Məhkəmə qərarları › İş №1(101)-1114/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1114/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1114/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən təmiz çəkisi 1,880 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi 5,579 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 dekabr 2022-ci il tarixdə saat 09:20-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Yaşayış Massivində yerləşən “Azpetrol” Yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən 33-cü Polis bölməsinin inzibati binasına aparılaraq həmin tarixdə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən çıxardığı bir ədəd karton stəkanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 1,880 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,579 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, sosial şəbəkədə tanımadığı bir şəxs ona yazaraq 150-180 manat həmin şəxsin kartına pul göndərməsi müqabilində ona narkotik vasitə və psixotrop maddə təklif etmiş, o da aldanıb pulu həmin şəxsin dediyi karta pul göndərmiş, gecə saat 3-4 radələrində ona həmin şəxsdən narkotik vasitəni haradan götürməyi ilə bağlı mesaj gəlmişdir. O da deyilmiş ünvana getmiş, narkotik vasitəni qoyulduğu yerdən götürmək istəyəndə polislər çıxıb onu tutmuşlar. Polis bölməsinə getdikdə, sosial şəbəkədə narkotik vasitə üçün onunla danışanların elə polis əməkdaşları olmalarını hiss etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, psixotrop maddədən təxminən 1-2 ildir istifadə edir, psixotrop maddəni yaşadığı Biləcəri qəsəbəsi ərazisində narkotikin satışı ilə məşğul olan şəxslərdən alır. Sonuncu dəfə sosial şəbəkədə danışdığı adam ona həm narkotik vasitə, həm də psixotrop maddə verəcəyini demiş, göndərdiyi pul müqabilində 5 qram heroinin ucuz qiymətə verildiyinə aldanıb razılaşmış, pulu deyilən karta göndərmişdir. Polislər tutanda, həmçinin o, Müvəqqəti saxlama yerində olarkən polislər onu təpiklə, yumruqla, bədəninin müxtəlif yerlərinə sərt şəkildə vurmaqla döymüşlər, hətta narkotiki boynuna götürdükdən sonra da onu döymüşlər. Polislər onu döydükdən sonra bədənində zədə izləri qalmış, o, müvəqqəti saxlama yerinə aparılarkən bədəninin bəzi yerlərinə baxmışlar, lakin bədənində zədə izləri aşkar edilməmişdir. Döyülməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilən zaman hakimə polislərin onu döydüyünü bildirmiş, lakin bununla əlaqədar hər hansı tədbir görülməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş hər iki polis əməkdaşı məhkəmədə şahid qismində dindirilərkən təqsirləndirilən şəxsə verilmiş çarpaz suallara cavab olaraq sonuncu həmin şahidlərin onu döymədiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən alır. Sonuncu dəfə adını və soyadını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona verdiyi nömrəsi yadında qalmayan kart hesabına 200 manat ödəniş etdikdən sonra 03 dekabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ona bildirilən yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Azpetrol” Yanacaq doldurma məntəqəsinin arxa tərəfindən götürmüşdür. Həmin yerdən uzaqlaşarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan üzərində şəxsi axtarış aparılmasından ötrü onlarla birlikdə 33-cü Polis bölməsinə getməli olduğunu bildirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kağız stəkanın içərisindən iki ədəd bükümdə heroin və metamfetamini çıxarıb təqdim etmiş, sorğu zamanı onları İran İslam Respublikası vətəndaşından 200 manata, şəxsi istifadəsi üçün alaraq üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin iki ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənmişdir. Daha sonra özünün razılığı və icazəsi ilə yaşadığı evə baxış keçirilmiş və baxış zamanı yaşadığı evdən qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, kütlə aşkar olunmamışdır (cild 1, iş vərəqi 132-133). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən tərəflərindən Yeni Günəşli qəsəbəsi, AB massivi adlanan ərazidə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış, bölmədə üzərinə baxış keçirilən zaman üzərindən 2 büküm aşkarlanmış, 1 bükümdə heroin, 1 bükümdə isə metamfetamin olmuşdur. Saxlanılan şəxs həmin bükümləri İran vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat məlumatının satış və istifadə barədə olmuş, lakin satışı müəyyən edə bilməmişlər. Şəxsi səhər radələrində saxlamışlar, saxlanılana qarşı polislər tərəfindən heç bir fiziki və psixi zorakılıq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadəsi ilə Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı polislər tərəfindən heç bir fiziki və psixi zorakılıq olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda 09 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Bak şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov 1-ci küçə, döngə 5, ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamasında şübhəli bilinən 09 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Bak şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov 1-ci küçə, döngə 5, ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:20-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Yaşayış Massivində yerləşən “Azpetrol” Yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq 33-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən çıxardığı ağ rəngli kartondan hazırlanmış stəkanın içərisindən iki ədəd bükümləri, “Samsung” markalı mobil telefonu, Kapital Banka aid plastik kartı təqdim edərək bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə “patı” və “kakos”dur, həmin narkotik vasitələri 03 dekabr 2022-ci il tarixdə “Azpetrol” Yanacaq doldurma məntəqəsinin yaxınlığında öncədən tanımadığı İran vətəndaşına sifariş verərək 200 manat ödəməklə “zakladka” yolu ilə almışdır. Sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, DİN-in 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs razlığı ilə onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və ünvandan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 35-38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 6/6873 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 171” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazı və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 5,579 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1,880 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 45-49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD-R diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 01 ədəd fayl vardır. Həmin videofaylda olan videogörüntüdə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kağız stəkanı, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, iki ədəd plastik kartı çıxarıb təqdim etməsi, həmin bir ədəd kağız stəkanın içərisindən iki ədəd içərilərində kütlə olan bükümlərin aşkar edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin birində narkotik vasitə heroin, digərində psixotrop maddə mefamfetamin olduğunu, onlayn olaraq İran İslam Respublikası vətəndaşından 200 manata, şəxsi istifadəsi üçün alaraq üzərində saxlayaraq daşıdığını bildirməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və üzərindən hər hansı bir qanunla saxlanılması qadağan olunmuş əşyanın aşkar edilməməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin iki ədəd bükümün zərfə qoyularaq qablaşdırılması, zərfin üzərinin onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənməsi müəyyən olunur (cild 1, iş vərəqi 95). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 78 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 123). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 37 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 113). İşdə olan cinayət işindən material ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinə görə material ayrılmışdır (cild 1, iş vərəqi 154-155). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,479 qram heroin və 1,780 qram metamfetamin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 144-153). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs sifariş verdiyi narkotikləri götürməyə getsə də, polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaması, polislərin onu döyməsi və bunun nəticəsində onun məcbur olub həmin narkotikləri öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o, tutulmuş və ifadələri alınmışdır. Habelə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, gödəkçəsinin cibindən çıxardığı ağ rəngli kartondan hazırlanmış stəkanın içərisindən iki ədəd bükümləri çıxarıb təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş həmin bükümlərin içərisində olan kütlələrin “patı” kimi tanınan psixotrop maddə metamfetamin və “kakos” adlanan narkotik vasitə heroin olduğunu, həmin həmin kütlələri 200 manat pulu karta köçürməklə onlayn qaydada İran vətəndaşından aldığını bildirmişdir. Döyülməsi ilə bağlı iddialarla əlaqədar, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin əvvəllər saxlandığı İstintaq təcridxanasından onun şəxsi işini və tibbi kitabçasının əldə etmiş və həmin kitabçaya proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Kitabçanın “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri” bölməsində təqsirləndirilən şəxsin zədə almadığını bildirməsi barədə qeyd vardır. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon prokurorluğundan daxil olmuş 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması barədə müraciəti ilə bağlı Suraxanı rayon prokurorluğunda müvafiq araşdırma aparılmış, araşdırma zamanı polis əməkdaşları ilə yanaşı, onun da izahatı alınmışdır. Araşdırma nəticəsində prokurorluq o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış, bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə ərazi dairə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmə qərarından, Suraxanı rayon prokurorunun və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 05 dekabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu 03 dekabr 2022-ci il tarixdən hesablanmış, 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həbs müddətinin uzadılması barədə müstəntiqin vəsatəti təmin edilməmiş, o, həmin gün həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 20, 88-92, 136-140). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) ay ona təyin olunacaq cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı hökmün elan edildiyi tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,479 qram heroin və 1,780 qram metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) ay bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 2 (iki) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 07 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,479 qram heroin və 1,780 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar