Məhkəmə qərarları › İş №1(101)-1112/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1112/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1112/2023 26.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1986-cı il tarixdə Rusiya Federasiyasının Rostov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cərimə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 2,689 qram təşkil edən narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,025 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə etmiş, heroini üzərində saxlayaraq daşımış, metamfetamini isə yaşadığı evdə olan servantda stəkanın içərisində saxlamış, 25 noyabr 2022-ci il tarixdə 01 ədəd bükümdə 1,025 qram olan metamfetamini həmin yerdən götürərək asılqandan asılmış gödəkçəsinin cibinə qoymaq əvəzinə, səhvən evində qonaq olan Şahid1 gödəkçəsinin cibinə qoymuş, 25 noyabr 2022-ci il tarixdə saat 17:40-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 14 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 2,689 qram təşkil edən narkotik vasitə olan heroin, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynindəki qara rəngli gödəkçəsinin sol cibindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə təmiz çəkisi 1,025 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən iki ildir ki, ağrıları olduğundan tanımadığı şəxslərdən narkotik vasitə və psixotrop maddə alaraq istifadə edir. Əvvəllər də bir neçə dəfə narkotik istifadəçisi kimi məhkum olunmuşdur. Sonuncu dəfə 25 noyabr 2022-ci il tarixdə tutulmamışdan bir neçə saat əvvəl özünün istifadə etməsi üçün 10 manata bir bükümdə heroin və bir bükümdə metamfetamin almışdır. O, heroini istifadə etmək üçün cins şalvarının cibində saxlamış, metamfetamini isə daha sonra istifadə etməsi üçün evdəki servantda xrustal stəkanın içərisinə qoymuşdur. 25 noyabr 2022-ci il tarixdə 20 ilə yaxın müddətdir ki tanıdığı ailəvi dostu olan Şahid1 onlara qonaq gəlmişdir. Onlar evdə oturub yemək yemiş, sonra Ceyhun bayırda hansısa kafelərin birində oturub içməyi təklif etmişdir. Evdən çıxmamışdan əvvəl uşaqlarının və ya anasının servantın içərisindən stəkanı götürən zaman metamfetamini görəcəklərindən ehtiyat edib metamfetamini götürüb gödəkçəsinin cibinə qoymağı qərara almışdır. Həmin vaxt səhv salıb metamfetamini öz gödəkçəsinin cibinə qoymaq əvəzinə, dostu Ceyhunun qara rəngli gödəkçəsinin cibinə qoymuşdur. Çünki, onun və Ceyhunun gödəkçələri ikisi də qara rəngli və paltar asılan yerdən asılı vəziyyətdə olmuşdur. Onlar evdən çıxdıqdan sonra saat təxminən 17:40-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 14 ünvanının qarşısında polislər onlara yaxınlaşmışlar. Polislər özlərini təqdim etdikdən sonra onların narkotik vasitədən istifadə etmələrində şübhəli olduqlarını deyib, onları 31-ci Polis Bölməsinə aparmışlar. Onlar da etiraz etməyib polislərlə birlikdə 31-ci Polis Bölməsinə getmişdir. X3 və onu ayrı-ayrı otaqlara aparmışlar. Onun üzərinə baxış keçirilən zaman o, əynindəki cins şalvarının cibində saxladığı bir bükümdə olan heroini polislərə təqdim etmişdir. Üst-başı, cibləri yoxlanmış, amma heç nə çıxmamışdır. O, fikirləşmişdir ki, yəqin gödəkçəsinin cibinə qoymaq istədiyi metamfetamini yerə salmışdır. Sonradan bilmişdir ki, Ceyhunun gödəkçəsinin cibindən metamfetamin aşkar olunmuşdur və buna görə də araşdırma aparılır. Həmin vaxt başa düşmüşdür ki, ona məxsus metamfetamini səhv salaraq öz gödəkçəsinin deyil, Ceyhunun gödəkçənin cibinə qoymuşdur. Ona görə də bu məsələ araşdırılmış və metamfetaminlə bağlı da ona ittiham irəli sürülmüşdür. Saxlanarkən və sonradan ona qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasının, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 göstərdi ki, 25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra ondan, 31-ci Polis Bölməsinin cinayət- axtarış üzrə əməliyyat müvəkkili Şahid2, Suraxanı rayon Polis İdarəsinin X1 baş əməliyyat müvəkkili Şahid4 və X1 əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 17:40 radələrində ünvan 4 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs və Şahid1 bənzəyən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və onlardan özlərini təqdim etməsini istəmişlər. Həmin şəxslər də özlərini təqdim etdikdən sonra onlara narkotik maddələrin istifadəsi və saxlanılmasında şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış həyata keçirilməsi üçün 31-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Şahid1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunsuz heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Ceyhun Rəhimovun üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd büküm və həmin gödəkçəsinin sağ yan cibindən bir əəd “İphone 11” markalı mobil telefon aşkar edilmişdir. Şahid1 həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda sonuncu həmin bükümün onun cibində olmasından xəbərinin olmadığını, həmin bükümün içərisində nə olduğunu bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Bundan sonra həmin büküm açılaraq içərisinə baxış keçirilmiş, həmin bir ədəd büküm və bir ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra Şahid1 üzərində şəxsi axtarış davam etdirilmiş və başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və sonuncu əynindəki tünd göy rəngli cins şalvarın sağ cibindən bir ədəd göy rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümün içərisində narkotik maddə olan heroini tanımadığı şəxsdən 10 manata aldığını və özünün istifadə etməsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şahid1 və Təqsirləndirilən şəxs saxlanılarkən və 31-ci Polis Bölməsində olduğu zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Sonradan bilmişdir ki, istintaqın gedişində araşdırma aparılaraq Şahid1 aşkar edilmiş metamfetaminin Təqsirləndirilən şəxs məxsus olması təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 114-116). İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan dostu Təqsirləndirilən şəxs evinə qonaq getmişdir. Şaiqgilin evində onunla birlikdə yemək yedikdən sonra sonuncu çay içməyi təklif etmişdir. O isə Şaiqə gedib hansısa kafedə oturub çay içməyi təklif etmiş, Şaiq də onunla razılaşmışdır. O, ayaqyoluna getmiş və oradan çıxdıqdan sonra onlar birlikdə evdən bayıra çıxmışlar.Təxminən saat 17:40 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 14 ünvanının yaxınlığında olan zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onları 31-ci Polis Bölməsinə dəvət etmiş,onlar da razılaşıb polislərlə birlikdə Polis Bölməsinə getmişlər. Polis Bölməsində onları ayrı-ayrı xidməti otaqlara aparmışlar. Xidməti otaqda ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil tutulmuşdur. Sonra üzərində olan əşyaları təqdim etməyini bildirmişlər. O isə polislərə üzərində mobil telefonundan başqa heç nə olmadığını demiş, mobil telefonunu polislərə təqdim etmişdir. Sonra polislər onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd büküm aşkar olunaraq götürülmüşdür. Ondan götürülmüş bükümün nə olduğu soruşulmuşdur. O isə gödəkçəsinin cibində heç nə olmadığını, həmin bükümdən onun xəbərinin olmadığını bildirmişdir. Sonra aşkar olunmuş büküm onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. O, heç vaxt narkotik maddələrdən istifadə etməmiş və narkotik maddlərin satışı ilə məşğul olmamışdır. Əynində olan gödəkçənin cibindən aşkar edilmiş bükümün ona məxsus olmadığını, kimə məxsus olduğunu bilmədiyini bildirmişdir. 31-ci Polis Bölməsinə gətirilərkən və Polis Bölməsində olan zaman ona qarşı fiziki təzyiqlər və zorakılıq halları baş verməmişdir (cild 1, iş vərəqə 194-196). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ cibindən bir ədəd göy rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini tanımadığı şəxsdən 10 manata aldığını və özünün istifadə etməsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 33-34,64-65). Şəxsi axtarış və götürmə aparılması haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Şahid1 üzərində qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Şahid1 üzərinə baxış zamanı onun əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd göy rəngli şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Şahid1 həmin bükümün onun cibindən olmağından və bükümün içərisində nə olduğundan xəbəri olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 165-166, 206). Məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2022-ci il tarixli 6/6761 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,689 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,639 qram təşkil etmişdir (cild 1, iş vərəqə 48-52). Məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2022-ci il tarixli 6/6762 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Ceyhun Rəhimov o. (imza)...’' sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,025 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,925 qram təşkil etmişdir (cild 1, iş vərəqə 171-175). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-cü il tarixli 125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 252-253). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il, xx.xx.2012-ci il, xx.xx.2022ci il təvəllüdlü üç azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 58). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cərimə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 117-118,120-128). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 96-99). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,639 qram təşkil edən heroin və qalıq çəkisi 0,925 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 162 (bir yüz almış iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 49,172,302). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,639 qram təşkil edən heroin və qalıq çəkisi 0,925 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs və Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 162 (bir yüz almış iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar