Məhkəmə qərarları › İş №1(101)-1114/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1114/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1114/2024 28.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, azərbaycan-rus dilləri üzrə tərcüməçi X2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1965-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Ramiz Japharov pasport № 17AA17626) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs (Ramiz Japharov) məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd selofana bükülmüş təmiz çəkisi 2,455 qram olan küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 22 iyul 2023-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Xətai rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4erləşən Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinin inzibati binasına gətirilərək videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən külli miqdarda - 1 ədəd selofana bükülmüş təmiz çəkisi 2,455 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs (Ramiz Japharov) elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 iyul 2023-cü il tarixdə axşam saat 11 radələrində evdə xəstə halda yatmışdır. Həmin vaxt uşağı evə gəlmiş və onu çağırdıqlarını bildirmişdir. Sonra uşaq gəlib onu soruşan şəxslərin polis əməkdaşları olduqlarını demişdir. O, yatdığı paltarda çölə çıxmışdır. Həmin vaxt əməliyyatçı kimi tanıdığı Elşən gəlmiş və ona "bir dəqiqə bura gəl, səninlə işim var" deyərək onu çağırmışdır. Bu vaxt həyat yoldaşı və böyük qızı ondan hara getdiyini, nə olduğunu soruşmuş, polis əməkdaşl Elşən ondan söz soruşacağını, 10 dəqiqəyə geri qaytaracağını bildirmişdir. O, Elşəndən corabını geyinməyə imkan istəmiş, lakin Elşən and-aman edərək 10 dəqiqəyə onu gətirəcəyini demişdir. Elşən onu özünün idarə etdiyi «Prado» markalı maşına mindirib 34-cü Polis şöbəsinə aparmışdır. O, həmin şöbədə saat 12-yə işləmişdən səhər saat 7-yə kimi saxlanılmışdır. Orada ondan başqa 5-6 nəfər də olmuş və həmin şəxslər Nail Kəmərlinin gəlib onların məhləsini çəkdiyini, polis əməkdaşlarının da gəlib onları tutmaq istəyən zaman həmin şəxslərin qaçdığını və tuta bilmədiklərini eşitmişdir. Sonra onu saat 7yə kimi saxlayıb yan otağa aparmışlar. 10 dəqiqədə izahatını yazıb çap etmişlər, həmin vaxt iki nəfər də mülki geyimdə oturmuşdur. Polis işçisi izahatını çap etdikdən sonra ayağa qalxıb «bunun» onun cibindən çıxdığını demiş, o, "elə şey olarmı, nə mənim cibimdən çıxıb?" sözlərini demişdir. Ondan yazılanlara imza etməsi istənilmişdir. Lakin o, məhlədən tutulmamış, evdən çağırılıb aparılmışdır. O, polis şöbəsinə ev paltarında gətirilmişdir. Tutulması ilə bağlı qızı da etiraz yazmış və Xətaidə prokuror onu çağırmışdır. Həmin vaxt prokuror aparıb bu işi düzgün araşdırmalarını tapşırmışdır. Sonra oradan Bakı şəhəri, Xətai rayon Məhkəməsinə aparılmış və orada ona 4 ay sanksiya verilmişdir. Onun işi düzgün araşdırılmamışdır və heç bir günahı yoxdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs polis əməkdaşı Elşənin onu evdən çağırıb apardığını, Elşənin onu tək apardığını, amma qapıda 4-5 nəfər polis əməkdaşlarının da olduğunu, həmin polis əməkdaşlarının onu dalınca gəlmədiklərini, onların orada yığılışan adamların dalınca gəldiklərini, lakin orada adam az olduğu üçün onu da apardıqlarını, Elşənin onu öz maşınında apardığını, maşında ikisindən başqa heç kimin olmadığını, özünün həmin məhəllədə yaşadığını, Elşəni də əməliyyatçı kimi tanıdığını, Elşən məhləyə gəlib ondan kimin daş gətirməsi barədə məlumat verməsini ondan tələb etdiyini, lakin Elşənlə yaxın münasibətinin olmadığını, özünün taksi sürücüsü işlədiyini, nəyə görə tutulduğunu bilmədiyini, lakin fikrincə, Nail Kəmərlinin çəkiliş apardığı yerdə adam tuta bilmədikləri üçün onu da tutduqlarını, həmçinin Elşənin ondan kimlərin nə işlə məşğul olması barədə ona məlumat verməsini istədiyini, o, məlumat vermədiyi üçün tutulduğunu fikirləşdiyini, tutulan gün ondan heç kimin heç nə soruşmadığını, izahatını 10-15 dəqiqəyə yazıb çap etdiklərini, koridora çıxaranda orada bir kişinin də oturmasını gördüyünü, həmin şəxsin müdafiəçi olduğunu sonradan bildiyini, müdafiəçi içəri girib ona "yaşlı adamsan, bu nə işdir" sözlərini dediyini, o isə, müdafiəçiyə "səhərdən orada oturursan, eşitmirsən mənim səsimi" sözlərini dediyini, canı özünə şirin olduğu üçün sənədləri imzaladığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, Şüvəlanda təcridxanada olan zaman prokurorluq əməkdaşının xəsarətlərlə bağlı gəlib izahatını aldığını, ekspertizaya aparılmadığını, döyülməyi ilə bağlı harasa şikayət etmədiyini, təcridxanada olanda telefonla evi ilə danışan zaman qızına məcbur olub hər şeyə imza etdiyini bildirdiyini, təcridxanada evlə həftədə bir dəfə telefonla danışmağa icazə verildiyini, həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılan zaman hakimə verilmiş ittihamla razı olmadığını dediyini, lakin ona danışmağa imkan vermədiklərini, o, heç bir sənədə imza etmədiyini, öz dediklərinin yazılmasını tələb etdiyini, protokolu oxumadığını və oxuya bilmədiyini, ona tanımadığı şəxsdən 10 manata narkotik vasitə almasının bildirildiyini, 2010-cu ildə narkotikə görə tutulduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə məhkum olunmuşdur. İki ilə yaxındır ki, psİoxotrop maddədən istifadə edir. Sonuncu dəfə tutulduğu gündən təxminən 10 gün əvvəl şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən əvvəllər bir neçə dəfə psixotrop maddə «patı» aldığı adını bilmədiyi şəxslə rastlaşaraq, şəxsi istifadəsi üçün metamfetamin (patı) istəmiş, həmin adını bilmədiyi şəxs ona üzərində bir bükümdə metamfetamin olduğunu deyərək 10 manat pulun müqabilində almış, sonra istifadə etmək üçün cibinə qoymuşdur. Bundan sonra həmin şəxsdən aralaşaraq öz işlərinin arxası ilə getmiş, həmin psixotrop maddə cibində qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi təklif etmişlər. Lakin həmin vaxt üzərində hər hansı bir sənəd olmadığından və eyni zamanda təxminən 10 gün əvvəl şəxsi istifadəsi üçün aldığı psixotrop maddə «patı» üzərində olduğu üçün qorxaraq özünü şübhəli aparmış, polis əməkdaşlarının ona verdiyi suallara dolğun cavab verə bilməmiş, eyni zamanda tez bir zamanda onlardan aralaşmaq istəməsi polis əməkdaşlarında şübhə yaratmış və onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə dövlət hesabına tərcüməçi və hüquqlarının müdafiə olunması üçün vəkil təyin edilmişdir. Bundan sonra o, təhqiqatçı tərəfindən vəkilinin və tərcüməçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu halda könüllü təqdim etmək təklif olunmuş, bu təklifdən sonra vəkilinin, tərcüməçinin, polis əməkdaşlarının və olanları videoçəkilişlə qeydiyyata alan videoçəkiş qarşısında səmimi olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd selofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona həmin bükülünün içərisində nə olduğu soruşulduqda, bükülünün içərisində olan maddənin metamfetamin (patı) olduğunu bildirərək, tutulduğu gündən təxminən on gün əvvəl şəxsi istifadəsi üçün Xətai rayonu, NZS qəsəbəsindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını demişdir. Bundan sonra üzərindən aşar edilmiş 1 ədəd içərisində psixotrop maddə metamfetamin olan bükülü təhqiqatçı tərəfindən qablaşdırılmış, bu barədə müvafiq sənədləşmə aparılaraq onun və iştirakçılar tərəfindən imzalanaraq təsdiqlənmişdir (cild 1, iş vərəqi 66-69). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni oxumadan imzaladığını, buna görə də istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmışdır. Bu zaman onlar özlərini polis əməkdaşları kimi təqdim etmiş və Təqsirləndirilən şəxs Xətai rayon Polis idarəsi, 37-ci Polis şöbəsinə gətirilmişdir. Orada vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən təxminən 3 qram çəkidə psixotrop maddə aşkar olunmuşdur. Sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında küçədə saxladıqlarını, bu zaman Təqsirləndirilən şəxs tək olduğunu, polis əməkdaşları kimi onların təqsirləndirilən şəxsin evində olmadıqlarını, Ramizə qarşı heç bir təsir və təzyiq olunmadığını, Ramizi saxlayan vaxt onun qızının onları görüb-görmədiyini xatırlamadığını və onun qızının onlara yaxınlaşmadığını, həmin vaxt əməliyyat qrupunda onunla birlikdə polis əməkdaşları Şahid2 və əməliyyat müvəkkili Şahid3 olduğunu, Ramizin evinə girmədiklərini və onların Ramizə qarşı hər hansı fiziki zor və təzyiq göstərilmədiyini, Şahid3 37-ci Polis şöbəsinin əməliyyat müvəkkili olduğunu və əməliyyat tədbirində iştirak etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, idarəyə şəxsin barəsində əməliyyat məlumatı daxil olmuş və ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini Ramizə təqdim etmiş və Ramizi Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinə gətirmişlər. Orada vəkilin iştirakı ilə Ramizin üzərinə baxış keçirilən zaman üzərindən 3 qrama yaxın psixotrop maddə aşkar olunmuşdur. Sualları cavablandıran Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını, Ramizi yaşadığı ünvanın yaxınlığında saxladıqlarını, lakin həmin ünvanın dəqiq yadında qalmadığını, əməliyyat məlumatının Şahid1 daxil olduğunu, özünün həmin vaxt kiçik əməliyyat müvəkkili vəzifəsində işlədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinin baş əməliyyat müvəkili Şahid3 ifadəsində bildirdi ki, hadisə günü o, ərazidə xidmətdə olmuşdur. Həmin vaxt Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları ona yaxınlaşaraq ərazini yaxşı tanımadıqları üçün ondan M.Davud küçəsi, 10 ünvanını soruşmuşlar. O da, polis əməkdaşlarını həmin ünvana aparmışdır. Onlar yolda axtardıqları şəxsi görüb avtomobili saxlamış və həmin şəxsə özlərini təqdim etdikdən sonra şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş və polis işçiləri həmin şəxsi avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs xidməti otaqlardan birinə aparmış, o isə, xidmətə davam etmək üçün əraziyə qayıtmışdır. Həmin vaxt təqsirləndirilən şəxsin qızı ona zəng edib atasının hara aparıldığını soruşmuş, o isə, həmin şəxsə atasının 37-ci Polis şöbəsinə aparıldığını, oraya yaxınlaşmağını məsləhət görmüş, bu barədə oradan ona məlumat veriləcəyini bildirmişdir. Həmin şəxs sonradan təkrar ona zəng etdikdə, o, işin istintaqda olduğunu və idarəyə yaxınlaşmasını bildirmişdir. O, həmin qızın onun səsini yazdığını bilir, telefonla danışığında da qıza başqa bir şey deməmişdir. Sualları cavablandıran Şahid3 telefon danışığı zamanı təqsirləndirilən şəxsin saxlanılan zaman ona zor tətbiq edilməsi barədə heç nə deyilmədiyini, təqsirləndirilən şəxsin qızına onun heç vaxt zəng etmədiyini, təqsirləndirilən şəxsin qızı ilə onun telefonu vasitəsilə danışmadığını, başqa kiminsə telefonu ilə danışıb-danışmadığını bilmədiyini, o, təqsirləndirilən şəxsin evini göstərmək üçün digər polis əməkdaşının maşını ilə yol getdiklərini, ikinci dəfə əraziyə gedəndə təqsirləndirilən şəxsin qızının onları görüb atası ilə maraqlananda, ona 37-ci Polis şöbəsinə yaxınlaşmasını və ona oradan məlumat verəcəklərini bildirdiyini, təqsirləndirilən şəxsi evindən deyil, yaşadığı ünvanın yaxınlığından küçədə saxlayıb apardıqlarını, təqsirləndirilən şəxsin qızı ilə telefonda danışdığını və ona narahat olmamağı, atasının tezliklə buraxılacağını dediyini bildirdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, atası ilə fərqli ünvanda yaşayır. Hamilə olduğu üçün 18 iyul 2023-cü il tarixdən atasıgilə gəlmişdir. Həmin gün qapı döyülmüş və o, qapını açmışdır. Polis əməkdaşı Elşən adlı şəxs ondan atası Ramizi çağırmağını istəmiş, o isə, polis işçisindən bunun səbəbini soruşmuş, Elşən atasından söz soruşacağını bildirmişdir. O, atasının əvvəllər məhkum olunduğunu bilməmişdir. Bundan sonra atasını çağırmış, Elşən atasının idarəyə gedib bir saata qayıdacağını bildirmişdir. Sonradan Elşənin sahə müvəkkili işlədiyi ona məlum olmuşdur. Atası Ramiz küçədə tutulmamış, evdən çağırılıb aparılmışdır. Həmin gün o, atasının gec gəldiyini görüb polis idarəsinə getmişdir. İdarədə ona həmin ərazidə Əli adlı polis əməkdaşının əməliyyat keçirdiyini, atasının barəsində ondan soruşmaq lazım olduğu bildirilmişdir. Həmçinin ona atasının üzərindən narkotik vasitə aşkar olunduğu və buna görə saxlanıldığı deyilmişdir. O, Elşənlə danışanda, sonuncu ona "sizə kim deyib ki, atanızın üstündən narkotik vasitə aşkar olunub?" deyə soruşmuş, o da, bunu müstəntiqin ona dediyini bildirmişdir. Elşənlə danışığını mobil telefona yazmış və istintaqa təqdim etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 22 iyul 2023-cü il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddələr əldə etməsi, saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı həmin tarixdə saat 16:30-da Bakı şəhəri, Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq həmin idarənin 37-ci Polis şöbəsinə gətirilmişdir. Qeyd olunan raport həmin şöbədə "cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında" 22 iyul 2023-cü il tarixlə, 1998 nömrə ilə qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 140). Cinayət işində olan 22 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd selofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, müvafiq videogörüntülər DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 31-33). Cinayət işində olan 24 iyul 2023-cü il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı qeydə alınmış bir ədəd DVD diskə baxış keçirilmiş, bu zaman həmin videogörüntülərin 22 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlarla uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 56). Məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3971 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs (imza) …» sözləri və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,455 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. 2,455 qram psixotrop maddə metamfetamindən 0,05 qram tədqiqata sərf edilmiş, 2,405 qram qalıq qalmışdır (cild 1, iş vərəqi 48-49). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 avqust 2023-cü il tarixli 5529 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109). İbtidai istintaq orqanının 09 noyabr 2023-cü il tarixli qərarı ilə 1 ədəd bükümdə təmiz çəkisi 2,455 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,405 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin saxlancına verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 135-143). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsindən daxil olmuş 07 avqust 2023-cü il tarixli 3-37/2-207xxxx/2023 nömrəli məktubdan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1965-ci il təvəllüdlü Ramiz Japharovun (pasport № 17AA17626) sonuncu dəfə ölkədə müvəqqəti olma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanına qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 103). Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika İinformasiya İdarəsinin 26 oktyabr 2023-cü il tarixli tələbnaməsindən, həmçinin Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 03 may 2012-ci il tarixli hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli qərarına əsasən 4 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 121-126). Göründüyü kimi, X5 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməyərək, polis əməkdaşlarının onu ittihamda göstərildiyi kimi küçədə deyil, yaşadığı evdən tutub apardıqlarını, həmin vaxt polis əməkdaşl Elşənin ondan 10 dəqiqəyə söz soruşub geri gətirəcəyini bildirdiyini və bu adla onu polis şöbəsinə apardıqlarını, həmin vaxt onun üzərində qanunsuz heç bir əşya aşkar olunmadığını, polis işçisinin ona bir büküm verərək onu cibinə qoyub onların dediyi vaxt çıxarıb təqdim etməsini təklif etdiyini, onun işinin düzgün araşdırılmadığını və heç bir günahı olmadığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən özü heç bir kənar təsir və təzyiq olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu, həmin metamfetamini tutulmamışdan təxminən 10 gün əvvəl şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən əvvəllər bir neçə dəfə psixotrop maddə «patı» aldığı adını bilmədiyi şəxsdən istifadəsi üçün 10 manat pulun müqabilində aldığını, sonra istifadə etmək üçün cibinə qoyduğunu, həmin vaxtdan psixotrop maddənin cibində qaldığını, 22 iyul 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslərin onu saxladıqlarını, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddəni çıxarıb təqdim etdiyini, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bakı şəhəri, Xətai rayon prokurorluğunun 18 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına qəbul edilmiş, ilkin tibbi müayinə zamanı sağ saidin ön səthində sarımtıl rəngli qançır izləri aşkar olunmuş, izahatında Təqsirləndirilən şəxs həmin qançır izlərini polis əməkdaşları tərəfindən saxlanılarkən aldığını bildirmişdir. Bununla əlaqədar Xətai rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, lakin izahatda göstərilən hallar öz təsdiqini tapmadığından, prokurorluğun 18 avqust 2023-cü il tarixli qərarı ilə cinayət hadisəsi olmadığından 362-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərar Təqsirləndirilən şəxs elan edilməklə ondan yuxarı prokurora və məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququnun olması izah olunsa da, qərar mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün döyülməsi, fiziki və psixoloji təzyiqlər altında cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini, həmçinin təqsirləndirilən şəxsin qızı Ramina Tağıyevanın hadisə günü atasının yaşadığı evdən polis işçisi tərəfindən götürülüb aparılması, onun küçədə tutulmaması və atasında psixotrop maddə olmaması barədə məhkəmədə dediklərini Təqsirləndirilən şəxs məsuliyyətdən yayınması üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazıra qədər həbsdə saxlanılır. Yuxarıda qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, təyin olunacaq cəzanın başlanğıcı həmin tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli 5529 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə Cinayət Məcəlləsinin 52-ci maddəsinin yuxarıda qeyd edilən tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (Ramiz Japharov pasport № 17AA17626) əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,405 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd, həmçinin Təqsirləndirilən şəxs qızı Ramina Tağıyevanın ibtidai istintaq və məhkəmə baxışı zamanı təqdim etdiyi səs yazılarının olduğu iki ədəd, cəmi üç ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə olunmuş orderdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 13 saylı Vəkil bürosunun vəkili X6 müdafiə etmiş, hesabata əsasən 120 manat müdafiə xərcləri müəyyən edilmişdir. Odur ki, 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti vəkil Ramiz Musayevə ödənilməsi üçün qeyd olunan Vəkil bürosunun hesabına köçürülməlidir. Həmçinin, cinayət işində olan 06 dekabr 2023-cü il tarixli 471 nömrəli orderə və hesabata əsasən, iş məhkəməyə daxil olduqdan sonra hökmün çıxarıldığı tarixədək olan dövrdə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi Zülfiqar oğlu müdafiə etmiş, hesabata əsasən 240 (iki yüz qırx) manat müdafiə xərcləri müəyyən edilmişdir. Odur ki, 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti vəkil Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri, 4 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs (Ramiz Japharov pasport № 17AA17626) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən, əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs (Ramiz Japharov pasport № 17AA17626) barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin olunsun. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,405 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd, həmçinin Təqsirləndirilən şəxs qızı Ramina Tağıyevanın işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı təqdim etdiyi səs yazılarının olduğu iki ədəd, cəmi üç ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - cinayət işinin ibtidai istintaqı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X4 ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar