı şəxs kimi qələmə verən şəxsdən istifadə etmək üçün 2 ədəd kibrit qutusunun içərisində marixuananı və 5 ədəd şəffaf selofanda heroin və 2 ədəd şəffaf selofanda metamfetamini 300 manata almışdır. 11 yanvar 2022-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində evin qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək, onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmiş. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd şəffaf selofanda heroin, 2 ədəd şəffaf selofanda metamfetamin və həmin şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunun içərisində marixuana olan narkotik vasitələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra ona yaşadığı evə baxış keçirilməsi barədə icazə istəmişlər və o, etiraz etməyib baxış keçirilməsinə razılıq vermişdir. Yaşadığı evə, yəni ünvan 4 ünvanında polis əməkdaşları və vəkilin iştiraki ilə baxış keçirilmişdir. Yaşadığı evin qonaq otaqında masanın üzərində ona məxsus 13 ədəd şəffaf selofan bükümdə narkotik vasitələr, 4 ədəd kibrit qutusunun içərisində ot şəkilli kütlə, 1 ədəd tərəzi və həmin otaqda pərdənin arxasında yerləşən dolabın içərisində 1 ədəd qara rəngli selofan torbada olan ot şəkilli kütlə və 1 ədəd qara rəngli selofanda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələr və tərəzi qablaşdırılaraq onuün və iştrakçılar tərəfindən imzalanmışdır. Narkotik maddələrin satışı ilə məşğul olmur, öz istifadəsi üçün narkotik vasitələri əldə edir və istifadə edir (cild 1, iş vərəqi 82-84). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokoldakı imzaları özünün çəkdiyini, həmin ifadəni qismən təsdiq etdiyini, üzərindən aşkar olunmuş narkotiklərin ona məxsus olduğunu, lakin evindən tapılmış narkotikləri qəbul etmədiyini, polis əməkdaşları onu qardaşı ilə təhdid etdiklərinə görə bu cür ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2022-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün ondan və Suraxanı RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Saat 11:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 39 ünvanının qarşısında xarici əlamətləri Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib saxlamış, onun narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək, Suraxanı RPİ-nə dəvət etmişlər. İdarədə sənədləşməni təhqiqaptçı Suad Həmzəyev aparmışdır. Hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, sonuncu, əynindəki cins şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunda marixuanaya bənzər maddəni və şalvarının sağ cibindən 7 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Bükümlərin içərisində nə olması, nə vaxt və kimdən əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində narkotik vasitələrdir, onları internet vasitəsi ilə Əli adlı İran vətəndaşından 300 manata öz istifadəsi üçün almış, bir hissəsi də yaşadığı mənzildədir. Həmin narkotik vasitələr götürülərək qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra saat 14:30 radələrində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 39 ünvanına getmişlər. Baxış zamanı evin qonaq otağındak stolun üzərində 13 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə, 4 ədəd kibrit qutusunda otşəklli kütlə, 1 ədəd elektron tərəzi və həmin otaqda pərdənin arxasında olan dolabın içərisində 1 ədəd qara rəngli selofan torbada ot şəkilli maddə və 1 ədəd selofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Həmin kütlələr götürülərək qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da, konkret olaraq kimlərə satması barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmiş, sonuncuya qarşı qardaşı ilə bağlı hər hansı təhdid edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nə gətirilməsi, polis idarəsində üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərkən külli miqdarda narkotik vasitələrin və rsixotrop maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında yanvar 2022-ci il tarixli protokola əsasən, həmin tarixdə saat 11:40-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 39 №-li evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman, sonuncu, əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunda içərisində otşəkilli maddə və şalvarın sağ cibindən 7 ədəd şəffaf selofan bükümdə narkotik vasitəyə bənzər maddələri çıxarıb təqdim etmiş və bükümlərdə olan maddələrin narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri onlayn yolla Əli adlı İran vətəndaşından 300 manata aldığını, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş və həmin bükümlər götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqi 32-33). Cinayət işində olan yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması haqqında 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:30-da ünvan 6 ünvanında yerləşən yaşayış evinə videoçəkilişlə baxış keçirilən zaman evin qonaq otağındakı masanın üzərində 13 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə, 4 ədəd kibrit qutusunda otşəklli kütlə, 1 ədəd elektron tərəzi və həmin otaqda pərdənin arxasında olan dolabın içərisində 1 ədəd qara rəngli selofan torbada ot şəkilli maddə və 1 ədəd selofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 35). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi videogörüntülərini əks etdirən 2 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 1-ci diskdə polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Bu zaman, sonuncu, əynindəki mavi rəngli cins şalvarının sol cibindən 2 kibrit qutusu və sağ yan cibindən 7 ədəd selofan bükülmüş maddəni çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olması və hansı yolla əldə etməsi barədə sual verilərkən, sonuncu, həmin bükümlərdəki maddələrin narkotik maddə olduğunu, həmin narkotik vasitəni onlayn yolla İran vətəndaşı Əli adlı şəxsdən 300 manata aldığını, həmçinin yaşadığı mənzildə də narkotik maddələr saxladığını bildirir. Aşkar olunmuş maddələr şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb götürülür. 2-ci diskə baxış zamanı isə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi, bu zaman otaqların birində masanın üzərində 13 şəffaf selofan büküm, 4 kibrit qutusunda otşəkilli maddə və 1 elektron tərəzi, həmçinin həmin otaqda pərdənin arxasında olan dolabın içərisindən qara torbada otşəklli maddə və 1 ədəd selofan bükülmüş maddənin aşkar olunraq götürülməsi görüntülərinin əks olunduğu müəyyən edilir. Həmin maddələr də baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülür (cild 1, iş vərəqi 101). İbtidai istintaq orqanının 26 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin inzibati binasında şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən çəkilmiş videogörünütləri əks etdirən 2 ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 138). Məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli 6/162 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı və imzalar olan zərfdəki 7 ədəd bükümdə, onlardan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,503 qram, 1,139 qram, 1,360 qram, 1,347 qram və 1,730 qram olmaqla, ümumi təmiz çəkisi 7,079 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,974 qram və 1,374 qram olmaqla, ümumi təmiz çəkisi 2,348 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evindan aşkar edilmiş» yazı və imzalar olan zərfdəki 13 ədəd bükümdə, onlardan 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,015 qram, 1,467 qram, 0,893 qram, 1,242 qram, 1,106 qram, 1,195 qram, 0,982 qram, 156,422 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,753 qram, 0,635 qram, 0,289 qram, 0,492 qram və 0,354 qram olmaqla, ümumi təmiz çəkisi 2,523 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evindan aşkar edilmiş» yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 1254 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evindan aşkar edilmiş» yazısı və imzalar olan zərfdəki 1 ədəd qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs yaşadığı evindən və üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1425,401 (1 kq 425,40 lqr) təşkil edir və heroinlər kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs yaşadığı evindən və üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4,871 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eynidirlər (cild 1, iş vərəqi 46-49). Məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2022-ci il tarixli 7/30 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazı və imzalar olan kağız paketdəki 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 2,69 qram, 2,91 qram, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evindan aşkar edilmiş» yazı və imzalar olan kağız paketdəki 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 2,07 qram, 1,96 qram, 2,64 qram, 2,15 qram və 1 ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 3800 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Ümumi çəkisi 3814,42 qramdır. (3 kq 814,42 qram) (cild 1, iş vərəqi 57-58). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1362 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 128-129). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 709 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cəld 1, iş vərəqi 131-132). İbtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1425,401 (1 kq 425,401 qr) qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 4,871 qram psixotrop maddə metamfetamin, ümumi çəkisi 3814,42 qram (3 kq 814,42 qram) narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,979 qram, 1253,8 qram və 164,082 qram heroin, 2,288 və 2,423 qram metamfetamin, 3813,92 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı rayon Polis idarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 138). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2008-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıddan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə 6 ay 23 gün vaxtından əvvəl cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs az ağır cinayət hesab edilən həmin əmələ görə cəzasını çəkib qurtardığı gündən 2 il keçdiyinə görə məhkumluğu ödənilmiş hesab olunur. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 03 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqi 116-118, 141-148). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, lakin evindən tapılmış narkotikləri qəbul etmədiyini, polis əməkdaşları onu qardaşı ilə təhdid etdiklərinə görə istintaq zamanı etirafedici ifadələr verdiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən, həmçinin yaşadığı evə baxış keçirilən zaman özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri, həmçinin elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində qeyd olunan bütün narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən qardaşı ilə təhdid edildiyinə görə istintaq zamanı etirafedici ifadələr verməsi barədə gətirdiyi dəlillə bağlı da qeyd edilməlidir ki, bu hal da məhkəmə tərəfindən yoxlanılmış və ös təsdiqini tapmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 03 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına münasibətdə hesab edir ki, həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən toplama yolu birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 11 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1362 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,979 qram, 1253,8 qram və 164,082 qram heroin, 2,288 və 2,423 qram metamfetamin, 3813,92 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə keçirilməsinə dair videogörüntüləri əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə müəyyən edildi ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatları 192 (yüz doxsan iki) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə baxışı zamanı Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 90 (doxsan) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin olunmuş cəzaya Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmünə əsasən qəti təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qismən toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,979 qram, 1253,8 qram və 164,082 qram heroin, 2,288 və 2,423 qram metamfetamin, 3813,92 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatlarının dəyəri olan 192 (yüz doxsan iki) manat 82 qəpik pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 90 (doxsan) manat pul vəsaiti Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar