Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1113/2023 12.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilir onda ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 18,767 qram olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 noyabr 2022-ci il tarixdə saat 12:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən külli miqdarda narkotik vasitə - kimyəvi tərkiblərinə görə eynilik təşkil edən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,223 qram və 9,544 qram olmaqla ümumi təmiz çəkisi 18,767 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 10 il əvvəldən narkotik vasitələrdən istifadəni dayandırmış, heç vaxt da narkotik vasitə satmamışdır. Ailə qurmuş, övladı dünyaya gəlmişdir. Övladının ciddi xəstəliyi var, körpə vaxtı uşağını onkoloji xəstəliklə bağlı cərrahi əməliyyat da elətdirmişlər və uşağı indi də həkim nəzarətindədir. Övladının müalicəsi onlara ağır yükdür, çox çətinliklə ailəni dolandırır. Tutulduğu gün, yəni 19 noyabr 2022-ci il tarixdə günortadan sonra uşağını xəstəxanaya aparmağı planlaşdırmışlar. Ona qədər hələ vaxt olduğu üçün evinin köhnə qaz xəttini yenisi ilə əvəz etməklə məşğul olmağa başlamışdır. Saat təxminən 11-12 arası darvazanın qabağında qara rəngli «Nissan» markalı maşın dayanmış, içindən 4 nəfər mülki geyimli şəxs düşmüş, adını və burada nə iş gördüyünü soruşmuşlar. Elə bu evdə yaşadığını, həyət-baca işləri gördüyünü demiş, gələnlərin polis olduqlarını başa düşmüşdür. Gələnlər kobud şəkildə onun yaxasından tutub maşına tərəf dartmış, zorla üst-başını axtarmağa başlamışlar. Etiraz etmiş, nə məsələ olduğunu, niyə belə etdiklərini soruşmuşdur. Polislərlə onun arasında bu məzmunda mübahisə düşmüş, amma onlar hərbə-zorba gəlib axtarmaqda davam etmiş, üstündən siqaretini, alışqanı, telefonu və az məbləğdə pulunu çıxardıb götürmüşlər. O, daha uca səslə etiraz edəndə qoluna qandal vurub məcburi şəkildə maşına otuzdurmuşlar. Adlarını artıq sonradan bildiyi polislərdən biri – Şahid3 onun yanında maşında qalmış, digər 3 nəfər polis – Şahid1, Siyavuş Cəfərov və əməliyyat rəisi kimi bildiyi Anar İbrahimov əllərində heç bir icazələri, ixtiyarları olmadığı halda evinə girmişlər. Evdə nə axtardıqlarını da bilməmişdir. Bir az keçdikdən sonra 3 nəfər polis qayıdıb gələrək maşına minmişlər. O, narazılıq bildirməkdə davam etmiş, özbaşınalığa görə cavab verəcəklərini demişdir. Bunun cavabında onu söyüb təhqir etmiş, əli qandallı vəziyyətdə ona əl-qol atmış, idarədə onu başa salacaqlarını, onun uzun dilini kəsib nəsə edəcəklərini söyüşlə demişlər. İdarədə onu otaqların birinə salıb “sən sroka getməlisən” deyə-deyə döyməyə başlamışlar, kim harasından gəlir vurmuş, əməlli işgəncə vermişlər. Axırda noxud boyda 2 bükümü içini açıb göstərmədən ona təqdim edib «bunu götür boynuva, istifadəçi kimi 234.1-ci maddə ilə oformit edək, yoxsa başqa cür olacaq, evinə 1 kilo mal qoyub üzüvə adam durğuzacağıq, altından çıxa bilməyəcəksən, göndərəcəyik gedər-gəlməzə» deyə bildirmişlər. Polislərə vəkil istədiyini, vəkil çağırmalarını demiş, amma heç qulaq asan olmamışdır. Döyməkdə davam edib qayda-qanunu onların müəyyənləşdirdiklərini, «şikayətin varsa sonra hara istəsən yazarsan» demişlər. İşgəncəyə, döyülməyə dözməyib sonda razılaşmış və polislərin dediyi kimi qabaqcadan cibinə qoyacaqları 2 bükümü çəkiliş vaxtı özününkü kimi çıxardıb verməyə razılaşmışdır. Razılaşma belə olmuşdur ki, onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə «oformit» edəcəklər. Həqiqətən də polislər yazdıqları kağızlarda o maddəni göstərmişlər. Çəkiliş də olub qurtarmışdır. Çəkiliş vaxtı xəsarətlərə görə ayaq üstə çətinliklə dayanmışdır. Başındakı xəsarətlərin görünməməsi üçün ona papaq da vermişlər. Vəkil hələ də çağırılmamışdır. Razılaşmadan sonra hansısa kağızlar verib imzalatmışlar. O, çəkilişin vəkilsiz keçirilməsi barədə ərizə yazmamışdır. Özləri yazıb ona imza etdirmişlər. Həm də hələ çəkiliş olanda ümumiyyətlə heç vəkil söhbəti də olmamışdır. Özlərinin uydurduğu kimi guya bu narkotiki 30 manata tanımadığı şəxsdən almasını bildirmişdir. Suad Həmzəyev adlı təhqiqatçı bu məzmunda izahat və başqa sənədlər yazmışdır. Bunların heç biri düz deyil, əslində nə onda narkotik olub, nə də başqa məsələlər. Həm də polislərin özləri belə ona verdikləri bükümlərdə həqiqətən çox cüzi miqdarda narkotik vasitə olduğunu bildirmişlər. Bükümlərin görünüşü də həqiqətən elə olmuşdur. Həm də bükümlər götürüləndə də onlar çəkilməmişdir. Amma sonradan ona üstünə qoyulub çıxarılan narkotikin miqdarının 18 qramdan çox olması deyildikdə buna inanmamışdır. Çünki, qoyulmuş narkotik vasitə heç bir halda bu çəkidə olmamışdır. Sonra aparıb onu X15 atmışlar. Bütün bədəni xəsarətlərlə dolu olmuşdur. Göyərmiş, şişmiş, qanı axan xəsarətləri olmuşdur. Vəkil də səhv etmirsə tutulan günün səhərisi gəlmiş, nələrəsə qol çəkərək çıxıb getmişdir. Səhərisi gün həm də təhqiqatçı Suad yanına gəlmiş və ona bir ərizə uzadıb imzalamağı təklif etmiş, bildirmişdir ki, dünən evinə axtarışa getmişlər, bu da onun evdə axtarış keçirilməsinə razılıq ərizəsidir. O, qanunsuz şəkildə heç kimin icazəsi olmadan iki dəfə evində axtarış etdiklərini, buna ixtiyarlarının olmadığını deyib etiraz edərək ərizəni imzalamamışdır. Təhqiqatçı ona «özün bil, istəyirsən imzala, istəmirsən imzalama, onsuz da sroka gedəcəksən» deyib çıxıb getmişdir. Sonradan bilmişdir ki, həyat yoldaşını aldadıb, qorxudub sonradan belə bir razılıq ərizəsini yazdırmışlar. Təhqiqatçı gedəndən bir neçə saat sonra müstəntiq Rüstəm Şıxəliyev ifadəsini almaq üçün yanına gəlmiş, o, vəziyyəti müstəntiqə danışmış, üstündə əslində heç bir narkotik vasitə olmadığını, narkotik vasitənin üstünə qoyulduğunu demiş, xəsarətlərini göstərmiş, bədənini, baş-gözünü göstərib «sən bax gör nə günə salıblar məni» deyə bildirmişdir. Müstəntiq onu dilə tutub hər şeyin yaxşı olacağını, bütün köməkliyi göstərəcəyini bildirib yalan vədlər vermiş, onu aldatmış, hələlik müəyyən sənədlərə imza atmalı olduğunu demişdir. Təkcə onu etmişdir ki, öz əli ilə kağızda özünü təqsirli bilmədiyini yaza bilmişdir. Müstəntiq ona sonra «dur əlüzünü yu, əyin-başını qaydaya sal, hər şey yaxşı olacaq, səni həm də prokurorun yanına aparacağam, bu vəziyyətdə olmaz» demişdir. Onu Suraxanı rayon prokurorunun yanına aparmışlar. Prokurorluqda olanda vəziyyəti danışmışdır. Bütün xəsarətlərini də görmüşlər. Amma dediklərinə biganə yanışılmış və prokuror ona «səni bu vəziyyətdə buraxa bilmərəm» deyə bildirmişdir. Məhkəməyə sanksiyaya aparılmış, hakimə də vəziyyəti danışmış, onda heç bir narkotik vasitə olmadığını, döyüb boynuna qoyduqlarını, bütün bədəninin xəsarət olduğunu bildirmişdir. Məhkəmədə üz-gözünü, digər xəsarətlərini də görmüşlər. Amma baxan olmamış, sanksiya verilmişdir. Həm də bilmişdir ki, artıq onu satışla «oformit» etmişlər. Sonradan çoxlu şikayətlər yazmış, prokurorluqda araşdırma aparılmış, tibbi rəylə də həqiqətən çoxsaylı xəsarətləri olduğu təsdiqlənmişdir. Amma onun xəsarətlərinin çoxusu heç o rəydə də yazılmamışdır. Həm də ekspertiza keçirilən vaxtda xəsarətlərinin bir qismi artıq sağalmışdır. O, heç br əməl törətməmişdir. Günahsız olduğunun qəbul edilməsini, ona bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan, Suraxanı rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, 19 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:30 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 28 ünvanı tərəfdə – yaşadığı evin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında və satışında şübhəli olduğunu bildirərək şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib onu Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra Şahid1, Şahid3 və onun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümləri, sağ yan cibindən bir ədəd “Nokia" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi iki ədəd sellofan bükümlərdə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə “kakos" adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, onu Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, mobil telefonun isə özünə məxsus olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, mənzilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsə də orada qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir edilməmişdir. Şahid2 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs verdiyi ifadəsinə müdaxilə etməmiş, videoçəkiliş zamanı müdafiəçi iştirak etməmişdir. Yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü də iştirak etmişdir. Şəxsən o özü Təqsirləndirilən şəxs heç bir təzyiq, təsir etməmişdir. Təqsirləndirilən şəxs yalan danışır. Bir daha təsdiq edir ki, həmin narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olub. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə onun məlumatı olmayıb. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan, Suraxanı rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, 19 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:30 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 28 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında və satışında şübhəli olduğunu bildirərək şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra Şahid1, Şahid2 və onun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümləri, sağ yan cibindən bir ədəd “Nokia" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi iki ədəd sellofan bükümlərdə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə “kakos" adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, onu Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, mobil telefonun isə özünə məxsus olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, mənzilinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsə də orada qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir edilməmiş, təqsirləndirilən şəxsin cibinə heç nə qoyulmamışdır. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin X2 əməkdaşı olan Şahid1 şahidlər Şahid3 və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 112-114). Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 göstərdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitələrdən uzaq şəxsdir, narkotik vasitələrdən ümumiyyətlə istifadə etmir. 19 noyabr 2022-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs polislər tərəfindən həyətin qabağında qaz xəttini çəkən vaxt tutulandan sonra evə heç bir sənəd göstərmədən 3 nəfər polis əməkdaşı girmiş, axtarış edib hər yerə baxmış, heç nə tapmamışlar. Ondan Ramilin telefonunu tələb etmiş, Ramildə sensorlu telefon olduğunu israr etmişlər. O da Ramilin telefonunun onda olmadığını demişdir. Həmin gün sonradan yenə gəlib evlərinə baxmış, şəkil çəkmişlər. Təhqiqatçı da ona hansısa kağızlara imza etdirmişdir. Yenə də Ramili özləri ilə gətirməmiş və evdən də heç nə tapmamışlar. Evə girən polis işçiləri onu hədələmiş, Ramilə 7-8 il iş verdirəcəklərini bildirmişlər. Evdən aparılarkən Ramilin heç bir xəsarəti olmamışdır. Amma polislər Ramili aparandan sonra idarədə döymüş, işgəngə vermişlər. Dəfələrlə müxtəlif ünvanlara çoxsaylı şikayətlər ünvanlasalar da şikayətlərinə baxılmamış, nəticəsi olmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümlərini, sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələrin “kokos” adı ilə tanınan narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-35, 91). Məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli 6/6687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N194” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr...” yazılar, soyad və imzalar olan bir ədəd zərfin içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,223 qram və 9,544 qram olmaqla ümumi təmiz çəkiləri 18,767 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 18,667 qram qram təşkil etmişdir (cild 1, iş vərəqə 51-52). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 mart 2023-cü il tarixli 1396 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliklərinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 144-145). Məhkəmə-psixiatrik ekspertizasının 03 dekabr 2022-ci il tarixli 3212 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansi bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunduğu əməli törətdiyi dövrdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 130-131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 02 dekabr 2022-ci il tarixli 11629 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 115). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 X10 Xəstəxanasının 30 noyabr 2022-ci il tarixli 1/2258 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 119). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş «X21» Mərkəzi tərəfindən verilmiş epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü uşağı Raul Rəhimovun üzərində «meningoselin ləğvi» əməliyyatı icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş B ********* №-li reseptdən müəyyən olunur ki, Raul Rəhimova həkim-pediatr tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq müalicə təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 515-x-23 saylı məktubla məhkəməyə təqdim etdiyi materiallardan görünür ki, Təqsirləndirilən şəxs saxlanarkən polis əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalmasını bildirməsi ilə əlaqədar prokurorluq orqanında araşdırma aparılmış və 459-C-22 nömrəli həmin araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Suraxanı rayon prokuroruna ünvanladığı xx.xx.2022-ci il tarixli 4(010)-661/2022 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən təqsirləndirilən şəxs polis əməkdaşlarının gəlib yaşadığı evdən apardıqlarını, həmin vaxt üzərində hər hansı bir narkotik vasitə olmadığını, bölmədə polis əməkdaşlarının onu döyərək təqdim etdikləri narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsini tələb etdiklərini, buna görə də məcbur olub həmin narkotik vasitələrin özünə məxsus olması barədə etirafedici ifadə verdiyini göstərmişdir. O, narkotik vasitə aludəçisi olsa da heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Qeyd olunanlar barədə prokurora məlumat verilərək əlaqədar tədbir görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının Bakı şəhəri Suraxanı rayon prokuroruna ünvanladığı xx.xx.2022-cü il tarixli xx/xx-5655 saylı Xüsusi məlumatda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 14:40 radələrində Suraxanı rayon Polis İdarəsinin X14 əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1981-ci il təvəllüdlü, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş, Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Tibbi-sanitar hissəsində müayinə olunan zaman boyunun arxa nahiyəsində, sağ said nahiyəsində, sol baldır nahiyəsində bənövşəyi rəngli qançır, ənsənin sol nahiyəsində qərtməkli yara aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazlı izahatında həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Prokurorluq orqanında aparılan həmin araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi izahatında xx.xx.2022-cü il tarixdə səhər saatlarında yaşadığı ünvanın qarşısında Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparıldığını, idarədə olarkən polsi əməkdaşlarının onu döyərək işgəncələr verdiklərini və ona məxsus olmayan narkotik vasitəni üzərinə qoyduqlarını, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirdiklərini, məcbur olub dedikləri ilə razılaşıb sənədləri imzaladığını, idarədə şillə və dubinka ilə döyülüb işgəncə verildiyini, Anar və Səyavuş adlı polis əməkdaşları tərəfindən döyüldüyünü göstərmişdir. Qeyd olunan araşdırma zamanı izahat vermiş polis əməkdaşları X17 və Şahid2 Təqsirləndirilən şəxs işgəncə, döyülmə ilə bağlı göstərdiyi xüsusatların yalan olduğunu, saxlanılan zaman həmin şəxslə «sadəcə əməliyyat xarakterli söhbətlər aparıldığını» bildirmişlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyi» Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1427 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Müayinə olunan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsində polis əməkdaşları onu əllə, təpiklə, dəyənəklə bədəninə zərbələr vurmuşlar. Ekspert rəyinin nəticə hissəsinə əsasən Təqsirləndirilən şəxs bədən səthində boyunun, sağ said nahiyəsinin, sol baldır nahiyəsinin, ənsə-gicgah nahiyəsinin səthi əzilmiş yarası xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddəti şəxsin özünün göstərdiyi xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Tibbi-sanitar hissəsində müayinə olunan zaman boyunun arxa nahiyəsində, sağ said nahiyəsində, sol baldır nahiyəsində bənövşəyi rəngli qançır, ənsənin sol nahiyəsində qərtməkli yara aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazlı izahatında həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 665-x-23 saylı, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 54/2-19515/23 saylı məktublardan və onlara əlavə edilmiş qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq edilmiş cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə icraat narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmadığından Suraxanı rayon Polis İdarəsinin sabiq baş müstəntiqi Rüstəm Şıxəliyev tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə araşdırmasının gedişində Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış danışıqların statistik açıqlamaları və sms yazışmalırının mətni əldə olunmuş, amma həmin məlumatlarda elan edilmiş konkret ittihamı təsdiq edən dəlillər müəyyən olunmamışdır. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. İlkin təhqiqatın materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatının daxil olmasına dair raport xx.xx.2022-ci il tarixdə tərtib olunmuş və eyni tarixdə də əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Məlumatın daxil olması barədə raport Suraxanı rayon Polis İdarəsinin X2 rəisi Anar İbrahimov tərəfindən tərtib olunub imzalanmışdır (cild 1, iş vərəqə 3). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar isə məlumatı təqdim edən əməkdaş tərəfindən deyil, eyni bölmənin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş və sonuncu həmin qərarda «Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin satışı və X3 olaraq, narkotik vasitələrin saxlaması və istifadəsi barədə daxil olmuş məlumatı nəzərdən keçirib» qərara gəlinmişdir (cild 1, iş vərəqə 4). Göründüyü kimi, digər hər hansı dəlilin mövcud olmadığı şəraitdə daxil olmuş əməliyyat məlumatının məzmunu, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda təhrif edilərək fərqli məzmunda yazılmış, həm də qərara hazırkı cinayət işinə hər hansı aidiyyəti olmayan X5 barədə məlumatlar daxil edilmişdir. Satışla bağlı əməliyyat məlumatı əsasında saxlanılmış Təqsirləndirilən şəxs satış şübhəsi ilə bağlı deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinərək tutulması barədə qərar qəbul edilmiş və məhz bu şübhə ilə tutulmuş, digər prosessual sənədləşmələr də artıq bu cinayət əməli ilə bağlı aparılmışdır (cild 1, iş vərəqə 22-23, 27-33). Məhkəmə aparılmış sənədləşmələrlə bağlı diqqətçəkən bir məqamı da vurğulamağı zəruri hesab edir ki, əməliyyat məlumatının daxil olması barədə xx.xx.2022-cü il tarixli raportun, şübhəli şəxsin müdafiəçi ilə təmin edilməsi haqqında xx.xx.2022-cü il tarixli ərizəsinin, şübhəli şəxsin şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakını zəruri hesab etməməsi barədə xx.xx.2022-cü il tarixli ərizəsinin Suraxanı rayon Polis İdarəsinə daxil olmaları ilə bağlı dəftərxananın müvafiq ştampında nömrələr eynidir - № 096-27196-1122 (cild 1, iş vərəqə 3, 14, 33). Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı müvafiq portal çıxarışının və şəxsiyyət vəsiqəsinin, 9 saylı Vəkil Bürosununun 01-30 noyabr 2022-ci il üzrə növbətçilik siyahısının surətləri Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə təsdiqlənmiş, həm də şəxsi axtarış və götürmə protokoluna əsasən Təqsirləndirilən şəxsun üzərindən aşkar edildiyi rəsmiləşdirilmiş iki ədəd bükümün qoyulduğu zərf də eyni möhürlə möhürlənmişdir. Bunlarla bərabər, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında yuxarıda şərh olunan qərarı təsdiq etmiş rayon Polis İdarəsinin rəisinin imzasının üstünə də eyni saylı möhür - Daxili İşlər Nazirliyinin 45 saylı, amma «Arayışlar üçün» möhürü vurulmuşdur (cild 1, iş vərəqə 11-13, 15, 34-35). Cinayət işinin materiallarında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli qərarın Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə məktublar mövcud olsa da, həmin qərarla bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəmənin hansı qərar qəbul etməsi barədə iş materiallarında heç bir məlumat mövcud deyildir (cild 1, iş vərəqə 8-9). İbtidai istintaq orqanın sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə 19 noyabr 2022-ci il tarixli protokol və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd diskə baxış keçirilməsi barədə protokolla bağlı məhkəmə qeyd edir ki, bu kateqoriyalı cinayət əməllərinin törədilməsini təsdiq edən dəlillər məcmusunun daha çox məlumat yüklü kimi qiymətləndirilməli olan həmin sübutlarla bağlı ciddi pozuntulara yol verilmişdir. Belə ki, sübut kimi istinad edilən tərtib olunmuş yazılı protokol əslində aparılmış videoçəkilişin sonradan yazılı mətnə çevrilməsindən ibarət olub yalnız çəkilişdəkiləri olduğu kimi əks etdirməli olduğu halda tam fərqli xarakter daşıyır. Yazılı protokola əsasən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl bütün proses iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «One Plus» markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi ilə bağlı 19-cu maddəsi, habelə həmin Məcəllənin 20, 26, 90-cı maddələri izah edilmişdir. Protokola əsasən şəxsi axtarış saat 13:30 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 30 dəqiqə, faktiki tutulmasından isə 1 saat sonra başlanmış və saat 13:35 dəqiqədə bitmişdir. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş tam fərqli məzmundadır və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti çəkilişə əsasən cəmi 4 dəqiqə 33 saniyə davam etmişdir. 4 dəqiqə 33 saniyənin isə 2 dəqiqə 30 saniyəsi təhqiqatçı tərəfindən narkotik vasitənin üstünün yazılmasına və zərfin yapışqanlanmasına sərf edilmişdir. Videoçəkilişi kimin aparması ümumiyyətlə nə yazılı protokoldan, nə də çəkilişin özündən məlum deyil. Videoçəkilişə əsasən təhqiqatçı sağ və solunda iki nəfər mülki geyimli polis əməkdaşının dayandığı, çirkli və nimdaş paltarlarda, ayağına çəkələk geyinmiş, başındakı papağı kifayət qədər alın nahiyəsindən də aşağı dartmış vəziyyətdə olan Təqsirləndirilən şəxs heç bir hüquq və vəzifə izah etmir, o cümlədən ümumiyyətlə müdafiə hüququndan bəhs olunmur, müdafiəçinin iştirakı ilə bağlı hər hansı məsələ açıqlanmır, saxlanmış şəxsdən müdafiəçinin iştirakı ilə bağlı hər hansı mövqeyi öyrənilmir. Müdafiə hüququnun təmini və ya şəxsin həmin hüquqdan imtinasına dair sözügedən videoçəkilişdə hər hansı nüans öz əksini tapmayıb. Adekvat vəziyyətdə olmadığı aşkar görünən, yalnız yerə baxan, başını gah sağ, gah da sol çiyninə sallayan Təqsirləndirilən şəxs təhqiqatçının “üzərində hər hansı qanunsuz əşya varmı?” sualından dərhal sonra “var” deyərək əlini şalvarının sol cibinə salıb çox xırda olduqları müşahidə olunan 2 bükümü çıxardaraq masaya doğru gedib onları masanın üstünə qoyur və dərhal da sağ cibindən mobil telefonu çıxardıb eyni qaydada masaya qoyur. Çəkilişi aparan şəxs “papağını qaldır, sifətin düşsün də, başını qaldır” deyə tapşırır. Bir qədər sonra təhqiqatçının tapşırığı ilə əməliyat işçisi şəxsi axtarış keçirməyə başlayır. Onun şəxsi axtarış prosesi cəmi 8 saniyə davam edir. Bu 8 saniyə ərzində şəxsi axtarışı keçirdən əməkdaşın hərəkəti tam formal şəkildə əlləri ilə Təqsirləndirilən şəxs köynəyinə, şalvarına və başındakı papağa əlini üstdən xəfif toxundurmaqdan ibarətdir. Üstünə keçirilən şəxsi axtarış prosesinin faktiki tam formal görüntüdən ibarət olması aşkar müşahidə olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər ümumiyyətlə yaxından çəkilmir, onların ölçüsünü, həcmini görə bilmək, bəlli əlamətlərini müşahidə etmək mümkün deyil. Uzaqdan çəkilişə əsasən belə çox kiçik ölçüdə olmaları görünən bükülüləri təhqiqatçı videoçəkilişdə cəld hərəkətlə kağız zərfin içərisinə qoyaraq möhürlü kağızla yapışdırır. Sonda təhqiqatçının üzərində qeydlər apardığı zərfin üzərini imzalamaq üçün Təqsirləndirilən şəxs masaya tərəf dəvət edilir. Onun əhatəsində olan hər iki polis əməkdaşı onunla eyni vaxtda masaya yaxınlaşıb yanında dayanırlar. Təqsirləndirilən şəxs zərfi dərhal imzalamır, hər iki əlini masaya dirəyərək dayanır və zərfin üzərində yazılanları oxuyur. Bu zaman onun sol tərəfində dayanmış polis əməkdaşı Təqsirləndirilən şəxs göstəriş xarakterili “qol çək” deyə bildirir. Təqsirləndirilən şəxs “bir, iki, üç..bu nədir..” kimi eşidilən sözlər işlədib qeydlərin məzmununu dəqiqləşdirmək istəyir. O anda təhqiqatçı və digər iki polis əməkdaşı eyni vaxtda danışaraq müdaxilə edirlər, “...üzərindən nə çıxıb odu..qol çək..” kimi eşidilən əmr tonunda sözlər deyərək zərfin üzərində Təqsirləndirilən şəxs imzaladırlar. Bütövlükdə müşahidə olunan bu mənzərədən şübhəli şəxsə artıq buna qədər real olaraq vəkilin təqdim edilməsi, vəkilin iştirakı ilə hüquq və vəzifələrinin izah olunması, şübhəli şəxsin tutulması haqqında qərarın elan edilməsi, şübhəli şəxs qismində tutulma haqqında protokolun tərtibi prosesində vəkilin iştirak etməsi, nəhayət bütün bunlardan sonra şübhəli şəxsin rəsmi ərizə ilə müraciət edib şəxsi axtarış zamanı vəkilin - X1 iştirakını zəruri hesab etməməsi və şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməməsi görünmür, ağlabatan və real hesab oluna bilməz. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şübhəli şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli olan, şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək vəzifəsini daşıyan təhqiqatçının hərəkətləri müdafiə hüququnun kobud şəkildə pozulması ilə nəticələnən vəziyyət yaratmışdır. Şəxsi axtarışla bağlı videoçəkilişin özü Təqsirləndirilən şəxs saxlanarkən ona ümumiyyətlə vəkil təqdim olunmaması, vəkil tələb etsə də bu müraciətinə əhəmiyyət verilməməsinə ifadələrinin həqiqəti daha çox əks etdirdiyi qənaətinə xidmət edir. Müdafiə hüququnun pozulması ilə bağlı qənaətə gələrkən məhkəmə bir xüsusatı da qeyd edir ki, cinayət işinin materiallarına əsasən, şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçıya ərizə ilə müraciət edərək vəkillə təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 9 saylı Vəkil Bürosunun vəkillərinin növbətçilik siyahısı iş materiallarına əlavə edilərək müdafiəçi təyin edilməsi barədə qərar qəbul edilib həmin vəkil bürosuna göndərilmişdir. Təsdiq edilmiş növbətçilik cədvəlinə əsasən həmin gün - 19 noyabr 2022-ci il tarixdə Vəkil Bürosunda növbətçi vəkil tam başqa bir vəkil olduğu halda, sənədləşmələrə görə 02 noyabr 2022-ci il tarixdə növbətçi olmuş vəkil X1 şübhəli şəxsə təqdim olunması barədə protokol tərtib olunmuşdur. Kompüterdə tərtib olunmuş qeyd olunan protokolda isə vəkilin orderinin nömrəsi, hətta tarixi qeyd olunmalı hissə boş buraxılmış və həmin yerlərə sonradan əl ilə icra olunmaqla müvafiq tarix və order nömrəsi yazılmışdır (cild 1, iş vərəqə 21). Bakı şəhəri Suraxanı rayon prokurorluğunun Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanarkən xəsarət alması xüsusatı əsasında aparılmış araşdırma ilə bağlı gəlinmiş nəticəni məhkəmə nəzərdən keçirərkən qeyd edir ki, təqsirləndirilən şəxsin bədənində olmuş xəsarətlərin mövcudluğu mübahisələndirilməmişdir. Araşdırma aparılarkən həmin xəsarətlərin əmələ gəlmə vaxtı, mexanizmi, ağırlıq dərəcəsi və digər xüsusatlar məhkəmə-tibbi ekspertizasının rəyində birbaşa əks olunmuşdur. Təqsirləndirilən şəxsin, onu döydüyünü və xəsarətlər yetirdiyini israr etdiyi digər polis əməkdaşlarının, başqa mümkün şahidlərin (X14 əməkdaşlarının, sonradan göndərildiyi İstintaq Təcridxanasında eyni kamerada saxlandığı digər şəxslərin və qeyrilərinin) izahatları ümumiyyətlə alınmamış, şəxsi saxlamış polis əməkdaşlarından yalnız iki nəfərinin bəsit, səthi izahatları ilə kifayətlənilmişdir. Həmin izahatların baş vermiş mümkün hadisənin müəyyənləşdirilib sübuta yetirilməsi üçün ümumiyyətlə uğurlu araşdırma olmadığı həm də onunla təsdiq olunur ki, hətta izahatların özü bütövlükdə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşlarının sayı və digər xüsusatlarla bağlı ziddiyyətlər yaradır. Həmin ziddiyyətlər isə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində göstərdiyi halların həqiqiliyinin təsdiqinə yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs onu saxlayan şəxslərin 4 nəfər olduğunu, dördüncü əməkdaşın məhz Anar İbrahimov olmasını israr edir. Tərtib olunmuş sənədləşmələrə əsasən əməliyyatın keçirilməsində 3 nəfər polis əməkdaşı - Şahid2, Şahid3 və Şahid1 iştirak etmişlər. Amma işgəncə ilə bağlı prokurorluq orqanı tərəfindən aparılan araşdırma zamanı X2 rəisi X9 əməliyyatda iştirak etmiş şəxs kimi izahat alınmışdır. Anar İbrahimovun izahatının məzmunundan onun Təqsirləndirilən şəxs saxlanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində bilavasitə iştirak etdiyi birbaşa əks olunmuşdur. Beləliklə, xx.xx.2022-ci il tarixdə təxminən saat 14:40 radələrində Suraxanı rayon Polis İdarəsinin X14 əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1981-ci il təvəllüdlü, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspert rəyinə əsasən alınma müddəti xx.xx.2022-i il tarixə uyğun gələn, boyunun, sağ said nahiyəsinin, sol baldır nahiyəsinin, ənsə-gicgah nahiyəsinin səthi əzilmiş yarası xəsarətlərinin saxlanılmazdan əvvəl almasını təsdiq edən heç bir sübut mövcud deyildir. Əksinə, saxlanılan şəxsə fiziki güc tətbiq etmənin əsas sübutu qismində çıxış edən tibbi sənədlər, xəsarətlərin həm də xx.xx.2022-ci il tarixdə alındığını təsdiqləyən məhkəmə-tibb ekspertizasının rəyinin mövcudluğu şəraitində Təqsirləndirilən şəxs işgəncə və xəsarətlərlə bağlı israrının öz təsdiqini tapmamasına dair nəticə tam əsassızdır. Təqdim olunan dəlillərin mövcudluğu şəraitində əslində fiziki güc tətbiq etmənin, döymənin inkar edilməsini təsdiq edən dəlillər yetərsizdir. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun Təqsirləndirilən şəxs saxlanarkən polis əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalmasını bildirməsi ilə əlaqədar aparılmış materialı üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan da göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Bu halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında həmin qərarı əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin məqsədlərini şübhə altına almış olar. Təqsirləndirilən şəxsin eyni məzmunlu ardıcıl detallı ifadələri, ibtidai istintaqın və məhkəmənin gedişində çoxsaylı detallı şikayətləri, barəsində həbs qətimkan tədbiri seçmiş məhkəmənin prokurorluq orqanına rəsmi müraciəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının Bakı şəhəri Suraxanı rayon prokuroruna ünvanladığı xx.xx.2022-cü il tarixli xx/xx-5655 saylı Xüsusi məlumat, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyi» Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1427 saylı ekspert rəyi kimi mötəbər sübutların mövcudluğu şəraitində təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair heç bir ağlabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilməlidir. Pis rəftarın xarakterini nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün gücün tətbiqi tələb olunurdu. Müəyyən olunan mənzərə də o qənaətə gəlmək üçün əsaslar yaradır ki, Təqsirləndirilən şəxs aşkar olunmuş çoxsaylı xəsarətlərin onun saxlanmasından sonra üzərində şəxsi axtarış və götürmənin rəsmiləşdirilməsi, izahatının alınması prosesində narkotik vasitənin ona məxsus olmasının etirafı üçün yetirilmişdir. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış cinayət işində olan materiallar və məhkəmə istintaqının gedişində əldə edilmiş sübutların tədqiqi onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə, həm də şübhəli şəxsə işgəncə və digər qəddar hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, faktiki olaraq cinayət işi materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin lehinə və əleyhinə olan sübutlar qismində iki kateqoriyaya ayrılmışdır. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi materiallarında mövcud olan 19 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardur. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulması barədə həmin gün saat 13:00da tərtib olunmuş protokolla o və müdafiəçisi X4 elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçi X1 həmin protokolda habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası vardır. Lakin cəmi 30 dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir (işə əlavə edilmiş ərizəyə görə, Təqsirləndirilən şəxs özü müdafiəçinin iştirakını zəruri hesab etməmişdir). Məhkəmə ilkin olaraq qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsinin tələblərinə əsasən, şübhəli şəxs statusuna düşməklə, həmin vəziyyətdə şübhəli şəxsin bütün mümkün hüquq və vəzifələrinə malik olur. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.10.1-ci maddəsinə əsasən, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq müdafiəçiyə qadağan olunmuşdur. Həmin Məcəllənin 92.11.1-ci maddəsinə əsasən, müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil andına riayət etmək vəzifələrini yerinə yetirməlidir. Göründüyü kimi şübhəli (təqsirləndirilən) şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi müdafiəçinin vəzifəsi kimi təsbit edilmişdir. Amma hazırkı cinayət işi üzrə bütün halların obyektiv tədqiqindən sonra yaranan mənzərə bundan ibarətdir ki, sanki müdafiəçi 19 noyabr 2022-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, daha sonra videoçəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.11.1-ci maddəsinə əsasən bütün mümkün vasitələrdən istifadə etməklə müdafiəni həyata keçirmək vəzifəsi olmasına baxmayaraq), bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən maddi imkanı olmaması əsası ilə hüquqlarının dövlət hesabına müdafiə olunmasına dair yazılı ərizə verməsi, eyni zamanda, bütün prosessual hərəkətlərə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin videoçəkilişlə aparılan baxış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı israrla bildirmişdir ki, onun tutulmasında və digər hərəkətlərin heç birində əslində müdafiəçi iştirak etməmiş, adı çəkilən müdafiəçini yalnız növbəti gün görmüşdür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Bundan başqa, şübhəli şəxsin tutulduğu 19 noyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin ondan imtina etdiyi 16 fevral 2022-ci il tarixədək olan müddət ərzində cinayət prosesində adı təqsirləndirilən şəxsin müdafiəçisi qismində keçən, dövlət büdcəsi hesabına təyin olunmuş X1 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış (məsələn, hər hansı vəsatət verməmiş, təqsirliliklə bağlı mövqeyi üzrə hər hansı sual verməmiş, heç bir məsələyə münasibət ifadə etməmişdir və sair) onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Müdafiə hüququ ilə bağlı yuxarıda qeyd edilən halların məcmusuna əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Belə ki, şübhəli şəxs tutulduqdan dərhal sonra şəxsi axtarışa məruz qalarkən tutulma prosessual məcburiyyət tədbirinin təsiri altında olmuşdur. İbtidai araşdırma orqanının bu halda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməməsi və dövlət hesabına təyin olunmuş müdafiəçinin Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 92.11.1-ci maddələrinin tələblərini yerinə yetirməməsi, həmin Məcəllənin 19 və 92–ci maddələrinin kobud pozuntusu hesab olunur və məhkəmə kollegiyası hesab edir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutdur və həmin sübutlar (19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəməkimyəvi ekspertizasının rəyi (rəyin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyatı ilə bağlı hissəsi) mümkünsüzdür. Göründüyü kimi cinayət işi üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətindən sonra şübhəli şəxsin izahatının alınması zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən istintaq hərəkətləri qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından və 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi (rəyin narkoti vasitənin Təqsirləndirilən şəxs aidiyyatı ilə bağlı hissəsi) mümkünsüz sübut hesab edildiyindən, şübhəli və təqsirləndirilən şəxsin əleyhinə olan 20 noyabr 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi barədə protokol və 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolun da mötəbərliyini şübhə altına almış olur. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 noyabr 2022-ci il tarixli istintaq hərəkətinin gedişatını özündə əks etdirən disk və onun əsasında tərtib edilən həmin tarixli protokol sübutlar siyahısından çıxarılmalıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət- Prosessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, şahidlərin kifayət qədər uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 18,667 qram təşkil edən narkotik vasitə olan heroin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidiir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 18,667 qram təşkil edən narkotik vasitə olan heroinlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1113/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1113/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver